Məhkəmə qərarları › İş №2-1(103)-1388/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1388/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1388/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup əlilliyinin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2092/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ilkin olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının 2-ci qrup əlilliliyinin səbəb əlaqəsinin dəyişdirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədər əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup əlilliyinin bərpa edilməsi” vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1967- ci il tarixində Yevlax şəhərində anadan olmuşdur. 1985-1987-ci illər də həqiqi hərbi xidmətdə olmuş, birinci Qarabağ müharibəsi zamanı müxtəlif cəbhələrdə döyüşdə iştirak edərək N nömrəli hərbi hissədə qulluq etmişdir. Hərbi tapşırığı yerinə yetirən zaman minaya düşmüş və ciddi xəsarət almışdır. Ondan sonra hərbi hosbitallarda müalicə almışdır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi hərbi həkim komissyasının qərarında onun aldığı xəsarətlərin dərəcəsi göstərilmişdir. Xəstəliyi ilə əlaqədər ona ikinci qrup ikinci dərəcəli əlillik təyin edilmişdir. Bunun əsasında hərbi pensiya təyin edilmişdir. Hazırda ona təyin edilmiş pensiya tibbi sosial ekspert komissyaları tərəfindən ləğv olunmuş və əvəzində ümumi xəstəlik təyin edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh təqdim etdiyi iddiaya yazılı etirazda göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti Yevlax Rayon Mərkəzi Xəstəxanasnın xx.xx.1996-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00- M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M23 - Dizin oynaqdaxili zədələnməsi => M23.8 - Digər daxili zədələnmələri; Diaqnozun mətni: Sağ diz oynaqların kontrakturası ,sağ bud sümüklərinin köhnə bitişmiş sınığı Sağ aşağı ətrafın funksiya pozulması; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.11. Bud-çanaq oynağının funksional yararsız vəziyyətdə (170 dərəcədən yuxarı və ya 150 dərəcədən aşağı) ankilozu və ya kəskin kontrakturası” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M86 - Osteomielit => M86.6 - Digər xro...; Diaqnozun mətni: Odlu silah yaralamasında sonra sağ bud sümüklərin orta 1/3-nin köhnə bitişmiş sınığı .ostemeliti Sağ diz oynaqların kontrakturası ,sağ bud sümüklərinin köhnə bitişmiş sınığı, Sağ aşağı ətrafın funksiya pozulması Şəkərli diabet orta ağır forma; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 bəndinə uyğundur.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının vəziyyəti ilə əlaqədar 17 iyul 2021-ci ildə keçirilmiş iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Beyin infarktının nəticələri, Sol beyin yarımkürəsində işemik insultun nəticələri” Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə müvafiq olaraq əlillik təyinatına əsas verdiyindən həmin Əsasnamənin 2.2.9-cu bəndinə əsasən Ümumi səbəblərdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinin müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik səbəb əlaqəsinin dəyişdirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasr”nın 3.1-ci bəndinə görə əlillik müəyyən edildikdən sonra sözügedən qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Bu səbəbdən iddiaçı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün ilk növbədə Agentliyə müraciət etməlidir. Lakin qeyd olunan məsələ ilə bağlı iddiaçının Agentliyə müraciəti daxil olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2092/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarının onunla əsaslandırmışdır ki, iznibati orqan tərəfindən aaparılan inzibati icraat İnzibati icraat haqqında Azərbaycan respublikası Qanunun tələblərinə uyğun olmamışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinin müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün olmamışdır. İddiaçı əlilliyinin səbəbinin dəyişdirilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq, iddiaçının nümayəndəsi-vəkili öz izahatında bildirdi ki, iddiaçı inzibati orqanın göstərişinə uyğun olaraq müayinə üçün getmişdir, müayinədən keçmişdir. Lakin ona nə üçün çağrıldığı, nə üçün müayinə olunduğu izah edilməmiş, nəticəsi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq öz izahatında bildirdi ki, inzibati icraatın nəticəsi barədə vətəndaşa məlumat verilməsi barədə hər hansı bir sübut təqdim edə bilmir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.1996-ci ildə ilkin olaraq qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir, daha sonra 23 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə təkrar qiymətləndirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təsdiq edilməsinə baxmayaraq, xx.xx.2015-ci ildə üçüncü dərəcə əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq 1 il müddətinə təyin edilmiş, daha sonra xx.xx.2016-ci il tarixdə 5 il müddətinə, xx.xx.2021-ci ildə isə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik 5 il müddətinə təyin edilmişdir. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin araşdırılmış hallarından aydın olur ki, cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin müəyyən edilməsi barədə 1996-ci və 2014-cü illərdə qəbul edilmiş əlverişli inzibati aktlar-qərarlar qüvvədə olduğu halda iddiaçıya sonradan təyin edilmiş əlilliyi ikinci dərəcə olsa da ümumi səbəblərdən olması qeyd edilmişdir. iddiaçı bununla razı deyil və müddətsiz təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyinin bərpa edilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya təyin edilmiş əlillik dərəcəsini və səbəbini dəyişərkən inzibati icraat qaydalarına riayət etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsində göstərilmişdir ki, (13.1) inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. (13.2) İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (13.3.) Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 14-cü maddəsinə əsasən, (14.1.) inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. (14.2.) Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. (14.3.) Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunvericilik normalarının birgə təhlinindən göründüyü kimi, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövgeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. Beləliklə, hazırki işdə əlilliyin dərəcəsi və səbəbində dəyişiklik etməzdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş əlilliyin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, təzələnməsi, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2092/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2092/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Aytən Oruczadə Hakimlər:Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar