Məhkəmə qərarları › İş №2-1(103)-1391/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1391/2020

07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1391/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi Məmmədov Rəfail Nəzərəli oğlunun iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra tədbirləri ilə əlaqədar icra məmurlarının hərəkətlərinin qanunsuz hesab edilməsi və işin geri qaytarılması barədə qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4161/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 4161/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra tədbirləri ilə əlaqədar icra məmurları Nərimanov Nazimin və Vəlizadə Nicatın hərəkətlərinin qanunsuz hesab edilməsi və işin geri qaytarılması barədə qərarın ləğvi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Konsititusiya Məhkəməsi Plenumunun “İcra haqqında AR Qanunun 7 , 10 , 24 , və 26-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarı ilə açıq-aydın və birmənalı işlərin məhkəmə aidiyyətini müəyyən etmişdir. Məhkəmə qəbul etdiyi qərardadında AR Konsititusiya Məhkəməsi Plenumunun “İcra haqqında AR Qanunun 20-ci maddələrinin şəhr edilməsinə dair” xx.xx.2017-ci il tarixli qərarın müddəalrına istinad edərək, qeyd edir ki, “tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər... Halbuki, Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya şöbəsinin qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərar icra sənədi üzrə icraata xitam verilməsi barədə deyil, həmin icra işinin əsassız geri qaytarılması barədədir. Məhkəmə qəbul etdiyi qərardadında məhkəmənin icra işinin icrasına nəzarət etməsi ilə icra işinin icrası ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət vermək barədə qanunun tələbini bir-birindən fərqləndirə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf şikayəti müdafiə edərək qərardadın ləğv edilməsi və iddianın mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh tərəf məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. İşdən müəyyən olunur ki,Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-78/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7419/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi; İddiaçı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014- cü il təvvəlüdlü X2 ilə görüşməsi hər həftənin şənbə günü saat 12:00-dan bazar günü saat 14:00-dək, hər Yeni il, Novruz, Ramazan, Qurban bayramlarının ikinci günü saat 12:00-dan saat 18:.00dək müəyyən edilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli icra sənədinin məhkəməyə və digər orqana geri qaytarılmasına dair qərarın surətindən görünür ki, Suraxanı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 Məhkəmə tərəfindən verilmiş 2(102)-78/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra olunmadan Ali Məhkəməyə geri qaytarılmasını qərara almışdır. Hazırki iddiasında iddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia qaldıraraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 78/2019 saylı, xx.xx.2019-cu il tarixli icra işinin geri qaytarılması barədə Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020- ci il tarixli qərarının ləğv edilməsi, həmin şöbənin rəisi Nazim Nərimanov və icra məmuru Nicat Vəlizadə barəsində ərazi üzrə prokurora məlumat verilməklə xüsusi qərardad qəbul edilməsini tələb edir. Birinci instansiya məhkəməsi hazıki iddia üzrə mübahisənin inzibati məhkəmə icraatında baxılmalı olmaması əsası ilə iddianı mümkün saymamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” x xxxxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də X5 Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Hazırki işin hallarından görünür ki, mübahisə predmeti icra məmurunun Ali Məhkəmə tərəfindən verilmiş 2(102)-78/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin geri qaytarılması barədə qərarı və icra məmurunun həmin icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyidir. Kollegiya hesab edir ki, icra məmurunun icra sənədinin icrası ilə bağlı hərəkətsizliyi, eləcə də həmin icra sənədinin geri qaytarılması barədə qərarı müstəqil iddia qaydasında deyil, Ali Məhkəmənin icraatında olmuş 2(102)-78/2019 saylı mülki işin davamı kimi şikayət formasında icra sənədini vermiş məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləlıiklə, iddianın mümkünlük şərti ödənilmədiyindən işə baxan məhkəmə iddianı mümkün saymamaqda haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 4161/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar