Məhkəmə qərarları › İş №2-1(103)-1387/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1387/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1387/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı “sərəncamının etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı “cavabdehin 2065 saylı xx.xx.1999-cu il tarixli “fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” sərəncamının etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8887/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı “Əzizbəyov rayonu İcra Hakmiyyətinin 2065 saylı xx.xx.1999-cu il tarixli “fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” sərəncamının etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən xx.xx.2009-cu ildə təsdiq edilmiş topoqrafik plana əsasən SOCAR-ın İddiaçı (İB) H.Z.Tağıyev adına NQÇİ-nin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsi - Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun solunda yerləşən mədən ərazilərində uzun illərdi ki, neft-qaz hasilatı işləri həyata keçirir. Yuxarıda göstərilən ünvanda H.Z.Tağıyev adına NQÇİ-nin mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi (39 T 418062,91; 4486142,23 koordinatlarda) iş üzrə 3-cü şəxs X3 tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Sözügedən torpaq sahəsinin yaxınlığında 63 metr aralı məsafədə 1220 nömrəli və 108 metr aralı məsafədə 1224 nömrəli işlək neft quyuları mövcuddur. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu və sözügedən ərazinin neft quyularının yaxınlığında olması, yanğın və partlayış riski daşıdığı üçün gələcəkdə bədbəxt və texnogen hadisələrin baş verə biləcək ehtimalının olması vətəndaşa izah edilmiş və əlavə işlərin aparılmamasına dair ona şifahi xəbərdarlıq edilmişdir. Buna baxmayaraq o, sözügedən torpaq sahəsinə dair hüquqtəsdiqedici sənədlərin olduğunu əsas gətirərək ARƏMDK DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* nömrəli çıxarışı təqdim etmişdir. Cavabdehin hüquqazidd hərəkətləri nəticəsində SOCAR-ın “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-si istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuş, göstərilən torpaq sahələrinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuşdur. Qeyd edilən torpaq sahəsi SOCAR-ın “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin müstəsna istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşdiyindən, AR ƏMDK DƏDRX Bakı şəhər Ərazi İdarəsi sözügedən çıxarışı Qanunun tələbinə görə etibarsızdır. AR ƏMDK DƏDRX Bakı şəhər Ərazi İdarəsi sözügedən Çıxarışı Əzizbəyov Rayonu İcra Hakimiyyətinin (Cavabdeh) xx.xx.1999-cu il tarixli, 2065 nömrəli “fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” Sərəncamına əsasən vermişdir. Torpaq sahəsinin X3 tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft qaz əməliyyatları üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradır. İddiaçıya məxsus torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericiliklə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8887/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və işin icraata qaytarılması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində İB-nin nümayəndələri sözügedən əraziyə baxış keçirilən zaman həmin ərazidə tikinti islərinin aparılması aşkar edilmişdir. Tikintini dayandırdıqda tikinti aparan şəxslər tərəfindən AR ƏMDK DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* reyestr nömrəli çıxarışı İB-nin nümayəndələrinə təqdim etmişlər. İB tərəfindən dərhal aidiyyəti qurumlara şikayət məktubları göndərərək “AR ƏMDK DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX ******* reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə” ərizə ilə Baki İnzibati Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə gedişatında iclas zamanı Bakı şəhəri Cavabdehnə qarşı Əzizbəyov Rayonu XDSİK-nin (Cavabdeh) 2065 saylı xx.xx.1999-cu il tarixli “fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” qərarını İddiaçı nümayəndələrinə təqdim etmişdir (eyni hakim sədrlik edirdi-Miminat Hacıbəyova). Lakin məhkəmə qərardadında sözügedən qərarın hansı tarixdə təqdim olunmasının bəlli olmadığını istinad edərək, iddianın mümkünsüz hesab etmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, hələ bu vaxta qədər də həmin sərəncamın əsli və ya saxlandığı arxiv tərəfindən lazımi qaydada təsdiq edilmiş surəti təqdim edilməmişdir. Qərarla bağlı ikinci məqam da ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2009-cu ildə təsdiq edilmiş SOCAR-ın İddiaçı H Z.Tağıyev adına NQÇİ-nin Buzovna-Maştağa yatağının topoqrafik planı Əzizbəyov Rayonu XDSİK- nin (Cavabdeh) xx.xx.1999-cu il tarixli. 2065 nömrəli Sərəncamlarından sonra tərtib edilmişdir. 2009-cu ildə təsdiq edilmiş həmin xəritədə Sərəncamlar nəzərə alınmış, lakin hazırda mübahisə predmeti olan ərazi, həmin sərəncamların dairəsinə düşməmişdir. Belə ki, Navad Məmmədovaya ayrılmış torpaq sahəsi sözügedən Sərəncamların əhatə dairəsindən kənarda yerləşir. Halbuki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının digər Sərəncamları ilə hüquqi və fiziki şəxslərə ayrılmış torpaq sahələrinin konturları 2009-cu ildə təsdiq edilmiş həmin xəritədə nəzərə alınmışdır. Hazırki iş üzrə məhkəmə araşdırılması zamanı üçüncü şəxs Navad Məmmədovaya fərdi evin tikilməsi üçün ayrılmış mübahisəli torpaq sahəsinin xx.xx.1976-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə “Azərneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-nin idarəetməsinə verilmiş sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Belə olan halda, 3-cü şəxs Navad Məmmədovaya fərdi evin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilən zaman qüvvədə olan Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarının tələblərinə riayət edilməmiş, həmin torpaq sahəsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinə aid olmamışdır. Əzizbəyov Rayonu XDSİK-nin (Cavabdeh) xx.xx.1999-cu il tarixli, 2065 nömrəli “fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” sərəncamı üzərindən nə qədər müddət keçməsinə baxmayaraq qəbul edildiyi andan etibarsız hesab edilir. Tərəflərin izahatları xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər və 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İddiaçı, Cavabdeh nümayəndəsinin və 3-cü şəxs X1 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İddiaçı Cavabdehnə qarşı tələbi, “cavabdehin 2065 saylı xx.xx.1999-cu il tarixli “fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” sərəncamının etibarsız hesab edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətinin ötürülməsinə istinad edərək, iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müracət etmə müddətində hazırki tələbi barədə məhkəmədə iddia qaldırmamışdır, ona görə də onun iddiası mümkün sayılmamışdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 23 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti 1999-cu ildə baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Həmçinin məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində 10 yanvar 2022-ci il tarixdə həmin əraziyə baxış keçirilərkən tikinti işlərinin aparılmasından məlumatlı olmaları qeyd edilmişdir. Lakin hazırki işdə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etdiyi müəyyən olunur ki, bu da bir daha iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülməsi deməkdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası hazırki işdə yuxarıda göstərilənlərlə bağlı iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlir və hesab edir ki, birinci instansiya məhkəməsi bu əsasla iddianın qeyri-mümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8887/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8887/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar