Məhkəmə qərarları › İş №2-1(103)-1391/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1391/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1391/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “pensiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11127/2023 saylı 29 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1975-ci il təvəllüdlüdür. İddiaçıya 15 yanvar 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və pensiyanın məbləği 1098,45 manat təşkil etmişdir. İddiaçı 17 dekabr 2018-ci il tarixli MN-11492 nömrəli məlumat vərəqəsində tərxis səbəbi “öz arzusu ilə” qeyd olunduğu üçün onun sonuncu təminat xərcliyi “Motoatıcı briqadanın hava hücumundan müdafiə rəisi” vəzifəsi ilə tərxis olunması “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq hesablanmışdır. Lakin sonradan qeyd olunan məlumat vərəqi Müdafiə Nazirliyinin səhvi əsasında düzgün qeydiyyatlar aparılmadan verildiyi üçün iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli 0244 saylı əmrində müvafiq dəyişikliklər edilərək, “xidmət mənafeyi naminə səhhəti ilə əlaqədar olaraq” sözlərinin həmin əmrə əlavə olunması ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının həmin tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1341/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5219/2021 saylı 02 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli 0244 saylı əmrində müvafiq dəyişikliklər edilərək, “xidmət mənafeyi naminə səhhəti ilə əlaqədar olaraq” sözlərinin həmin əmrə əlavə olunması vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilmişdir. Adı çəkilən məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya yeni məlumat vərəqəsi verilmiş və Müdafiə Nazirliyi tərəfindən Fonda daxil olmuş sonuncu 17 yanvar 2023-cü il tarixli MN-11492 nömrəli məlumat vərəqəsində iddiaçının vəzifəsi səhhəti ilə əlaqədar aşağı vəzifəyə keçirilməyədək azı bir il çalışdığı vəzifə (“Region” Müstəqil araşdırmalar mərkəzinin şöbə rəisi”) qeyd olunmuş və buna uyğun olaraq yeni təminat xərcliyi əsasında yeni məlumat vərəqəsinin daxil olduğu 30 yanvar 2023-cü il tarixdən, keçmiş üç il müddət üçün yenidən hesablanmaqla 13973,36 manat fərq məbləği cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 367,72 manat) pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməkdədir. Bundan narazı qalan iddiaçı cavabdeh quruma müraciət etmiş, lakin tələbi təmin olunmamışdır. Belə ki, cavabdehin Pensiya məbləğinin yenidən hesablanması haqqında məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ona dair təqdim olunmuş 17 dekabr 2018-ci il tarixli MN-11492 nömrəli məlumat vərəqində vəzifə “Motoatıcı briqadanın hava hücumundan müdafiə rəisi”, rütbəsi “polkovnikleytenant”, xidmət illəri 40 il 1 ay 13 gün (təqvimi xidmət illəri 25 il 5 ay 2 gün, güzəştli xidmət illəri 14 il 8 ay 11 gün), tərxis səbəbi “öz arzusu ilə”, vəzifə maaşı 700,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 256,20 manat, 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 175,00 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 1349,20 manat göstərilib. Həmin məlumat vərəqinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci və 20.15-ci maddələrinə əsasən 15 yanvar 2019-cu il tarixindən təminat xərcliyinin (1349,20 manat) 100 faizi- 1349,20 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilib. Sözügedən orqan tərəfindən təqdim olunmuş 17 yanvar 2023-cü il tarixli MN-11492 nömrəli yeni məlumat vərəqində vəzifənin “Region” Müstəqil araşdırmalar mərkəzinin şöbə rəisi”, vəzifə maaşı 705,00 manat, rütbə maaşının 154.00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavənin 257,70 manat, 1-ci məharət dərəcəsinə görə vəzifə maaşınının 25 faizi miqdarında əlavənin 176,25 manat, xüsusi qulluq şəraitinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavənin 211,50 manat, məxfiçiliyə görə vəzifə maaşınının 20 faizi miqdarında əlavənin 141,00 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 1709,45 manat göstərilib. Bununla əlaqədar, əmək pensiyanın təminat xərcliyininin (1709,45 manat) 100 faizi-1709,45 manat məbləğində müəyyən edilib, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 13973,36 manat fərq məbləği cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 367,72 manat) pensiyanının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanın həmin tarixdən 1880,40 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 2156,81 manata artırılaraq ödənilir. Bundan sonra İddiaçı ona 2019-cu ilin fevral ayından 2020-ci ilin mart ayınadək olan dövr üçün ödənilməmiş pensiya fərqinin hesablanaraq ödənilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan iddia tələbinə dair dəqiqləşmə verilərək, iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 28 fevral 2023-cü il tarixli qərarda 12-ci qrafada təyin olunma tarixdə 1 yanvar 2020-ci il tarixinin 15 yanvar 2019-cu il tarixi ilə əvəz edilməsi və ödənilməmiş pensiya fərq məbləğinin 15 yanvar 2019-cu il tarixdən 01 yanvar 2020-ci il tarixədək hissəsinin ödənilməsinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci il tarixdə öz arzusuna əsasən ehtiyata buraxılmışdır. Qanunvericiliyin tələbinə əsasən səhhəti ilə əlaqədar daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Lakin, Müdafiə Nazirliyinin səhvi səbəbi ilə az maaşlı vəzifəyə keçirilmənin xəstəliklə bağlı olması göstərilməmiş, məhkəmə qərarı əsasında isə buna dair iddia təmin edilmişdir. Cavabdeh də bununla bağlı məlumat olmasına baxmayaraq keçmiş dövr üçün ödənilməmiş pensiya fərqinin hesablanaraq ödənilməsini təmin etməmişdir. Nəzərə alınmalıdır ki, Müdafiə Nazirliyinə 07 fevral 2019-cu il tarixdə müraciət edilmişdir, Nazirlik tərəfindən yeni məlumat vərəqəsi göndərildiyi tarixdən, yəni mart 2023-cü ildən geriyə 3 il-mart 2020-ci il tarixinədək fərq ödənilməlidir. Lakin, 2019-cu ilin fevral ayından 2020-ci il mart ayınadək məbləğ ödənilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz imtina məktubu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 1880,40 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 2156,81 manata artırılaraq ödənilməyə davam etməkdədir. İddia ərizəsində göstərilmiş xüsusatları nəzərə alaraq, habelə 17 dekabr 2018-ci il tarixli MN-11492 nömrəli məlumat vərəqəsində İddiaçı tərxis səbəbinin “öz arzusu ilə” qeyd olunması və buna uyğun olaraq iddiaçının sonuncu “Motoatıcı briqadanın hava hücumundan müdafiə rəisi” vəzifəsi ilə tərxis olunması “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Müdafiə Nazirliyinin səlahiyyətinə aid olunmaqla müvafiq qurumun səhvi əsasında baş vermişdir. Daha sonra Fonda daxil olmuş 17 yanvar 2023-cü il tarixli MN-11492 nömrəli yeni məlumat vərəqəsində iddiaçının vəzifəsi səhhəti ilə əlaqədar aşağı vəzifəyə keçirilməyədək azı bir il çalışdığı vəzifə (“Region” Müstəqil araşdırmalar mərkəzinin şöbə rəisi”) qeyd olunmuş və buna uyğun olaraq yeni təminat xərcliyi əsasında yeni məlumat vərəqəsinin daxil olduğu 30 yanvar 2023-cü il tarixdən, keçmiş üç il müddət üçün yenidən hesablanmaqla 13973,36 manat fərq məbləği cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 367,72 manat) pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməkdədir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı barəsində ilkin pensiya təyinatı zamanı Fonda təqdim olunan məlumat vərəqəsində iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinə uyğun olaraq səhhəti ilə əlaqədar aşağı vəzifəyə keçirildiyi anadək işlədiyi vəzifənin deyil, sonuncu aşağı vəzifəyə uyğun təminat xərciliyi ilə bağlı məlumat vərəqəsinin göndərilməsi Müdafiə Nazirliyinin səhvi əsasında baş vermişdir. Buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən İddiaçı Müdafiə Nazirliyi tərəfindən Fonda daxil olmuş sonuncu məlumat vərəqəsinə (17 yanvar 2023-cü il tarixli MN-11492 nömrəli) uyğun olaraq Qanunun tələbləri əsasında keçmiş üç il müddət üçün (30 yanvar 2020-ci il tarixdən) yenidən hesablanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11127/2023 saylı 29 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 28 fevral 2023-cü il tarixli qərarda 12-ci qrafada (ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri haqqında məlumat) təyin olunma tarixində 1 yanvar 2020-ci il tarixinin 15 yanvar 2019-cu il tarixi ilə əvəz edilməsi və ödənilməmiş pensiya fərq məbləğinin 15 yanvar 2019-cu il tarixdən 01 yanvar 2020-ci il tarixədək hissəsinin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-11127/2023 nömrəli qərarında məhkəmə bildirmişdir ki, Qanunvericiliyin tələbindən də göründüyü kimi, hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanması ilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar iddiaçının xidmət etdiyi orqan tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli, təqdim olunmuş məlumatlar əsasında da əmək pensiyası adıçəkilən qurum tərəfindən yenidən hesablanmalıdır. Göründüyü kimi, müvafiq məlumat vərəqi Fonda təqdim edilmədən iddiaçının birbaşa olaraq Fonda müraciət etməsi səmərəli hüquq müdafiə vasitəsi kimi çıxış etmir. İşin faktiki halları ilə də müəyyən olunur ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Dövlət Sərhəd Xidmətinə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmiş, müraciətinin təminindən imtina edilmişdir. İddiaçı da bundan məhkəməyə müraciət etmiş, məhkəmə çəkişmələrindən sonra tələbinin təmin edilməsinə nail olmuşdur. Beləliklə, əmək pensiyasının yenidən hesablanması ilə bağlı məhkəmə qərarının icrası üçün məlumatın Fonda gec daxil olması iddiaçının təqsiri ucbatından olmamış, əsaslı tələbinə inzibati orqan və məhkəmə tərəfindən baxılması ilə əlaqədar olmuşdur. Məhkəmə qərarında qeyd edildiyi kimi, sonuncu X4 gec daxil olması iddiaçının təqsiri ucbatından olmamış, üzərinə “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsinə uyğun olaraq səhhəti ilə əlaqədar aşağı vəzifəyə keçirildiyi anadək işlədiyi vəzifəyə uyğun təminat xərciliyi ilə bağlı məlumat vərəqəsinin göndərilmək vəzifəsi qoyulan Müdafiə Nazirliyinin səhvi əsasında baş vermişdir. Buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən tərəfindən İddiaçı Müdafiə Nazirliyi tərəfindən Fonda daxil olmuş sonuncu məlumat vərəqəsinə (17 yanvar 2023-cü il tarixli MN-11492 nömrəli) uyğun olaraq Qanunun tələbləri əsasında keçmiş üç il müddət üçün (30 yanvar 2020-ci il tarixdən) yenidən hesablanmışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin gətirdiyi birinci arqument ondan ibarətdir ki, guya birinci instansiya məhkəməsi düzgün qərar qəbul etməmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi hazırki inzibati işi tam, hərtərəfli və obyektiv araşdıraraq pensiya qanunvericiliyi ilə bağlı maddi və hüquq normalarına, daha konkret olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları’na, Ali Məhkəmənin İnzibati Kollegiyası 8 oktyabr 2020-ci il tarixli qərardadına, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci İl tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli Qərarına düzgün istinad edərək ətraflı şərh vermişdir. Ona görə də cavabdehin bu arqumenti tamamilə absurd bir yanaşma olmaqla gülünc və əsassızdır. Cavabdehin gətirdiyi növbəti arqument ondan ibarətdir ki, iddiaçı barədə Fonda daxil oimuş xx.xx.2023-cü il tarixli yeni Məlumat Vərəqəsinə əsasən daxil olduğu xx.xx.2023-cü il tarixdən geriyə üç il düzgün hesablanmaqla pensiya fərqi kart hesabına köçürülməkdədir. Həm inzibati araşdırma zamanı, həm məhkəmə araşdırması zamanı dəfələrlə vurğulanmasına baxmayaraq cavabdeh müraciət etmə tarixini özü üçün düzgün müəyyənləşdirə bilmir. O, inzibati orqana (Müdafiə Nazirliyinə) əmrdə dəyişiklik edilməsi tələbi ilə bağlı 07 fevral 2019-cu ildə müraciət etmiş, inzibati orqandan imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi 20 iyun 2019-cu ildə qeydiyyata alınmışdır. Ona görə də cavabdehin keçmiş dövr üçün ödəmənin hesablanmasını yeni məlumat vərəqəsinin daxil olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən geriyə üç il hesablaması qanunsuz və əsassızdır. Əmrdə dəyişiklik edilməsi, bundan sonra yeni X4 göndərilməsin məhkəmə araşdırması ilə bağlı olmuşdur, burada onun heç bir günahı yoxdur. Birinci instansiya məhkəməsi də işin təkzibolunmaz bu halını öz qərarında ətraflı şərh edərək ona düzgün qiymət vermişdir: "‘Beləliklə, əmək pensiyasının yenidən hesablanması ilə bağlı məhkəmə qərarının icrası üçün məlumatın Fonda gec daxil olması iddiaçının təqsiri ucbatından olmamış əsaslı tələbinə inzibati orqan və məhkəmə tərəfindən baxılması ilə əlaqədar olmuşdur. Digər inzibati orqanın iddiaçının iradəsindən asılı olmayan səbəblərə əhəmiyyət vermədən 3 illik müddətlə bağlı məhdudiyyəti tətbiq etməsi iddiaçının mülkiyyət hüququnun pozuntusu ilə nəticələnmişdir. Halbuki, işin faktiki hallarından görünür ki, iddiaçı ona pensiya təyin edildiyi 15 yanvar 2019-cu il tarixdən ilkin ödənişin edilməyə başlanıldığı 01 yanvar 2020-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi hüququna malik olmuşdur. Belə olduğu halda cavabdehin keçmiş dövr üçün pensiya fərqini xx.xx.2023-cü ildən hesablaması uğursuz cəhd olmaqla məntiqsizdir. Cavabdehin 15 yanvar 2019-cu il tarixdən ilkin ödənişin edilməyə başlanıldığı 01 yanvar 2020-ci il tarixədək olan fərqi ödəməkdən imtina etməsi isə qanunsuz və əsassızdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının mübahisələndirdiyi cavabdeh inzibati orqanın qərarı 28 fevral 2023-cü il tarixlidir. Həmin qərar işə birinci instansiya qaydasında baxılarkən təqdim olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə işdən müəyyən olunur ki, iddiaçıya 15 yanvar 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı barəsində tərtib olunmuş 17 dekabr 2018-ci il tarixli MN-11492 nömrəli məlumat vərəqəsində tərxis səbəbi “öz arzusu ilə” qeyd olunduğu üçün onun sonuncu təminat xərcliyi “Motoatıcı briqadanın hava hücumundan müdafiə rəisi” vəzifəsi ilə tərxis olunması nəzərə alınmaqla hesablanmışdır. Lakin sonradan qeyd olunan məlumat vərəqi Müdafiə Nazirliyinin səhvi əsasında düzgün qeydiyyatlar aparılmadan verildiyi üçün iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli 0244 saylı əmrində müvafiq dəyişikliklər edilərək, “xidmət mənafeyi naminə səhhəti ilə əlaqədar olaraq” sözlərinin həmin əmrə əlavə olunması ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının həmin tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1341/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5219/2021 saylı 02 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli 0244 saylı əmrində müvafiq dəyişikliklər edilərək, “xidmət mənafeyi naminə səhhəti ilə əlaqədar olaraq” sözlərinin həmin əmrə əlavə olunması vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilmişdir. Adı çəkilən məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya yeni məlumat vərəqəsi verilmiş və Müdafiə Nazirliyi tərəfindən Fonda daxil olmuş sonuncu 17 yanvar 2023-cü il tarixli MN- 11492 nömrəli məlumat vərəqəsində iddiaçının vəzifəsi səhhəti ilə əlaqədar aşağı vəzifəyə keçirilməyədək azı bir il çalışdığı vəzifə (“Region” Müstəqil araşdırmalar mərkəzinin şöbə rəisi”) qeyd olunmuş və buna uyğun olaraq yeni təminat xərcliyi əsasında yeni məlumat vərəqəsinin daxil olduğu 30 yanvar 2023-cü il tarixdən, keçmiş üç il müddət üçün yenidən hesablanmaqla 13973,36 manat fərq məbləği cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 367,72 manat) pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməkdədir. Həmin son üç il üzrə hesablamanın aparılması ilə razılaşmayan iddiaçı hazırda cavabdeh qurumun 28 fevral 2023-cü il tarixli qərarının 12-ci qrafasında “təyin olunma” tarixində “1 yanvar 2020-ci il” tarixinin hüququnun yarandığı “15 yanvar 2019-cu il” tarixi ilə əvəz edilməsini və ödənilməmiş pensiya fərq məbləğinin 15 yanvar 2019-cu il tarixdən 01 yanvar 2020-ci il tarixədək hissəsinin ödənilməsini tələb edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanması ilə təminat xərcliyində baş verən artımlar barədə məlumatların iddiaçının xidmət etdiyi orqan tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olmasına və təqdim olunmuş məlumatlar əsasında da əmək pensiyasının adıçəkilən qurum tərəfindən yenidən hesablanmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı barəsində məhkəmə qərarı əsasında yeni məlumat vərəqəsinin müvafiq quruma verilməsi qərara alındıqdan sonra həmin məhkəmə qərarının icrası ilə bağlı yeni məlumat vərəqi cavabdeh quruma təqdim olunmuşdur. Bu zaman cavabdeh qurum əvvəlki məlumat vərəqindəki məlumatların düzgün qeyd olunmamasının Müdafiə Nazirliyinin təqsiri üzündən baş verdiyini nəzərə alaraq iddiaçıya pensiyasının hüququnun yarandığı vaxtdan hesablanıb verilməsini həyata keçirmək əvəzinə, əvvəlki məlumat vərəqindəki məlumatların Müdafiə Nazirliyi tərəfindən düzgün qeyd olunmadığını və bunun sonuncunun təqsiri üzündən baş verdiyini qeyd etməklə kifayətlənmiş və nəticədə hesablamaları ona sonuncu məlumat vərəqinin verildiyi vaxtdan əvvəlki 3 il üzrə aparmışdır ki, bununla da iddiaçının pensiya təminat hüququnun yarandığı vaxtdan qorunduğunu nəzərə almamış və son üç il üzrə hesablamalar aparmaqla iddiaçının sosial təminat hüququnu pozmuşdur. Hazırki inzibati işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna cavabdeh inzibati orqanın 19 iyul 2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş : Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İddiaçı verdiyi MN-11492 nömrəli Məlumat vərəqindən müəyyən olunur ki, o, xx.xx.2019-cu il tarixdən tərxis olunmuş (öz arzusu ilə, vəzifəsi Motoatıcı briqadanın hava hücumundan müdafiə rəisi”, rütbəsi “polkovnik-leytenant”, xidmət illəri 40 il 1 ay 13 gün (təqvimi xidmət illəri 25 il 5 ay 2 gün, güzəştli xidmət illəri 14 il 8 ay 11 gün), tərxis səbəbi “öz arzusu ilə”, vəzifə maaşı 700,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 256,20 manat, 1-ci məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 175,00 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1349,20 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2-ci maddəsinə əsasən Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. 37.7 ci maddəsinə əsasən.Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.11-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki “Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından göründüyü kimi, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Beləliklə, işdən müəyyən olunur ki, sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir.” Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərardadından belə bir nəticəyə gəlmək olur ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ““Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci il 10 mart tarixli Azərbaycan Respublikasının Qanunu (1 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmış, həmçinin yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Ali Məhkəmənin İnzibati Kollegiyası 8 oktyabr 2020-ci il tarixli qərardadı ilə qeyd edilən maddənin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməsini qərara almışdır. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Məhkəmələr tərəfindən bu növ iddialara baxılan zaman, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 17 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqelərinə riayət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.5-ci maddəsinə əsasən Təminat xərcliyi (pul təminatı) dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür. 9.6-cı maddəsinə əsasən Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. 22.4-cü maddəsinə əsasən Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci bəndinə əsasən Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. 3-cü bəndinə əsasən Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. 4-cü bəndinə əsasən Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya 15 yanvar 2019cu il tarixdən təyin edilmiş əmək pensiyasının yenidən hesablanmış məbləği iddiaçının müraciət etdiyi tarixdən əvvəlki 3 illik dövr üzrə 01 yanvar 2020-ci il tarixdən cavabdeh tərəfindən iddiaçıya ödənilir. Lakin qeyd olunması zəruridir ki, yuxarıda adı çəkilən məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli, 0244 saylı əmrində müvafiq dəyişikliklər edilərək, “xidmət mənafeyi naminə səhhəti ilə əlaqədar olaraq” sözləri həmin əmrə əlavə olunaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyii tərəfindən iddiaçıya ZE-54114 nömrəli Məlumat vərəqi verilmiş və həmin məlumat vərqində iddiaçının cəmi təminat xərcliyi 1391,50 manat olmuşdur. Odur ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanması ilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar iddiaçının xidmət etdiyi orqan tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli, təqdim olunmuş məlumatlar əsasında da əmək pensiyası adıçəkilən qurum tərəfindən yenidən hesablanmalıdır. Beləliklə, İddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 28 fevral 2023-cü il tarixli qərarının 12-ci qrafasında (ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri haqqında məlumat) təyin olunma tarixində “1 yanvar 2020-ci il” tarixi iddiaçının hüququnun yarandığı “15 yanvar 2019-cu il” tarixi ilə əvəz edilməli və ödənilməmiş pensiya fərq məbləğinin 15 yanvar 2019-cu il tarixdən 01 yanvar 2020-ci il tarixədək hissəsi iddiaçıya ödənilməlidir. Odur ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən əsassızdır, buna görə də həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11127/2023 saylı 29 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11127/2023 saylı 29 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X6 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar