Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-139/2024 26.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “qiymətləndiriliyi xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2587/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əllillik təqaüdünün bərpası və kəsildiyi tarixdən aylıq əllillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-cı ildə açıq ürək əməliyyatı keçirdiyi üçün Tibbi-Sosial Ekspertiza Komissiyasının 88 №-li arayışı ilə əlillik dərəcəsi almışdır. Həmin ildən 2016-cı ilə kimi hər il komissiyadan keçərək əlilliyi təsdiqlənmiş və təqaüd almağa davam etmişdir. 2016-cı ildə Tibbi-Sosial Ekspertiza Komissiyası 5 illik 88 №-li arayış verdiyindən onda həmin dövrdə cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün Penitensiar Xidmətin Müalicə müəssisəsində həkim komissiyasından keçərək yenidən növbəti komissiyaya kimi təqaüdünü almağa davam etmişdir. 2017-ci ildə həbsdən azad olunmuşdur, 2020-ci ildə yenidən həbs edilmişdir. 2021-ci il noyabr ayında komissiyanın 5 illik müddəti bitdiyindən təqaüdü dayandırılıb. 2022-ci ilin mart ayında növbəti 5 illik komissiyadan keçmək üçün Penitensiar Xidmətin Müalicə müəssisəsinə göndərilmiş, Komissiyanın rəyi Əmək və X4 Nazirliyinə göndərilmişdir. Lakin xx.xx.2022-ci il tarixli **********0 nömrəli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məktubu ilə ona izah edilmişdir ki, “əlilliyin qiymətləndirilməsi qaydası”na uyğun olaraq elektron qiymətləndirilmə aparılır və onun göndərişində əlilliyin təyininə əsas verən ağırlaşmalar komputer tərəfindən aşkar edilmədiyindən əlillik əlaməti təyin edilmir barədə qərar verilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin “əlilliyin qiymətləndirildiyi 28 may 2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin (orqanizmin funksiyalarının 61-80% pozulması) təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı əsasında qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı ƏN Pentensiar Xidmətinin Müalicə Müəssisəsinin xx.xx.2015-ci il tarixli 4449003AAALJ saylı göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => 125.1 - Ürəyin aterosklerotik xəstəliyi; Diaqnozun mətni: Ürəyin xroniki işemik xəstəliyi, infarkdan sonrakı kardioskleroz (1996) Aortokoronar şuntlu transplantatın olması, (1996) Virus mənşəli xroniki C hepatiti. subklinik forma xroniki kolkulyoz xolesistit.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Ürəyin xroniki işemik xəstəliyi. İnfarkdan sonrakı kardioskleroz (1996) Aortokoronar şuntlu transplantatın olması, (1996) Virus mənşəli xroniki C hepatiti, ...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => 125.1 - Ürəyin aterosklerotik xəstəliyi; Diaqnozun mətni: Ürəyin xroniki işemik xəstəliyi. İnfarkdan sonrakı kardioskleroz (1996) Aortokoronar şuntlu transplantatın olması, (1996) Virus mənşəli xroniki C hepatiti, subklinik forma, xroniki kolkulyoz xolesistit.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Ürəyin xroniki işemik xəstəliyi. İnfarkdan sonrakı kardioskleroz (1996) Aortokoronar şuntlu transplantatın olması, (1996) Virus mənşəli xroniki C hepatiti, ...” səbəbi 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı ƏN Pentensiar Xidmətinin Müalicə Müəssisəsinin xx.xx.2022-ci il tarixli 4449003AABRJ saylı göndərişi əsasında baxılmış və X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.9 - Ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi; Diaqnozun mətni: Əsas diaqnoz İ25 Ürəyin xroniki işemik xəstəliyi. Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardıyası İİ f.s. İnfarkdan sonrakı kardioskleroz (2006). Aorta koronar şuntlama cərrahi əməliyyatından sonrakı vəziyyət (2006) Ağırlaşma 150 Ürək çatmamazlığı, Ürək çatmamazlığı İ f.s.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşmalar əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli 4449003AABRJ saylı göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin sentyabr ayında, yəni təxminən 4 ay sonra xx.xx.2022-ci il tarixli əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası“nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2587/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2587/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçıda xəstəliyin başlanma tarixi 2006-cı ilə təsadüf edir. Xəstəliyin gedişi xroniki xarakter daşıyır. Əlillik altsistemindən çıxarışa əsasən iddiaçıya xx.xx.2015-ci ildə (təkrar olmaqla) bir il müddətinə ürəyin xroniki işemik xəstəliyi, infarkdan sonra kardiskleroz (1996) Aortokoronar şuntlu transplantatın olması, (1996) virus mənşəli xroniki C hepatiti, subklinik forma, xroniki kolkulyoz xolesistit diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmiş; eyni diaqnozla xx.xx.2016-cı il tarixdə beş il müddətinə əlillik təyin edilmişdir. Sonuncu dəfə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsas diaqnoz İ25 Ürəyin xroniki işemik xəstəliyi, ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokarsiyası. İİ f.s. İnfarkdan sonrakı kardioskleroz (2006). Aorta koronar şuntlama cərrahi əməliyyatdan sonrakı vəziyyət (2006). Ağırlaşması İ50 Ürək çatışmazlığı. Ürək çatışmazlığı İ f.s. diaqnozu ilə əlilliyin təyinindən diaqnoz və ağırlaşmaları əlillik əlaməti təyin etmir əsası ilə imtina edilmişdir. İddiaçı qeyd edilən diaqnozla cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və – Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəbi: diaqnoz və ağırlaşmalar əlillik əlaməti təyin etmir. Növbəti müddətə İİ dərəcə əlilliyin təyinatından imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlillik vəziyyəti qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); İş materiallarında olan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli 4449003AABRJ nömrəli forma 88 arayışına əsasən: -status localis qrafasından görünür ki, iddiaçı məhkumdur, həbsxanada cəza çəkir. Deməsinə görə 2006-cı ildə miokard infarktı keçirmiş, aorta koronar şuntlama cərrahi əməliyyatı keçirmişdir. Hazırda vəziyyəti nisbi kafidir, dərman fonunda a/t 135/80 mm.cs nəbz 86 vurğu, aparılan müayinələrə əsasən ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası İİ f.s. İnfarktdan sonrakı kardioskleroz (2006). Ürək çatışmazlığı İ f.s. diaqnozu müəyyən edilmişdir. - əsas diaqnoz İ25 Ürəyin işemik xəstəliyi, Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası İİ f.s. İnfarktdan sonrakı kardioskleroz (2006). Aorta koronar şuntlama cərrahi əməliyyatdan sonrakı vəziyyət (2006). -ağırlaşma İ50 Ürək çatışmazlığı. Ürək çatışmazlığı İ f.s. -yanaşı xəstəliklər B18.2 Virus mənşəli xroniki C hepatiti. Sublkinik forma. Xroniki kalkulyoz xolesistit. -iddiaçının terapevt (müayinələrə əsasən İ25 Ürəyin xroniki işemik xəstəliyi müəyyən edilir. Stabil gərginlik stenokardiyası İİ f.s. İnfarktdan sonrakı kardioskleroz (2006) Aorta koronar şuntlama cərrahi əməliyyatdan sonrakı vəziyyət (2006), ürək çatışmazlığı diaqnozu müəyyən edilmişdir), kardioloq (terapevtlə eyni diaqnoz müəyyən edilmişdir), infeksionist (B18.2 Virus mənşəli xroniki C hepatiti), ümumi cərrah (K81.1. Kroniki xolesistit, müayinələrə əsasən xroniki kalkulyoz xolesistit diaqnozu müəyyən edilmişdir) və nevropotoloq tərəfindən əyani və köməkçi diaqnostik müayinə metodları ilə (EKQ (null, sinus ritmi, ÜEO sol mədəciyin hipertrofiyası, arxa divarda çapıq fonunda qan təchizatının pozulması), USM (null, qara ciyərin diffuz dəyişikliyi), Rentgenskopiya (null, köklər güclənib, ürək sola genişlənib, döş sümüyü üzərində cərrahi əməliyyatdan sonrakı tikiş izləri), ExoKQ (null, sol mədəciyin sistola diastolik ölçüləri böyümüşdür, sistolik funksiya azalmışdır (50%), diatolik funksiya psevdonormal. Seqmentar divar hərəkət qüsuru arxa bazal aritmikdir. Aorta kökü genişlənməyib. Perikard boşluğu təmiz İ dərəcə MÇ İ dərəcə PÇ), eləcə də laborator müayinə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli 4449003AABRJ nömrəli forma 88 arayışı XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-ci və 2.4.1-ci maddəsinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəlik və onun ağırlaşması göstərilməsinə (İ25 Ürəyin işemik xəstəliyi və İ50 Ürək çatışmazlığı) və həmin xəstəlikdən uzun müddət əziyyət çəkməsinə və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə (obyektiv müayinə və köməkçi diaqnostik müayinə metodları ilə (EKQ, USM, Rentgenskopiya, ExoKQ)) təsdiq olunmasına və göndərişdə köməkçi diaqnostik müayinə metodlarının nəticələri təfsilatlı şəkildə göstərilməsinə baxmayaraq, cavabdeh qurum hər hansı əsaslandırma aparmadan “diaqnoz əlillik əlaməti təyin etməməsi” qeydi ilə kifayətlənmiş və növbəti müddətə əlillik təyinatından imtina etmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2022-ci il tarixdə qiymətləndirildiyi tarixdən əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin 2- 1(103)-2465/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “qiymətləndiriliyi xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə İddiaçı hazırkı sağlamlıq vəziyyətinin ona əlillik təyinatına əsas verib-verməməsinin yoxlanılması məqsədilə canlı müayinəsinin həyata keçirilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Penitensiar xidmətinə həvalə edilməsi qərara alınmışdır. Qərardadın icrası ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Qazax rayon sakini İddiaçı əyani müayinə olunması barədə xx.xx.2023 və xx.xx.2024-cü il tarixli, 2-1 (103)-2465/2023 və 2-1(103)-139/2024 nömrəli məktublara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra — Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildiririk ki, İddiaçı əlillik vəziyyəti Ədliyyə Nazirliyi Penİtensiar Xidmətinin Müalicə müəssisəsinin 4449003AABRJ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə qərardada uyğun olaraq vətəndaş xx.xx.2023-cü il tarixində cəzaçəkmə müəssisəsində 7 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimi tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X6-sosial ekspertiza komissiyasına göndərilmişdir. Həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə əsaslı qərar qəbul edilmişdir. İddiaçı dair dair tibbi-sosial ekspert komissiyasının qərarının surəti təqdim olunur.” Məhkəmə kollegiyası qeyd edir ki, məktuba əlavə edilmiş qərar hazırkı iddia tələbinin rədd edilməsi üçün əsas hesab edilməsi bilməz. Belə ki, qərar kifayət qədər əsaslandırılmamaqla, yalnız 3-cü bəndində “Diaqnoz əlillik əlaməti təyin etmir” qeydi göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2587/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2587/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-139/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-139/2024
26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver