Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1394/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-2744/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 iyun 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, 52 yaşı tamam olduğu xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə doğulmuşdur. Əmək fəaliyyətinə xx.xx.1981-ci ildən başlamışdır. xx.xx.1981-ci ildən xx.xx.2003-cü ilə kimi 22 il ümumi əmək stajının 10 il 10 ayı (xx.xx.1992 - xx.xx.2003-cü ilə kimi), Səttərxan (keçmiş L.Şmidt) adına zavodun xüsusi ilə zərərli əmək sahəsi olan 1 saylı Poladtökmə sexində təmirçi çilingər peşəsində işləmişdir. Təmirçi çilingər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli “Siyahı”nın İİİ Metallurgiya istehsalatı bölməsinin 2-ci bəndinin 1030200a-1753a yarımbəndində nəzərdə tutulduğuna əsasən, xx.xx.1992 - xx.xx.2003-cü ilə kimi, yəni, 10 il 10 ay xüsusilə zərərli sexdə işlədiyini nəzərə alaraq, “X11” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən, 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, 52 yaşı tamam olduğu xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə xx.xx.2020-ci il tarixli müraciətinə xx.xx.2021-ci il tarixli **********4 saylı (gələcəkdə imtina məktubu) imtina edilmişdir. Güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb olunan 22 il ümumi və 10 il 10 ay xüsusilə zərərli və ağır işlərdə çalışdığı müddətlər xx.xx.2006-cı ilə kimi qazanıldığından xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun tənzimlənməli olduğu halda, imtina məktubunda AR xx.xx.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanuna istinadən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, AR Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququn olmasının göstərilməsi “X11” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq, fərdi hesabın sığorta hissəsinin əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesab olması; Mərkəzi Filiala təqdim olunan sənədlərə əsasən xx.xx.2006-cı ilə kimi ümumi iş stajının 25 ildən az, 20 il 1 ay 27 gün olması və nəhayət Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi kimi xx.xx.2006-cı ildən qanuni qüvvəyə minmiş “X11” Qanunda nəzərdə tutulan əsasların göstərilməsi qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-2744/2022 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarın 5-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməsinin əksi olaraq, 10 səhifədən ibarət Qətnamənin 9/10-cu səh. 1-ci abzasında - xx.xx.1981-ci ildən xx.xx.2003cü ilə kimi, yəni, xx.xx.2006-cı ilə kimi 21 il 5 ay 23 gün ümumi iş stajının “20 ildən artıq olmaması” və 9/10-cu səh. 3-cü abzasında - xx.xx.1992 - xx.xx.2003 ilə kimi, yəni, 10 il 10 ay 1 gün Səttərxan (keçmiş L.Şmid) adına zavodun xüsusi ilə zərərli əmək sahəsi olan 1 saylı Poladtökmə sexində işlədiyi təmirçi çilingər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli “Siyahı”nın Metallurgiya istehsalatı bölməsinin 2-ci yarımbəndində, Polad və ferroərintilər istehsalatında 1030200a-1753a kodla nəzərdə tutulduğu halda həmin vəzifənin (peşənin) Donma İstehsalatına aid olmadığından 1 nömrəli “Siyahı"nın Metallurgiya istehsalatı bölməsinə aid olmaması kimi qiymətləndirilməsi insan Hüquqlarının və X9 Haqqında Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması, AR Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş, hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilməsi, AR Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş Sosial təminatla əlaqədar hüquqları pozulmuş və pozulmaqda davam edir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X13 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 52 yaşı tamam olduğu xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim olunmuş arxiv arayışları da nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının mövcud olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq verilmiş imtina məktubunda da, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 20 il 1 ay 27 gün (xx.xx.1981- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984- xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2003-cü il arasındakı dövrlər) təşkil etdiyi qeyd olunmuşdur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçının istinad etdiyi əmək kitabçasında qeyd olunan peşələr əmək şəraiti zərərli olan işlərə aid edilməmişdir. Belə ki, iddiaçının işlədiyi Leytenant Şmidt adına Zavod (1 saylı Poladəritmə sexində çilingər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “Metallurgiya istehsalatı” bölməsinə (İİİ) aid deyil. Belə ki, qeyd olunan bölmədə aşağıdakı sahələr nəzərdə tutulmuşdur: 1. Domna istehsalatı (kod ********)- a) fəhlələr (kod 1030100a)- təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları (kod 1030100a—1753a). Məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi sahənin “Domna istehsalatı”na aid olmadığı müəyyən olunmuşdur. Bu isə o, deməkdir ki, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İş materiallarında olan iddiaçıya məxsus НЗ seriyalı ******* №li hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən (notarial qaydada tərcümə və təsdiq olunmuş) müəyyən olunur ki, İddiaçı xx.xx.1981-ci ildə “Hallavar” Sovxozunda fəhlə qismində fəsli işə qəbul olunmuşdur, xx.xx.1981-ci ildə Hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1984-cü ildə “Dilavər” Sovxozuna fəhlə qismində fəsli işə qəbul edilmişdir (Əmr № 073, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə ərizəsi əsasında işdən azad edilmişdir (Əmr № 272, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə X18 X14 karbamid-melamin işəsalma sexinə aparatura avadanlığının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 249/k, xx.xx.1984-cü il); xx.xx.1985-ci ildə eyni sexdə aparatura avadalığının təmiri üzrə üçüncü dərəcəli çilingər dərəcəsi verilmişdir (Əmr № 144k, xx.xx.1985-ci il); xx.xx.1986-cı ildə eyni sexdə aparatura avadanlığının təmiri üzrə dördüncü dərəcəli çilingər dərəcəsi verilmişdir (Əmr № 18/k, xx.xx.1986-cı il); xx.xx.1987-ci ildə eyni sexdə İİ pr. üzrə ikinci dərəcəli qaz-elektrikqaynaqçı təyin edilmişdir (Əmr № 81/k, xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə eyni sexdə yeni tarifikasiya üzrə dördüncü dərəcəli təmirçi çilingər peşəsi verilmişdir (protokol № k/k, xx.xx.1987-ci il); xx.xx.1988-ci ildə eyni sexdə İİ pr. üzrə üçüncü dərəcəli qaz-elektrikqaynaqçı təyin edilmişdir (Əmr № 73/k, xx.xx.1988-ci il); xx.xx.1988-ci ildə öz istəyi ilə işdən azad edilmişdir (Əmr № 133/k, xx.xx.1988-ci il); xx.xx.1989-cu ildə 2 saylı sexə müvəqqəti olaraq elektrik maşınlarının və aparatlarının 1-ci dərəcəli quraşdırıcısı qismində işə qəbul edilmişdir (Əmr № 12/k, xx.xx.1989-cu il); xx.xx.1989-cu ildə müvəqqəti işin başa çatması ilə əlaqədar işdən azad edilmişdir (Əmr № 19/k, xx.xx.1989-cu il); xx.xx.1989-cu ildə Leytenant Şmidt adına Zavod 1 saylı Poladəritmə sexinə 3-cü dərəcəli çilingər işinə qəbul edilmişdir (Əmr № 150/k, xx.xx.1989-cu il); xx.xx.1990-cı ildə beşinci dərəcəli təmirçi çilingər dərəcəsi verilmişdir (Əmr № 19/k, xx.xx.1990-cı il); xx.xx.1991-ci ildə öz istəyi ilə işdən azad edilmişdir (Əmr № 59/k, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə Bakı eksperimental mexaniki-təmir zavodu üçüncü dərəcəli elektrik çilingər işinə qəbul edilmişdir (Əmr № 56/3, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə öz istəyi ilə işdən azad edilmişdir (Əmr № 95/4, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə Bakı “Ulduz” zavodu “Ulduz” İB HS və HKS sexinə qəzabərpa işləri üzrə 5-ci dərəcəli çilingər qəbul edilmişdir (“Ulduz” İB-nin adı dəyişdirilərək “Ulduz” Azərbaycan elmi-istehsalat birliyi adlandırılmışdır (Əmr № 166/k, xx.xx.1991-ci il); xx.xx.1992-ci ildə öz istəyi ilə işdən azad edilmişdir (Əmr № 25/k, xx.xx.1992-ci il); xx.xx.1992-ci ildə L.Şmidt adına Zavoda 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul olunmuşdur (Əmr № 37/k, xx.xx.1992-ci il); xx.xx.2003-cü ildə öz xahişi ilə vəzifəsindən azad olunmuşdur (Əmr № 4/k, xx.xx.2003-cü il); xx.xx.2006-cı ildə 7 nömrəli BPL-ə Texnik vəzifəsinə işə qəbul olunmuşdur (Əmr № 45, xx.xx.2006-cı il); xx.xx.2010-cu il tarixdə öz vəzifəsindən azad edilmişdir (Əmr № 67, xx.xx.2010-cu il). İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli DA-00584- 2021 saylı arxiv arayışının surətindən müəyyən olunur ki, “Leytenant Şmidt adına maşınqayırma zavodu" arxiv fondunda mühafizə edilən şəxsi kartoçkalarda X3 (əmr № 116/k, 01 noyabr 1991-ci il) 1 №-lı PTS-yə təmirçi çilingər vəzifəsinə işə qəbul edildiyi; (əmr № 04/k, 03 yanvar 2003-cü il) işdən azad olunduğu qeyd olunur. Eyni zamanda yuxarıda göstərilən arxiv fondunun 1989-cu ilə dair şəxsi heyət üzrə əmr kitablarında 150 №-li əmr haqqında məlumat yoxdur və 1990-cı ilə dair şəxsi heyət üzrə əmr kitabları arxivə dövlət mühafizəsinə verilməyib. Əsas: "Leytenant Şmidt adına maşınqayırma zavodu"nun arxiv fondu, şəxsi kartoçkaları. İş materiallarında olan “Leytenant Şmidt adına maşınqayırma zavodu"nun arxiv fondu, əmək haqqı cədvəlindən (arxiv arayışı) müəyyən olunur ki, “Leytenant Şmidt adına maşınqayırma zavodu" arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı sentyabr 1989-iyun 1991,1992-1993-cü illərə dair aşağıda göstərilən aylıq maaşı qeyd olunmuşdur. 1989-cu il üzrə yanvar-, fevral-, mart-, aprel-, may-, iyun-, iyul-, avqust-, sentyabr 113-02, oktyabr 192-92, noyabr 292-87, dekabr 361-60; 1990-cı il üzrə yanvar 195-92; fevral-284-31; mart 312-31; aprel-415-81; may 394-92; iyun 420-87; iyul 473-88; avqust 407-38; sentyabr 429-86; noyabr 430-86; dekabr 407-00 rubl; 1991-ci il üzrə yanvar 120-23; fevral 463-42; mart 1931-51; aprel 3295-20; may 2770-63; iyun 4654- 58; iyul 4559-83; avqust 2070-08; sentyabr 5977-29; oktyabr 9883-89; noyabr 9995-69; dekabr 23066-27 rubl; 1993-cü il üzrə yanvar 29125-27; fevral 28742-06; mart 28484-65; aprel 15579-51; may 21236-08; iyun 60247-13; iyul 50420-89; avqust 45452-19; sentyabr 50138- 03; oktyabr 62301-18; noyabr 5162674; dekabr ******* manat. İş materiallarında olan “Leytenant Şmidt adına maşınqayırma zavodu"nun arxiv fondu, əmək haqqı cədvəlindən (arxiv arayışı) müəyyən olunur ki, “Leytenant Şmidt adına maşınqayırma zavodu" arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı 1998-2002-ci illərə dair aşağıda qeyd olunan aylıq maaş qeyd olunmuşdur; 1998-ci ilin yanvar ayı-37884200 manat, fevral-29856983 manat, mart-30418558 manat, aprel- 39167200 manat; may ******* manat, iyun 69975700 manat, iyul 31112500 manat, avqust 32037842 manat, sentyabr 19005869 manat, oktyabr 37076004 manat, noyabr 24002900 manat, dekabr 23196100 manat; 1999-cu il üzrə yanvar 27194900 manat, fevral 24165000 manat, mart 62159700 manat, aprel 32993400 manat, may 25975800 manat, iyun- 24487516 manat, iyul 39787100 manat, avqust ******* manat, sentyabr 40055100 manat, oktyabr 85703200 manat, noyabr 32553500 manat, dekabr 488295 manat; 2000-ci il üzrə yanvar ******* manat, fevral 26115937 manat, mart 48830300 manat, aprel 77112938 manat, may 54826900 manat, iyun 48830200 manat, iyul 19666719 manat, avqust 39624149 manat, sentyabr 25075460 manat, oktyabr ******* manat, noyabr 14217600 manat, dekabr 47354312 manat; 2001-ci il üzrə 32280266 manat, fevral 34987100 manat, mart 34924615 manat, aprel 35078221 manat, may 35644269 manat, iyun 27661200 manat, iyul 16516000 manat, avqust ******* manat, sentyabr 54965500 manat, oktyabr 21961800 manat, noyabr 439200 manat, dekabr 439200 manat; 2002-ci il üzrə yanvar 439200 manat, fevral 439200 manat, mart 439200 manat, aprel 75096500 manat, may ******* manat, iyun 14120000 manat, iyul-sənəd yoxdur; avqust 782149 manat, sentyabr ******* manat, oktyabr ******* manat, noyabr ******* manat, dekabr 17486400 manat. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilmişdir ki, “X11' Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında’’ Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (20 il 1 ay 27 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2003-cü il arasındakı dövrlər) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17260,37 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X11” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 52 yaşı xx.xx.2015-ci il tarixdə tamam olmuşdur və o, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş (2 il 1 ay 7 gün), əmək kitabçasına əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Hallavar” Sovxozunda fəhlə (4 ay 5 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Dilavər” Sovxozuna fəhlə (7 ay 2 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək X18 X14 karbamid-melamin işəsalma sexinə aparatura avadanlığının təmiri üzrə çilingər, qaz-elektrik-qaynaqçı (3 il 7 ay 20 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək 2 saylı sexə müvəqqəti olaraq elektrik maşınlarının və aparatlarının 1-ci dərəcəli quraşdırıcısı (2 ay), xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Leytenant Şmidt adına Zavod 1 saylı Poladəritmə sexində 3-cü dərəcəli çilingər, beşinci dərəcəli təmirçi çilingər (1 il 9 ay 24 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Bakı eksperimental mexaniki-təmir zavodu üçüncü dərəcəli elektrik çilingər (21 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı “Ulduz” zavodu “Ulduz” İB HS və HKS sexinə qəza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingər (7 ay 14 gün), xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək L.Şmidt adına Zavodun 1 saylı Poladəritmə sexində 5-ci dərəcəli təmirçi çilingər (10 il 10 ay 1 gün), xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 7 nömrəli BPL-ə Texnik vəzifəsində işləmişdir. “X11” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«X11» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 20 il 2 ay 4 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının işlədiyi güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Leytenant Şmidt adına Zavod 1 saylı Poladəritmə sexində 3-cü dərəcəli çilingər, beşinci dərəcəli təmirçi çilingər və xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin zavodda 1 saylı Poladəritmə sexində 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində işləmişdir. Qeyd olunan vəzifə AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli “Siyahı”nın İİİ Metallurgiya istehsalatı bölməsinin 2-ci bəndinin polad və ferroərintilər istehsalatının, kod 1030200a-1753a yarımbəndində göstərilən təmirçi çilingərlər peşəsinə uyğunluğa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna məqsədə uyğun hesab edilir. Bu müddətə iş stajı 12 il 7 ay 25 gündür. İddiaçının Leytenant Şmidt adına Zavodun 1 saylı Poladəritmə sexində yuxarıda qeyd olunan siyahı üzrə işləməsini onunla birlikdə işləmiş X7 və X2 apelyasiya baxışı zamanı şahid qismində verdikləri ifadələri və həmin şəxslərin özlərinin həmin dövrlərdə qeyd olunan zavodun Poladəritmə sexində işlədiklərini təsdiq edən və iş materiallarına əlavə edilmiş onlara məxsus əmək kitabçaları ilə sübut olunur. Belə ki, şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, o, iddiaçı ilə bir zavodda, bir sexdə işləmişdir. O, 1974-cü il tarixdən həmin zavodda işləməyə başlamış, iddiaçını isə 1980-ci il tarixdən tanımağa başlamışdır. O, 1992-ci il tarixdə qazla kəsici vəzifəsində işləmiş, həmin tarixdə iddiaçı onun yanında çilingər vəzifəsində işləmişdir. O, hal-hazırda 2007-ci il tarixdən, 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. Zavod sökülməsinə baxmayaraq iki sex qalmışdır və o, pensiyaya çıxdıqdan sonra da orada işləmişdir. Şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, o, iddiaçı ilə bir zavodda, işləmişdir. Zavod əvvəllər Leytenant Şmidt adına, sonradan Səttarxan adına zavod adlandırıldı. Onlar təxminən 1990-cı illərdən birlikdə işləmişlər. O, özü isə 1977-ci il tarixdən həmin zavodda işləməyə başlamışdır. Zavodda bir neçə sex fəaliyyət göstərirdi. Onların işlədiyi sex 1 nömrəli Polad əritmə sexi idi. O, zavodda çapıcı, qazla kəsici vəzifələrində işləmiş, iddiaçı isə çapıcı alətlərin təmiri ilə məşğul idi, bir sözlə iddiaçı çilingər vəzifəsində işləyirdi. O, zavod sökülənədək orada işləmişdir. Lakin iddiaçının oradan nə vaxt çıxdığı tarix yadında deyil. Zavod isə 2008-ci il tarixdə sökülmüşdür. Ağır sahədə işlədiyinə görə 52 yaşından güzəştli şərtlərlə pensiya alır. İş materiallarına əlavə edilmiş X4 məxsus İT-İ № ******* xx.xx.2008-ci il tarixli əmək kitabçasına daxil olan icliyin surətindən görünür ki, X1 Şmidt adına zavodda xx.xx.1974 xx.xx.1979, xx.xx.1980 - xx.xx.1981, xx.xx.1984 - xx.xx.1986, xx.xx.1987 – xx.xx.1995-ci il tarixlərdə polad sexində qazla kəsici, L.Şmid zavodu "xxxx" ASC-ə cevrildikdən sonra xx.xx.2000 – xx.xx.2007, xx.xx.2008 – xx.xx.2010-ci il tarixlərdə qazla kəsici vəzifəsində işləmişdir. İş materiallarına əlavə edilmiş X5 məxsus İT-İ №0249310 xx.xx.1977-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, X12 Şmidt adına zavodda xx.xx.1977- xx.xx.2010-cu il tarixədək capıcı, qazla kəsici vəzifələrində işləmişdir. Həmcinin, iş materiallarına əlavə edilmiş X19 Sistemindən cıxarışdan görünür ki, həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Məhkəmə araşdırması ilə iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 7 ay 25 gün güzəştli iş stajı olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə (kod- 1030200a-1753a) işləməsi tam sübuta yetirildiyindən onun «X11» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “X11” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. “X11” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “X11” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «X11» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyası təyin edildikdən sonra onun yenidən hesablanması zaman yaranmış fərq məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək, müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan “X11” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apelyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-2744/2022 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və “X11” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilisin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1394/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1394/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver