Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1386/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi və əmək pensiyasının ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14030/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmiş və təyin edilmiş pensiya üzrə ödənişlər 1.06.2020-ci ilə qədər həyata keçirilmişdir.
2. Cavabdeh tərəfindən 5 iyun 2020-ci il tarixli, **********4 nömrəli “əmək pensiyasının dayandırılması haqqında” Qərarla iddiaçıya təyin eidlmiş pensiya ödənişləri dayandırılmışdır.
3. İddiaçı cavabdehə qarşı, iddiaçının 1.06.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və hazırkı vaxta qədər ödənilməmiş pensiyanın ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-1(112)-1576/2021 nömrəli, 17 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1842/2021 nömrəli, 1 iyul 2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1798/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 1 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
6. Apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1.06.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və hazırkı vaxta qədər ödənilməmiş pensiyanın ona ödənilməsi və əmək pensiyasının dayandırılması haqqında cavabdeh tərəfindən qəbul edilmiş 5.06.2020-ci il tarixli, **********4 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-920/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “İddiaçı əmək pensiyasının dayandırılması haqqında” 5.06.2020-ci il tarixli, **********4 saylı qərar ləğv edilmiş, iddiaçının 1.06.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 206/2023 nömrəli, 1 fevral 2023-ü-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-920/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Həmin iş üzrə məhkəmələrin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş pensiya ödənişlərini dayandırarkən mütləq qaydada inzibati icraat aparmalı, nəticədə inzbati akt olan qərar qəbul etməli olduğu halda bunu etməmiş, “İnzibati icraat haqqında” qanunvericiliyin tələbləri pozulmuşdur.
10. Bundan sonra cavabdeh orqan iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılmasını zəruri hesab etmiş, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 16 iyun 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir.
11. Cavabdehin 3-17-1/3-3-14764/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya pensiya təyin edilməsi barədə qərarını ləğv etmiş, iddiaçıya ödənilmiş pensiya ödənişlərinin dayandırılması, artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi qərara alınmışdır.
12. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 18 avqust 2023-cü il tarixli məktubda bildirilmişdir ki, “... Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən sizə xx.xx.2016-cı il tarixində 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən pensiya işinizə dair sənədlər araşdırılması nəticəsində 5 sentyabr 1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda qeyd olunan xx.xx.1983-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək Respublika Taun Əleyhinə X6 Əleyhinə şöbəsindən zooloq işlədiyiniz dövr iki qat ölçüdə hesablanaraq yalnız ümumi iş stajınıza daxil edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq həm ümumi, həm güzəştli iş stajınıza iki qat ölçüdə daxil edildiyi aşkar olunmuşdur. Bununla əlaqədar olaraq, sizin güzəştli iş stajınız 12 il 6 aydan az, yəni 6 il 3 ay 27 gün təşkil edir. Lakin buna baxmayaraq, sizə Fondun Nəsimi rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən, pensiya hüququnuza yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində mülahizələrinizin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət olunmağınız barədə sizə tərəfimizdən xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-Ş-128932/2023 məktub göndərilmişdir. Lakin məktubda qeyd olunan tarixədək Mərkəzi Filiala gəlməmiş və ya pensiya hüququnuzla bağlı hər hansı mülahizəni təqdim etməmisiniz. Daha sonra sözügedən Qanunun tələblərinə uyğun qaydada sizə əmək pensiyasının təyin olunması haqqında qərarın ləğv olunması və pensiya ödənişinin dayandırılması haqqında inzibati akt qəbul edib. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla sizə artıq ödənilmiş pul vəsaiti 8872,25 manat təşkil edir. Həmin artıq ödənilmiş vəsaitin könüllü şəkildə 15 gün müddətində büdcəyə qaytarmağınızı və bu barədə bizə məlumat verməyinizi xahiş edirik”.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
14. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-920/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli Qərarının 3-cü səhifəsinin 3-cü abzasında qeyd edilir ki, aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ididaçı: xx.xx.1977ci ildən xx.xx.1978-ci ilə qədər Füzuli rayonu Lenin adına üzümçülük sovxozunun 6 nömrəli briqadasında fəhlə vəzifəsində; 1978-ci ilin sentyabr ayından 1983-cü ilin iyun ayına qədər ali təhsil müəssisəsinin əyani şöbəsində təhsil aldığı dövr; xx.xx.1983 xx.xx.1990-cı ilə qədər Hadrut rayonunda Taun əleyhinə şöbədə zooloq vəzifəsində; xx.xx.1990 - xx.xx.1990-cı ilə qədər İmişli rayonda Taun əleyhinə şöbədə zooloq vəzifəsində; xx.xx.1990 - xx.xx.1991-ci ilə qədər Füzuli rayon X1 entemoloq vəzifəsində; xx.xx.1991 - xx.xx.1993-cü ilə qədər Füzuli rayon profilaktik dezinfeksiya şöbəsinin müdiri; xx.xx.1993 - xx.xx.2017-ci il tarixə qədər Füzuli rayon Gigiyena və epidemiologiya mərkəzində entemoloq vəzifəsində işləyib. Həmçinin Bakı Apellyasiya Məhkəməsində araşdırma zamanı vəkilin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli X3 Mərkəzinə ünvanladığı sorğu əsasında verilmiş 26 iyul 2022-ci il tarixli, 294 nömrəli arayışda da onun 1983-cü ildən 1990-cı ilədək Hadrutda zooloq vəzifəsində işləməyi öz təsdiqini tapmışdır. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda göstərilən müəssisələrdəki iş stajı məhkəmə qərarı ilə öz təsdiqini tapdığından, həmin müddətlərdə olan iş stajının mübahisələndirilməsinə yol verilmir. Güzəştli şərtlərlə pensiya almaq üçün tələb olunan 25 illik ümumi iş stajına qarşı ona xx.xx.2016-cı il tarixində pensiya təyin edilərkən 30 ildən çox ümumi iş stajına malik olub və bu əmək stajını təsdiq edən əmək kitabçası ilə öz təsdiqini tapır. Güzəştli iş stajının isə hesablanması qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, həm onun cüzam və taun əleyhinə müəssisələrdə işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna, həm də pensiya təyin edilən zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 24.0.3-cü maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti güzəştli iş stajına ikiqat ölçüdə hesablanmaqla daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda ümumiyyətlə cüzam və taun əleyhinə müəssisələrdə çalışan işçilərə münasibətdə pensiya təyinatının 2 qat ölçüdə hesablanması üçün “təqvim illəri üzrə” ifadəsi qanunvericilikdə qeyd edilməmişdir. Məlum olduğu kimi, “Əmək pensiyaları haqqında” Qanunda təqvim illəri ifadəsini yalnız 9.5-ci maddədə qeyd olunmuşdur və həmin qanunun digər hər hansı maddəsində təqvim ifadəsi ümumiyyətlə mövcud deyil. Beləliklə də inzibati orqanın Qanunun sözügedən maddəsini öz mülahizəsinə uyğun olaraq şərh etməsi konstitusion sosial təminat hüququnun pozulmasına gətirib çıxarır və həmin şərh Qanunun 24.0.3-cü maddəsinin mahiyyəti ilə ziddiyyət təşkil edir. Baxmayaraq ki, məhkəmə qərarına əsasən 1.06.2020-ci il tarixdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qüvvəyə mindiyi tarixlər arasında olan dövr üçün iddiaçıya əmək pensiyası ödənilməli idi, lakin həmin dövrlər üçün ödənilməli olan pensiyanın da ödənişi dayandırılmışdır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə AR NK-nin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 19-cu bölməsi “Tibb və sosial təminat müəssisələri” adlanır və həmin bölmənin beşinci paraqrafına əsasən, “tauna qarşı idarələrdə məşğul olan işçilər” güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə AR NK-nin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən təqvim hesabı ilə azı 12 il 6 ay “tauna qarşı idarələrdə məşğul olan işçilər” güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Eləcə də “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsinə əsasən, cüzam və taun əleyhinə müəssisələrdə əmək pensiyası hüququ verən sığorta stajı (iş müddəti) - ikiqat ölçüdə hesablanır. Beləliklə də Qanunun 24-cü maddəsi “tauna qarşı idarələrdə məşğul olan işçilər”dən tələb edilən təqvim hesabı ilə azı 12 il 6 ay sığorta stajını yarıya endirir. Yəni həmin işçilər təqvim hesabı ilə azı 6 il 3 ay cüzam və taun əleyhinə müəssisələrdə çalışarlarsa, həmin işçilərin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən stajı da ikiqat ölçüdə hesablanacaqdır və ümumilikdə 12 il 6 aydan yuxarı staj kimi nəzərə alınacaqdır. Nəticədə ərizəçi İddiaçı təqvim hesabı ilə 6 il 3 ay 29 gün xüsusi sosial sığorta stajı var və bu stajın ikiqat ölçüdə hesablanması zamanı güzəştli işlərdə xüsusi sosial sığorta stajı 12 il 6 aydan çoxdur. Fərz etsək ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi mövcud deyil, bu halda onsuz da Qanunun 9.1-ci maddəsinə və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə AR NK-nin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən cüzam və taun əleyhinə müəssisələrdə işləyən şəxslərdən 12 il 6 ay xüsusi sosial stajı tələb olunurdu. Yəni cavabdehin mövqeyindən yanaşılsa, belə çıxır ki, Qanunun 24- cü maddəsi nəzərə alınmalı deyil. Lakin faktiki olaraq “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi cüzam və taun əleyhinə müəssisələrdə işləyənlərə münasibətdə həmin Qanunun 9.1-ci maddəsində tələb olunan xüsusi sosial sığorta stajının (12 il 6 ay) yarısını, yəni 6 il 3 ay kimi hesablanmasını nəzərdə tutur. Əks halda 24-cü maddə həmin kateqoriyadan olan (cüzam və taun əleyhinə müəssisələrində işləmə müddətləri, şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri və s.) əmək pensiyaçılarına münasibətdə heç bir güzəşt müəyyən etmiş olmazdı. Bunun əksi düşünülsə belə çıxır ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə AR NK-nin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı təkrarlıq yaradan maddələrdən və eyni məzmunlu maddələrin iki fərqli normativ hüquqi aktda nəzərdə tutulması hüquqi taftalogiyadır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq hazırkı inzibati icraat üzrə İddiaçı 6 il 03 ay 29 gün güzəştli iş stajı 12 il 6 ay qəbul edilməlidir. Bu baxımdan da iddiaçıya pensiya təyinatı həmin qaydada həyata keçirməsində heç bir qanun pozuntusuna yol verilməmişdir.
15. Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixində 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən iddiaçının pensiya işinə dair sənədlər araşdırılmışdır. Nəticədə iddiaçının 5 sentyabr 1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1983-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək Respublika Taun Əleyhinə X7 Əleyhinə şöbəsində zooloq işlədiyi dövr iki qat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq həm ümumi, həm güzəştli iş stajına iki qat ölçüdə daxil edildiyi aşkar olunmuşdur. Belə ki, İddiaçı barəsində Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1576/2021 və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(103)-920/2022 nömrəli qərarlarında inzibati icraat aparılmasa da, məhkəmə iddiaçının X9 şöbəsində zooloq işlədiyi dövrü iki qat ölçüdə götürülməsinə münasibət bildirmişdir. Həmin qərarda, sığorta stajı dedikdə əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərdə tutulur və iddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24.0.3-cü maddəsində güzəştli iş stajının deyil, məhz ümumi iş stajının (sığorta stajının), ikiqat ölçüdə hesablanması nəzərdə tutulur. Yəni iddiaçının xx.xx.1983-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək Respublika Taun Əleyhinə X7 Əleyhinə şöbəsində işlədiyi müddət iddaçının ümumi iş stajına (sığorta stajına) hesablanarkən iki qat olaraq nəzərə alınmalıdır, güzəştli iş stajına deyil. Beləliklə, məhkəmə iş üzrə müəyyən etdiyi faktiki hallara yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından qiymət verərək, belə nəticəyə gəlir ki, qanunvericilikdə cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin yalnız əmək pensiyası hüququ verən sığorta stajına (əmək fəaliyyəti dövrlərinin ümumi müddətinə) güzəştli şərtlərlə daxil edildiyindən, iddiaçının güzəştli iş stajının təqvim üzrə 12 il 6 aydan az, yəni 6 il 3 ay 27 gün olması işin məhkəmə araşdırılması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkət edilmədiyinə görə iddia tələbi təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 16 iyun 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Lakin iddiaçı qəbul mərkəzinə gəlməmişdir. Göründüyü kimi tərəflərindən “İnzibati icraa haqqında” Qanunun tələblərinə əməl olunmuş, xx.xx.2023-cü il tarixdə “Qərarın ləğv edilməsi” və xx.xx.2023-cü il tarixdə “əmək pensiyasının dayandırılması” haqqında qərar qəbul edilmişdir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14030/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, “Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməsi, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi cüzam və taun əleyhinə müəssisələrdə işləyənlərə münasibətdə həmin Qanunun 9.1-ci maddəsində tələb olunan xüsusi sosial sığorta stajının (12 il 6 ay) yarısını, yəni 6 il 3 ay kimi hesablanmasını nəzərdə tutur. Əks halda 24-cü maddə həmin kateqoriyadan əmək pensiyaçılarına münasibətdə heç bir güzəşt müəyyən etmiş olmazdı. Bundan başqa cavabdehin iddiaçının iş müddətini hesablayarkən təqvim illəri ifadəsinə istinad etməsi ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Qanunda ümumiyyətlə cüzam və taun əleyhinə müəssisələrdə çalışan işçilərə münasibətdə xüsusi sosial sığorta stajının hesablanması üçün “təqvim illəri üzrə” ifadəsindən istifadə edilməmişdir. “Təqvim” ifadəsi yalnız “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsində qeyd olunmuşdur və həmin qanunun digər hər hansı maddəsində təqvim ifadəsindən istifadə edilmir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 14030/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 departamenti tərəfindən araşdırılmışdır. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Tibb və sosial təminat müəssisələri bölməsində (19-cu bölmə) tauna qarşı müəssisələrdə məşğul olan işçilər nəzərdə tutulmuşdur Qanunun 24.0.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. Vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərə əsasən 5 sentyabr 1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunananlara əsasən cavabdeh xx.xx.1983-cü il tarixindən 02.01,1990-cı il tarixinədək Respublika Taun əleyhinə X7 Əleyhinə şöbəsində zooloq işlədiyi dövr iki qat Ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq həm ümumi, həm güzəştli iş stajına iki qat ölçüdə daxil edildiyi aşkar olunmuşdur Buna görə də cavabdehin güzəştli iş stajı 12 il 6 aydan az, yəni 6 il 3 ay 27 gün olduğundan xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Qanunun “Sığorta stajı” adlanan 6-cı fəslinin “Sığorta stajının hesablanmasında güzəştlər” adlanan 24.0.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. Sözügedən maddənin və fəsilin adlarından da göründüyü kimi, həmin maddədə məhz sığorta stajına güzəştli şərtlərlə daxil edilən iş dövrləri nəzərdə tutulur. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göründüyü kimi, sığorta stajı dedikdə, əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərdə tutulur və Qanunun 24.0.3-cü maddəsində güzəştli iş stajının deyil, məhz ümumi iş stajının ikiqat ölçüdə hesablanması nəzərdə tutulur. Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq siyahıda nəzərdə tutulan işlərdə çalışmış şəxslərə pensiya təyinatı şərtlərini müəyyən edən güzəştli iş stajına hər hansı dövrün ikiqat daxil edilməsi isə qanunvericilikdə nəzərdə tutulmayıb. Buna görə də, cüzam və taun əleyhinə stansiyalarda iş müddəti ikiqat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur.Etiraz onunla əsaslandırılmışdır ki, aşağıda qeyd edilən baxımından cavabdehin apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)- 14030/2023 saylı inzibati iş üzrə xx.xx.2023-cü il tarixli Qərarı qüvvədə saxlanılmalıdır:Əvvəla onu qeyd etmək istəyirlər ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti sırf formal mülahizələrə əsaslanır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində İddiaçı əmək pensiyasının dayandırılması haqqında inzibati qərarda qeyd edilən fərqli heç bir müddəa öz əksini tapmamışdır. Eyni cümlələr, eyni sözlər həm cavabdehin qəbul etdiyi inzibati qərarda, həm iddia ərizəsinə etirazda, həm də apelyasiya şikayətində heç bir dəyişiklik edilmədən sadəcə olaraq təkrarlanmışdır. Apelyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin istinad etdiyi maddi hüquq normalarına məhkəmənin yanlış istinad etdiyi əsaslandıran heç bir mülahizə öz əksini tapmamışdır. Beləliklə də yuxarıda qeyd edilənlər cavabdehin iddiaçını daha uzun müddət öz aylıq pensiya ödənişindən məhrum etmək məqsədilə apelyasiya şikayəti verdiyini sübuta yetirir.Həmçinin, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ona pensiya ödənişinin dayandırılması haqqında inzibati aktla bağlı məhkəmədə işə mahiyyəti üzrə baxılanadək cavabdeh tərəfindən təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırılmasının qadağan edilməsi və pensiya ödənişlərinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati məhkəməsinin 15(112)- 301/2023 saylı inzibati iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilmişdir.Həmin qərardada əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin ona “əmək pensiyasının təyin olunması haqqında qərarın ləğv olunması və pensiya ödənişlərinin dayandırılması haqqında” inzibati aktın ləğv edilməsi və əmək pensiyasının tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə inzibati işə baxılıb yekunlaşanadək cavabdeh tərəfindən təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırılması cavabdehə qadağan edilsin və pensiya ödənişləri bərpa edilməsi cavabdehə həvalə edilmişdir.Bütün bunlara baxmayaraq, cavabdeh təşkilat yenidən 20 noyabr 2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək son 3 ildə iddiaçıya ödənilmiş 8872,25 manat məbləğin tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh aylıq cəmi 300 manat məbləğində pensiya alan İddiaçı qarşı qərəzli və haqsız mövqe tutmuşdur. Hətta qanuni qüvvəyə minmiş AR Ali Məhkəməsinin qərarına, müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardada məhəl qoyulmayaraq israrlı şəkildə yenidən əsassız iddialarla məhkəməyə müraciət edilir.Əlavə olaraq bildirmək istəyirlər ki, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı təyin edilmiş pensiya ödənişlərini 01,06.2020-ci il tarixdən dayandırmış, iddiaçı bu barədə məhkəmədə iddia qaldırmış və onun iddiası təmin edilərək “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli, **********4 saylı qərar ləğv edilmiş, iddiaçının 01,06.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin iş üzrə yekun məhkəmə qərarı Ali Məhkəmə tərəfindən 14 sentyabr 2022-ci il tarixdə qəbul edilmişdir.Hazırkı mübahisə üzrə cavabdeh iddia edir ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixinədək Respublika Taun Əleyhinə X6 Əleyhinə Şöbəsində zooloq işlədiyi dövr iki qat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilməli olduğu halda, qanunvericiliyin tələblərinə zidd olaraq həm ümumi, həm də güzəştli iş stajına iki qat ölçüdə daxil edilmişdir. Cavabdeh həmçinin iddia edir ki, İddiaçı təqvim günü hesabı ilə azı 12 il 6 ay əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməli idi. Lakin o, təqvim günü hesabı ilə 6 il 3 ay 29 gün əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. Cavabdeh hesab edir ki, göstərilən bu güzəşt müddəti, yəni iş müddətinin ikiqat hesablanması xüsusi stajın deyil, yalnız ümumi stajın hesablanması zamanı nəzərə alınmalıdır. Lakin, Bakı İnzibati Məhkəməsi haqlı olaraq xx.xx.2023-cü il tarixli Qərarında cavabdehin yuxarıda qeyd edilən mövqeyinin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, ilk növbədə qanunun göstərilən normalarında yalnız ümumi stajın hesablanması barədə birbaşa göstəriş yoxdur. Cavabdeh qanunverici orqan deyil və qanuna öz istədiyi kimi şərh vermək kimi bir səlahiyyəti yoxdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, şəxsin bir müəssisədə işlədiyi iş dövrü necə ki onun həm ümumi, həm xüsusi (güzəştli) stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır.Digər bir tərəfdən qanunvericinin cüzam və taun əleyhinə iş müddətinin ikiqat hesablanması barədə göstərişi, həmin işin xüsusilə ağır və zərərli olmasından irəli gəlir. Belə olan halda həmin dövrün ikiqat ölçüdə hesablanması mütləq qaydada xüsusi (güzəştli) staja da tətbiq edilməlidir. Məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi cüzam və taun əleyhinə müəssisələrdə işləyənlərə münasibətdə həmin Qanunun 9.1-ci maddəsində tələb olunan xüsusi sosial sığorta stajının (12 il 6 ay) yarısını, yəni 6 il 3 ay kimi hesablanmasını nəzərdə tutur. Əks halda 24-cü maddə həmin kateqoriyadan əmək pensiyaçılarına münasibətdə heç bir güzəşt müəyyən etmiş olmazdı.Eləcə də Bakı İnzibati Məhkəməsinin qərarında hüququn və ədalət mühakiməsinin əsas prinsiplərindən biri olan qanunçuluq prinsipinin tələblərinin təmin edildiyinin şahidi oluruq. Belə ki, məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunda ümumiyyətlə cüzam və taun əleyhinə müəssisələrdə çalışan işçilərə münasibətdə xüsusi sosial sığorta stajının hesablanması üçün “təqvim illəri üzrə" ifadəsindən istifadə edilməmişdir. “Təqvim” ifadəsi yalnız “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsində qeyd olunmuşdur və həmin qanunun digər hər hansı maddəsində təqvim ifadəsindən istifadə edilmir. Beləliklə də cavabdehin iddiaçının iş müddətini hesablayarkən təqvim illəri ifadəsinə istinad etməsi ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu baxımdan da məhkəmə haqlı olaraq cavabdehin xx.xx.2023-cü il tarixli qərarını ləğv etmiş və İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarmışdır.Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən apelyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2- 1(112)- 14030/2023 saylı inzibati iş üzrə 01,12.2023-cü il tarixli Qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul etməsini xahiş edirlər.
e) Prosses iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
23. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: 68-ci maddəsinə (“iş stajının hesablanmasında güzəştlər” adlanan) görə, pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: ...cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə.
24. ”Əmək pensiyaları haqqında” Qanunun: 24-cü maddəsinə görə isə, əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: ...24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində qərar tam hissədə mübahisələndirildiyindən qərar bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
29. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiya ödənişlərini xx.xx.2020-ci il tarixdən dayandırmış, iddiaçı bu barədə məhkəmədə iddia qaldırmış və onun iddiası təmin edilərək “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli, **********4 saylı qərar ləğv edilmiş, iddiaçının xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
30. Həmin iş üzrə yekun məhkəmə qərarı Ali Məhkəmə tərəfindən 14 sentyabr 2022-ci il tarixdə qəbul edilmişdir.
31. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə cavabdehin “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli, **********4 saylı qərar ləğv edilmiş və iddiaçının pensiya ödənişlərinin bərpa edilməsi qərara alınmışdır.
32. Cavabdeh orqan isə iddiaçıya təyin edilmiş pensiya ödənişlərini bərpa etməyərək qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməmişdir. Cavabdehin mülahizəsinə görə araşdırma aparmış və iddiaçı mülahizələrinin dinlənilməsi üçün Filiala dəvət edilmiş və nəticədə təyin edilmiş pensiyanın ləğv edilməsi barədə yeni qərar qəbul edilmişdir.
33. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən cavabdehin ikinci qərarına qədər olan pensiya ödənişlərinin bərpa edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə olmuşdur.Cavabdeh yeni qərarının qəbul edilməsinədək, yəni xx.xx.2023-cü il tarixədək olan dövr üzrə iddiaçıya ödəmədiyi pensiya ödənişlərini bərpa etməli idi.
34. Bu, məhkəmə qərarları ilə cavabdehin üzərinə qoyulmuş öhdəlikdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir.
35. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir.
36. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir.
37. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir.
38. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar).
39. Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi).
40. Məhkəmə cavabdehin inzibati icraat apardıqdan sonra iddiaçıya təyin edilmiş pensiyanın ləğv edilməsi ilə bağlı qərara münasibətdə də cavabdehin gəldiyi nəticəni düzgün hesab etmir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçıya xx.xx.2016-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmişdir.
41. Cavabdeh iddiaçıya təyin edilmiş pensiyanı ləğv edərkən onun güzəştli stajını mübahisələndirir, pensiya təyinatı zamanı iddiaçının xüsusi (güzəştli) stajının düzgün hesablanmadığını bildirir.
42. Belə ki, cavabdeh iddia edir ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixinədək Respublika Taun Əleyhinə X6 Əleyhinə Şöbəsində zooloq işlədiyi dövr iki qat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilməli olduğu halda, qanunvericiliyin tələblərinə zidd olaraq həm ümumi, həm də güzəştli iş stajına iki qat ölçüdə daxil edilmişdir.
43. Cavabdeh həmçinin iddia edir ki, ərizəçi təqvim günü hesabı ilə azı 12 il 6 ay əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməli idi. Lakin o, təqvim günü hesabı ilə 6 il 3 ay 29 gün əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir.
44. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin yaranmasına əsas olan hal, maddi hüquq normasının tətbiqində fikir ayrılığı ilə bağlıdır.
45. İddiaçının pensiya hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsində cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin ikiqat ölçüdə hesablanması qeyd edilmişdir.
46. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun “iş stajının hesablanmasında güzəştlər” adlanan 68-ci maddəsinə görə, pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: ...cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə. ”Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə görə isə, əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: ...24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə.
47. Cavabdeh hesab edir ki, göstərilən bu güzəşt müddəti, yəni iş müddətinin ikiqat hesablanması xüsusi stajın deyil, yalnız ümumi stajın hesablanması zamanı nəzərə alınmalıdır.
48. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, ilk növbədə qanunun göstərilən normalarında yalnız ümumi stajın hesablanması barədə birbaşa göstəriş yoxdur.Cavabdeh qanunverici orqan deyil və qanuna öz istədiyi kimi şərh vermək kimi bir səlahiyyəti yoxdur.
49. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır.
50. Qeyd olunmalıdır ki, qanunvericinin cüzam və taun əleyhinə iş müddətinin ikiqat hesablanması barədə göstərişi, həmin işin xüsusilə ağır və zərərli olmasından irəli gəlir.Belə olan halda həmin dövrün ikiqat ölçüdə hesablanması mütləq qaydada xüsusi (güzəştli) staja da tətbiq edilməlidir.
51. Məhkəmə Kollegiyası iddia tələbinə etirazın dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.
52. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin yuxarıda hüquqi qiymət verilmiş dəlillərdən əlavə şikayətə münasibətdə onu da qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi cüzam və taun əleyhinə müəssisələrdə işləyənlərə münasibətdə həmin Qanunun 9.1-ci maddəsində tələb olunan xüsusi sosial sığorta stajının (12 il 6 ay) yarısını, yəni 6 il 3 ay kimi hesablanmasını nəzərdə tutur. Əks halda 24-cü maddə həmin kateqoriyadan əmək pensiyaçılarına münasibətdə heç bir güzəşt müəyyən etmiş olmazdı.
53. Eləcə də birinci instansiya məhkəməsinin qərarında hüququn və ədalət mühakiməsinin əsas prinsiplərindən biri olan qanunçuluq prinsipinin tələbləri təmin edilmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunda ümumiyyətlə cüzam və taun əleyhinə müəssisələrdə çalışan işçilərə münasibətdə xüsusi sosial sığorta stajının hesablanması üçün “təqvim illəri üzrə" ifadəsindən istifadə edilməmişdir. “Təqvim” ifadəsi yalnız “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsində qeyd olunmuşdur və həmin qanunun digər hər hansı maddəsində təqvim ifadəsindən istifadə edilmir.
54. Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsində isə qeyd olunmuşdur: 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
55. Beləliklə də cavabdehin iddiaçının iş müddətini hesablayarkən təqvim illəri ifadəsinə istinad etməsi ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmamışdır.
56. Bu baxımdan da birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin xx.xx.2023-cü il tarixli qərarını ləğv etmiş və İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarmışdır.
57. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14030/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14030/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.