Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1395/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8968/2022 saylı, 17 oktyabr 2022-ci il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta stajının nəzərə alınmayan bir hissəsi üçün uyğun məbləğin hesablanıb, pensiya məbləğinə əlavə edilməsinin cavabdeh qurumdan tələb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək "xxxx" Sığorta Şirkətində, xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək “Nyu London Sığorta Kompaniyası (Bakı) LTD” Müştərək Müəssisəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 dekabr 2021-ci ildə 65 yaşının tamamında ona yaşa görə əmək pensiyası avtomatik olaraq hesablanmışdır. Elə həmin tarixdə əmək kitabçası və hərbi biletinin əslini cavabdehə təqdim etdikdə, cavabdeh orqan ona 2006-cı ildən əvvəlki dövrün sistemdə olmaması ilə əlaqədar sığorta stajının 1980-ci ilədək olan hissəsi nəzərə alınaraq hesablandığını və 1973-1980-ci illərin sığorta stajının bura əlavə edilmədiyini bildirərək, növbəti aylarda qurumun monitorinq xidməti tərəfindən araşdırılıb qərar çıxarılacağını bildirmişdir. Lakin monitorinq aparan əməkdaşın, "xxxx" Sığorta Şirkəti və "xxxx" MMC-nin arxiv sənədlərini tapa bilmədiyini bəhanə gətirərək, cavabdeh 7 ilin sığorta stajını, pensiya məbləği hesablanarkən nəzərə almamışdır. O, cavabdeh orqana "xxxx" Sığorta Şirkətinin sənədlərinin, şirkəti təsis edən "xxxx" Assosiasiyasına, İngiltərə və Azərbaycan birgə müəssisəsi olan “Nyu London Sığorta Kompaniyası”nın sənədlərinin isə yerli səhmdar, "xxxx" ASC-yə təhvil verildiyini bildirmişdir. Bundan başqa, həmin şirkətlər “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq fəaliyyət göstərərək, dövlət orqanları olan Sosial Müdafiə Fondu, Məşğulluq fondu, vergi qurumlarına və ölkədə sığorta sektoruna dövlət nəzarətini həyata keçirən Maliyyə Nazirliyinə (indi nəzarət funksiyası Milli Banka həvalə edilib) müvafiq ödənişləri həyata keçirmiş və hesabatlar təqdim edilmişdir. Həmin dövlət qurumlarının birinin arxivində monitorinq aparıb nəticəyə çatmaq olardı. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək iddia tələbinin əsassız olduğundan iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 14 dekabr 2021-ci il tarixdə cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci tarixədək və xx.xx.2001ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi müəssisələrdə faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin yoxlanılması mümkün olmamışdır. Həmin dövrlərin sosial sığorta stajına əlavə edilməməsi səbəbindən imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilən monitorinq zaman iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş “Qara Qaya Sığorta” kiçik müəssisəsinin xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı müəyyən edilmişdir. Eyni zamanda, əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" MMC-nin xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. İddiaçı barəsində xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Qara Qaya Sığorta” şirkəti və “Nyu London Sığorta Kompaniyası (Bakı) LTD” müştərək müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Eyni zamanda, iddiaçı barəsində xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Qara Qaya Sığorta” şirkəti və “Nyu London Sığorta Kompaniyası (Bakı) LTD” müştərək müəssisələri barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Göründüyü kimi, iddiaçının işlədiyini iddia etdiyi “Qara Qaya Sığorta” şirkəti və “Nyu London Sığorta Kompaniyası (Bakı) LTD” müştərək müəssisələri barəsində, eyni zamanda onların faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan barəsində həm Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində, həm də Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində heç bir məlumat əldə edilməmişdir. Bununla da, cavabdeh orqan tərəfindən iddiaçının həqiqətən də işləyib-işləmədiyi, əmək haqqı alıbalmadığı və əmək haqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək həmin müəssisələrdə işlədiyini iddia etdiyi illər iddiaçının sosial sığorta stajına daxil edilmir. Bu səbəblə iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. İddiaçıya “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, ötən dövr üzrə (xx.xx.2021-ci il tarixdən) yaranmış fərq məbləği iddiaçının cari pensiyansının üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8968/2022 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə kollegiyasına yazılı vəsatət təqdim edərək hazırkı işin cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar həll edilərək, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək "xxxx" Sığorta Şirkətində, xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək “Nyu London Sığorta Kompaniyası (Bakı) LTD” Müştərək Müəssisəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablandığını bildirmiş, bu səbəbdən qeyd olunan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək "xxxx" Sığorta Şirkətində, xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək “Nyu London Sığorta Kompaniyası (Bakı) LTD” Müştərək Müəssisəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş yaşa görə əmək pensiyası yenidən hesablandığından iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək "xxxx" Sığorta Şirkətində, xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək “Nyu London Sığorta Kompaniyası (Bakı) LTD” Müştərək Müəssisəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, cavabdeh orqan tərəfindən iddiaçının həqiqətən də işləyib-işləmədiyi, əmək haqqı alıb-almadığı və əmək haqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək həmin müəssisələrdə işlədiyini iddia etdiyi illər iddiaçının sosial sığorta stajına daxil edilməsindən və iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda cavabdeh inzibati orqan vəsatətlə məhkəməyə müraciət edərək hazırkı işin cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar həll edilərək, İddiaçı hüququ yarandığı tarixdən əmək pensiyasının yenidən hesablandığını bildirilmiş, bu səbəbdən qeyd olunan iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1993cü ildən xx.xx.2001-ci ilədək "xxxx" Sığorta Şirkətində, xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək “Nyu London Sığorta Kompaniyası (Bakı) LTD” Müştərək Müəssisəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması təsdiqini tapdığı müəyyən edilmiş, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1395/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1395/2023
16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver