Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1394/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil istismar xidməti) “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12040/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil istismar xidməti hazırkı inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu ildə Laçın rayon, Pircahan kəndində anadan olmuşdur. Hazırda ehtiyyatda olan zabitdir, rütbəsi mayordur, Prezident təqaüdçüsü, 2-ci dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlildir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X3, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. İddiaçı 1993-cü ilin iyun ayından hazırda yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı evin 48 saylı mənzilində 31 ildir ailə üzvləri ilə birlikdə yaşayır və həmin mənzilə dair bütün kommunal xərcləri bu günə kimi ödəyir. Artıq 31 ildən artıqdır ki, o, fasiləsiz olaraq cavabdeh maraqlı təşkilat tərəfindən bu günədək heç bir etiraz və maneə olmadan yaşadığı mənzilə sahiblik, istifadə və sərəncam hüquqların həyata keçirir. Yaşadığı mənzilə dair kirayə müqaviləsi bağlanması üçün məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2- 1(82)-4842/2018 nömrəli Qərarı ilə ilə iddia tələbi təmin edimiş və ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı evin 48 saylı mənzilinə dair kirayə müqaviləsi verilmişdir. İddiaçı halhazırda mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək istəyir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12040/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
5. Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHƏKMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o 1993-cü ilin iyun ayından hazırda yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı evin 48 saylı mənzildə 31 ildir ailə üzvlərilə birlikdə yaşayır və həmin mənzilə dair bütün kommunal xərcləri də bu günə kimi ödəyir. Artıq 31 ildən artıqdır ki, fasiləsiz olaraq cavabdeh maraqlı təşkilat tərəfindən bu günədək heç bir etiraz və maneə olmadan yaşadığı mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Yaşadığı mənzilə dair kirayə müqaviləsi bağlanması üçün məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati- İqdisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2-1(82)- 4842/2018 nömrəli Qərarı ilə ilə iddia tələbi təmin edilmiş və ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı evin 48 saylı mənzilinə dair kirayə müqaviləsi verilmişdir. Halhazırda müraciəti ondan ibrətdir ki, uzun müddətdir yuxarıda qeyd etdiyi mənzildə yaşamağı nəzərə alınaraq, həmin mənzilə dair hüquqmüəyyənedici sənədlərin verilməsidir. Əlavə olaraq Ali Məhkəmənin 2-1(102)-2292/2024 nömrəli xx.xx.2024-cü il tarixli analoji qərarının 31-ci bəndinə əsasən işin araşdırılmış hallarından görünür ki, iddiaçının özəlləşdirilməsini tələb etdiyi mənzil açıq hərbi şəhərcikdə yerləşir. Bundan əlavə iddiaçının təqdim etdiyi xx.xx.1992-ci il tarixli 43 nömrəli dəyişmə orderindən həmin mənzilin xidməti olması müəyyən olunmur. Eyni zamanda Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən o yaşadığı mənzilin həqiqətən hərbi şəhərciyin ərazisində yerləşməməsi qeyd edilmişdir. Xüsusi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 saylı (15 saylı bina dedikdə 15, 15A, 15B, 15Q və s. o ərazidə olan binaları hər birin ayrı ayrılıqda nəzərdə tutram) binadə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə məxsus mənzillərin çox hissəsi (90 faizi) sənədləşdirilərək, mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi həyata keçrilmişdir. (Əsas: Ali Məhkəmənin 2-1(102)- 2292/2024 nömrəli xx.xx.2024-cü il tarixli analoji qərarının 32-ci bəndi).
7. Tərəflərin izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
İŞİN HALLARİ:
11. Cavadeh xx.xx.2024-cü il tarixli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ünvan 1 ünvanına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4842/2018 nömrəli, 27 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E Qasımov küçəsi, 15 saylı evin 4S saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilmişdir.
13. İşdə olan xx.xx.2019-cu il tarixli, 24 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ndən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 nömrəli binada 48 nömrəli mənzildə yerləşən 29,11 kv.m ibarət 2 otaqlı yaşayış sahəsini kirayə haqqı ödənilməklə İddiaçı sahibliyinə və istifadəsinə vermişdir.
14. Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən təqdim olunmuş 19 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15 nömrəli evin, 48 saylı mənzili xüsusi təyinatlı mənzil fonduna daxil olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır. Hazırda sözügedən ünvanda İddiaçı ailə üzvləri (həyat yoldaşı, qızı və oğlu) ilə birlikdə yaşayır.
15. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İsitsmar İdarəsi tərəfindən verilmiş 28 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanındakı yaşayış sahəsinə dair Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi ilə vətəndaş İddiaçı arasında xx.xx.2019-cu il tarixli 24 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. Mənzil Müdafiə Nazirliyinin balansındadır, xidməti mənzil statusuna malikdir və hərbi şəhərciyin ərazisində yerləşmir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17.«İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İsitsmar İdarəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 15 nömrəli binada 48 nömrəli mənzildə yerləşən 29,11 kv.m ibarət 2 otaqlı yaşayış sahəsini kirayə haqqı ödənilməklə İddiaçı sahibliyinə və istifadəsinə vermişdir. İddiaçı mübahisəli mənzilin onun adına özəlləşdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilərək bildirilmişdir ki, ünvan 1 ünvanına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
21. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməyərək qərar onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir..... Mövcud qanunvericiliyin tələblərinə əsasən, xidməti mənzillərin özəlləşdirilməsi hüquqi cəhətdən mümkün deyildir. Çünki belə mənzillər xüsusi təyinatlı əmlak kateqoriyasına daxil olmaqla müvafiq dövlət və ya ictimai qurumların əməkdaşlarının müvəqqəti istifadəsi üçün nəzərdə tutulmuşdur. Onların şəxsi mülkiyyətə çevrilməsi isə qanunla qadağan olunmuşdur.”
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Hazırkı iddia isə aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır.
23. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.4-cü bəndinə görə, xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir.
24. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İsitsmar İdarəsi tərəfindən verilmiş 28 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanındakı yaşayış sahəsinə dair Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsi ilə vətəndaş İddiaçı arasında xx.xx.2019-cu il tarixli 24 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. Mənzil Müdafiə Nazirliyinin balansındadır, xidməti mənzil statusuna malikdir və hərbi şəhərciyin ərazisində yerləşmir.
25. Göründüyü kimi, iddiaçının faktiki istifadəsində olan mənzil xidməti mənzil statusundadır, yəni həmin mənzil xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsidir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”na görə isə yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.
27. 24. Göründüyü kimi, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması müvafiq icra hakimiyyəti orqanın qərarı əsasında həyata keçirilir, hansı ki həmin qərar da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırıldıqdan sonra qəbul edilə bilər.
28. Hazırkı işin müəyyən edilmiş hallarına görə isə, iddiaçı belə qərarın qəbul edilməsi üçün sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanına müraciət etməmiş, birbaşa olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək mənzilin onun adına özəlləşdirilməsini tələb etmişdir.
29. Nəzərə alınmalıdır ki, iddianın mümkünlük şərtləri yoxlanılarkən iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
30. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddia tələbi onun arzuladığı məqsədə çatmaq üçün əlverişli tələb hesab olunmadığından iddia mümkün sayılmamalıdır.
31. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
32. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisəli mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması üçün müvafiq icra hakimiyyəti orqanına hər hansı müraciəti olmadığından, iddia tələbinin dəyişdirilməsinə (dəqiqləşdirilməsinə), cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə də zərurət yoxdur. Çünki iddianın mümkünlük şərtlərindən biri də iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir.
33. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
2. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12040/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.