Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1388/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı8, iddiaçılar İddiaçı8 və İddiaçı1 vəkili Vəkil, Cavabdeh3 vəkili X2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı8, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı9 cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X1 Dövlət Agentliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Cavabdeh3 qarşı tikintiyə icazənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4831/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 14 nömrəli icazəsinin etibarsız hesab edilməsini xahiş etmişlər. İddiaçılar məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Cavabdeh3 və digər şəxslərə ünvan 1 ünvanda yanacaqdoldurma məntəqəsinin tikintisinin qadağan edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Qərardadla razılaşmayan Cavabdeh3 ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ərizənin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin iş üzrə gəldiyi nəticələr sübuta yetirilməmiş, məhkəmə işdə olan sənədlərə düzgün qiymət verməmişdir. Belə ki, AR FHN X1 Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 28931 nömrəli rəyinə, AR DŞAK yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 14 nömrəli icazəsinə əsasən Cavabdeh3 tərəfindən ünvan 1 ünvanda yanacaqdoldurma məntəqəsinin tikintisinə başlanmışdır. Həmin ünvanda yerləşən torpaq sahəsi yol qırağında yerləşir, ümumi sahəsi 0,2 ha-dır və onun şəxsi mülkiyyətindədir. Torpaq sahəsinin iddiaçıların torpaq sahələri ilə heç bir sərhədi və qonşuluğu mövcud deyil, yol qırağında yerləşir və mövcud sərhədlərin xaricində heç bir qonşu yaşamır. Tikintiyə başlamamışdan əvvəl aidiyyəti dövlət qurumlarından miivafıq icazələr və rəylər alınmışdır. Ölkədə gedən iqtisadi siyasətə arxalanaraq, gələcəkdə tikiləcək yol qırağında yerləşən yanacaq doldurma məntəqəsində 40-dək yeni iş yerlərinin açılması nəzərdə tutulmuşdur. Hazırda ona qarşı müxtəlif şəxslər məhkəmələrdə süni iddialar qaldıraraq sahibkarlıq fəaliyyətinə mane olmağa çalışırlar. Həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və yanacaqdoldurma məntəqəsi tikmək üçün müxtəlif banklarda kreditlər götürmüşdür. Əgər o, nəzərdə tutulmuş vaxtda yanacaq doldurma məntəqəsini tikib, başa çatdırıb, sahibkarlıq fəaliyyətinə başlamasa, dövlət və banklar qarşısında götürdüyü öhdəlikləri icra edə bilməyəcəkdir. Ən əsası, məhkəmə qərardad qəbul edərkən araşdırmamışdır ki, iddiaçıların nə dərəcədə iddia qaldırmaq və həmin torpaq sahəsinə nə kimi hüquqları vardır? Ümumiyyətlə həmin torpaq sahəsi ilə bağlı hər hansı hüquq müəyyənedici sənədləri var ya yox? Bunu ancaq məhkəmə iclasında müəyyənləşdirmək olardı. Çox təəsüfflər olsun ki, məhkəmə onların iştirakı olmadan belə bir qərardad qəbul elmişdir. Maraqlıdır ki, iddiaçıların məhkəmə iclasında iştirakı təmin olunaraq qərardad qəbul olunur, onun isə yox. Məhkəmə işdə heç bir sübut olmadan hazırkı qərardadı qəbul etmişdir. Bu gün onun işləri hazırkı qərardad səbəbindən süni şəkildə yubadılır. Kimlərsə ona bu vasitə ilə təzyiqlər edərək, əlavə pullar qazanmaq istəyir. Məhkəmənin iş üzrə gəldiyi nəticələr sübuta yetirilməmişdir. Belə ki, hazırkı iş üzrə ərizənin təmin olunma nəticəsinə gələrkən hakim hansı sübutun iddiaçıların əmlak vəziyyətinin qətnaməni vaxtında icrasına imkan verməməsi nəticəsinə gəlməsini əsaslandırmamışdır. Belə ki, iddiaçılar həqiqətən də əmlak vəziyyətlərinin gələcəkdə pisləşməsi və qətnamənin vaxtında icrasına imkan verilməməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh3 vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, İddiaçı8 və İddiaçı1 vəkili birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. Belə ki, İPM-in: 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər; 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi; 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir.” Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. İşin hallarının ilkin araşdırılması isə iddianın böyük ehtimalla uğurlu olmayacağı barədə məhkəmə kollegiyasında hər hansı qənaət formalaşdırmır. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı düzgündür, apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 80 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4831/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1388/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1388/2020
27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver