Məhkəmə qərarları › İş №2-1(103)-1392/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1392/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1392/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı “müavinətin əvvəlki 3 il üçün hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-2319/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-2319/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı müharibə veteranlığına görə verilən müavinətin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Sabunçu rayon Şöbəsinin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv eidlməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxs Şöbəyə müraciət etdiyi tarixdə Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin Təqaüdü”nün təsis edilməsi haqqında xx xxxxx 2019-cu il tarixli Fərmanı qüvvədə olduğu üçün ona müavinət deyil, 80 manat məbləğində Prezident Təqaüdü təyin edilmişdir. O, 3 illik müddətin ödənilməsi tələbini irəli sürmək üçün “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinad etmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 4-cü maddəsində müavinətin növləri sadalanmışdır. Lakin sadalanan növlər arasında Prezident Təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir”. Bu müddəadan da aydın göründüyü kimi şəxsə sosial müavinətin “müraciətdən əvvəlki 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə vətəndaşın Şöbəyə müraciət etdiyi tarixdə Prezidentin sözügedən Fərmanı qüvvədə olduğu üçün Şöbəyə ona sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Beləliklə, şəxsin müraciət etməzdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi hüququ yaranmış olmamışdır. Lakin məhkəmə Qanunun 9.1-ci maddəsini təfsir edərkən bu nüansı nəzərə almayaraq vətəndaşın təqaüd təyin edilməsiylə bağlı müraciətini sosial müavinət təyin edilməsi ilə bağlı müraciətindən fərqləndirməmiş, beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsini səhv təfsir və tətbiq etmişdir. Vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, yəni xx.xx.2019 tarixindən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Bu fakt öz təsdiqini müharibə veteranı vəsiqəsində yazılan “vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir’’ müddəasında da tapır. Yəni güzəşt və imtiyazlardan istifadə hüququnun yaranması vəsiqənin sahibi olmaq anı ilə şərtləndirilmişdir. Şəxsin müharibə veteranı statusunu almaq üçün döyüşlərdə iştirak etməsi bizim üçün mübahisə predmeti deyildir, lakin şəxsin “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması) onun bəhs edilən sosial müavinəti alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Məhkəmə öz qərarında qeyd etmişdir ki, “vəsiqənin verilməsi əsasını iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməsi təşkil etmişdir. Deməli, iddiaçının müvafiq müavinət almaq hüququ məhz həmin tarixdən yaranmışdır”. Lakin məhkəmənin bu mövqeyi tamamilə qanuni əsassızdır. Məhkəmənin özünün də qeyd etdiyi kimi döyüş fəaliyyəti vəsiqənin verilməsi üçün hüquqi əsas olmuşdur. Lakin məhkəmənin bu hüquqi əsası, həm də sosial müavinətin təyin olunması üçün əsas kimi hesab etməsi heç bir normativ müddəaya əsaslanmamaqla yanaşı “Veteranlar haqqında" Qanunun 7-ci maddəsinə də ziddir. Çünki həmin maddə veteranlar üçün güzəştlərin tətbiq edilməsinin hüquqi əsasının veteran vəsiqəsinin təqdim olunması olduğunu aydın şəkildə təsbit etmişdir. Belə ki, döyüş fəaliyyəti veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsas, veteran vəsiqəsi isə müavinətin təyin olunması öçün hüquqi əsasdır. “Veteranlar haqqında” Qanun və bu sahədəki hər hansı digər normativ aktla müharibə veteranları üçün onların xüsusi statusuna görə sıravi vətəndaşlardan fərqli olaraq müəyyən edilən istənilən hüquq güzəşt hesab olunmalıdır. Yəni veteranlar üçün təyin edilmiş kommunal, nəqliyyat və digər xidmətlərin haqqının ödənilməsi üçün tətbiq edilən sosial müavinəti almağa hüquq da güzəşt hesab olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verildikdən sonra iddiaçı qanunla müəyyən edilmiş imtiyazlardan istifadə etmək (müharibə veteranlarına verilən kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinəti almaq) hüququnu həyata keçirmək üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müharibə veteranı vəsiqəsini xx.xx.2019-cu il tarixində aldığı üçün müharibə veteranlarına verilən müavinəti almaq hüququnun həmin gündən yarandığını, buna görə də əvvəlki dövrlərin hesablanıb ödənilməsinin qanunauyğun olmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranlığına görə verilən müavinətin xx xxxx 2016-cı il tarixdən xx xxxx 2019-cu il tarixədək hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2019-cu il tarixdə verildiyindən, məhkəmə hesab edir ki, iddaçıya müharibə veteranlarına ödənilən müavinət xx.xx.2016- cı il tarixdən müavinətin verilməsinin dayandırılaraq, Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə əvəz edildiyi xx.xx.2019-cu il tarixədək hesablanıb ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. İddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi 2019-cu il 04 sentyabr tarixdən etibarən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə təsis edilən və müharibə veteranları üçün nəzərdə tutulan 80 manat məbləğində təqaüd cavabdeh tərəfindən təyin olunmaqla ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə isə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı qəbul olunanadək qanunvericilikdə müharibə veteranları üçün nəzərdə tutulmuş təqaüdün iddiaçıya əvvəlki üç il üzrə ödənilməsinin mümkünlüyü ilə bağlıdır. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Yuxarıda qeyd edilən Fərmanın 2.1.1-ci bəndinə əsasən sözügedən təqaüd 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən bu Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilir. Beləliklə, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdüverilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hakimiyyətlərin bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmələr hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq” və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mövqeyinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda hazırki iş əvvəlki illər üzrə müavinətin hesablanıb ödənilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdehin imtinası iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuşvə barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərarı tarixli qərarı ləğv edilərək, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Sabunçu rayon şöbəsinin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-2319/2020 saylı iş üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı “müavinətin əvvəlki 3 il üçün hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar