Məhkəmə qərarları › İş №2-1(103)-1386/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1386/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1386/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əlavə dəyər vergisinin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin üzərinə "xxxx" Mənzil-Tikinti Kooperativi ilə iddiaçı arasında 11 avqust 2022-ci il tarixdə bağlanmış 0450 №-li payçı müqaviləsinə əsasən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT Park” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, 1 nömrəli, birotaqlı mənzilə və 10 avqust 2022-ci il tarixdə bağlanmış 0447 №-li payçı müqaviləsinə əsasən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT Park” Yaşayış Kompleksinin 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, 4 nömrəli, ikiotaqlı mənzilə görə iddiaçıya qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği (payçı müqavilələrinin ümumi dəyəri olan 179738 manatın 32352,84 manat əlavə dəyər vergisinin 30%-nin (9705,85 manatın) barədə məlumatın banka ötürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06 fevral 2024-cü il tarixli qərardadı ilə, "xxxx" MTK məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 11 avqust 2022-cü il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi ilə 0450 №-li Payçı müqaviləsi bağlayaraq ünvan 1 ünvanında tikilməkdə olan “AVANT Park” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, 1 nömrəli, birotaqlı mənzili 74024 manata və 10 avqust 2022-ci il tarixdə isə 0447 №-li Payçı müqaviləsi bağlayaraq ünvan 1 ünvanında tikilməkdə olan “AVANT Park” Yaşayış Kompleksinin 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, 4 nömrəli, iki otaqlı mənzili 105714 manata alınması barədə razılaşmışlar. 0450 №-li Payçı müqaviləsi üzrə ünvan 1 ünvanında tikilməkdə olan “AVANT Park” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, 1 nömrəli, birotaqlı mənzilə görə 74024 manatı 11 və 12 avqust 2022-ci il tarixlərində , 0447 №-li Payçı müqaviləsi üzrə “AVANT Park” Yaşayış Kompleksinin 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, 4 nömrəli, ikiotaqlı mənzilə görə 105714 manatı müqavilə bağlanan günü 10 avqust 2022-ci il tarixdə ödəmişdir. ünvan 1 ünvanında tikilməkdə olan yaşayış kompleksinin 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, 1 nömrəli, birotaqlı mənzilə və həmin Kompleksin 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, 4 nömrəli, ikiotaqlı mənzilə görə maliyyə arayışı tərtib edilərək iddiaçıya verilmişdir. 16 fevral 2023-cü il tarixdə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edib, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının tələblərinə uyğun olaraq iddiaçıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürürülməsini xahiş etmiş, işi ilə əlaqədar döyüş bölgələrinə ezam olunduğundan, telefon və noutbukdan istifadə etməsi qadağan edildiyindən hesabına yaşayış sahələrini aldığına görə ödəniləcək pulu yoxlamaq imkanı olmamışdır. 2023-cü ilin sentyabr ayının sonlarında "xxxx" Mənzil Tikinti Kooperativi ilə əlaqə saxlayıb ƏDV qaytarılması ilə maraqlanmış, oradan telefon vasitəsi ilə iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ƏDV-nin qaytarılmasından imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə ƏDV-nin qaytarılması ilə bağlı müraciət edilmiş, 05 oktyabr 2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin İnzibati Şikayətlərə baxılması Baş İdarəsi tərəfindən iddiaçının etdiyi şikayətə baxılmasının baxılmamış saxlanması barədə məktub daxil olmuşdur. Eyni zamanda, 2023-cü ilin sentyabr ayının 25-də AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında **********015400 nömrəli qərar qəbul edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ƏDV-nin qaytarılmaması belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməmişdir. Bu tamamilə əsassız bir bəhanədir. Hər bir halda iddiaçı ƏDV-ni dövlət büdcəsinə ödəmiş və bu əsasa görə istehlakçıya ƏDV-nin qaytarılmaması qanunvericiliyinə və Prezidentin Fərmanına ziddir. Həmin müraciətdə cavabdeh orqan özü də təsdiq edir ki, iddiaçı tərəfindən ƏDV ödənilmiş, lakin Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. İddiaçı tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, lakin ƏDV depozit hesabına və satıcının hesabına ödənilməsi məsələsi satıcı tərəfindən ayrılmalı idi. Əgər satıcı bunları ayrı hesablar altında müəyyənləşdirməyibsə istehlakçını günahlandırmaq tamamilə qərəzli və qeyri-obyektiv bir yanaşmadır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri- yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, alıcı İddiaçı (FİN:xxxxxxx) tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Odur ki, cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddianın təmin edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3187/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə ilə Dövlət Verg Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və ərizəyə müqavilə, bank mədaxil qəbzi və digər sənədlər əlavə edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğı halda, onun tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Müraciət üzrə aparılmış araşdırmanın nəticəsi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci və 61-ci maddələrinə əsasən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərar və “ƏDV qaytarmaq ərizəsindən imtina barədə” bildiriş iddiaçıya göndərilmişdir. Məhkəmə qərarında qeyd edilir ki, hazırkı iş üzrə iddiaçı payçı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, üçüncü şəxs "xxxx"Mənzil Tikinti Kooperativi isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş (iş materiallarında olan mədaxil qəbzləri ilə sübut olunur) və tələb olunan müddətdə əlavə dəyər vergisinin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək müvafiq orqana müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərman ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdər nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Əgər istənilən fiziki şəxs aldığı mənzilin tam dəyərini (ƏDV daxil) satıcının bank hesabına ödəyib, daha sonra da ƏDV-nin qaytarılmağın tələb edəcəksə, onda belə bir sual yaranır: xx.xx.2022-ci il tarixli Fərmanla təsdiq edilmiş Qaydalar fiziki şəxs olan istehlakçılar tərəfindən AR ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasını müəyyən edirsə, bu qaydalara əməl olunmamasına baxmayaraq, ƏDV-nin qaytarılması qanun pozuntusu deyilmi? Sözügedən qaydalar şəxsən fiziki şəxs tərəfindən ödənişin hansı formada həyata keçirilməli olduğunu göstərir. Yəni ödəniş "xxxx" MTK tərəfindən deyil, fiziki şəxs tərəfindən yaşayış sahəsinə görə “ƏDV məbləği” depozit hesaba ödənilməlidir. Qanunla müəyyən edilmiş vergiləri, hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəməyə stimullaşdırmaqdır. Ümumiyyətlə, Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklərdən biri də məhz nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə tətbiq olunan “Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması” layihəsidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2024 nömrəli, 20 sentyabr 2024cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3187/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib iddia təmin olunmamalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 10 avqust 2022-ci il tarixli, 0447 nömrəli payçı müqaviləsinə əsasən, bir tərəfdən “MTK” adlandırılacaq "xxxx" MTK-nın nümayəndəsi, digər tərəfdən “Payçı” adlanacaq İddiaçı şəxsində olmaqla, “MTK” pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, 4 nömrəli, 2 otaqlı mənzili tikib və “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 11 avqust 2022-ci il tarixli, 0450 nömrəli payçı müqaviləsinə əsasən, bir tərəfdən “MTK” adlandırılacaq "xxxx" MTK-nın nümayəndəsi, digər tərəfdən “Payçı” adlanacaq İddiaçı şəxsində olmaqla, “MTK” pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzili tikib və “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. FJB**********170 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən AVNT0408 saylı müqavilə üzrə ilkin 105.714 AZN ödəniş edilmişdir. FJBFJB**********772 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən AVNT- 0410 saylı müqavilə üzrə ilkin 25.024 AZN ödəniş edilmişdir. "xxxx" MTK-nın 10 avqust 2022-ci il tarixli maliyyə arayışına əsasən bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən “AVANT PARK” layihəsinin 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, 4 saylı, 2 otaqlı, 75.51 kv.m mənzil "xxxx" MTK-ya məxsusdur. 10 avqust 2022 tarixli, 0447 saylı Payçı müqaviləsinə əsasən 10-cu bina, 10-cu blok, 4-cü mərtəbə, 4 saylı, 2 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. ƏDV qaytarmaq ərizəsindən imtina barədə bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli **********694200 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizə üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. **********718400 nömrəli, 04 oktyabr 2023-cü il tarixli “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” qərara əsasən, vətəndaş İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023-cü il tarixli inzibati şikayətinin baxılmamış saxlanılması qərara alınmışdır. İşin halları ilə müəyyən edilir ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında 11 avqust 2022-ci il tarixdə bağlanmış 0450 №-li payçı müqaviləsinə əsasən iddiaçı “AVANT Park” Yaşayış Kompleksində aldığı birotaqlı və ikiotaqlı mənzillərə görə ona qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği (payçı müqavilələrinin ümumi dəyəri olan 179738 manatın 32352,84 manat əlavə dəyər vergisinin 30%-nin (9705,85 manatın) ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət edilmiş, ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. Bundan sonra iddaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi qənaətinə gəlmiş, mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" MTK ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir. İddiaçı ilə "xxxx" MTK arasında bağlanılmış müqavilələrə əsasən mənzillərin dəyərini tam ƏDV ilə birlikdə 105714 AZN və 25024 AZN məbləğlərini satıcıya, yəni "xxxx" MTK-nın (ƏDV-siz) nağdsız qaydada MTK-nın bank hesabına, ƏDV məbləğini isə MTK-nın ƏDV depozit hesabına tam şəkildə ödəmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənildikdən sonra, 90 gün müddətində əlavə dəyər vergisinin qaytarılması məqsədilə müvafiq qaydada (əlavə dəyər vergisinin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək) cavabdeh inzibati orqana müraciət etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər yoxlanılmalı və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilməlidir. Lakin hazırki iş üzrə cavabdeh orqan tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə hər hansı məlumat verilmədən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir. Nəticədə isə iddiaçı çatışmazlıqlar barədə məlumatlandırma və çatışmazlıqların aradan qaldırılması hüququndan məhrum edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-cı bəndinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 153.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 165.6-cı maddəsində qeyd edilir ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. (29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 165.6-cı maddə əlavə edilmişdir. Dəyişiklik 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir). Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 2.0.4-cü maddəsinə əsasən operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.6-cı maddəsinə əsasən müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 5.1-ci maddəsinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5-ci maddəsinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6-ci maddəsinə əsasən operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsinin tətbiqini tənzimləyən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir və həmin dövrdən sonrakı münasibətlərə tətbiq edilmişdir. Həmin Qaydanın 6-cı bəndi (keçid müddəaları) bu qaydalarının təsdiq edildiyi 2022ci il 25 may tarixədək olan dövrdə olan münasibətləri tənzimləyir. Hazırkı işin halları ilə müəyyən edilir ki, iddiaçı ilə "xxxx" MTK arasında müqavilələr 10 avqust 2022-ci il və 11 avqust 2022-ci il tarixdə imzalanmışdır. Həmçinin müəyyən edilir ki, mənzillərin ödənişi 10 avqust 2022-ci il – 12 avqust 2022-ci il tarixlərində həyata keçirilmişdir. Belə olan halda hazırkı iddia tələbinə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” tətbiq edilməlidir (25 may 2022-ci il tarixdən sonra yaranan münasibətlərə). Qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və alınmış yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi skan edərək portala göndərir. Lakin iddiaçı tərəfindən qanunvericiliyin bu tələbinə əməl edilməmiş, bununla bağlı mötəbər sənədlər nə cavabdeh inzibati orqana, nə də ki, məhkəməyə təqdim edilməmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ödəniş edilən zaman Dövlət Vergi Xidmətinin, o cümlədən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin portal yaratmasını və istifadəyə verməsini, ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsini, həmin elektron-qaimə faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının və vahid elektron məlumat bazasının mövcud olub-olmaması, həmçinin iddiaçının ƏDV məbləğini satıcının - "xxxx" MTK-nın ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanının olub-olmaması barədə məhkəməyə məlumat verilməsi və bu barədə müvafiq sübutların məhkəməyə təqdim edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu göndərilmiş, məhkəmənin sorğusuna cavab olaraq verilmiş 3-21-2-3/2-554996/2025 nömrəli, 05 may 2025-ci il tarixli məktubda qeyd edilir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı portal hazırlanaraq 21 noyabr 2022-ci il tarixindən istifadəyə verilmişdir. Həmçinin ƏDV məbləğinin müəssisənin ƏDV depozit hesabına ödənilməsində məhdudiyyət nəzərdə tutulmamışdır. İddiaçının apellyasiya şikayətinə etirazının dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş digər fiziki şəxslərlə bağlı olan müqavilə və ödənişlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanın qüvvəyə minməsinə qədər olan münasibətləri əhatə edir. Həmin münasibətlər isə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın keçid müddəaları ilə tənzimlənir. Belə ki, keçid müddəalarında qeyd edilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır:

1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə;

2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Hazırkı halda iddiaçı barəsində olan müqavilə və ödənişlər Fərmanın qüvvəyə minməsindən sonrakı dövrə təsadüf edir. Belə olan halda, Qaydaların 5.1.2-ci bəndinə əsasən, fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. İş materiallarına əlavə edilmiş X7 və X1 aid olan ödəniş tapşırıqlarından da göründüyü kimi, Qaydaların qüvvəyə mindiyi tarixlə Portalın rəsmi istifadəyə verildiyi tarixlər arasında mənzilin alışı ilə əlaqədar müvəkkil bank vasitəsilə ödənişlər etmiş və ödənişlərin edilməsi zamanı qanunvericiliyin tələbləri gözlənilərək ƏDV məbləği satıcının ƏDV depozit hesabına (qeyd edilən rekvizitlər həmin sənədlərdə aydın şəkildə görünür) ödənilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Azərbaycan Respublikası İPM-nin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmədiyi üçün cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar