Məhkəmə qərarları › İş №2-1(103)-1392/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1392/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1392/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçının ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-919/2021 saylı 17 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçının ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 1981-ci ildə doğulmuşdur. 1997-ci ildə Ali Hərbi Təyyarəçilik Məktəbinə müdavim kimi qəbul olmuş və 2002-ci ildə oranı bitirmişdir. 2002-ci ildən xidmətə başlamış və ona leytenant hərbi rütbəsi verilmişdir. 2002-ci ildən bu günədək AR Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmişdir. Hazırda müvafiq hərbi hissədə aviasiya eskadrilyasinın komandirinin müavini vəzifəsini icra edir, mayor hərbi rütbəsindədir. 22 təqvim ilindən çoxdur ki, Silahlı Qüvvələr sırasında xidmət edir, xidmət müddətinin 17 təqvim ilini zabit kimi xidmət etmişdir. İddiaçı 3 dekabr 2019-cu il tarixdə öz arzusu ilə ehtiyata buraxılması barədə komanda üzrə həmin hərbi hissə komandirinə müraciət etməsinə baxmayaraq, ehtiyata buraxılmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə, İPM-in 2.2.2, 33, 68.2-ci maddələrinə, «Hərbi vəzifə və hərbi xidmət haqqında» AR Qanununun 39.1, 39.4, 39.5, 40, 41-ci maddələrinə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 155, 156-cı maddələrinə, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsaslanaraq, onun (iddiaçının) hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsi öhdəliyinin cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında iddianın rədd olunması xahiş olunmuşdur. İddiaçı 1997-ci ildən AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və hal-hazırda Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində xidmət edir. O, AR Silahlı Qüvvələrinin tərkibində 17 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda, İddiaçı peşəkar və təcrübəli zabit olduğunu, AR Müdafiə Nazirliyinin hərbi hissələrində ixtisasına uyğun hazırlanmış və hal-hazırda Silahlı Qüvvələrdə xidmət etdiyini nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar verilməsi məqsədəuyğun hesab edilməmişdir. Bundan başqa, «Hərbi xidmət haqqında» AR Qanununun 16-cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi kiçik zabitlər (o cümlədən, mayor, polkovnik-leytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müddən edilmişdir. Göründüyü kimi, hərbi xidmət davam etdirilməsini istisna edən əsaslar olmadığı halda, polkovnik-leytenant hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa, yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. AR Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun istifadə olunmaq üçün zabitlər 10 il müddətində peşəkar bir zabitə çevrilir, yüksək səviyyəli təcrübə toplayır, öz vəzifəsi üzrə praktik vərdişlər əldə edir. Hərbi xidmət zamanı yiyələndiyi bilik, təcrübə və bacarıqlarından gənc zabitlərin hazırlanmasında böyük rolu olur. AR Silahlı Qüvvələrinin tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehtiyata buraxılmaq arzusunu hal-hazırda məhkəmə qətnamələri əsasında həyata keçirilməsi AR Silahlı Qüvvələrinin peşəkar, təcrübə toplamış zabitlərin itirilməsi, bununla da müharibə şəraitində yaşayan AR Silahlı Qüvvələrində zabit kadrlarının bpyük çatışmazlığına gətirib çıxaracaqdır. Nəticədə, Azərbaycan Respublikasının mənafeyinin, suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi üçün yaradılmış Silahlı Qüvvələr qarşısında qoyulan əmr və tapşırıqların tam, dəqiq və vaxtında yerinə yetirilməsinə təsir göstərə bilər. Göstərilənləri nəzərə alaraq və İPM-in 47.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı hazırkı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunur Bakı İnzibati Məhkəməsinin 2-1(112)-919/2021 saylı 17 fevral 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək İddiaçı “öz arzusu ilə ehtiyata buraxılması barədə” müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verib apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırıb məhkəmənin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh orqan isə öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından müəyyən edilir ki, İddiaçı 17.06.2021-ci il tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək apellyasiya şikayətinin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və apellyasiya şikayəti geri qaytarılaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İPM-nin 88-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri qaytarılması barədə iddiaçının ərizəsi qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti üzrə icraata xitam verilsin və şikayət geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh., Yusif Səfərov küç. 14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar