Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1389/2024 09.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X2) qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9090/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “yerləşmə cizgisinin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9090/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia təmin edilərək, Suraxanı Rayon İcra Hakimiyyətinin 600 kv.m torpaq sahəsinin ayrılmasına dair 1165 saylı 15 aprel 1992-ci il tarixli sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin İddiaçı verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı mümkünlüklə bağlı məsələnin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instan siyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kollegiya apellyasiya şikayətini müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9090/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, cavabdeh tərəfindən isə apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Cavabdeh tərəfindən apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə poçt vasitəsi ilə daxil olduğundan, Kollegiya qərarın hansı tarixdə poçta təqdim edildiyini müəyyənləşdirmək üçün apellyasiya şikayətinin göndərildiyi zərfə baxış keçirmiş, baxış keçirilərkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti və qoşmaları zərflə birlikdə xx.xx.2023-cü il tarixdə poçta təqdim edilmişdir. Göründüyü kimi, məhkəmə qərarı cavabdehə xx.xx.2023-cü il tarixdə təqdim edilsədə (elektron kabinetinə yerləşdirməklə) cavabdeh tərəfindən apellyasiya şikayəti 53 gün sonra sonra verilmiş, bununlada İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulan 30 günlük prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (24.2) Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (24.3) Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. (24.5) Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. (24.6) Sadalanan normalardan görünür ki, cavabdeh buraxılmış prosessual müddətin bərpasına dair “ərizə” ilə müraciət etməli, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Lakin, məhkəmə tərəfindən cavabdehə tərəfə 09 fevral 2024-cü il tarixli məhkəmə iclası barədə bildiriş təqdim edilərək, cavabdehə Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayətin məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verildiyi, həmin normada nəzərdə tutulan müddətin buraxıldığı təqdirdə işdə iştirak edən şəxslərin müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsə də, cavabdeh tərəfindən ərizə məhkəməyə təqdim edilməmiş və cavabdeh göstərilən tarixdə məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə görə apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9090/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X2) qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9090/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1389/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1389/2024
09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver