Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1385/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8927/2024 saylı, 02 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1997-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.
2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 138 saylı Mənzil Kommunal İstismar Sahəsinin 43 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X2 (iş üzrə iddiaçının anası) Cavadxan küçəsi, 64 saylı evin, 59 saylı mənzilində qeydiyyatdadır.
3. XXİ-ЖГ 274306 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1997-ci ildə doğulmuşdur.
4. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, X3 xx.xx.1969-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.
5. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, X2 xx.xx.1973-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.
6. AA 279680 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X3 məcburi köçkündür.
7. AA 279681 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X2 məcburi köçkündür.
8. Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-36-3/2-J-39xx-xx/2024/3634 nömrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçının valideynlərinin qeydiyyatı ünvan 1 ünvanında olduğundan məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçının atası və anası 1993-cü ildən etibarən Füzuli rayonundan məcburi köçkündür. Bu barədə Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixində məcburi köçkün vəsiqəsi də verilmişdir. İddiaçı məcburi köçkün statusu almaq və məcburi köçkünlərə verilən təminatlardan yararlanmaq niyyətindədir. Bu barədə iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona xx.xx.2024-cü il tarixli imtina məktubu təqdim edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
11. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında bildirmişdir ki, İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası X3 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla məcburi köçkün statusuna və onu təsdiq edən sənədə (vəsiqə) malikdir. İddiaçı anası X4 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X4 məcburi köçkün statusuna və onu təsdiq edən sənədə (vəsiqə) malik deyildir. İddiaçı valideynlərinin yaşayış yeri üzrə qeydiyyatı “Bakı şəhəri” olduğundan Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarının 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işqal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8927/2024 saylı, 02 sentyabr 2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının atası məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olsa da, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdır, iddiaçının anası məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyil və ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı özü də ünvan 2 ünvanında qeydiyyatdadır.
14. Məhkəmə hesab edir ki, iddiaçının və onun atasının və anasının yaşayış yeri üzrə qeydiyyatı işğaldan azad edilmiş rayon (şəhər) olmadığından, (Bakı şəhəri olduğundan) iddiaçı barəsində “məcburi köçkün” statusunun verilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur.
15. Cavabdehin iddiaçılara münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilməmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8927/2024 saylı, 02 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Məhkəmə iddiaçının ata və anasının Bakı şəhərində qeydiyyatda olmasını, işğaldan azad edilmiş rayonda qeydiyyatda olmadıqlarını nəzərə alıb cavabdehin imtinasını qanuni saymışdır. Lakin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşadığı yer ve olduğu yer üzrə qeydiyyata düşə bilərlər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçotu, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.Lakin məcburi köçkün vəsiqəsinin verilməsi üçün bu maneə sayıla bilməz. Bundan əlavə, "Qaçqınların və Məcburi Köçkünlərin statusu haqqında" 21 may 1999cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə (...məcburi köçkün( ölkə daxilində köçürülmüş şəxs)- Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir) əsasən iddiaçının atası məcburi köçkündür və 14-cü maddəyə uyğun olaraq ( qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi) məcburi köçkün statusunu itirməmişdir). Belə ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunu aşağıdakı hallarda itirir. Əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə). Bununla da, iddiçının atası bu statusu itirmədiyi və məcburi köçkün statusuna malik olması faktı onun övladı olan iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi üçün əsasdır. İddiaçının atası məcburi köçkün olub bu statusu itirməmiş olduğu üçün də qeydiyyat yerindən asılı olmayaraq iddiaçıya da bu status verilməlidir və məhkəmənin bu cür əsaslarla iddianı rədd etməsi düzgün deyildir. Qeyd olunanlara əsasən, iddiaçı hesab edir ki,məhkəmənin mövqeyi və qərarı tam qanunsuz və əsassızdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
20. İş üzrə digər tərəflərin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyasına əsasən: - 26.İİ. hissəsinə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60. İ. hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifVaqif şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
22. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1-ci maddə. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: - məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddə. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. – 10-cu maddə. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddə. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.
23. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanına əsasən: - 2. Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci madsəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi həyata keçirir. - 12. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına (dövlət qeydiyyatına 05 iyun 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) əsasən: - 4.1. “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: ... 4.1.6-cı valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan; - 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir:. - 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
29. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının atası məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olsa da, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdır, həmçinin, iddiaçının anası ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı özü də ünvan 2 ünvanında qeydiyyatdadır.
30. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının və onun atasının və anasının yaşayış yeri üzrə qeydiyyatı işğaldan azad edilmiş rayon (şəhər) olmadığından, (Bakı şəhəri olduğundan) iddiaçı barəsində “məcburi köçkün” statusunun verilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Cavabdehin iddiaçılya münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilməmişdir.
31. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Məhkəmə iddiaçının ata və anasının Bakı şəhərində qeydiyyatda olmasını, işğaldan azad edilmiş rayonda qeydiyyatda olmadıqlarını nəzərə alıb cavabdehin imtinasını qanuni saymışdır. Lakin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşadığı yer ve olduğu yer üzrə qeydiyyata düşə bilərlər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçotu, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.Lakin məcburi köçkün vəsiqəsinin verilməsi üçün bu maneə sayıla bilməz.
32. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyasının mövqeyi belədir ki, apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.
33. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası əlavə olaraq diqqətə çəkir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına (dövlət qeydiyyatına 05 iyun 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) əsasən “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir.(4.2. və 4.2.6. bəndləri )
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8927/2024 saylı, 02 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8927/2024 saylı, 02 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.