Məhkəmə qərarları › İş №2-1(103)-1393/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1393/2020

27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1393/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı vəkili Nümayəndə Tapdıq oğlunun, cavabdeh Bakı Şəhəri Cavabdehin nümayəndəsi X6, üçüncü şəxs X1 iştirakı ilə sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1959/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Ə.İsrafilov) məhkəməyə müraciət edərək, Nərimanov RİH başçısının xx.xx.1996-cı il tarixli 784/14 nömrəli sərəncamının etibarsızlığına dair qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı mübahisə predmeti olan mənzildə 1992-ci ilin fevral ayından yaşayır. Bunu təsdiq edəcək sənədlər məhkəməyə təqdim edilib və əlavə olaraq şahid ifadələri ilə təsdiq edilə bilər. Həmin vaxt mənzil sahibsiz olub. İddiaçının mənzilə hüquqları 1992-ci ildən yaranıb. xx xxxxxx 1995-ci ildə ümumxalq səsverməsi nəticəsində qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Konstitusiyanın müddəasını əsas götürərək hesab edir ki, həmin dövrdə, yəni 1992ci ildə, qüvvədə olan qanunvericilik, xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, 1964-cü ilin 11 sentyabrda qəbul edilmiş Mülki Məcəllənin 136-cı maddəsi sahibsiz əmlak anlayışını verib və həmin maddədə 1-ci hissəində göstərilir ki, mülkiyyətçisi olmayan və ya mülkiyyətçisi məlum olmayan əmlak (sahibsiz əmlak) maliyyə orqanının ərizəsi ilə çıxarılmış məhkəmə qətnaməsi üzrə, dövlət mülkiyyətinə verilir. Ərizə əmlak uçota alındığı gündən bir il keçdikdən sonra verilir. Həmin maddənin 3-cü hissəsində qeyd edilir ki, sahibsiz əmlakın aşkara çıxarılma və uçota alınma qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Daha sonra, həmin məcəllənin 148-ci maddəsi sahiblik edən, lakin mülkiyyətçi olmayanın hüquqlarının müdafiəsi anlayışını verir. Maddədə göstərilir: Bu Məcəllənin 142- 147-ci maddələrində nəzərdə tutulmuş hüquqlar həmçinin, mülkiyyətçi olmasa da, qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edənə də məxsusdur. Qeyd edilənlərdən görünür ki, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ 1964-cü il Mülki Məcəlləsinin tələbinə əsasən yaranmış olur. Qeyd etdiyi kimi, iddia tələbi üzrə subyektiv hüquq 1992-ci ildə yaranıb. Daha sonra, hakim üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilən mübahisəli mənzil xx.xx.1996-cı il tarixdən qanunsuz tikili kimi icra hakimiyyətinin balansına götürülmüş, Nərimanov RİH başçısının 784/14 saylı xx.xx.1996-cı il tarixli “Ə.A.İsrafılova müvəqqəti mənzil sahəsi verilməsi” barədə sərəncamına əsasən Ü.Bünyadzadə küçəsindəki 17 nömrəli evin sahəsi 57 kv.m. olan 3 otaqlı məhdud kommunal şəraitli mənzili ev növbəsi çatana qədər müvəqqəti istifadə üçün 5 nəfər ailə tərkibi ilə (özü, arvadı, uşaqları) Ə.A.İsrafılova verilmişdir. İddiaçı isə 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə həmin ünvanda məskunlaşmış, xx.xx.1997-ci il tarixdə 054688 saylı qeydiyyat vərəqəsi ilə məcburi köçkün kimi həmin ünvana müvəqqəti qeydiyyata alınmaları barədə arayışa istinad etmişdir. Lakin hakim ərizəyə əlavə etdiyi arayışa qiymət verməmişdir. Belə ki, iş materiallarında olan, lakin elektron məhkəmə sisteminə əlavə edilməyən 37 saylı MİS tərəfindən verilmiş arayışdan da görünür ki, iddiaçı mübahisəli mənzildə 1992-ci ildən ailə üzvləri birlikdə yaşayır. Cavabdeh sərəncam qəbul edərkən iddiaçını məlumatlandırmalı olduğu halda bunu etməmiş və aradan 23 ildən artıq vaxt keçəndən sonra mənzilə basqın etməklə iddiaçını məlumatlandırmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, iddiaçının qaldırdığı iddia inzibati aktın etibarsızlığının tanınması tələbi ilə bağlı müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. Bu növ iddianın məqsədi hər hansı qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik aydınlaşdırılmasından ibarətdir. İPM-in: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır; 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər; 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər; 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər; 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır; Göründüyü kimi, İPM-də müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü təsbit edilmişdir: 1. hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM-in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2. inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3. artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi). Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Sözügedən iddianın sadalanan beş mümkünlük şərtlərinin təhlilindən irəli nəticəyə görə, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya iki xüsusi mümkünlük şərti müəyyən etmişdir: 1. iddiaçının kifayət qədər marağının olması; 2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. İşdən görünür ki, iddiaçı cavabdehin xx.xx.1996-cı il tarixli sərəncamını mübahisələndirir. İddianın ilkin şəklində iddiaçı sərəncamın ləğvi tələbini irəli sürsə də, sonradan iddiasını dəyişərək, sərəncamın etibarsız hesab edilməsi tələbini qoymuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirmə haqqında iddianın qaldırılması üçün İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulan 30 günlük prosessual müddətin hüquqi nəticələrindən yan keçmək niyyətindən və bununla bağlı iddia tələbini sonradan formaca inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya uyğunlaşdırmaq istəyindən asılı olmayaraq, iddia mümkün sayılmamalıdır. İddianın qeyd olunan əsasla mümkün sayıldığı fərz olunsa, o halda iddia digər prosessual əsaslarla da mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliklə məhkəmədə inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün hər hansı müddət müəyyən edilməmişdir. Lakin belə bir müddət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM) ilə nəzərdə tutulmuşdu. MPM-in, Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan “Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət” adlı 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (İkinci yarımbölmə. Ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat (xüsusi iddia icraatı). Fəsil 27. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşürülən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-ində də nəzərdə tutulmuşdu (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər.) Adıçəkilən Məcəllənin “Məhkəməyə şikayət verilməsi üçün müddətlər” adlı 243-5-ci maddəsinə görə, vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. Şikayət vermək üçün üzrlü səbəbə görə buraxılmış müddət məhkəmə tərəfindən bərpa edilə bilər. Göründüyü kimi, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə məhkəməyə müraciət etmə müddətləri nəzərdə tutulmuş, MPM-lər bu müddəti “şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən” və “şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən” 1 ay olaraq müəyyən etmişdir. Buna görə, mübahisə açan tərəf MPM-lərin verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Çünki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla da, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində iddiaçı hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. İPM-in bu məsələlərlə əlaqədar keçid müddəaları nəzərdə tutmaması da diqqətə alınarsa, iddiaçının artıq ötürdüyü bu bir aylıq prosessual müddətlərin İPM-lə bərpa olunmadığı sabit olar. Başqa sözlə, xx.xx.2011-ci il tarixə mübahisələndirilməsi mümkün olmayan hüquqi faktlar bu tarixdən sonra da mübahisə edilə bilməz. İPM-in əsas alındığı alman prosessual hüququna görə də uzun müddət mövcud olan tələbin qaldırılmaması həmin tələbin itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır. Bu mənada, yalnız mübahisələndirmə və məcburetmə haqqında iddiaların qaldırılması üçün prosessual müddət müəyyən edən qanunvericinin İPM-in 36.3-cü maddəsində iddiaçıdan həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olmasını tələb etməsi də bu kontekstdə dəyərləndirilməlidir. Odur ki, inzibati orqanların x xxxxxx 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı iş” üzrə xx.xx.2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İşdə olan, Nərimanov RİH başçısının xx.xx.1996-cı il tarixli 761 nömrəli “Ülvi Bünyadzadə küçəsi 17 saylı ünvanda yerləşən qanunsuz tikilinin Yerli Hakimiyyətin mənzil fondu balansına götürülməsi haqqında” sərəncamına görə, göstərilən ünvanda yerləşən qanunsuz tikilini yerli hakimiyyətin mənzil fondu balansına götürülməsi haqqında 36 saylı MKİK müraciət etmişdir. İdarələrarası komissiya tərəfindən yoxlama aparılmış və müəyyən edilmişdir ki, qanunsuz tikili sahibsizdir. Onun yaşayış sahəsi 57 kv.m, köməkçi sahəsi 14,8 kv.m-dir. Sanitar-texniki və yanğın mühafizə normalarına uyğundur. Komissiya tikilini yerli hakimiyyətin mənzil fondu balansına götürülməsini məqsədəuyğun hesab etmişdir. Qeyd edilənlərə əsasən, idarələrarası komissiyanın Ü.Bünyadzadə küçəsi 17 saylı qanunsuz tikilisi haqqında texniki rəyi təsdiq edilmiş, Ü.Bünyadzadə küçəsi 17 saylı ünvanda yerləşən yaşayış sahəsi 57 kv.m, köməkçi sahəsi 14,8 kv.m. qanunsuz tikili yerli hakimiyyətin mənzil fondu balansına götürülmüşdür. Nərimanov RİH başçısının xx.xx.1996-cı il tarixli 784/14 nömrəli “Ə.A.İsrafilova müvəqqəti mənzil sahəsi verilməsi” barədə sərəncamına əsasən, Ü.Bünyadzadə küçəsindəki 17 nömrəli evin sahəsi 57 kv.m. olan 3 otaqlı məhdud kommunal şəraitli mənzili ev növbəsi çatana qədər müvəqqəti istifadə üçün 5 nəfər ailə tərkibi ilə (özü, arvadı, uşaqları) Ə.A.İsrafilova verilmişdir. Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli 355 nömrəli “Ə.A.İsrafilovun yaşadığı mənzilin ona daimi yaşayış üçün verilməsi haqqında” sərəncamına görə, Ə.A.İsrafilov Nərimanov RİH başçısının xx.xx.1994-cü il tarixli 6 nömrəli sərəncamı ilə 1 nəfər ailə tərkibi ilə (özü) iş yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Ə.A.İsrafilov 6 nəfərlik ailə tərkibi ilə (özü, arvadı, 2 qızı, oğlu, nəvəsi) Ü.Bünyadzadə küçəsindəki 17 nömrəli ünvanda yerləşən, ümumi sahəsi 72,1 kv.m, yaşayış sahəsi 57 kv.m. olan 3 otaqlı mənzilində daimi qeydiyyatda olmaqla yaşayır. Həmin mənzil Nərimanov RİH başçısının xx.xx.1996-cı il tarixli 784/14 nömrəli sərəncamına əsasən Ə.A.İsrafilovun ailəsinə müvəqqəti yaşayış üçün verilmişdir. Qeyd olunanlara əsasən X5 yaşadığı Ü.Bünyadzadə küçəsindəki 17 nömrəli evdə yerləşən ümumi sahəsi 72,1 kv.m, yaşayış sahəsi 57 kv.m. olan 3 otaqlı mənzili ona daimi yaşayış üçün verilmişdir. 37 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 37/615 nömrəli arayışa əsasən İddiaçı Ü.Bünyadzadə küçəsi 17 saylı evdə özü, həyat yoldaşı, qızı ilə birlikdə 1992-ci ildən bu günə kimi Laçın rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu üzrə sektoru tərəfindən “A.İ.M” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli 09 nömrəli məktuba görə, Laçın rayon sakini İddiaçı həyat yoldaşı X4 ilə birlikdə xx.xx.1997-ci il tarixdə 054688 saylı qeydiyyat vərəqəsi ilə məcburi köçkün kimi ünvan 4 ünvana müvəqqəti qeydiyyata alınmışlar. 2003-cü ildə qızı X2 anadan olmuşdur. Bakı şəhəri üzrə məcburi köçkünlərin qeydiyyat vərəqəsi üzrə qeydiyyata alınmasına 1995-ci ildən başlanılmışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2020-ci il tarixli 01/6136 nömrəli məktuba əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə əsasən məcburi köçkün İddiaçı ailəsinə 3 nəfər ailə tərkibinə uyğun olaraq Qaradağ rayonu “Qobu Park 2” yaşayış kompleksində bina 23, mənzil 53, 2 otaqlı mənzil ayrılmış və xx.xx.2020-ci il tarixdə 23/53 köçürülmə vərəqəsinə əsasən həmin mənzil İddiaçı ailəsinin adınadır. İşin istinad olunan hallarından göründüyü kimi, iddiaçının qeyd edilən mübahisəli mənzil üzərində əmlak hüquqlarına dair hər hansı bir hüquq müəyyənedici sənədi mövcud deyil. Onun həmin ünvanda yalnızca yaşayış yeri üzrə qeydiyyatdadır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən də yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, iddiaçının mübahisəli mənzil üzərində əmlak hüquqlarına dair hər hansı bir hüquq müəyyənedici sənədinin mövcud olmaması, həmçinin, xx.xx.2000-ci il tarixə 3 il, xx.xx.2011-ci il tarixə 14 il, iddianın qaldırıldığı xx.xx.2019-cu il tarixə isə 22 il ərzində pozulduğunu irəli sürdüyü konkret hüquqi marağı ilə bağlı məhkəməyə müraciət etməməsi onun bu marağını artıq itirdiyinə, bunun nəticəsində isə iddianın qaldırılması üçün başlıca şərt kimi mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan müvafiq subyektiv hüquqa malik olmadığına dəlalət edir. Bu mənada, məhkəmə kollegiyası iddiaçının əvvəllər qüvvədə olan maddi hüquq normalarına istinadını qəbul etmir və dəlilləri qanunun səhv təfsirindən ibarət olan apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla əlaqədar, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-35, 87.6). Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1959/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar