Məhkəmə qərarları › İş №2-1(103)-1389/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1389/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1389/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı Nizami qızının cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “ödənilmiş rüsumun qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-986/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Nizami qızı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı JTJHYOOW104040870 identifikasiya ( şassi) nömrəli , hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009- cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirlməsi, habelə avtomobilin iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-986/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-986/2020 saylı qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, - notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş Agentlik Müqaviləsinə əsasən agent “xxxxxxxxxxxxx” MMC eynişəldirmə nömrəsi JTJHYOOW104040870 olan Lexus LX 570 markalı NVP ** UE ***414 olan avtonəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsini rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. - notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş 38 nömrəli Alqı-satqı Müqviləsinə əsasən JTJHYOOW104040870 identifıkasiya (şassi) nömrəli, T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobili İddiaçı Nizami qızı X2 almışdır. - notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş X6 İşlər Nazirliyinin Perm Diyarı üzrə Baş İdarəsi Dövlət X3 X1 əsasən Lexus LX 570 markalı nəqliyyat vasitəsi İddiaçı Nizami qızına məxsus olub Rusiya Federasiyası hüdudlarından çıxması ilə əlaqədar qeydiyyatdan çıxarılıb. - Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarına əsasən VİN:JTJHY00W 104040870, 2009-cu il buraxılışlı olan «Lexus LX 570» markalı avtonəqliyyat vasitəsinin oğurlanması faktı öz təsdiqini tapmadığından X4 və qeyriləri vicdanlı alıcı hesab edilməklə onun əməlində oğurluq və ya digər cinayətin tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. - Azərbaycan Respublikasının Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi iddiaçının müraciətinə xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, “Lexus LX 570” markalı (şassi JTJHY00W104040870) dövlət nömrə nişanı T779MX59 və X870MP59 olan nəqliyyat vasitəsi Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən sonuncu dəfə xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş kimi göründüyü üçün həmin nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı 2011-ci ildə qüvvədə olan gömrük ödənişləri ilə hesablanması mümkün deyildir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən avtomobilə dair Alqı-satqı Müqaviləsi sonradan rəsmilləşdirilmiş olsada belə, avtomobil Azərbaycan Respublikasının ərazisinə faktiki olaraq 2011-ci ildə Ülvin Tağıyev tərəfindən gətirilmiş və bir daha həmin avtomobil Azərbaycan Respublikasından kənara çıxarılmamışdır. Odur ki, nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı 2011-ci ildə qüvvədə olan gömrük ödənişləri nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilmişdir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi faktiki olaraq 2011-ci ildə Azərbaycan Respublikasına idxal olunsa da, İddiaçı Nizami qızı həmin nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün 2018-ci ilin dekabr ayında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət etmişdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu məqsədlər üçün ayrılmış yerlərdə aparılır. (106.1) Gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsinin aparıldığı iş vaxtını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (106.2) Gömrük orqanlarının icazəsi ilə gömrük rəsmiləşdirilməsi başqa yerlərdə və iş vaxtından kənar saatlarda aparıla bilər. (106.3) Müvafiq icra hakimiyyəti orqanı malların və nəqliyyat vasitələrinin ayrı-ayrı kateqoriyalarının gömrük rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına həvalə edə bilər. (106.4) Gömrük rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron idarəetmə sistemi (“elektron növbə”) tətbiq edilir. (106.5) Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici X8 Nomenklaturası, İdxal Gömrük X7 İxrac Gömrük Rüsumlarının Dərəcələri”nə əsasən mübahisə predmeti olan nəqliyyat vasitəsi (Yüksərnişin avtomobil-furqonları və yarış avtomobilləri daxil olmaqla əsasən adam daşınmaq üçün nəzərdə tutulmuş minik avtomobillər və digər mühərrikli nəqliyyat vasitələri (8702 mal mövqeyinin mühərrikli nəqliyyat vasitələrindən başqa)) XİF MN üzrə “8703 24 909 0” (digərləri) koda aid edilərək tarif dərəcəsi hesablanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi faktiki olaraq 2011ci ildə Azərbaycan Respublikasına idxal olunsa da, İddiaçı Nizami qızı həmin nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün 2018-ci ilin dekabr ayında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət etdiyi üçün iddia tələbi “JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirlməsi, rəsmiləşdirildikdən sonra avtomobilin İddiaçı Nizami qızına qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması” hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir qənaətinə gəlməkdə doğru nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi qismən əsaslı, cavabdehin imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Nizami qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-986/2020 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər İkram Şirinov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar