Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1393/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi, İddiaçının nümayəndəsi (həyat yoldaşı) X2, vəkili X3, 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-201/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ’’AZ GROUP CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətinə ofis binası, anbar və kassaların tikilməsinə icazə verilməsi haqqında 145 saylı 07.04.2017-ci il tarixli Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-201/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-201/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, sərəncam qəbul edilərkən pozuntulara yol verilmişdir. Belə ki, mübahisəli qeyr-yaşayış sahəsinin tikintisinə icazə verilərkən onun inşasının nəzərdə tutulduğu torpaq sahəsinin kimə məxsus olması (dövlət, bələdiyyəyə və s.) müəyyən olunmamış, torpaq sahəsinin ayrılması barədə müvafiq qərar qəbul edilməmiş, torpaq sahəsinin dəqiq yeri və koordinatları müəyyən edilməmişdir. Sərəncam tikilinin aparılma yerinə münasibətdə qeyrimüəyyən olmaqla dəqiq deyildir. Həmin sərəncamla qeyri-yaşayış sahəsinin 5 saylı yaşayış binasının yaxınlığında tikilməsinə icazə verilmişdir. Tikiliyə icazə verilmiş ərazidə 5 saylı binanın zirzəmisində ona məxsus qeyri-yaşayış sahəsinin yerləşməsinə baxmayaraq ona bu barədə məlumat verilməmişdir. Məhkəmə tərəfindən iş üzrə obyektiv araşdırma aparılmamışdır. Zirzəmidən iki giriş-çıxış yolunun olması barədə məhkəmənin gəldiyi nəticə işin həqiqi vəziyyətinə uyğun deyildir. Giriş-çıxış yolundan istifadənın mümkünlüyü ekspertiza təyin olunmaqla yoxlanılmamışdır. Məhkəmə tərəfindən mübahisəli tikilinin istismara qəbul edilməsinin qanuniliyinə qiymət verilməmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 01.06.2020-ci il tarixli məktubunda İnşaatçılar prospekti, 5 saylı binada qeyri-yaşayış obyektlərinin təsdiq olunmuş planında mübahisəli tikilinin ümumi sahəsinin 47.70 kv.m olduğu göstərildiyi halda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazi tikinti planlaşdırma mərkəzi tərəfindən 3-cü şəxsə məxsus qeyri-yaşayış sahəsinin ölçü layihəsində onun sahəsi 271.20 kv.m kimi göstərilmişdir. Tərəflərin izahatları İddiaçının vəkili X8 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, mübahisələndirilən sərəncamın tikintiyə icazə üçün verildiyini, torpaq sahəsinin ayrılması üçün sənədlərin olmadığını, 7 aprel 2017-ci il tarixli sərəncamda torpaq sahəsinin ayrılması barədə 6 mart 1997-ci il il sərəncama istinad olunduğunu, ancaq həmin sərəncamda torpaq sahəsinin ayrılmasının göstərilmədiyini bildirmişdir. İddiaçının nümayəndəsi (həyat yoldaşı) X5 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, giriş-çıxışın müəyyən edilməsi ilə bağlı komissiyanın təşkil edilməsi cavabdeh orqana bildirilsə də onun təşkil edilmədiyini bildirmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi (həyat yoldaşı) və vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişlər. 3-cü şəxsin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında binanın çıxışının həyətə olduğunu, 3-cü şəxsin qanuni yolla müraciət etdiyini, onlara tikintiyə icazənin sərəncamla verildiyini və iddiaçının obyektinə iki giriş-çıxışın olduğunu, sərəncamla iddiaçının hüquqlarının pozulmadığını bildirmişdir. Bununla bağlı 3cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı bu barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və digər 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdeh və digər 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin və digər 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 16.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı tələbi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ofis binası, anbar və kassaların tikilməsinə icazə verilməsi haqqında 145 saylı 07.04.2017-ci il tarixli Sərəncamının ləğvi barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halının müəyyən edilməməsinə, həmin sərəncamla icazə verilmiş tikintinin iddiaçının mülkiyyət hüquqlarını pozması, ona məxsus qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunu kəsməsi ilə əlaqədar iddiaçı tərəfindən irəli sürülən dəlillərin öz təsdiqini tapmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddia tələbini qərarında qeyd olunanlarla bağlı rədd etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Kollegiya hesab edir ki, məhkəmənin qərarında qeyd etdiyi hallar iddianın rədd edilməsi üçün yetərli deyildir. İşə əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı 24.05.2018-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahələrinin istismar və məişət tullantılarının daşınması haqlarının ödənilməsi haqqında Bakı şəhər 3 saylı Xüsusi Təyinatlı MKTB ilə icarəçi İddiaçı arasında bağlanmış 8 saylı 01.03.2015-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən ümumi sahəsi 79.0 kv.m olan qeyriyaşayış sahəsi anbar qismində istifadə üçün İddiaçı istifadəsinə verilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 002072 saylı 24.07.2002-ci il tarixli Şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisindəki 78.1 kv.m qeyri-yaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu müəssisə və obyektin texniki pasportundan görünür ki, icarəçi İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən ümumi sahəsi 78.1 kv.m olan qeyri-yaşayış sahəsinin texniki pasportu tərtib edilmişdir. «AZ GROUP CONSTRUCTİON” MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanlanmış 02.03.2017-ci il tarixli məktubdan görünür ki, «AZ GROUP CONSTRUCTİON” MMC-nin təsərrüfat fəaliyyəti ilə əlaqədar istifadə məqsədləri üçün müvafiq qeyri-yaşayış sahəsi ilə təmin olunmasına ehtiyac yaranmışdır. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında dövlət mənzil fonduna aid yaşayış binasının 1-ci mərtəbəsində 240.16 kv.m qeyri-yaşayış sahəsi hal-hazırda boş və istifadəsizdir. Yararsız vəziyyətdə olan qeyd edilən qeyri-yaşayış sahəsinin təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün orada bərpa işlərinin aparılmasında ehtiyac vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, hal-hazırda boş və istifadəsiz olan 240.16 kv.m qeyri-yaşayış sahəsinin təsərrüfat ehtiyacları üçün daha səmərəli istifadə olunması üçün «AZ GROUP CONSTRUCTİON” MMC-nin balansına verilməsi xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 98 saylı 06.03.2017-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhər Mənzil Kommunal Departamentinin balansında olan Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.metr qeyri-yaşayış sahəsi «AZ GROUP CONSTRUCTİON” MMC-nin balansına verilmişdir. Həmin sərəncama əsasən Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən qeyd olunan qeyri-yaşayış obyektinin planı da təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 145 saylı 07.04.2017-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 98 saylı 06.03.2017ci il tarixli Sərəncamı nəzərə alınaraq Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının yaxınlığında 2 mərtəbəli ofis binası, anbar və kassaların tikintisi üçün «AZ GROUP CONSTRUCTİON” MMC-yə icazə verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 95 saylı 02.03.2018-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 98 saylı 06.03.2017-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-nin balansına verilmiş Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.metr və həmin ünvanda əlavə olaraq yeni inşa edilmiş 1 və 2 mərtəbəli, sahəsi 271.20 kv.m, ümumi sahəsi 511.36 kv.m qeyri-yaşayış sahəsində yerləşən ofis binası, anbar və kassa otaqları istismara qəbul edilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddiaçının tələbi zəruri araşdırma sonadək aparılmadan rədd edilmişdir. Belə ki, məhkəmə tərəfindən ilk öncə iddianın mümkünlük şərtləri yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını yoxlamalıdırlar (2.3-cü bənd). Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Hazırki işdən müəyyən olunur ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı və 3-cü şəxsə məxsus torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyini, düşdüyü təqdirdə iddiaçının hüquqlarının pozulduğunu, mübahisələndirilən tikilinin tikintisi üçün ayrılmış torpaq sahəsinin planında nəzərdə tutulmuş sahədən artıq ərazidə inşa edilməsini, ümumiyyətlə İcra Hakimiyyətinin tikintiyə icazə verərkən bunun üçün həmin dövrdə səlahiyyətinin olub-olmamasını araşdırmamışdır. Bununla yanaşı, iddiaçıya məxsus binanın həqiqətən də iki giriş-çıxış yolunun olub-olmamasını müəyyən etmək üçün ərazinin yerində müayinəsi keçirilməmiş, iddiaçı ilə 3-cü şəxsin maraqlarının toqquşduğunu müəyyən etmək məqsədilə müvafiq ekspertiza keçirilməmiş, eyni zamanda inzibati orqan tərəfindən inzibati icraatın aparılmasında iddiaçının iştirakını və onun dinlənilmə hüququnu təmin edib-etmədiyi yoxlanılmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddiaçının iddia tələbinin həm mümkünlüyü baxımından, həm də mahiyyəti üzrə qanuni və əsaslı olub-olmaması baxımından birinci instansiya məhkəməsinin apardığı səthi araşdırma iddianın rədd edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, hazırki işə birinci instansiya qaydasında yenidən baxılarkən ilk növbədə iddianın mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyi yoxlanılmalı, bu zaman subyektiv hüququn pozuntusunu müəyyən etmək üçün torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyi, düşdüyü təqdirdə iddiaçının hüquqlarının pozulduğu, mübahisələndirilən tikilinin tikintisi üçün ayrılmış torpaq sahəsinin planında nəzərdə tutulmuş sahədən artıq ərazidə inşa edilməsi, ümumiyyətlə İcra Hakimiyyətinin tikintiyə icazə verərkən səlahiyyətinin olub-olmaması araşdırılmalı, iddiaçıya məxsus binanın həqiqətən də iki giriş-çıxış yolunun olub-olmamasını müəyyən etmək üçün ərazinin yerində müayinəsi keçirilməli, iddiaçı ilə 3-cü şəxsin maraqlarının toqquşduğunu müəyyən etmək məqsədilə zərurət olduğu təqdirdə müvafiq ekspertiza keçirilməli, eyni zamanda inzibati orqan tərəfindən inzibati icraatın aparılmasında iddiaçının iştirakını və onun dinlənilmə hüququnu təmin edib-etmədiyi yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Həmin Məcəllənin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Buna görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 13.11.2020-ci il tarixli qərar ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-201/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1393/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1393/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver