Məhkəmə qərarları › İş №2-1(103)-139/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-139/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-139/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2-1(112)-2628/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası Prezidentinin «Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üçün hesablanmış fərq məbləğinin ona birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2009-cu il tarixdə 17 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2-ci dərəcəli ilkin əlillik qrupu təyin edilmişdir, əlilliyin səbəbi “xəstəlik hərbi xidmət dövründə alımışdır” ifadəsi ilə göstərilmişdir. Onun əlilliyinin səbəbi “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməklə 2010, 2011-ci illərdə 17 saylı TSEK tərəfindən, 2012, 2013, 2014, 2015-ci illərdə isə 29 nömrəli TSEK tərəfindən hər dəfə 1 il müddətinə uzadılaraq təsdiq edilmişdir. xx.xx.2016-cı ildə isə onun əlilliyi növbəti dəfə Azərbaycan Respublikası Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 29 №-li Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 5 illik müddətə uzadılaraq təsdiqlənmişdir. Lakin bu dəfə, yəni xx.xx.2016-cı ildə onun əlilliyinin səbəbi onun müraciəti olmadan Dövlət Tibbi Sosial Ekspert və Reablitasiya Xidmətinin 29 №-li Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən dəyişdirilmiş və düzgün olaraq “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlillik ifadəsi ilə əvəz olunmuşdur və həmin tarixdən, yəni xx.xx.2016-cı il tarixdən ona hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlilliyə görə DSMF-nin Şəmkir rayon Şöbəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və hazırda da ödənilməkdə davam etdirilir. Bundan sonra o, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün Tibbi-Sosial Ekspert Komissiyasının 2009-2015-ci illərin müayinə aktlarından çıxarışlarında müvafiq düzəliş edilərək əlilliyin səbəbini göstərən “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə əvəz edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 4257/2018 saylı qərarı ilə onun iddiası təmin edilmiş və onun 2-ci dərəcəli əlillik qrupu haqqında Tibbi Sosial Ekspert Komissiyasının 2009-2015-ci illərin müayinə aktlarından çıxarışlarında müvafiq düzəlişlər edilərək onun əlilliyinin səbəbini göstərən “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə əvəz edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini aldıqdan sonra cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən icra edilmiş və onun 2-ci qrup əlilliyi haqqında 2009-2015-ci illərin müayinə aktlarında müvafiq düzəliş edilərək əlilliyin səbəbini göstərən “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ifadəsi “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə əvəz edilmişdir. Bu düzəliş isə ona xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi üçün əsas verir. xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi barədə qərar qəbul edilməsi xahişi ilə o, xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti bu günə qədər cavabsız və nəticəsiz qalmışdır. O, cavabdehin hərəkətsizliyini qanunsuz, ərizəsinin cavablandırılmamasını isə imtina kimi qiymətləndirir. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, ddiaçı İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 2-ci dərəcəli əlillik qrupu haqqında TSEK-in 2009-2015-ci illərə aid müayinə aktlarından çıxarışlarında müvafiq düzəliş edilərək əlilliyin səbəbini göstərən “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə əvəz edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-4257/2019 nömrəli qərarı ilə İddiaçı 2009- 2015-ci illərə aid müayinə aktlarından çıxarışlarında müvafiq düzəliş edilərək əlilliyin səbəbini göstərən “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” ifadəsi ilə əvəz edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə ona xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üzrə müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün ödənilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 11451 nömrəli qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən müharibə əlilləri üçün Prezident təqaüdü təyin edilmişdir. “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.3-cü bəndinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği Fərmanın 1-ci bəndinə uyğun olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 11.2.1-ci maddəsinə əsasən əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin şəxslər müharibə əlili hesab olunurlar. İddiaçı Ə.İ.Əliyevə 2-ci dərəcəli müharibə əlillərinə verilən Prezident təqaüdü hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən təyin edilmiş, xx.xx.2011-ci il tarixdən 70 manat məbləğində, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 77 manat məbləğində, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 85 manat, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək 130 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 143 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 158 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 230 manat, xx.xx.2021-ci il tarixdən müddətsiz 350 manat aylıq vəsait hesablanmışdır. İddiaçı Ə.İ.Əliyevə ötən dövr üçün hesablanan təqaüdün ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək təyin edilmiş aylıq təqaüdün (350 manat) üzərinə əlavə edilməklə ödənilir. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanı ilə müharibə əlilləri üçün nəzərdə tutulmuş prezident təqaüdünün əvvəlki dövr üzrə birdəfəlik ödənilməsi məsələsi tənzimlənmədiyindən analogiya olaraq sosial təminat haqqında qanunvericiliyin aşağıdakı normaları tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2-1(112)-2628/2022 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı Azərbaycan Respublikası Prezidentinin «Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üçün hesablanmış fərq məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı ilə aralarında heç bir mübahisənin mövcud olmadığını, belə ki, iddiaçıya 7134,33 manat fərq məbləğin tam şəkildə ödənildiyini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş 08 fevral 2023-cü il tarixli məktubdan və əlavə olunmuş sənədlərdən görünür ki, Fondun Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialının 09 dekabr 2022-ci il tarixli məəktubuna əsasən İddiaçı təqaüd işi üzrə xx.xx.2009-cu il tarixindən xx.xx.2016-cı il tarixinədək keçmiş döv üzrə 7134,33 (yeddi min üç yüz otuz dörd manat 33 qəpik) manat təşkil edir. Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialdan daxil olmuş xx.xx.2021-ci il tarixli 17622/**********2 nömrəli qərara əsasən xx.xx.2009-cu il tarixindən xx.xx.2022-ci il tarixindək olan dövr üzrə ödənilməmiş vəsait 726 manat təşkil etdiyinə görə 01 oktyabr 2022-ci il tarixinə əvvəlki dövr üçün ümumi ödənilməmiş vəsait 2960,33 manat təşkil edir. Fondun Maliyyə və Mühasibatlıq üzrə mərkəzi Filialının İddiaçı ünvanlanmış 09 yanvar 2023-cü il tarixli **********7 nömrəli məktubunda xx.xx.2009-cu il tarixindən xx.xx.2016-cı il tarixinədək olan dövr üçün (iş No 081351 Şəmkir rayonu) hərbi xidmət vəsifələrini yerinə yetirməklə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin təqaüdü işi üzrə yaranmış 7134,33 manat fərq məbləğinin tam olaraq ödənildiyi bildirilmişdir. Nəticə etibarı ilə işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, hazırkı iddianın verilməsinin əsasını təşkil edən Azərbaycan Respublikası Prezidentinin «Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üçün hesablanmış fərq məbləğinin ona birdəfəlik qaydada ödənilməsi cavabdeh tərəfindən təmin edildiyindən tərəflər arasında mübahisə mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsində deyilir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan, yəni Azərbaycan Respublikası Prezidentinin «Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üçün hesablanmış fərq məbləği (7134,33 manat) ona birdəfəlik qaydada ödənildiyindən, bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün ödənilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar