Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1387/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X8 və X1 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, vəkili X3, ərizəçi X4 və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 2796/2018 saylı, xx xxx 2020-ci il tarixli qərardadından ərizəçi X10 tərəfindən verilmiş apeyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, H-123 nömrəli məktubuna əsasən ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 27 ünvanda yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və altında yerləşən 398.6 kv.m sahədən ibarət torpaq sahəsinə ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 27 ünvanında yerləşən fərdi yaşayış evinin “Q” tikilisi və “V” tikilisi iddiaçının adına xüsusi mülkiyyət hüququnda rəsmiləşdirilmişdir. Həmçinin texniki pasport tərtib edilmişdir. xx.xx.2018-ci il tarixində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin ünvanladığı məktub əsassızdır, imtina sadəcə olaraq formal xarakter daşıyır. “Q” və “V” tikilisinə iddiaçının hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Texniki pasporta və yerləşdiyi sahənin planına nəzər saldıqda isə müəyyən olunur ki, onun yerləşdiyi torpaq sahəsi – həm tikintialtı, həm də həyətyanı sahədən ibarətdir. Belə olan halda torpağa dair real bölgü aparılmalı və hər bir paylı mülkiyyətçinin ona aid torpaq sahəsinə dair plan sxemi mövcud olmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-2796/2018 saylı qərarı ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, H- 123 nömrəli məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 27 ünvanında yerləşən əvvəllər mövcud olmuş “V” və “Q” tikililərin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və evin altında yerləşən 398.6 kv.m. sahədən ibarət torpaq sahəsinə, ayrılıqda üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə çıxarışın və yeni ünvanın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərar qanuni qüvvəsini almış və icra edilmişdir. xx.xx.2019-cu il tarixdə X10 apelyasiya şikayəti ilə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2796/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-2898/2019 saylı qərardadı ilə apelyasiya şikayəti mümkün hesab edilməmiş və iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(82)-2796/2018 saylı qərardadı ilə X10 tərəfindən verilmiş 3-cü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin edilməmişdir. X10 apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2796/2018 saylı xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini, onun 2-1(82)-2796/2018 saylı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi həmin ünvanda yerləşən ünvan 2 və 27-də yerləşən “A”, “B”, “V”, “Q” tikililərinin mülkiyyətçilərinin ümumi istifadəsində olmuş torpaq sahəsidir və həmin tikililərdən “A” və “B” tikililəri onun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda ümumi istifadədə olan torpaq sahəsinin İddiaçı adına qeydə alınması barədə inzibati işə baxılarkən o da həmin iş üzrə üçüncü şəxs kimi cəlb edilməliydi ki, bu prosessual hərəkət edilməmiş, bununla da İPM-in 28.1-ci maddəsinin tələbləri pozulmuşdur. Üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə qərardad onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ümumi istifadədədir və İddiaçı tərəfindən həmin torpaq sahəsinə heç bir müdaxilə edilməmişdir. Məhkəmə özü qərardadda qeyd edir ki, torpaq sahəsi ümumi istifadədədir. Yəni İddiaçı ilə yanaşı onun da torpaq sahəsindən istifadə etmək hüququ var. İddiaçıya verilən torpaq sahəsi bütün mülkiyyətçilərin istifadəsində olan torpaq sahəsidir. Həmin ümumi istifadədə olan torpaq sahəsinin ümumi istifadəçilər arasında bölgü sxemi olmadan, digər istifadəçilərin razılığı olmadan yalnız İddiaçı istəyi əsasında torpaq sahəsinin mülkiyyət hüququ ilə həmin şəxsin adına qeydiyyata alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Ümumi istifadədə olan torpaq sahəsinin özəlləşdirilməsindən sonra İddiaçı onun həmin həyətdə olan yaşayış evinin damını kəsərək yararsız hala salmış, nəticədə həmin ev də yaşayış üçün yararsız hala düşmüşdür. Bundan başqa həmin şəxs həyətin bir hissəsini özəlləşdirdikdən sonra onun üzərində tikili inşa etmiş, həyətin qalan hissəsindən isə yenə də onunla birlikdə istifadə etməkdə də davam edir. Məhkəmə iclasında X10 və vəkili X5 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında İddiaçı və vəkili X9 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(82)-2796/2020 saylı qərardadı ləğv edilməli, X10 iş üzrə üçüncü şəxs qismində cəlb edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)- 2796/2018 saylı qərarı ləğv edilməli, üçüncü şəxs X4 iştirakı ilə işə yenidən baxılması üçün iş materialları Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, mübahisəli sahədə 4 tikili mövcud olmuşdur. A, B, V və Q tikililəri. V və Q tikililəri iddiaçıya, A və B tikililəri isə üçün şəxs qismində cəlb edilmə barədə ərizə verən X7 məxsusdur. İddiaçı tərəfindən iddia qaldırılaraq tikintiyə və torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsini xahiş edilmişdir. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi isə sözügedən torpaq sahəsinin bölgüsü ilə bağlı tərəflər arasında razılıq olmadığından bölgü sxeminin tərtib edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Həmçinin məhkəmə qərarı çıxarılana qədər nə iddiaçıda, nə də X6 olan texniki pasportda tikililər arasında ümumi istifadədə olan torpaq sahəsinin bölgüsü müəyyən edilməmişdir. İddiaçı məhkəmə qərarına əsasən tikinti altında olan torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verildiyini, X10 isə ümumi istifadədə olan torpaq sahəsinin iddiaçı tərəfindən özəlləşdirildiyini bildirir. Birinci instansiya məhkəməsi X4 üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsinin təmin edilməməsinin əsası kimi göstərmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2796/2018 saylı xx.xx.2018-ci il tarixli qərarının qanuni qüvvəyə mindiyi vaxtdan 1 ilə yaxın müddət keçdikdən sonra həmin iş üzrə 3-cü şəxs qismində cəlb olunmaq istəyən X10 ərizə ilə məhkəməyə müraciət etmiş, həmçinin 2 saylı Bakı inzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2796/2018 saylı xx.xx.2018-ci il tarixli qərarının X4 qanunla qorunan maraqlarına toxunduğu müəyyən edilməmişdir. Məhkəmə tərəfindən mübahisəli əraziyə tərəflərin iştirakı ilə yerində baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ərizəçinin iddia etdiyi sahə ümumi istifadədə olan torpaq sahəsidir və həmin torpaq sahəsinə iddiaçı tərəfindən hər hansı müdaxilə mövcud deyildir. Hazırkı iş üzrə qəbul edilən qərarın X4 maraqlarına toxunmasını müəyyən etmək mümkün olmamışdır. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2017-ci il tarixli qərarında məhkəmə qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum həmçinin qeyd edir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır. Plenum həmçinin qeyd etmişdir ki, qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə V və Q tikililərin yerinə yenidən tikilmiş fərdi yaşayış evinin və altında yerləşən 398.6 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarına əsasən iddia tələbi təmin edilmiş, lakin iddiaçıya verilən ******* saylı çıxarışda torpaq sahəsi 395 kv.m qeyd olunmuşdur. Həmçinin iddiaçıya verilən ******* saylı çıxarışda torpaq sahəsinin ölçüsü 0,04703 ha göstərilmişdir. Bundan əlavə cavabdehin imtinanın əsası kimi torpaq sahəsinin bölgüsü ilə bağlı razılıq olmaması və bölgü sxeminin tərtib edilməməsi qeyd edilmişdir. Cavabdehin imtinası da həmçinin onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan hissəsi ilə bağlı tərəflər arasında razılıq olmadığından belə bir iddia tələbi üzrə məhkəmə qərarı çıxarılan zaman X4 cəlb edilməsi zəruri olduğu halda birinci instansiya məhkəməsi tərəfindən cəlb edilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi İPM-də nəzərdə tutulan bir illik müddət proses iştirakçılarına münasibətdə və məhkəmə aktının rəsmi qaydada təqdim edildiyi gündən hesablanması nəzərdə tutulmuşdur ki, hazırkı iş üzrə X10 iş üzrə 3-cü şəxs qismində cəlb edilməmiş, daha sonra belə bir qərarın mövcudluğundan məlumatı olduqdan sonra ərizə ilə müraciət edərək qərarın ona təqdim edilməsini xahiş etmişdir. Bu səbəbdən də X7 İPM-də nəzərdə bir illik müddət tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, X10 üçüncü şəxs qismində cəlb edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(82)-2796/2018 saylı qərardadı ləğv edilsin. Üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(82)- 2796/2018 saylı qərarı ləğv edilsin. X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilsin. Hazırkı iddia tələbinə üçüncü şəxsin iştirakı ilə yenidən baxılması üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1387/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1387/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver