Məhkəmə qərarları › İş №2-1(103)-1392/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1392/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1392/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındaki filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “faiz borcunun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11474/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti” cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı faiz borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının əsl iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındaki filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən hesablanmış faiz borcu əsassızdır. Belə ki, filial tərəfindən vergi borcu yaranmamışdan əvvəl vergi orqanına müraciət olunmuş və Milli Gəlirlər Baş İdarəsi Vergi Məcəlləsinin 85.6.2-ci maddəsinə əsasən filiala 9 ay möhlət vermişdir. Filial tərəfindən qrafikdə nəzərdə tutulandan artıq məbləğdə vergilər dövlət büdcəsinə ödənilmişdir. Vergi Məcəlləsinin 85. 10-cu maddəsinə əsasən vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmışdırsa həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanmır. Vergi Məcəlləsində başqa heç bir maddədə vergi öhdəliklərinin icrasına möhlət verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlarla bağlı olaraq Dövlət Vergi Xidmətinə faizlərin silinməsi ilə bağlı müraciət olunsa da, bunun nəticəsi olmamışdır. İddiaçı qeyd edir ki, onun vergi borcunun ödənilməsinin uzadılmasında cavabdeh inzibati orqan öz iradə ifadəsini nümayiş etdirmiş, bununla da iddiaçıya faiz borcunun hesablanmacayına dair təminat vermişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı vergi ödəyicisində keçirilmiş və xx.xx.2018-xx.xx.2019-cul il dövrü əhatə edən səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”a əsasən 3 393 196.97 manat və 365 669.99 manat maliyyə sanksiyası hesablanmışdır. Hazırkı tarixə şəxsi hesab vərəqəsinə əsasən iddiaçı vergi ödəyicisinin dövlət büdcəsinə 2 574 369,03 manat əsas borc, 365 809,99 manat maliyyə sanksiyası və 1 489 344,25 manat faiz borcu mövcuddur. Mübahisələndirilən 513 559.16 manat faiz məbləğlərinin irəli gəldiyi əsas borca möhlət verilməsi barədə iddia tələbi ilə bağlı bildirilir ki, vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi ilə bağlı müddəalar Vergi Məcəlləsinin 85-ci maddəsi ilə maddəsi ilə tənzimlənir və həmin maddənin tələblərinin tam ödənildiyi təqdirdə tətbiq edilir. Hazırkı iş üzrə borcun ödənilmə müddətinin qanunla müəyyən edilmiş müddətələrədək uzadılması barədə əsaslandırılmış müvafiq qərar mövcud deyildir. Qanunla müəyyən edilmiş əsaslar olmadığına görə belə bir qərar qəbul edilməmişdir. Vergi ödəyicinə faiz hesablanmayacağı barədə heç bir təminat verilmədiyi və müvafiq qərar qəbul edilmədiyi halda borcun hissə-hissə ödənilməsi barədə müraciətinin nəzərə alınmasının vergi orqanının üzərinə belə bir öhdəlik qoyulması ilə nəticələnməsi qanunda nəzərdə tutulmamışdır. Vergi orqanı tərəfindən iddiaçının borclarının hiss-hissə ödənilməsi barədə müraciətlərinə nəzərə alınmaqla, faizlərin hesablanmayacağı barədə heç bir təminat verilməmişdir. Göründüyü kimi, cəmiyyət tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə 2021-ci ildə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə edilmiş müraciətlərin heç biri, həmçinin, xx.xx.2021-ci il tarixli müraciət həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 85.9-cu maddəsinin tələblərinə cavab vermədiyindən vergi orqanı tərəfindən bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərar qəbul edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11474/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qərarı (hakim: O.Həsənov) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qərar qəbul edən məhkəmə inzibati aktın mövcudluğu hissədə araşdırma aparmaqla kifayətlənmiş, vergi borcuna faizlərin hesablanmasını istisna edən hallarla bağlı qanunvericiliyin tələblərini araşdırmamışdır. Belə ki, vergitutma ilə bağlı münasibətlər Vergi Məcəlləsi ilə tənzimlənir. Vergi öhdəliklərinin müddətlərinin dəyişdirilməsi yalnız həmin Məcəllənin tələblərinə əsasən həyata keçirilir. Vergi ödəyicisinin “borcuna faizlərin hesablanmalı olmaması” qənaətinə gələn məhkəmə qanunun tələbləri əsasında vergi borcuna faiz hesablanmalı olmayan iki konkret halın mövcudluğu barədə aşkar tələbi nəzərə almamışdır. Vergi Məcəlləsinin müddəalarına əsasən faizlərin hesablanmaması ilə nəticələnən hal vergi öhdəliklərinin müddətlərinin dəyişdirilməsi ilə bağlıdır. Müvafiq girovun və ya zəmanətin verildiyini özündə əks etdirən müraciət mövcud olmamış, nə müvafiq icra hakimiyyəti orqanının müvafiq arayışı, nə də vergi ödəyicisinin maliyyə vəziyyətini əks etdirən sənədlər vergi orqanına təqdim edilməmişdir. İddiaçı tərəfindən edilən müraciət ciddi maliyyə çətinliyi ilə bağlı olaraq borc məbləğinin tam şəkildə ödəmək iqtidarında olmadığından vergi borcunu qrafik üzrə hissəhissə ödəyəcəyini öhdəsinə götürməsini bildirən, bank hesablarına və ƏDV depozit hesabına sərəncam qoyulmaması xahişindən ibarət olmaqla, faizlərin hesablanmamasına gətirib çıxaracaq tələb və ya xahiş nəzərdə tutmamışdır. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən yazılı razılığın ifadə olunduğu məktubun inzibati akt hesab olunduğu qənaətinə gəlmişdir. Halbuki, ödəmə qabiliyyətinə uyğun olaraq borcların hissə-hissə ödənilməsi mövqeyinə cavabdeh inzibati orqanın etiraz etməməsi vergi ödəyicisinin barəsində faiz hesablamamaq öhdəliyini birbaşa müəyyən etmir. Faizlərin hesablanmasını istisna edən nəticələrin yaranması üçün qanunvericilik istənilən sərbəst iradə ifadəsi deyil, müəyyən xüsusi formalı inzibati akt tələbi müəyyən edir. Məhkəmə qərarına əsasən cavabdeh tərəfindən qərarın qəbul edilməməsi onun vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasına göstərdiyi razılıq mövqeyini təkzib etmir. Hazırkı iş üzrə borcun ödənilmə müddətinin qanunla müəyyən edilmiş müddətələrədək uzadılması barədə əsaslandırılmış müvafiq qərarın qəbul edilməsi mümkün olmamışdır. Qanunla müəyyən edilmiş əsaslar olmadığına görə belə bir qərar qəbul edilməmişdir. Vergi ödəyicisinə faiz hesablanmayacağı barədə heç bir təminat verilmədiyi və müvafiq qərar qəbul edilmədiyi halda borcun hissə-hissə ödənilməsi barədə müraciətinin nəzərə alınmasının vergi orqanının üzərinə belə bir öhdəlik qoyulması ilə nəticələnməsi qanunda nəzərdə tutulmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, vergi ödəyicisinə faiz hesablanmayacağı barədə heç bir təminat verilmədiyi və müvafiq qərar qəbul edilmədiyi halda borcun hissə-hissə ödənilməsi barədə müraciətinin nəzərə alınmasının vergi orqanının üzərinə belə bir öhdəlik qoyulması ilə nəticələnməsi qanunda nəzərdə tutulmamışdır. Vergi orqanı tərəfindən iddiaçının borclarının hissə-hissə ödənilməsi barədə müraciətlərinə nəzərə alınmaqla, faizlərin hesablanmayacağı barədə heç bir təminat verilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi-vəkili tərəfindən məhkəməyə ərizə ünvanlanmış və ailə vəziyyəti ilə əlaqədar xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı cavabdeh tərəfindən hesablanmış 513.559,16 manat faiz borcunun hesablanmasını əsassız sayır və bu halı onunla əsaslandırır ki, cavabdeh tərəfindən 2.818.749,4 manat vergi borcunun ödənilməsinə görə iddiaçıya möhlət verildiyi halda, inzibati orqan bunu nəzərə almamış və vergi ödəyicisinə faiz hesablanmışdır. Cavabdeh isə iddia tələbini etiraz ilə qarşılayır və bildirir ki, vergi ödəyicisinə faiz hesablanmayacağı barədə heç bir təminat verilmədiyi və müvafiq qərar qəbul edilmədiyi halda borcun hissə-hissə ödənilməsi barədə müraciətinin nəzərə alınmasının vergi orqanının üzərinə belə bir öhdəlik qoyulması ilə nəticələnməsi qanunamüvafiq hesab olunmur. Eyni zamanda cavabdeh qeyd etmişdir ki, iddiaçının müraciəti həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 85.9-cu maddəsinin tələblərinə cavab vermədiyindən vergi orqanı tərəfindən bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərar qəbul edilməmişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçının əsas hüquqi marağının yönəldiyi tələbi faiz borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (hazırki redaksiyasına görə): - 13.2.18. Faizlər - borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmədir; - 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. - 59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi məbləğlərinə və cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. - 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. - 85.9. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi tərəfindən vergi növü (növləri) üzrə vergi orqanına yazılı müraciət təqdim edilməlidir. Mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2 000 manatdan 20 000 manatadək, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20 000 manatdan 100 000 manatadək və iri sahibkarlıq subyektinin borcu 100 000 manatdan 300 000 manatadək olduqda, vergi ödəyicisi tərəfindən müraciətə aşağıda göstərilən məlumatları əks etdirən sənədlər əlavə edilir: 85.9.1. bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulan hər bir hala münasibətdə müraciət edilmə tarixinə vergi ödəyicisinin kassasında, milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların VÖEN-i göstərilməklə adı və borcun məbləği, habelə son bir il ərzində bank hesabları üzrə aparılmış əməliyyatlar barədə arayışlar; 85.9.2. bu Məcəllənin 85.6.1-ci maddəsində nəzərdə tutulan hala münasibətdə hadisənin baş verməsi barədə və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışları. 03 dekabr 2021-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olan): - 85.9. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi yazılı şəkildə əsaslandırılmış və onun tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi üçün müvafiq girovun və ya zəmanətin verildiyini özündə əks etdirən müraciətini vergi orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində bu müraciətə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq qərar qəbul edir. Müraciət vergi növü (növləri) üzrə onların müvafiq hesabat dövrü üçün qanunvericiliklə müəyyən edilmiş ödəmə müddətinədək təqdim olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində bu müraciətə baxır və müvafiq əsaslar olduğu halda müddətin uzadılması barədə qərar qəbul edir. - 85.10. Bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıla bilər. Vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq aşağıdakı qaydada uzadıla bilər: Həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanmır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı tərəfindən vergi borcu yaranmamışdan əvvəl Vergi Məcəlləsinin 85.6.2-ci maddəsinə əsasən yaranmış borcun hissə-hissə ödənilməsinə möhlət verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixində cavabdehə müraciət edilmiş və həmin baş idarənin xx.xx.2021-ci il tarixi **********475800 saylı, və **********890500 nömrəli, xx.xx.2021-ci il tarixli məktublarla borcun ödənilməsinə möhlət verilmiş, bank hesabları və ƏDV depozit hesabı üzərinə qoyulmuş sərəncamlar götürülmüşdür. Müəyyən olunmuş ödəniş qrafikinə əsasən may ayı ərzində 400 000, iyun ay, ərzində 956 230,61, iyul ayı ərzində 300 000 manat, avqust ayı ərzində 300 000 manat, sentyabr ayı ərzində 300 000 manat, oktyabr ayı ərzində isə 300 000 manat, dekabr ayı ərzində 262 498,79 manat məbləğində ödəniş edilməklə qrafikdə bu aylar uçun nəzərdə tutulmuş 2 818 749,4 manat vergi borcu dövlət büdcəsinə ödənilmişdir. Lakin cavabdeh tərəfindən möhlət verilməsinə baxmayaraq 2 818 749,4 manat vergi borcuna görə iddiaçıya 513 559.16 manat faizlər hesablanmışdır. Cavabdehin etirazı və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, vergi ödəyicisinə faiz hesablanmayacağı barədə heç bir təminat verilməmiş və bununla bağlı müvafiq qərar qəbul edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə vergi orqanı arasında vergi borcunun ödənilməsi müddətinin uzadılması ilə bağlı münasibətlər VM-nin 85.10-cu maddəsinin əvvəlki redaksiyası qüvvədə olan vaxtda yarandığından, hazırki mübahisəyə tərəflər arasında hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan VM-nin 85.10-cu maddəsi tətbiq olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan VM-nin 85.9-cu və 85.10-cu maddələrinə görə vergi orqanı tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıldığı halda faizin hesablanması nəzərdə tutulmadığından, hazırki mübahisənin həllində vergi orqanı tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə inzibati aktın mövcud olub-olmamasının müəyyən edilməsi zəruridir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh apellyasiya şikayətində vergi ödəyicisinə faiz hesablanmayacağı barədə heç bir qərar qəbul edilmədiyini iddia edir. Lakin iş materiallarından görünür ki, iddiaçının vergi borcunun ödənilməsinə möhlət verilməsi və bank hesablarına sərəncam qoyulmaması ilə bağlı eyni məzmunlu müraciətlərinə cavabdeh tərəfindən müsbət cavablar verilmişdir. Belə ki, iş materiallarında olan cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********890500 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçının yaranmış maliyyə çətinliyi ilə bağlı may ayı üzrə dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinə möhlət verilməsi və bank hesablarına sərəncam qoyulmaması ilə bağlı müraciətlərinə baxılmış, səyyar vergi yoxlaması nəticəsində dövlət büdcəsinə yaranmış borclara münasibətdə müraciətdə qeyd olunanlar nəzərə alınmışdır. Həmçinin, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********475800 nömrəli məktubunda iddiaçının dövlət büdcəsinə yaranmış vergi borcunun qrafikə uyğun ödənilməsi ilə bağlı müraciətində qeyd olunanların nəzərə alındığı əks olunmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasının ayrıca qərar şəklində qəbul etməsə də, bununla bağlı razılığını iddiaçıya müvafiq məktub ilə bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qərarın qəbul edilməməsi, onun vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasında göstərdiyi razılıq mövqeyini təkzib etmir. Çünki, cavabdeh razılıq mövqeyini qərar şəkildə deyil də, məhz məktub formasında iddiaçıya bildirmişdir ki, bu da həmin məktubun iddiaçıya hüquqi nəticələr yaratdığının göstəricisi olmaqla yanaşı, həmçinin məktubun inzibati akt kimi qəbul edilməsinin əsası qismində çıxış edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki: “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” 2020-ci il 13 avqust tarixli qərardadına əsasən: “26-cı bənd. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. 29-cu bənd. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. 30-cu bənd. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. 31-ci bənd. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. Beləliklə, inzibati akt aşağıda sadalanan əlamətlərə malik olmalıdır: İnzibati orqan tərəfindən qəbul edilməli; Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Göründüyü kimi, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Hazırki işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktub (vergi borcunun ödənilməsinə möhlət verilməsi barədə) inzibati aktın daşıdığı əlamətlərə malik olmaqla, iddiaçıya müəyyən hüquqi nəticələr yaratmışdır ki, bunun zənnində iddiaçı vergi borcunun ödənilməsi ilə bağlı əlavə vaxt qazanmışdır. Belə olan halda kollegiya hesab edir ki, vergi borunun ödənilməsinin uzadılması barədə məktub hüquq nəticələr yaratdığından, inzibati akt hesab olunur. Odur ki, tərəflər arasında hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan VMnin 85.10-cu maddəsinin (xx.xx.2021-ci il tarixədək olan redaksiyası) normalarına görə vergi borcuna görə iddiaçıya hesablanmış faizlər əsassızdır. Həmçinin məhkəmə kollegiyası nəzərə çatdırır ki, vergi borcunun ödənilməsinin uzadılmasının qərar formasında deyil də, məktub formasında cavablandırılması vəziyyəti iddiaçının ziyanına dəyişmir və ona əlavə məsuliyyət yaratmır. Bundan başqa cavabdeh apellyasiya şikayətində Vergi Məcəlləsinin (2022-ci il 1 yanvar tarixinədək qüvvədə olan) 85.9-cu maddəsinə istinad edərək qeyd etmişdir ki, müvafiq girovun və ya zəmanətin verildiyini özündə əks etdirən müraciət mövcud olmamış, nə müvafiq icra hakimiyyəti orqanının müvafiq arayışı, nə də vergi ödəyicisinin maliyyə vəziyyətini əks etdirən sənədlər vergi orqanına təqdim edilməmişdir. Göstərilən dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsinin uzadılması ilə bağlı müraciətlərinə baxmış cavabdeh inzibati orqan vergi ödəyicisinə borcun hissə-hissə ödənilməsinə möhlət vermiş, bununla da vergi ödəyicisi vergi orqanına etimad göstərmişdir. Başqa sözlə, cavabdeh inzibati orqan iddiaçıya məktub (inzibati akt) ünvanlayaraq onun dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsinə möhlət verdiyindən, iddiaçı da bu müddət ərzində ona faiz hesablanmayacağına ümüd etdiyindən, yəni dövlət orqanına etimad göstərdiyindən, məhkəmə kollegiyası cavabdehin sözügedən dəlilini əsassız hesab edir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11474/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar