Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1396/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6790/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu 10.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6790/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 25 noyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 06/81 nömrəli 05.10.2020ci il tarixli ona dair güzəştli arayışında 30.11.1981-16.09.1986-cı il tarixləri arasındakı dövr ərzində 1 saylı Rayon İstilik Qazanxanasında maşinist, 16.09.1986-24.07.2006-cı il tarixləri arasındakı dövr ərzində Dispetçer Xidmətində mühəndis-dispetçer, mühəndis, 24.07.2006-cı il taixindən bugünədək isə 6 saylı X3 Sahəsində rəis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi vəzifələr müvafiq siyahıda qeyd olunan vəzifələrə uyğun deyil. Məhkəmə iclasında cavabdeh tərəf apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, 772593 saylı diplomun, ******* nömrəli hərbi biletin, ИТ-l №0988740 nömrəli əmək kitabçasının, 06/81 saylı 05.10.2020-ci il tarixli arayışın surətləri) əsasən iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, 09.11.1978- 16.11.1980-ci illərdə hərbi xidmətdə olmuş, 1977-1982-ci illərdə Bakı Energetika texnikumunda təhsil almış, 30.11.1981-ci ildə İstilik şəbəkələri və suqızdıran qazanxanalar müəssisəsinin 1 saylı Rayon İstilik Qazanxanasında qazan maşinisti işinə qəbul edilmiş, 16.09.1986-cı ildə Dispetçer Xidmətinə mühəndis-dispetçer vəzifəsinə keçirilmiş, 01.03.1988-ci ildə mühəndis keçirilmiş, 02.01.1990-cı ildə yenidən mühəndis dispetçer keçirilmiş, 24.07.2006-cı il tarixində "xxxx" ASC-nin 6 saylı X3 Sahəsinin 6 saylı Rayon İstilik Qazanxanasının rəisi vəzifəsinə təyin edilmiş, 01.06.2021-ci il tarixdə işdən azad edilmişdir. İddiaçı 02.07.2021-ci il tarixdə "xxxx" ASC-nin 6 saylı X3 Sahəsi, 6 saylı Rayon İstilik Qazanxanasında 13-cü dərəcəli rəis vəzifəsinə qəbul edilmişdir, hazırda həmin vəzifədə işləyir. - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair 03.02.2021-ci il tarixli müraciətinə cavab olaraq **********7 nömrəli, 16.02.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) Yeraltı istilik elektrik stansiyaları bəndində (24.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) qazanxana, turbin (qaz turbini) sexlərinin növbə rəisləri vəzifələri nəzərdə tutulmuşdur. 25 noyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 06/81 nömrəli 05.10.2020-ci il tarixli arayışında qeyd edilən 30.11.1981-16.09.1986-cı il tarixləri arasındakı dövr ərzində 1 saylı Rayon İstilik Qazanxanasında maşinist, 16.09.1986-24.07.2006-cı il tarixləri arasındakı dövr ərzində Dispetçer Xidmətində mühəndis-dispetçer, mühəndis, 24.07.2006cı il tarixdən bugünədək isə 6 saylı X4 Sahəsində rəis kimi işlədiyi vəzifələr Siyahıda göstərilən vəzifələrə uyğun deyil. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki işdən görünür ki, iddiaçı ona 60 yaşının tamam olduğu 10.10.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 4 əsas şərt: 1) 60 yaşının tamam olması; 2) 60 yaşının tamam olduğu tarixə 25 illik ümumi iş stajının toplanması; 3) 25 il stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşdən aydındır ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olub və 60 yaşının tamam olduğu 10.10.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 60 yaşı tamam olmuşdur. İş materiallarından müəyyən edilir ki, 10.10.2020-ci il tarixə iddiaçının 25 ildən çox ümumi stajı və 12,6 ildən çox güzəştli şərtlərlə iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir; 1.5. Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əmək kitabçalarının hazırlanması, verilməsi, doldurulması və saxlanması qaydası Azərbaycan Respublikası qanunvericiliyi və bu Əsasnamə ilə tənzimlənir. 01.01.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. .... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01.01.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01.01.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci, yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasına və işdə olan digər sənədlərə əsasən, hərbi xidmət və təhsil illəri də daxil olmaqla, 10.10.2020-ci il tarixə İddiaçı 45 il 10 ay 17 gün ümumi iş stajı mövcuddur. ((16.11.1980 – 09.11.1978 = 2 il 07 gün) + (1982 – 1977 = 5 il) + (10.10.2020 – 30.11.1981 = 38 il 10 ay 10 gün) = 45 il 10 ay 17 gün)) Cavabdeh apelyasiya şikayətində iddiaçının ümumi iş stajını deyil, xüsusi iş satjını mübahisələndirmiş və işlədiyi müvafiq vəzifələrin güzəştli şərlərlə əmək fəaliyyəti növlərinə aid olmadığına əsaslanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarında olan "xxxx" ASC-nin 06/21 saylı 16.03.2021-ci il tarixli arayışında, həmçinin "xxxx" ASC tərəfindən 17 iyun 2021-ci il tarixdə məhkəmə sorğusuna verilən 06/102-08 nömrəli cavab məktubunda göstərilmişdir ki, “İddiaçı "xxxx" Səhmdar Cəmiyyətinin İstilik Şəbəkəsi və X5 Müəssisəsi, 1 saylı Rayon İstilik Qazanxanasına əmək müqaviləsinə əsasən 27.11.1981-ci il tarixli 86/k saylı əmr ilə 30.11.1981-ci il tarixindən sınaq müddətinə maşinist peşəsinə qəbul edilmişdir. İstilik Şəbəkəsi və X5 Müəssisəsinin 14.01.1982-ci il tarixli 05/k saylı əmri ilə 12.01.1982-ci il tarixindən əmək müqaviləsinə əsasən 1 saylı Rayon İstilik Qazanxanasına maşinist peşəsinə keçirilmişdir. İstilik Şəbəkəsi və X5 Müəssisəsinin 21.09.1982-ci il tarixli 131/k saylı əmri ilə 24.09.1982-ci il tarixindən əmək müqaviləsinə əsasən 1 saylı Rayon İstilik Qazanxanasına 5-ci dərəcəli maşinist peşəsinə keçirilmişdir. İstilik Şəbəkəsi və X5 Müəssisəsinin 12.09.1986-cı il tarixli 110/k saylı əmri ilə 16.09.1986-cı il tarixindən əmək müqaviləsinə əsasən Dispetçer Xidmətinə mühəndis-dispetçer vəzifəsinə keçirilmişdir. İstilik Şəbəkəsi və X5 Müəssisəsinin 21.03.1988-ci il tarixli 41 a saylı əmri ilə 01.03.1988-ci il tarixindən əmək müqaviləsinə əsasən Dispetçer Xidmətinə mühəndis vəzifəsinə keçirilmişdir. "xxxx" ASCnin 18.07.2006-cı il tarixli 06/480 saylı əmri ilə 24.07.2006-cı il tarixindən əmək müqaviləsinə əsasən 6 saylı X3 Sahəsi, RİQ-6-ya rəis vəzifəsinə keçirilmişdir və halhazırda həmin vəzifədə işləyir. “Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı fərmanına əsasən ‘‘Azərenerji" Səhmdar Cəmiyyətinin İstilik Şəbəkələri və X5 Müəssisəsi Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27.09.2000-ci il tarixli 941 saylı sərəncamına əsasən İstilik Şəbəkələri və X5 Müəssisəsi daxil olmaqla Bakı şəhər X2 Birliyi yaradılmışdır. Bakı X2 Birliyinin 02 aprel 2001-ci il tarixli 14/H saylı əmrinə əsasən istilik Şəbəkələri və X5 Müəssisəsinin adı dəyişdirilərək 2 saylı İstilik İdarəsi adlandırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25.06.2001-ci il tarixli 456 saylı sərəncamına əsasən Bakı şəhər X2 Birliyi ləğv edilmiş və Birliyin tərkibində fəaliyyət göstərən 1 və 2 saylı İstilik İdarələri müstəqil hüquqi şəxs qismində öz fəaliyyətlərini davam etdirmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 06.12.2004-cü il tarixli 285 saylı sərəncamı ilə 1 və 2 saylı İstilik İdarələrinin bazasında Bakı Şəhəri İstilik İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 847 saylı 08.06.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İstilik İdarəsi ləğv edilərək, "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Qazanxana maşinisti peşəsi və qazanxana sexlərinin rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007 ci il tarixli 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir: 2140000a-13785 - qazan maşinisti 4 il 9 ay 15 gün; 2140000b-24125 qazanxana sexlərinin rəisi 14 il 2 ay 18 gün. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 19 il 3 gün təşkil edir.” İş hallarından aydındır ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına əsasən 21400000 Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı - qazan maşinistləri (kod 2140000a—13785) güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası ilk öncə vurğulayır ki, arayışda iddiaçının işlədiyi vəzifələrin güzəştli şərtlərlə əmək fəaliyyəti növlərinə uyğunluğu qeyd edilərkən kod 2140000a— 13785 göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007 ci il tarixli 12 saylı qərarına istinad edilmişdir. Məhkəmə qeyd edilən qərarın tarixi və nömrəsinin texniki yanlışlıq səbəbindən düzgün qeyd edilmədiyini hesab edir. Eyni zamanda hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 24-cü bölməsinə əsasən Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsi üzrə qazanxana sexlərinin rəisləri və onların müavinləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi “qazanxana maşınisti, qazanxana sex rəisi” peşələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd edilən Qərarlarına əsasən güzəştli əmək fəaliyyəti növlərinə uyğun olması iş materialları ilə öz təsdiqini tapır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, 10.10.2020-cı il tarixə iddiaçının 45 il 10 ay 17 gün ümumi iş stajı və 14 il 02 ay 18 gün xüsusi iş stajı mövcuddur. İddiaçıya 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinə münasibətdə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, “... cavabdeh bu halı mübahisələndirməmiş, iddiaçı üçün tələb olunan minimum məbləğ 40.800 manat olduğu halda iddiaçının fərdi hesabının sığorta hissəsində 55372.24 manat vəsait toplandığı təsbit olunmuşdur.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd edilən normaların tələblərinə əsasən, İddiaçı 60 yaşının tamam olduğu 10.10.2020-ci il tarixdən güəzştli şərtlərlə əmək pensiyası təyin edilməli və hüququnun yarandığı həmin tarixdən hesablanaraq ödənilməlidir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 06 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6790/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1396/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1396/2022
03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver