Məhkəmə qərarları › İş №2-1(103)-1388/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1388/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1388/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi ») Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X10 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14579/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Bağçılıq-Yoldaşçılıq üzvlüyünün 12 mart 1993-cü il tarixli, 23 №-li Orderinə əsasən X4 1 №-li mətbəənin “Çapçı” bağçılıq idarə heyətinin qərarına əsasən ünvan 1i ünvanda 9-cu Cənub küçəsində 149 №-li bağ sahəsi verilmişdir.

2. 1 №-li Mətbəənin nəzdində yaradılmış “Çapçı” bağçılıq yoldaşlığının iclasının 30 aprel 1998-ci il tarixli 14 №-li protokoluna əsasən Əzizbəyov rayon Dübəndi kəndində mətbəə işçiləri üçün ayrılmış bağ evləri özəlləşdirilmişdir... 24. Gözəlov Məmmədağa – 9 cənub küçəsi, ev 149...

3. Azərbaycan Respublikası Mətbuat və İnormasiya Nazirliyi 1 №-li X20 Yoldaşlığının xx.xx.2007-ci il tarixli arayışına əsasən Bakı şəhəri X15 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 №-li qərarına 1 №-li mətbəəyə Dübəndi kəndində ayrılmış bağçılıq yoldaşlığının sahəsində 9-cu Cənub küçəsi 149 №-li bağ yeri M.F.Gözəlova verilmişdir.

4. Bakı şəhəri Əzizbəyov rayonu Zirə bələdiyyəsi tərəfindən Bakı şəhəri Texniki İnventarlaşdırma İdarəsinə verilmiş xx.xx.2007-ci il tarixli arayışına əsasən Zirə qəsəbəsi, 9-cu Cənub küçəsi, 149 №-li bağ sahəsi X4 məxsusdur.

5. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 04 aprel 2014-cü il tarixdə verilmiş AZ-İ 679249 №-li ölüm haqqında şəhadətnaməyə əsasən X6 08 fevral 2013-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin 02-ci ayının 15cü günündə 212 № ilə qeyd edilmişdir.

6. Bakı şəhəri 40-cı Dövlət Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2014-cü il tarixli məktuba əsasən X3 ölümü ilə əlaqədar vərəsənin ərizəsi əsasında tərəflərindən xx.xx.2014-cü il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı, X12 və X1 Məmmədağa Fərzulla oğlunun vərəsələridir. Yuxarıda qeyd olunanlara əsasən 08 fevral 2013-cü il tarixdə ölmüş X3 adına daşınmaz əmlaklara dair reyestrdən çıxarış verildikdən sonra onun vərəsələri İddiaçı, X9 və X5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər.

7. İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Xətai rayonu, Pirallahı rayonu, Dübəndi bağ massivi, 9-cu Cənub küçəsində yerləşən “149” saylı bağ sahəsi üzərində mərhum X3 hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2022-ci il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir.

8. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adınız və tərəfinizdən təqdim edilən siyahı aşkar olunmamışdır. Həmçinin təqdim edilən sənədlərdə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir”.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 9-cu Cənub küçəsində yerləşən, ümumi sahəsi 0,05 ha olan 149 №-li bağ sahəsinin xx.xx.2013-cü il tarixdə vəfat ermiş mərhum X4 mülkiyyət hüququ ilə məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, onlar 1993-cü ildən ailəlikcə istifadələrinə verilmiş bağ sahəsində ev tikib yaşamışlar. Hal-hazıra qədər də həmin bağ sahəsi onların sahibliyində və istifadələrindədir. X2 xx.xx.2013-cü il tarixində vəfat etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur, İdarə onu əlverişsiz vəziyyətə salmışdır. Belə ki, cavabdehin hərəkətsizliyi səbəbindən qanuni əsaslarla mərhum ərindən miras qalmış bağ sahəsini qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın reyestrində qeydiyyata aldıra bilmir. Bu da onun mülkiyyətə sahib olmaq, ondan istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır.

11. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə uyğun hüquqmüəyyəndici sənədlər təqdim etməmişdir. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çapçı” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı və təqdim edilən siyahı aşkar olunmamışdır. Həmçinin təqdim edilən sənədlərdə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14579/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ilk növbədə qeyd edilməlidir ki, İdarənin arxivində saxlanılan və məhkəməyə təqdim edilmiş, cavabdehin istinad etdiyi siyahılar, “Çapçı” bağçılıq yoldaşlığa deyil, “İşıq”, “Gənclik” və “Yazıçı” bağçılıq-yoldaşlığa aid siyahılardır. Bundan başqa iddiaçı məhkəmə iclasında mərhum ərinin “Çapçı” mətbəəsində işləməsinə dair əmək kitabçasının əslini, eyni zamanda “Çapçı” bağçılıq yoldaşlığa üzv olmasına dair üzvlük kitabçasının əslini təqdim etmişdir. Bundan başqa iddiaçı, həmçinin “Çapçı” bağçılıq yoldaşlığın üzvlərinin siyahısının “Çapçı” bağçılıq yoldaşlığın sədri tərəfindən təsdiq edilmiş surətini də məhkəməyə təqdim etmişdir. Həmin siyahıda iddiaçının mərhum ərinin adı 28-ci sırada göstərilmişdir. İddiaçı, həmçinin “Çapçı” bağçılıq yoldaşlığın üzvlərinin xx.xx.1998-ci il tarixli, 14 № li iclasının protokolundan çıxarışın təsdiq edilmiş surətini məhkəməyə təqdim etmiş, həmin protokolda da iddiaçının ərinin adı əks olunmuşdur. Cavadehin ikinci dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, iddiaçı bağ sahəsinin sxemini təqdim etmiş və həmin sxemdə bağ sahəsinin ölçüsü göstərilmişdir. Digər tərəfdən iddiaçı bağ sahəsinin mərhum ərinə məxsusluğu barədə arayış verilməsini xahiş edir. Həmin bağ sahəsinin faktiki vəziyyətinə uyğun olaraq sənədləşdirilməsi cavabdehin vəzifəsidir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 14579/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə uyğun hüquqmüəyyəndici sənədlər təqdim edilməmişdir. Belə ki, 1 saylıBakıƏrazi İdarəsinə təqdim edilmiş “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı və təqdim edilən siyahı aşkar olunmamışdır. Həmçinin, təqdim edilən sənədlərdə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatları

17. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

18. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

20. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

21. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ..... 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

23. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

24. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına - yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış da daxil edilmişdir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

29. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

30. İşin hallarından müəyyən edilmişdir ki, iddiaçının X2na Azərbaycan Bağçılıq- Yoldaşçılıq üzvlüyünün 12 mart 1993-cü il tarixli, 23 №-li Orderinə əsasən 1 №-li mətbəənin “Çapçı” bağçılıq idarə heyətinin qərarına əsasən ünvan 1i ünvanda 9-cu Cənub küçəsində 149 №-li bağ sahəsi verilmişdir. İddiaçı həmin bağ sahəsinin mərhum ərinə məxsus olması barədə arayış verilməsini xahiş edir.

31. Cavabdeh təqdim edilmiş “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının və təqdim edilən siyahının aşkar olunmadığını, həmçinin təqdim edilən sənədlərdə torpaq sahəsinin ölçüsünün qeyd edilmədiyini əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

32. Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından (Bu Qərarın 20-24-cü bəndi) çıxış edərək iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı olduğunu qeyd edir:

33. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir.

34. Baxılan işdə iddiaçı Azərbaycan Bağçılıq-Yoldaşçılıq üzvlüyünün Orderini və üzvlərin iclasının protokolunu təqdim etmişdir.

35. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.Belə ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla ondan ibarətdir ki, 1 saylıBakıƏrazi İdarəsinə təqdim edilmiş “Çapçı” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı və təqdim edilən siyahı aşkar olunmamışdır. Həmçinin, təqdim edilən sənədlərdə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir.

36. Məhkəmə Kollegiyası cavabdehin bu dəlillərini əsaslı hesab etmir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, İdarənin arxivində saxlanılan və məhkəməyə təqdim edilmiş, cavabdehin istinad etdiyi siyahılar, “Çapçı” bağçılıq yoldaşlığa deyil, “İşıq”, “Gənclik” və “Yazıçı” bağçılıq-yoldaşlığa aid siyahılardır.

37. Bundan başqa iddiaçı məhkəmə iclasında mərhum ərinin “Çapçı” mətbəəsində işləməsinə dair əmək kitabçasının əslini, eyni zamanda “Çapçı” bağçılıq yoldaşlığa üzv olmasına dair üzvlük kitabçasının əslini təqdim etmişdir.

38. Həmçinin, iddiaçı “Çapçı” bağçılıq yoldaşlığın üzvlərinin siyahısının “Çapçı” bağçılıq yoldaşlığın sədri tərəfindən təsdiq edilmiş surətini də məhkəməyə təqdim etmişdir. Həmin siyahıda iddiaçının mərhum ərinin adı 28-ci sırada göstərilmişdir.

39. İddiaçı, həmçinin “Çapçı” bağçılıq yoldaşlığın üzvlərinin xx.xx.1998-ci il tarixli, 14 № li iclasının protokolundan çıxarışın təsdiq edilmiş surətini məhkəməyə təqdim etmiş, həmin protokolda da iddiaçının ərinin adı əks olunmuşdur.

40. Göründüyü kimi, iddiaçı iddia etdiyi bağ sahəsinə dair Mülki Məcəllənin 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri təqdim etsə də, cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

41. Cavadehin ikinci dəlilinə gəldikdə, məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı bağ sahəsinin sxemini təqdim etmiş və həmin sxemdə bağ sahəsinin ölçüsü göstərilmişdir.

42. Apellyasiya baxışı zamanı tərəflərin izahatından və işin hallarından müəyyən olunmuşdur ki,iddia olunan bağ sahəsi hasar daxilindədir, üstündə tikili var və bağ sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur.

43. Digər tərəfdən iddiaçı bağ sahəsinin mərhum ərinə məxsusluğu barədə arayış verilməsini xahiş edir.

44. Həmin bağ sahəsinin faktiki vəziyyətinə uyğun olaraq sənədləşdirilməsi cavabdehin vəzifəsidir.

45. Beləliklə, göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış hüququnu qeydə aldırmaq üçün iddiaçının hazırkı tələbi haqlı olmuşdur.

46. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.

47. Lakin məhkəmə Kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən (müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.) hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14579/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının iddiası təmin edilərək cavabdehin üzərinə öhdəlik qoyulması qərara alınarkən “bağ sahəsinin mərhum X4 mülkiyyət hüququ ilə məxsus olmasına dair arayışın verilməsi” kimi nəticə həmin maddənin məzmununa uyğun olmamışdır.

48. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14579/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüququ ilə” sözləri istisna olmaqla dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14579/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüququ ilə” sözləri istisna olmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar