Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1390/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9053/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin İQ-25/1 saylı, xx.xx.2024-cü il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, iddiaçıya qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pkistan İslam Respublikasının Pəncab vilayəti, Qucranvala şəhərində anadan olduğunu, milliyətcə pəncabi, dini etiqadına görə müsəlman (sünni) olduğunu, həmin şəhərdə 10 illik orta təhsil və kollec təhsili aldığını, 2009-2012-ci illərdə Lahor şəhərində “Punjab” Universitetində İT ixtisası üzrə ali təhsil aldığını, 2012-2014-cü illərdə Qucranvalada “Eden Home school” məktəbində kompyuter müəllimi 2020-2021-ci illərdə həmin şəhərdə Sunehri bankda sığorta agenti kimi işlədiyini, daha sonra anası xəstə olduğu üçün işləyə bilmədiyini qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı subay olduğunu, valideynlərinin və Abdulla adlı qardaşının Qurcanvalada yaşadığını, 1 qardaşının Dubay şəhərində, 1 qardaşının Almaniya, 1 qardaşının isə Malaziyada yaşadığını söyləmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı cinsi azlığa aid olduğunu, özünü uşaq yaşlarından oğlan kimi hiss etdiyini, 2021-ci ildə Zunaira adlı bir qızla rəfiqə olduğunu, daha sonra sevgili olduğunu, onun Zunaira ilə münasibətlərinin qardaşı Abdulla tərəfindən aşkarlandığını, qardaşının onu döydüyünü, xalasının Faizanı öz evinə apardığını, bir müddət xalasının yanında qaldıqdan sonra onlayn viza və bilet alaraq Zunaira ilə birlikdə 1 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı özünün pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. İş üzrə mühüm fakt iddiaçının Pakistanda olarkən cinsi azlığa aid olduğunu, özünü uşaq yaşlarından oğlan kimi hiss etdiyini, 2021-ci ildə Zunaira adlı bir qızla rəfiqə olduğunu, daha sonra sevgili olduğunu, onun Zunaira ilə münasibətlərinin qardaşı Abdulla tərəfindən aşkarlandığını, qardaşının onu döydüyünü, xalasının Faizanı öz evinə apardığını, bir müddət xalasının yanında qaldıqdan sonra onlayn viza və bilet alaraq Zunaira ilə birlikdə 1 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. İddiaçıya qarşı təqibi həyata keçirənlər onun qardaşları və valideynləridir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı ailəsi ilə birlikdə onlara qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-26/1 nömrəli qərar qəbul edilmişdir. Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Azərbaycan Respublikasına gələnədək dövlət hər hansı təqibə və təhdidə məruz qalmamış; 2. Fiziki təzyiqə məruz qalmağı ilə bağlı ölkənin hüquq mühafizə orqanına müraciət etməmiş; şəxsin DMX-yə təqdim etdiyi vəsatətindən görünür ki, onun Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9053/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq da qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin yol verdiyi pozuntuları aradan qaldırmayıb və öz qərarını cavabdehlə eyni əsaslarla əsaslandırmayıb. Sığınacaq verilməsindən imtina edilməklə iddiaçının aşağıdakı hüquqları pozulub: sığınacaq hüququ (Konstitusiya, maddə 70), inzibati icraat hüququ (Konstitusiya, maddə 60), pis rəftara məruz qalmamaq hüququ (AİHK, maddə 3), şəxsi həyata hörmət hüququ (AİHK, maddə 8), səmərəli vasitələr hüququ (AİHK, maddə 13) Cavabdehin qərarı maddi-hüquqi və prosessual (formal-hüquqi) baxımdan qanuni deyil. Eləcə də, həmin qərar əsassızdır (iş materialları əsasında təkzib edilir). Cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olub. İPM-nin 73.1-ci maddəsinə əsasən bu halda məhkəmə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoymalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. İddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həminölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlərinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki, iddiaçı 06 dekabr 1989-cu il təvəllüdlü İddiaçı 16 yanvar 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 10-2024 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Belə ki, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayəti, Qucranvala şəhərində anadan olduğunu, milliyyətcə pəncabi, dini etiqadına görə müsəlman (sünni) olduğunu, həmin şəhərdə 10 illik orta təhsil və kollec təhsili aldığını, 2009-2012-ci illərdə Lahor şəhərində Punjab" Universitetində iqtisadiyyat üzrə 2015-2017ci illərdə Sargodha şəhərində Sargodha Universitetində İT ixtisası üzrə ali təhsil aldığını, 2012-2014-cü illərdə Qurcanvalada “Eden Homs school” məktəbində kompüter müəllimi, 2020-2021-ci illərdə həmin şəhərdə Sunehri bankda sığorta agenti kimi işlədiyini, daha sonra anası xəstə olduğu üçün işləyə bilmədiyini qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verən ərizəçi subay olduğunu, valideynlərinin və Abdulla adlı qardaşının Qurcanvalada yaşadığını, 1 qardaşının Dubay şəhərində, 1 qardaşının Almaniya, 1 qardaşının isə Malaziyada yaşadığını söyləmişdir. Ərizəçi qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən, cinsi azlığa aid olduğunu, özünü uşaq yaşlarından oğlan kimi hiss etdiyini, 2021-ci ildə Zunaira adlı bir qızla rəfiqə olduğunu, daha sonra sevgili olduğunu, onun Zunaira ilə münasibətinin qardaşı Abdulla tərəfindən aşkarlandığını, qardaşının onu döydüyünü, xalasının Faizanı öz evinə apardığını, bir müddət xalasının yanında qaldıqdan sonra onlayn viza və bilet alaraq Zunaira ilə birlikdə 1 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. İddiaçı 2023-cü ilin 23 dekabrında cinsi təmayülünün qardaşı tərəfindən aşkarlandığını, qardaşının və atasının onu öldürmək istədiyini desə də, söylədiklərindən baş vermiş hadisədən sonra eyni evin yuxarı mərtəbəsində yaşayan xalasının evində yaşadığı və həmin müddətdə ailə üzvləri tərəfindən heç bir təhdid və təzyiqə məruz qalmadığı məlum olmuşdur. Hadisənin 2023-cü ilin 23 dekabr tarixində baş verməsini və ərizəçinin Azərbaycana gəldiyi müddətə (xx.xx.2024-cü il) qədər orada yaşadığı halda ailə üzvləri tərəfindən ona qarşı heç bir təzyiqin olmaması söylədiklərini inandırıcılıq baxımından şübhə altına almış və bu şübhə onun xeyrinə həll edilməmişdir. Bundan başqa, ərizəçi hadisənin qardaşı tərəfindən aşkarlanmasından sonra qardaşının ona 2-3 dəfə atəş açdığını, lakin xəsarət almadığını deməsi də inandırıcılıq baxımından qəbul edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı müsahibə zamanı izahatlarından məlum olmuşdur ki, o, Pakistanda heç bir siyasi fəaliyyətlə məşğul olmamış, milliyyətinə, irqi əlamətinə, dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçı Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 2-ci və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə kollegiyası diqqətə çatdırır ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətandaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9053/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. . Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1390/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1390/2025
12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver