Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1393/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı İlyas oğlunun, X1 iştirakları ilə, İddiaçı İlyasın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İlyas məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Dövlət Miqrasiya Xidmətinin qəbul etdiyi 30 may 2024-cü il tarixli İQ-39/1 nömrəli qərarın ləğv olunması və qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il təvəllüdlü İddiaçı (Pasport No JB 1163782) 5 mart 2024-cü il tarixində qaçqın statusu almaq üçün vəsatətlə Azərbaycan Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti iddiaçı barəsində hərtərəfli, tam və obyektiv araşdırma aparmadan qaçqın statusu verilməsindən imtina etmiş, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, cavabdeh orqan qərarında onun müraciəti üzrə söylədiklərində ziddiyyətli məqamların olduğunu bildirsə də, bu məqamları hansı meyarlara əsasən dəyərləndirdiyini və ziddiyyətlərin nədən ibarət olduğunu belə bildirməmişdir. Cavabdeh orqan məsələyə qiymət verərkən Pakistandakı siyasi və ictimai vəziyyəti dəyərləndirməmiş və yalnız gümanlar əsasında qərar vermişdir. Cavabdeh orqan iddiaçının Pakistan Tehrike-e-İnsaaf partiyasına üzv olmağı barədə heç bir sorğu göndərmədən və hərtərəfli araşdırma aparmadan onun heç bir sosial qrupa üzv olmadığını bildirmişdir. Eyni zamanda cavabdeh orqan qərarında qeyd edir ki, iddiaçı heç bir vaxt bu partiyanın mitinqlərində iştirak etməmişdir. X3 Xidməti iddiaçının Pakistanda olarkən siyasi fəallığı barədə məlumatları hansı qaydada toplanmasını, şəxsiyyət və fəaliyyətini hansı meyarlar əsasında dəyərləndirdiyini belə qeyd etmir.Cavabdeh nəzərə almamışdır ki, tərəfdarı olduğu siyasi partiyanın lideri İmran Khana 2022-ci ildə sui-qəsd təşkil olunmuş, sonuncu bunun nəticəsində yaralanmış, tərəfdarlarının isə 2023-cü ildən bir sıra qrupların təzyiqlərinə məruz qalmışdır. Pakistan Tehrike-e-İnsaaf partiyasının rəhbəri cənab İmran Khan 5 avqust 2023-cü il tarixində qanunsuz olaraq həbs edilmiş və onun partiyasının fəaliyyətlərinə süni əngəllər yaradılmışdır. Cavabdeh orqan 8 fevral 2024-cü il seçkiləri ərəfəsində olan davada iştirakını istisna edərək daha bir dəfə qərəzli mövqeyini ortaya qoyur. O davada iştirak bəhanəsi ilə polisə şikayət edildiyini bildirib. Əslində cavabdeh orqan bununla sadəcə Pakistanda siyasi təqiblərin olmaması məntiqini yürüdərək beynəlxalq normativ hüquqi aktlar səviyyəsində təsbit olunan hüquqlarından onu məhrum edir. Qeyd edilən halların hərtərəfli araşdırılması və təhlili zamanı açıq şəkildə görünür ki, cavabdeh orqan iddiaçının siyasi fəaliyyəti və təqib olunmağı barədə heç bir araşdırma aparmadan imtina qərarı vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılaraq, iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən Azərbaycan İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə istinad etmişdir. Məhkəmə qərardadın 10-cu bəndində 17 sentyabr 2024-cü il və 28 noyabr 2024-cü il tarixlərdə keçiriləcək şifahi məhkəmə baxışı iclaslarının vaxtı barədə iddiaçınn xəbərdar edildiyini bildirmiş, iddiaçının iclaslarda iştirak etmədiyini əsas gətirərək, onun 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığını bəhanə edərək, iddianı geri götürülmüş hesab etmişdir. Lakin onun maddi durumu kifayət qədər aşağı olduğuna görə, habelə Azərbaycan dilini pis bildiyi üçün o tez-tez ünvanını dəyişməli olur. Bu səbəbdən də artıq çoxdandır ki, iddia ərizəsində göstərilən ünvanda yaşamır və həmin ünvanda da heç bir tanışı yaşamır. Hazırda da müvəqqəti olaraq Xətai rayonu, Aşıq Ələsgər küçəsində yaşayır. Həmin ünvanda yaşamadığı halda birinci instansiya məhkəməsinin bildiriş məktublarının ona çatdırılmasını necə isbat etdiyi ona aydın deyildir. Belə ki, həmin bildiriş məktubları ona təqdim olunmayıb və faktiki olaraq o keçiriləcək məhkəmə iclasları barədə heç bir məlumata sahib olmamışdır. Eyni zamanda səhhətində problem olduğu üçün də məhkəmə ilə sıx əlaqə saxlayıb prosesin vaxtı barədə də məlumat ala bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İşin hallarından aydın olur ki, iddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixdə şifahi məhkəmə baxışı iclasının keçirilməsi vaxtı barədə xx.xx.2024-cü il tarixdə xəbərdar edilmiş, iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən növbəti tarixdə (xx.xx.2024-cü il tarixdə) də iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınması qənaətinə gələrək iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etmişdir. Kollegiya məhkəmənin qeyd edilən mövqeyi ilə razılaşaraq qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gəlir. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən təyin edilən məhkəmə iclasları barədə məlumatının olmadığını qeyd etmiş və bunu onunla əsaslandırmışdır ki, o maddi durumunun kifayət qədər aşağı olması səbəbindən tez-tez ünvanını dəyişməli olur. Bu səbəbdən də artıq çoxdandır ki, iddia ərizəsində göstərilən ünvanda yaşamır və həmin ünvanda da heç bir tanışı yaşamır. Hazırda da müvəqqəti olaraq Xətai rayonu, Aşıq Ələsgər küçəsində yaşayır. Göründüyü kimi, iddiaçı özü də etiraf edir ki, o iddia ərizəsində göstərilən ünvanda yaşamır, çünki o ünvanını tez-tez dəyişir. Halbuki, Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə görə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. İşin faktiki hallarından isə aydındır ki, iddiaçı məhkəmə icraatı gedişində ünvanını dəyişməsinə baxmayaraq, bu barədə məhkəməyə hər hansı rəsmi məlumat verilməmişdir. Odur ki, qanunvericiliyin qeyd olunan normasına əsasən birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya göndərilmiş məhkəmə bildirişləri iddiaçıya rəsmi qaydada verilmiş hesab olunur. Həmçinin Kollegiya hesab edir ki, iddiaçının ünvanını dəyişdikdən sonra məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılması üçün yeni ünvanı barədə məhkəməyə hər hansı məlumat verməməsi iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın geri götürülmüş sayılması ilə bağlı gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1393/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1393/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver