Məhkəmə qərarları › İş №2-1(103)-1395/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1395/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1395/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi ilə (məruzəçi); Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “ödəmə mənbəyindən tutulmuş vergilərin geri qaytarılması ilə əlaqədar DTA-05 formasının təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2-1(112)-347/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikasının rezidenti olan İddiaçı tərəfindən Türkiyə Respublikasının Ankara şəhərində sifarişçi “X3 Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə arasında bağlanmış müqavilə əsasında görülmüş işlərlə bağlı ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil Şəmsəddin oğlu iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Türkiyə Respublikasının rezidenti olan İddiaçı tərəfindən Türkiyə Respublikasının Ankara şəhərində sifarişçi “X3 Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə arasında bağlanmış müqavilə əsasında görülmüş işlərlə bağlı ödəmə mənbəyindən tutulmuş vergilərin geri qaytarılması ilə əlaqədar DTA-05 formasının təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-347/2021 saylı 28 yanvar 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2-1(112)-347/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2-1(112)-347/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək baxılan iş üzrə iddia tələbindən imtinanın qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 55.1-ci maddəsin əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə uyğun olaraq iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş yazılı ərizədə iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Cavabdehin səlahiyyətli nümayəndəsi ərizənin təmin ediləsinə razılıq vermişdir. İddiaçıya izah olunur ki, O, iddiadan imtina etdikdən sonra və bu haqda müvafiq məhkəmə qərardadı qəbul edildikdən sonra eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq hüququnu itirir. Ona görə də, iddiadan imtina qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və İPM-in 55-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı iddia tələbindən imtinası qəbul edilsin. Bakı İnzibati Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2-1(112)-347/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “ödəmə mənbəyindən tutulmuş vergilərin geri qaytarılması ilə əlaqədar DTA-05 formasının təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi” `tələbi barədə iddia ərizəsi üzrə inzibati işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar