Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1393/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1, iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)-8360/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin ******* N-li, xx.xx.2021-ci il tarixli və ******* N-li, xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi və AR DMX-nin üzərinə iddiaçının 52103/m nömrəli, xx.xx.2021ci il tarixli və 52116/m nömrəli, xx.xx.2021-ci il tarixli müraciətlərinin təmin edilməsi öhdəliyinin qoyulması haqqında məhkəmə qərarının qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir İddia tələbində göstərilmişdir ki, İddiaçı Rusiya Federasiyasının Mahaçqala şəhərində doğulmuşdur. X5 Rusiya Federasiyasının vətəndaşıdır, atası Nazir Mustafayev Azərbaycan Respublikasının vətəndaşıdır. 2003-cü ildə Bakı şəhəri 81 N-li məktəbin direktoru onu doğum haqqında rusiya şəhadətnaməsi ilə birinci sinifə qəbul etməkdən imtina edərək qəti şəkildə onun adına olan AR-nin şəxsiyyət vəsiqəsinin təqdim edilməsini tələb etmişdir. Atası onun anasının (qanuni nümayəndəsinin) razılığı olmadan onun adına AR-nin şəxsiyyət vəsiqəsini almışdır (bu barədə anasına yalnız 2012-ci ildə məlum olmuşdur) 2012-ci ildə onun valideynlərinin yazılı razılığı ilə və iddiaçının könüllü iradə ifadəsinə əsasən RF-də güzəştli ali təhsil almaq məqsədilə o, rusiya vətəndaşlığını rəsmiləşdirdi. xx.xx.2012-ci ildə ona RF vətəndaşının seriya 51 № ******* pasportu verildi. Sənədləşdirmə xx.xx.2012-ci ildə RF-nin AR-dəki səfirliyi tərəfindən aparılmışdır. 2014-cü ildə Bakı şəhərində orta məktəbi bitirdikdə buraxılış imtahanlarının verilməsi üçün iddiaçı AR Dövlət İmtahan Komissiyasına rusiya pasportunu təqdim etdi, sonuncu isə ondan ARdə müvəqqəti yaşamaq icazəsini tələb etdi. AR DMX özünün u/M-1709 nömrəli, xx.xx.2014-ci il tarixli məktubunda onun azərbaycan vətəndaşı olmasına istinad edərək, “AR vətəndaşlığı haqqında” AR Qanununa əsaslanaraq, lakin bu qanunun konkret normalarına istinad etməyərək müvəqqəti yaşamaq icazəsi verməkdən imtina etdi. xx.xx.2014-cü ildə elektron poçt vasitəsilə AR DMX-nə ona müvəqqəti yaşamaq icazəsi verilməsindən imtinanın qanunsuz və əsassız olması barədə məktub göndərilsə də həmin məktuba elə də cavab verilmədi. AR DMX-nin icazəsi olmadan o, rusiya pasportu ilə imtahanların verilməsinə buraxılmırdı. Nəticədə - orta təhsil haqqında attestatın verilməsindən imtina, nəticədə - Kazan aviasiya universitetinin onun həmin ATM-nə tələbə kimi qəbul etməkdən imtina etməsi kimi real risklər yarandı. Bu hərəkətləri ilə AR DMX faktiki olaraq qüvvədə olan rusiya pasportu olduğu halda imtahanlara buraxılması üçün onun valideynlərini tezliklə AR-nin şəxsiyyət vəsiqəsini almağa məcbur etdi. İmtahanların başlanmasına az vaxt qalırdı, AR DMX-nin qərarından şikayət verilməsi isə müəyyən müddətlər, ehtimal edilir ki, həm də məhkəmə araşdırması tələb edirdi. Beləliklə, 2012-ci ildən başlayaraq və bu vaxta qədər AR-ə girişi/çıxışı, burada yaşaması RF pasportları əsasında həyata keçirilirdi. İddiaçı tərəfindən AR-nin miqrasiya qanunvericiliyinin bütün tələblərinə, o cümlədən müəyyən edilmiş qaydada dövrü olaraq müvəqqəti olduğu yer üzrə qeydiyyatdan keçmə, müvəqqəti yaşama icazəsinin alınması, 2019-2020 və 2020- 2021-ci illərdə əmək fəaliyyətinə icazə alınması ilə bağlı tələblərə dəqiq əməl edilmişdir. 9 il ərzində onun əcnəbi vətəndaş statusu AR DMX tərəfindən mübahisələndirilmirdi ki, bu da hüquqi əhəmiyyətli faktdır. 2021-2022-ci illər üçün müvəqqəti yaşamaq icazəsi verilməsindən imtina və əmək fəaliyyətinə icazə verilməsindən imtina ilə “AR vətəndaşlığı” haqqında Qanunun 18-ci maddəsinin 1-ci yarımbəndinin, həmçinin AR-nin üzv olduğu 30 avqust 1961-ci il tarixli “Vətəndaşsızlıq ixtisar edilməsi haqqında” Konvensiyadan irəli gələn müddəaların tələbləri pozulur. Həmin müddəalara əsasən bir ölkənin vətəndaşlığını könüllü əldə etmək əvvəlki vətəndaşlığın itirilməsi üçün əsasdır. “Könüllülük” anlayışı onu göstərir ki, vətəndaşlıq avtomatik əldə edilmir, şəxsin azad iradə ifadəsinin nəticəsində bu baş verir ki, o, 2012-ci ildə RF vətəndaşlığını seçməklə öz iradəsini ifadə etmişdir. 10 dekabr 1948-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi “İnsan hüquqları haqqında ümumi bəyannamə” vətəndaşlığı insanın öhdəliyi kimi deyil, hüququ kimi müəyyən etmişdir. Bəyannamədə (maddə 13) deyilir ki, hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək, həmçinin istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir. “AR vətəndaşlığı haqqında” Qanunun 16-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində nəzərdə tutulmuşdur ki, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş əsaslar olduqda vətəndaşlığa xitam verilir. “AR vətəndaşlığı haqqında” Qanunun 26-cı maddəsi ziddiyyət yarandıqda beynəlxalq müqavilənin normalarının milli qanunvericilikdən üstün olduğunu təsdiq edir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş və onun əsasında ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması üçün DMX-yə müraciət etmiş, müraciətin icrası zamanı şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və şəxsin xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Nəticədə şəxsin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş və onun əsasında ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunmuşdur. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla ilk dəfə xx.xx.2003-cü ildə 10017867 nömrəli köhnə nəsil Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və hazırda xx.xx.2014-cü il tarixdə şəxsə verilmiş 14870504 nömrəli “aktiv” statuslu şəxsiyyət vəsiqəsi mövcuddur. Miqrasiya Məcəlləsinin 3.0.1-ci (əcnəbi - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs) və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə (Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır) uyğun olaraq xarici dövlətin vətəndaşlığına mənsubiyyətləri tanınmır. Belə olan halda, Miqrasiya Məcəlləsinin 44 və 50-ci maddələrindən görünür ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə yalnız Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, İddiaçı 05.02 1997-ci il tarixdə Rusiya Federasiyasının Maxaçkala şəhərində anadan olmuşdur. Ona xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikasına məxsus FİN nömrəsi: 1N4Z66Aolan 10017867 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Bununla yanaşı, şəxs anadan olduğu vaxtda onun atası X3 Azərbaycan Respublikasının vətəndaşı olmuş və ona Azərbaycan Respublikasına məxsus FİN nömrəsi: 2L3JWUH olan 09630606 və 02689784 nömrəli şəxsiyyət vəsiqələri, həmçinin XP0578533 nömrəli köhnə və C01671518 nömrəli yeni nəsil ümumvətəndaş, S0223708 və S0138262 nömrəli xidməti pasportları mövcud olmuşdur. Bununla da, İddiaçı Azərbaycan Respublikasının vətəndaşına məxsus şəxsiyyətini təsdiq edən sənədə malik olması və atası X2 Azərbaycan Respublikasının vətəndaşı olması səbəbindən İddiaçı də AR qanunvericiliyinə əsasən Ölkə vətəndaşı sayıldığı tərəfimizdən müəyyən edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 4.1.5-ci bəndi) müddəalarına əsasən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuşdursa şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)-8360/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci ildə Rusiya Federasiyasının (bundan sonra RF) ərazisində doğulmuşdur, onun şəxsiyyətini təsdiq edən birinci sənəd ona həmin 1997-ci ildə xx.xx.1991-ci il tarixli RF vətəndaşlığı haqqında qanunun 15-ci maddəsinin 2-ci hissəsinə əsasən mənşə prinsipi (jus soli) əsasında verilmiş doğum haqqında şəhadətnamə olmuşdur, iddiaçının anası RF vətəndaşı Zaira Mustafayeva iddiaçının doğulduğu zaman öz uşağına münasibətdə hər hansı bir qərar qəbul edə bilən iddiaçının yeganə qanuni nümayəndəsi olmuşdur ki, o da iddiaçı üçün RF doğum haqqında şəhadətnaməsini rəsmiləşdirmişdir (iddiaçının atası uşaq doğulduğu zaman AR ərazisində idi). Beləliklə, iddiaçının RF vətəndaşlığını almasına əsas olmuş xx.xx.1991-ci il tarixli RF vətəndaşlığı haqqında qanun xx.xx.1998-ci ildə qəbul edilmiş AR vətəndaşlığı haqqında analoji qanunun qəbul edilməsindən 7 (yeddi) il əvvəl qəbul edilmiş və qüvvədə olmuşdur. İddaçı AR vətəndaşlığı haqqında qanun qəbul edilməmişdən 1 (bir) il və 8 (səkkiz) ay əvvəl, xx.xx.1997-ci ildə doğulmuşdur. İddiaçı şəxsiyyətini təsdiq edən ilkin sənədi (doğum haqında şəhadətnaməni) xx.xx.1997-ci ildə AR vətəndaşlığı haqqında qanun qəbul edilməmişdən 1 (bir) il və 8 (səkkiz) ay əvvəl almışdır. İddiaçı RF ərazisində doğulmuşdur və xx.xx.1991-ci il tarixli RF vətəndaşlığı haqqında qanuna, mənşə prinsipinə görə və ilkin olaraq bu ölkənin vətəndaşı kimi tanınmışdır. Və nəhayət iddiaçının anası RF vətəndaşı Mustafayeva Zaira xx.xx.1991-ci il tarixli RF vətəndaşlığı haqqında qanuna əsasən iddiaçının doğulduğu anda öz uşağının vətəndaşlığı haqqında qərar qəbul edən iddiaçının yeganə qanunu nümayəndəsi idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)- 8360/2021 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin hallarından görünür ki, İddiaçı anadan olduğu vaxtda onun atası X3 Azərbaycan Respublikasının vətəndaşı olmuş və ona Azərbaycan Respublikasına məxsus FİN nömrəsi: 2L3JWUH olan 09630606 və 02689784 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikasına məxsus FİN nömrəsi: 1N4Z66A olan 10017867 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş və onun əsasında ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması üçün DMX-yə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında” ******* nömrəli xx.xx.2021-ci il tarixli və “İş icazəsinin müddətinin uzadılmasından imtina olunması haqqında” ******* nömrəli xx.xx.2021-ci il tarixli qərarlar qəbul etmişdir. Mübahisələndirilən qərarlar onunla əsaslandırılmışdır ki, müraciətin icrası zamanı şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və şəxsin xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Nəticədə şəxsin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş və onun əsasında ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunmuşdur. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla ilk dəfə xx.xx.2003-cü ildə 10017867 nömrəli köhnə nəsil Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və hazırda xx.xx.2014-cü il tarixdə şəxsə verilmiş 14870504 nömrəli “aktiv” statuslu şəxsiyyət vəsiqəsi mövcuddur. İşə baxılarkən birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmamış, iddiaya mahiyyəti üzrə baxaraq tələbi rədd etmiş və qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən miqrasiya və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və qanunsuz sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “İş icazəsinin müddətinin uzadılmasından imtina olunması haqqında” ******* N-li, xx.xx.2021-ci il tarixli və “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında” ******* N-li, xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsini və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş və onun əsasında ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.1-ci maddəsinə əsasən əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir. Həmin Məcəllənin 3.0.13-cü maddəsinə əsasən iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazədir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə yalnız Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla ilk dəfə xx.xx.2003-cü ildə 10017867 nömrəli köhnə nəsil Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və hazırda xx.xx.2014-cü il tarixdə şəxsə verilmiş 14870504 nömrəli “aktiv” statuslu şəxsiyyət vəsiqəsi mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əcnəbi şəxs kimi müraciəti əsasında qəbul edilmiş mübahisələndirilən qərarlar iddiaçı üçün hər hansı hüquqi nəticə yaratmır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və onun vətəndaşı olduğu dövlətdə yaşaması üçün daimi yaşamaq və iş icazəsi tələb olunmur. Cavabdehin iddiaçı üçün hər hansı hüquqi nəticəsi olmayan qərarı ilə subyektiv hüququnun pozulması istisna olunur. İddiaçı Azərbaycan Respublikasının vətəndaşı hesab edildiyindən onun barəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün və iş icazəsinin verilməsinə dair qərarın qəbul edilməsi mümkün deyildir. Hazırkı halda, iddiaçının cavabdeh tərəfindən onun barəsində qeyd olunan məzmunlu qərarların qəbul edilməsini tələb etməyə dair hüquqi marağı müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünəuyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)-8360/2021 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)-8360/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1393/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1393/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver