Məhkəmə qərarları › İş №2-1(103)-1391/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1391/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1391/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyati subyektlərinin hərbi qulluqçusu kimi həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6870/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu kimi həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6870/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6870/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən subyekt olması işin mübahisələndirilməyən halıdır. İddiaçıya münasibətdə «Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanunu tətbiq edilə bilməzdi. Belə ki, adıçəkilən Qanun 1997-ci ildə qəbul olunsa da, «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu 2004-cü ildə qüvvəyə minmişdir. Göründüyü kimi bu Qanun yeni qəbul olunduğundan daha üstün hüquqi qüvvəyə malikdir və hazırkı mübahisəyə də bu Qanunun müddəaları tətbiq olunmalıdır. Eyni zamanda bu Qanun iddiaçıya münasibətdə daha çox sahəvi xarakter daşıdığından yenə də bu Qanunun müddəları tətbiq olunmalı idi. Lakin Məhkəmə bir növ Müdafiə Nazirliyi ilə belə növ sığorta müqaviləsinin olmamasını əsas gətirərək, iddianı təmin etməmişdir. Halbuki iddiaçının 5 illik pul təminatı məbləğində sığortalanmış olması qanunla təsbit edilmişdir. Yəni belə bir müqavilənin olmamasına görə iddiaçı günahladırıla bilməz, cavabdeh isə həmin Qanun normasına uyğun olaraq sığorta ödənişini ödəmək məsuliyyətindən azad edilə bilməz. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6870/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunmasını, iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6870/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunmalı, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh sığorta münasibətlərinin subyektləridir. İddiaçı bu münasibətlərdə sığortaolunan, cavabdeh Müdafiə Nazirliyi isə sığortalıdır. Qanun normalarına əsasən qanunverici tərəfindən cavabdeh Müdafiə Nazirliyinin (sığortalının) üzərinə sığortaolunanları dövlət icbari şəxsi sığorta etdirmək, Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə sığorta haqqını tam həcmdə sığortaçıya ödəmək vəzifələri qoyulmuşdur, yəni cavabdehin bilavasitə sığorta haqqını iddiaçıya ödənilməsi kimi səlahiyyəti qanunla nəzərdə tutulmamışdır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçının iddia tələbləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun deyildir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilir: Sizin 21 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının müdafiə nazirinə ünvanladığınız “Kompensasiya ödənilməsi” barədə ərizənizə Müdafiə Nazirliyinin “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya”sında baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 nömrəli 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 nömrəli 23 noyabr 2004-cü il tarixli Qərarının icrası ilə bağlı, ərizənizə Müdafiə Nazirliyinin müvafiq komissiyasında baxılmış, komissiyanın qərarına əsasən, Sizə üçillik pul təminatınız məbləğində kompensasiya ödənilmişdir. Əlavə olaraq bildiririk ki, qanunvericilikdə kompensasiya ödənilməsi ilə bağlı başqa qayda mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 08/01-211 nömrəli məktubda qeyd edilir: «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) hərbi qulluqçu statusuna malik bütün şəxslər üçün dövlət icbari şəxsi sığortanın təşkili və həyata keçirilməsinin ümumi qaydalarını və şərtlərini, habelə sığorta haqqının, sığorta məbləğinin, baş vermiş sığorta hadisəsinə uyğun olaraq sığorta məbləğindən ödəniləcək sığorta ödənişinin faiz nisbətlərini təsbit edir. Vətəndaş İddiaçı Qanuna və təqdim olunmuş sənədlərə əsasən, sığorta olunan hərbi qulluqçu olmaqla, Azərbaycan Respublikası Müdafiə Nazirliyində (bundan sonra - Nazirlik) xidmətdə olmuşdur. Nazirliklə Şirkət arasında, Qanunun qüvvəyə mindiyi vaxtdan etibarən 2022-ci ilə qədər, hər il hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında 1 il müddətinə olmaqla, müqavilələr bağlanmış, müqavilələrə əsasən, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının həyata keçirilməsi Qanunla müəyyən edilmiş qayda və şərtlərə uyğun olaraq həyata keçirilmişdir. Vətəndaş İddiaçı Nazirlikdə xidmətdə olan hərbi qulluqçu olduğuna görə, Nazirliklə Şirkət arasında bağlanmış müqaviləyə uyğun olaraq, hərbi qulluqçu kimi Qanun əsasında sığortalanmış, həmin hərbi qulluqçuya görə Nazirlik tərəfindən digər hərbi qulluqçularda olduğu kimi, Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin 1%-i, yəni 110 manat sığorta haqqı ödənilmişdir. Buna uyğun olaraq, sığorta olunan 11000 manat məbləğində icbari şəxsi sığorta edilmişdir. Qeyd olunanlara əsasən Şirkətlə Nazirlik arasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə yalnız 1 müqavilə bağlandığına və sığorta məbləği 11000 manatla məhdudlaşdığına görə sığorta hadisəsinin baş verdiyi halda sığortaçı tərəfindən yalnız Qanuna və müqaviləyə uyğun olaraq müəyyən edilmiş faiz nisbətlərində sığorta ödənişi verilir. İddiaçının iddia tələbini "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən, 5 illik pul təminatı məbləğində sığortalanması ilə əsaslandırmasına münasibətdə bildiririk ki, qeyd olunan maddi hüquq normasının realizə olunması üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən sığortaçıya, yəni Şirkətə qanunvericiliyə uyğun olaraq sığorta haqqı ödənilməlidir. Lakin bununla bağlı Şirkətlə Nazirlik arasında müvafiq müqavilə bağlanmadığına və müvafiq sığorta haqqı ödənilmədiyinə görə vətəndaşa bağlanmış müqaviləyə uyğun olaraq sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.3-cü maddəsinə əsasən, icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Məcəllənin istinad olunan maddəsinə əsasən bildiririk ki, sığortalı qurum sığorta olunanın xeyrinə bağlamış olduğu icbari sığorta müqaviləsini qanunvericiliklə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağlamışsa, bu zaman sığortaçının hər hansı öhdəliyi mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx-xx-1714 nömrəli məktubda qeyd edilir: Sizin Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığınız xx.xx.2021-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış müqavilədə yalnız hərbi qulluqçuların icbari sığortası nəzərdə tutulmuşdur. Sizin istinad elədiyiniz Qanun Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aparılmadığı və bu növ sığorta müqavilədə olmadığına görə Dövlət Sığorta Kommersiya Şirkəti təminat dışımır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 8/3895 nömrəli məktubda qeyd edilir: Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə uyğun olaraq sığortalanır. Həmin Qanunun 4-cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu qanunun tələblərinə uyğun olaraq hadisəsi baş verdikdə, qulluqçulara sığorta ödənişləri Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən aparılır. “Kəşfiyyat və əkskəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-ci maddəsində isə sığortaedən tərəfindən ödənilməli olan sğorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun sığorta edilirlər. Qeyd edilənləri və “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığını nəzərə alaraq bildiririk ki, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının 5 illik pul təminatı miqdarında sığortalanması mümkün olmamışdır. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış müqaviləyə uyğun olaraq hərbi qulluqçu kimi «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanunu əsasında sığortalanmış və bağlanmış müqaviləyə uyğun olaraq sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı isə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu kimi həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası qanununun 20.11-ci maddəsinə əsasən 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-ci maddəsində sığortaedən tərəfindən ödənilməli olan sğorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilmədiyi, həmin maddədə göstərilənlərin icra mexanizmi olmadığı üçün kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun sığorta edilirlər və kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının 5 illik pul təminatı miqdarında sığortalanması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin bilavasitə sığorta haqqının iddiaçıya ödənilməsi kimi səlahiyyəti qanunla nəzərdə tutulmadığı üçün iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Lakin iddia tələbindən və apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı «Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun ona münasibətdə tətbiq edilə bilinmədiyini, onun «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası qanununun tələblərinə əsasən sığortalanmalı olmasını, qeyd olunan qanun əsasında cavabdeh tərəfindən müqavilənin bağlanılmamasının onun təqsiri olmadığını qeyd edir. Yəni iddiaçı cavabdeh tərəfindən onun düzgün sığortalamadığını, nəticədə sığorta haqqının düzgün ödənilmədiyini hesab edir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti isə məktublarında iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış müqaviləyə uyğun olaraq «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanunu əsasında sığortalandığını, «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» qanuna uyğun sığorta müqavilədə olmadığına görə Dövlət Sığorta Kommersiya Şirkətinin təminat dışımadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin bilavasitə sığorta haqqının iddiaçıya ödənilməsi kimi səlahiyyəti qanunla nəzərdə tutulmadığı üçün iddianın mümkün sayılmaması qənaətinə gəlsə də, iddiaçının hüquqi marağını nəzərə almamış, iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyini yoxlamamış, iddiaçıya zəruri hüquqi yardım göstərməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd). İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir (3.2-ci bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd). Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər (3.5-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6870/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunmalı, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6870/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyati subyektlərinin hərbi qulluqçusu kimi həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar