Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-139/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Sarıyev Xəyal Əjdər oğlu və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sovxoz ərazisində yerləşən torpaq sahəsinə dair hüquqlarının qeydə alınaraq çıxarşın və plan-ölçünün verilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-167/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, sovxoz ərazisində yerləşən torpaq sahəsinə dair iddiaçının adına plan və ölçünün tərtib olunaraq və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (Dəqiqləşdirilmiş tələb. i.v.24). İddianın əsaslarına görə Abşeron rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 nömrəli əmri ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, donuzkökəltmə sovxozunda fərdi evinin tikintisi üçün ddiaçıya 800 kv.m torpaq sahəsi iayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. Torpaq sahəsini hüquqi qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən 14 may 2019-cu il tarixli məktubu ilə elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin sovxozun ərazisindən kənarda yerləşməsi və torpağın sahəsinin sənədi ilə 800 kv.m göstərilsə də, faktiki olaraq 708 kv.m olmasını əsas gətirərək, ərizənin icrasından imtina etmişdir. Cavabdeh iddia ərizəsində etirazında iddianını qəbul etməmiş, mümkün sayılmamasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmşdır ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi sovxoz ərazisindən (ayrıc aktından) kənarda yerləşmişdir. Həmçinin torpaq sahəsi sənəd üzrə 800.0 kv.m, faktiki olaraq 708.0 kv.m təşkil etdiyindən azalma ilə bağlı notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və vətəndaşa xx.xx.2019-cu il tarixli imtina bildiriş göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-167/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, sovxoz ərazisində yerləşən torpaq sahəsinə dair İddiaçı adına plan və ölçünün tərtib olunması və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçının məsələ ilə bağlı xx.xx.2019-cu il tarixdə idarəyə daxil olmuş müraciətinə əsasən aparılan müvafiq araşdırmalar nəticəsində məlum olmuşdur ki, idarənin elektron baza məlumatına əsasən torpaq sahəsi sənəd üzrə 800 kv.m olsa da, faktiki olaraq 708 kv m təşkil edir. Bu səbəbdən, ərizənin icrası mümkün olmamış və vətəndaşa xx.xx.2019-cu il tarixli imtina bildiriş göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq nəzərə alınmamış, aidiyyəti dövlət qürumları üçüncü şəxs qismində cəlb olunmamış və iddianın təmin edilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi K.Məmmədova apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş,İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, sovxoz ərazisində yerləşən torpaq sahəsinə dair iddiaçının adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əsasən iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinin onun qanuni istifadəsində olması aşağıdakı sənədlərlə əsaslandırılır. İşə əlavə olunmuş, Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, F-397 nömrəli notarial qaydada təsdiq edilmiş arxiv arayışına əsasən Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 19 avqust 1991-ci il tarixli, 108 saylı əmri ilə Abşeron rayon RİK-in 47 nömrəli 26.mart 1991-ci il tarixli qərarına və həmin qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasının 16 avqust 1991-ci il tarixli, 7 nömrəli qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,08ha həyətyanı torpaq sahəsi ayrılaraq adlı siyahıya əlavə olunmuş və həmin siyahıda İddiaçı adı “1612” sıra sayı ilə qeyd olunmuşdur (i.v.16). Qeyd olunmalıdır ki, apellyasiya mərhələsində də həqiqliyini müəyyən olunması üçün Bakı şəhəri Xəzər rayonu İcra hakimiyyətinə də sorğu olunaraq, həmin əmrin surətləri alınmışdır (İ.v.142-144) Eyni zamanda, Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının iddiaçıya ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubuna və ona əlavədən isə görünür ki, sözügedən Donuzkökəltmə sovxozu direktorunun 19 avqust 1991-ci il tarixli, 108 saylı əmri ilə ona ayrılmış torpaq sahəsinin cizgisi və xəritəsi də Xəzər RİH tərəfindən təsdiq olunmuşdur. Həmin sxem və xərtitə çıxarışından görünür ki, mübahisəli torpaq sahəsinin yaşayış massivində yerləşən, bir-birinə paralel olan uzun, digər iki yola baxan eninə olan tərəflərin isə bir-birinə paralelik təşkil etməyən tərəflərə malik olmaqla, 18,7x 40,4x19,5x34,7 ölçülərə malikdir. Azərbaycan Respublikasının «Dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinin tələbinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmışdaşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvfaiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlakın dövlət reyestrində hüquqların əmələ gəlməsi üçün əsasdır. Müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 №-li Fərmanın 1.2-ci bəndi ilə Siyahıya aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunmuşdur: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; Həmin Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.» İş üzrə tədqiq olunan sübutlardan göründüyü kimi, iddiaçının istifadəsində olan mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas olan sözügedən Qanunun 8.0.8-ci maddəsində nəzərdə tutulan əsası təsdiq edən sovxoz rəhbərinin əmri və və yerli icra hakimiyyəti tərəfindən təsdiq olunmuş cigisi və xəritəsi mövcuddur. Lakin cavabdehin apellyasiya şikayətindən göründüyü kimi, torpaq sahəsinin iddiaçının adına qeyd alınmasından imtinanın əsası kimi onu göstərir ki, idarənin elektron baza məlumatına əsasən torpaq sahəsi sənəd üzrə 800 kv m olsa da, faktiki olaraq 708 kv m təşkil edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məsələyə aydınlıq gətirilməsi üçün məhkəmə mühəndis-texniki ekspertizası da təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli, 10/2949 nömrəli ekspert rəyi alınmışdır. Ekspert rəyində əldə olunan nəticələrdən görünür ki, elektron kadastr bazasında iddiaçıya torpaq sahəsinin ayrılması eləcə də onun adına hər hansı hüquqi və texniki sənədin verilməsi barədə heç bir məlumat aşkar edilməmiş, iddia edilən torpaq sahəsinin faktiki ölçüsü 704 kv.metrdir: bundan 677 kv.metr hissəsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin istifadəçiliyinə ayrılmış ərazidir, 27 kv.metr hissəsi isə Abşeron rayonu keçmiş Donuzkökəltmə sovxozunun ərazisidir. Rəydən göründüyü kimi, birincisi, elektron kadastr bazasında iddiaçıya ayrılmış torpaq sahəsi barədə hər hansı məlumat aşkar olunmamışdır. Halbuki, cavabdeh orqan elektron baza məlumatına əsasən mübahisəli torpaq sahəsinin sənəd üzrə 800 kv m olsa da, faktiki olaraq 708 kv. m təşkil etdiyi bildirilir.Əslində, elektron baza sonradan yaradıldığı halda, belə bir məlumat aşkar oluna da bilməzdi. İddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin, ekspert (və mütəxəssis) rəyinə əsasən sənəd üzrə 800 kv m olsa da, faktiki olaraq isə 704 kv m olmasına və həmin faktiki sahənin də 677 kv.m hissəsinin Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin istifadəçiliyinə ayrılmış ərazisi olmasına, 27 kv.metr hissəsinin isə Abşeron rayonunun keçmiş Donuzkökəltmə sovxozunun ərazisinə düşməsinə gəldikdə isə, birincisi sənəddə göstəriləndən az torpaq sahəsinin ona verilməsi, həm də həmin torpağın da cüzi bir (27 kv.m) hissəsinin Abşeron rayonu ərazisinə düşməsi iddiaçının təqsirinə yozulmaqla, onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz (İşdə olan mütəxəssis rəyinə əlavə olunmuş sxemdən (i.v.66) görünür ki, həmin 27 kv. hissə yol kənarına düşür,yol kənarı isə düz xət boyunca digər torpaq sahələri üzrə də öz davamını tapır) Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin qərarından görünür ki, cavabdehin üzərinə mübahisəli torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınaraq ona çıxarış və plan-ölçünün verilməsi vəzifəsi qoyularkən, torpaq sahəsinin ölçüsü göstərilməmiş, iddiaçı da bundan şikayətlənməmiş, başqa sözlə, istifadə etdiyi torpağın mövcud vəziyyətində onun adına qeydiyyata alınması ilə razılaşmışdır. Bələliklə də mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcud olduğu halda, cavabdeh qeydiyyat orqanı qanunla üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, ona qeydiyyatdan imtina edərək qanunla qorunan hüquqlarını pozmuşdur. Bu mənada, İPM-in 34.1-ci addəsinin tələbi qaydasında iddiaçının cavabdehdən mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə reyestrdən çıxarış və plan ölçü tərtib olunb verilməsini tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə qərarını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulduğunu, düzgün tətbiq edilmədyini mübahisələndirən, eləcə də aidiyyəti dövlət qürumlarının işə cəlb edilmədiyini vurğulayan formal xarakterli dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-167/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-167/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Xəyal Sarıyev Fuad Talışınski
Məhkəmə qərarları › İş №2-1(103)-139/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-139/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver