Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1390/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı və üçüncü şəxslər "xxxx" ASCnin idarə heyətinin sədri X4, səhmdarı X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X3 və X5 cəlb edilməklə) qarşı «əmlak kompleksi və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının qanunsuz sayılması və həmin qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2021 saylı 12.02.2021-ci il tarixli qərarından iddiaçı, cavabdeh və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 və X2 ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin üzərində mülkiyyət, həmçinin 17.861,9 kv.m torpaq sahəsinə istifadə hüquqlarının qeydə alınmasının qanunsuz sayılması və həmin qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdehə barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə cavabdeh V.Rzayevaya və K.Yadigarova "xxxx" ASC-nin mülkiyyətində olan əmlak kompleksinə mülkiyyət hüququ, habelə, 17.861,9 kv.m torpaq sahəsindən istifadə hüququnu vermiş və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən həmin şəxslərin mülkiyyət hüququnun ünvan 2 ünvanında yerləşən əmlak kompleksinə, habelə torpaq sahəsindən istifadə hüququnun qeydiyyatı aşağıdakı əsaslara görə əsassızdır. Çünki, Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş 25 mart 2003-cü il tarixli Texniki pasportuna əsasən əmlak kompleksinin balans saxlayıcısı (mülkiyyətçisi) Dövlət Neft Şirkəti “Xəzərdənizneftsosialtikinti” Tresti 2 saylı Tikinti Quraşdırma İdarəsidir. “Xəzərdənizneftsosialtikinti” Trestinin "xxxx" ASC-yə çevrilməsi ilə əlaqədar 28 mart 2003cü il tarixində özəlləşdirmə komissiyası yaradılmışdır. Həmin komissiyası tərəfindən hazırlanmış və təsdiq olunmuş ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) 25 mart 2003-cü il tarixli müəssisə və obyektin texniki pasportunun surəti mövcuddur. Milli Depozit Mərkəzi tərəfindən verilmiş 16 yanvar 2007-ci il tarixli "xxxx"a əsasən iddiaçı ASCnin 560 səhminin sahibidir. Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli 2(103)-6869/2013 saylı qərardadı ilə müvafiq əmlak kompleksinin və istifadədə olan 1.781,9 kv.m torpaq sahəsinin satılmasına qadağa qoyulmuş və icra vərəqəsinə əsasən qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında üzərinə qadağa qoyulmuş torpaq sahəsinə 18 mart 2015-ci il tarixdə düzəliş edilərək 17.861,9 kv.m torpaq sahəsi üzərinə qadağa qoyulmuşdur. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh üçüncü şəxslərin mülkiyyətinə ünvan 3 ünvanında yerləşən əmlak kompleksini və torpaq sahəsini vermişdir. Belə ki, cavabdeh idarə 11 aprel 2019-cu il tarixli məktubu ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə bildirmişdir ki, “12 mart 2019-cu il tarixli 3056/17 saylı sorğulara baxılmışdır. Bununla əlaqədar olaraq qeyd olunur ki, müvafiq əmlak kompleksinin (kompleksin yerləşdiyi torpaq sahəsi istifadə hüququna əsasən qeydiyyatdan keçmişdir və hazırda kompleksin istifadəsindədir) 99,93 % V.Rzayevanın, 0,07%-i isə K.Yadigarovun adlarına 24 iyun 2014-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir”. Göründüyü kimi, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il taroxli 2(103)6869/2013 saylı icra sənədi üzrə tələbi köbud şəkildə pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2021 saylı 12.02.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, DƏDRX ünvan 4 ünvanında yerləşən əmlak kompleksi və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı hərəkətləri qanunsuz sayılmış və İddiaçı həmin qeydiyyatın ləğv edilməsi barədə müraciətinə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, baxılması öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İddiaçı, cavabdeh və üçüncü şəxslər tərəfindən həmin qərardan apellyasiya şikayəti verərək: iiddiaçı qərarın qismən ləğv edilməsini və iddia tələbinin təmin olunmadığı hissədə təmin edilməsini; cavabdeh qərarın ləğv edilib iddianın mümkün sayılmamasını; üçüncü şəxslər (K.Yadigarov və V.Rzayeva) isə qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. İddiaçı apellyasiya şikayətində mübahtisələndirmişdir ki, məhkəmənin qərarında qeyd edilmişdir ki, əmlak kompleksi ilə bağlı üçüncü şəxslərin hüquqlarının bunun üçün qanunvericiliklə,yəni Daşınmazh əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri olmadan qeydiyyata alınmışdır. Qeyri -müəyyən “sərəncam” protokol, istimara icazə aktı qeydiyyat üçün əsas ola bilməz. Belə olan halda, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən əmlak kompleksi və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının ləğv edilməsi öhdəliyi də cavabdehin üzərinə qoymalıdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, idarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamış və bu nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən iddianın mümkünlüyü, o cümlədən, iddiaçının subyektiv hüququnun olub-olmamasını araşdırmamış, qanunsuz olaraq iddia tələbini qismən təmin etmişdir. Üçüncü şəxslər apellyasiya şikayətinin dəlillərində məhkəmənin qərarını əsassız hesab edərək, bunu onunla əsaslandırmışlar ki, iddia ərizəsi icraata qəbul edilməməli idi. Çünki, əmlaka dair onlara çıxarışın verilməsi heç bir hüququnu pozmur və onun hazırkı iddianı qaldırmaqda heç bir subyektiv hüququ yoxdur. Cavabdeh tərəfindən əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi idarənin passiv legitimləşdirmə fəaliyyətidir. Mülki Məcəllənin 107.1.1-ci maddəsinə əsasən cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslər K.Yadigarov və V.Rzayeva (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hazırkı məhkəmə iclasında üçüncü şəxslər kimi işə cəlb olunmuş, “Xətai Tikinti Mexanizasiya” ASC (İdarə heyətinin sədri A.Alıyev) və həmin ASC-nin səhmdarı Ə.Qasımov, iddianın təmin ediləcəyi və mübahisəli əmlakın əvvəlki vəziyyətinin bərpa olunmacağı təqdirdə onların ziyana düşəcəklərini bildirərək, birinci instansiya məhkəməsinın qərarının əsassız oluduğunu vurğulamışlar İİ. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib və iş materiallarını araşıdırıb belə hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli və aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İlk öncə, birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə cavabdeh idarəsinin Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən əmlak kompleksi və torpaq sahəsi üzərində hüquqları üçüncü şəxclərin xeyrinə reyestrdə qeydiyyata alınması ilə bağlı hərəkətlərini qanunsuz olması barədə nəticəyə gəlsə də, məhkəmə hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının həmin qeydiyyatın ləğvi edilməsi barədə müraciətinə yenidən baxılması öhdəliyini cavabdehə həvalə etməsi anlaşılan deyil. Belə ki, məhkəmənin gəldiyi nəticənin birinci hissəsi ikinci hissəsinə qeyrimütənasibdir. Yəni, məhkəmə, qərarın birinci hissəsində qəti şəkildə cavabdehin hərəkətlərini qanunsuz saydığı halda, sonuncunun bu qanunsuz hərəkətlərinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinin tələbləri qaydasında, konkret hansı müddasına münasibətdə pozuntuya yol verdiyi və reyestrdə aparılan qeydiyyat aparılarkən, qanunla müəyyən olunan əsaslardan hansı kənaraçıxmalara yol verildiyi və hansı hüquqmüəyyənedici sənəd mövcud olmadan üçüncü şəxslərin mülkiyyət hüquqlarının qeydə alındığı araşdırılmamış, hüquqi qiymət verilməmişdir. Halbuki, Qanunun qeyd olunan 8-ci maddəsində daşınmaz əmlakın reyestrində daşınmaza əmlaka hüququn qeydə alınmasının konkret əsaları sadalanmış və 10-cu maddəsinə isə bu hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparıldığı və həmin ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin; torpaq sahəsinin planı və ölçüsüünün; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportun, plan-cizgisinin; dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalı olduğu təsbit olunmuşdur. Məhkəmə tərəfindən isə, məhz,qanunvericilyin qeyd olunan tələblərinə müvafiq olaraq iş üçün əhəmiyyət kəsb edən, qeydiyyata əsas verən sübutlar araşıdrılıb hüquqi qiymət verilməklə, iddianın təmin və ya rədd olunması barədə nəticəyə gəlinməli idi. Başqa sözlə, qeyd olunan halda, cavabdeh orqanın qanunla müəyyən edilən heç bir diskression səlahiyyəti mövcud olmamışdır. Lakin, məhkəmə, qərarında cavabdeh tərəfindən «…iddiaçının müraciəti üzrə icraatda onun özünün, eləcə də aidiyyəti şəxslərin də iştirakı təmin olunmaqla və müvafiq əmlak üzərində hüquqların ilkin qeydiyyatına və aparılmış qeydiyyatın ləğvinə əsas olan hallar tam araşdırılmaqla qərar qəbul olunmalı olduğunu qeyd edərək, İPM-in 73.2-ci maddəsinə istinadən, idddiaçının, üçüncü şəxslərin aparılan qeydiyyatın ləğv edilməsi barədə müraciətinə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, yenidən baxılması öhdəliyini cavabdehə həvalə etmişdir. Halbuki, məhkəmənin istinad etdiyi, İPM-in 73.2-ci maddəsinin tələbinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanını üzərinə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla , iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məcəllənin qeyd olunan norması baxımından, məhkəmə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun yuxarıda qeyd olunan tərləbləri nəzərə alınmaqla, qeydiyyat üçün əsas olan sənədlərin mövcud olub-olmadığını araşdırıb, konkret qərar qəbul etməsi mümkün idi. Əslində, məhkəmə, mübahisələndirilən məsələ ilə bağlı iddiaçının hərəkətlərinə hüquqi qiymət verib mahiyyəti üzrə onun hərəkətlərini qanunsuz hesab edilməsi barədə nəticəyə gəldiyi, bundan doğan bir məsələni əhəmiyyət kəsb edən subutları araşıdırb mahiyyəti üzrə hüquqi qiymət verməli olduğu halda, məsələyə yenidən baxılmasını cavabdehə həvalə etməklə natamam qərar qəbul etmişdir. Halbuki, cavabdeh iddiaçının müvafiq müraciətinə baxıb ona ünvanladığı 07 fevral 2020-ci il tarixli **********31 saylı məktubu ilə öz münasibətini (imtina) bildirmişdir. İPM-in 87.7-1-ci maddəsinin tələbinə görə 87.7-ci maddəsinə apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə də qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxslərin apellyasiya şikayətlərinin - birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulduğunu əsaslandıran dəlilləri hissəsində razılaşır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2021 saylı 12.02.2021-ci il tarixli qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Eyni zamanda, İPM-in 87.9-cu maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən əmlakın qeydə alınması üçün əsas olan sənədələrin mövcudluğunu mahiyyəti üzrə araşdırılıb, cavabdeh tərəfindən hansı qanunsuz hərəkətlərə yol verildiyi konkret şəkildə dəqiqləşdirilməklə hüquqi qiymət verilməli və nəticəsindən asılı olaraq, iddiaçının mübahisəli əmlaka dair üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə mahiyyəti üzrə də münasibət bildirməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçının, cavabdehin və üçüncü şəxslərin apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2021 saylı 12.02.2021-ci qərarı ləğv edilsin. İş məhkəmə icraatının davam etdirilməsi yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1390/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1390/2021
23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver