Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1396/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, üçüncü şəxsin, onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gülhəsənova (Abiyeva) Gülnaz Gülhəsən qızı) “qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8907/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 26 dekabr 2001-ci il tarixdə verilmiş, ÖM seriyalı, 096109 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı, mərhum əri X3 ilə 2008-ci ildə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş, həmin nikahdan 2 uşağı var. Evləndiyi gündən hal - hazıra kimi ünvan 1 ünvanında qeydiyyatdadır və həmin mənzildə yaşayır. Mənzilin qeydiyyat vəsiqəsinə əsasən Gülnaz Güləsənovanın payı sıxlaşdırılmiş halda mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin vaxt əri Növzər Abiyevin 17 yaşı olduğu üçün onun razılıq ərizəsi alınmamış, hüquqlarını anası təmsil etmişdir. Məhkəmə qətnaməsi ilə Növzər Abiyevin hüquqları qorunsa da mülkiyyət sənədləri verilərkən onun adı həmin qeydiyyat vəsiqəsində qeyd olunmamış və onun mülkiyyət hüquqları pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8907/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən öncə iddiaçı müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etməmişdir. Sözügedən hal, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində öz təsdiqini tapmış, eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili öz izahatında inzibati orqana müraciət etmədiklərini bildirmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qanunsuz və əsassız olduğu üçün həmin qərardadın ləğv edilməsini və yenidən baxışa qaytarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında məhkəməyə inzibati orqana müraciət etmədiyi bildirilmiş, lakin İPM-in 13-cü maddəsinə müvafiq olaraq məhkəmə, proses iştirakçılarına yardım etməyə borcludur. O, məhkəməyə qanun bilmədiyi üçün bu prosedura əməl etmədiyi bildirmiş və məhkəmədən ona yardım etmək üçün vaxt verməyi xahiş etmiş, iddianı mümkün saymamışdır. Halbuki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə tərəf yardım edib natamam faktiki məlumatların tamamlanmasını başa çatdırmalı və ondan sonra işə baxmalı idi. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 2.2.3-cü maddəsinin tələbindən göründüyü kimi, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçının tələbindən də göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 26 dekabr 2001ci il tarixdə verilmiş, ÖM seriyalı, 096109 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsini tələb etmişdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia, subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə müvafiq olaraq prosessual qanunvericiliyin tələbləri çərçivəsində cavabdehliyi qanunvericiliklə müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və qanunla qorunan hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün olsun. İddiaçının hazırkı iddia tələbinin isə mümkünlük şərtləri ödənilmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28.1.1-ci maddəsinin tələbinə görə inzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi iəsasında başlanılır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən maraqlı şəxs tərəfindən vəsatət müvafiq inzibati orqana bu Qanunun 29.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yazılı formada təqdim olunur. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən inzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. Həmin 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 62.1-ci maddəsinə ə sasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Qanunun qeyd olunan tələblərindən birmənalı olaraq göründüyü kimi maraqlı şəxsin müvafiq ərizəsi əsasında , inzibati orqan tərəfindən inzibati icraat başlanılır və onun həmin ərizəsi qeydə alınaraq baxılır və nəticəsi barədə ona məlumat verilir. Başqa sözlə, inzibati orqana ilkin müraciət edilməsi məhkəməyə qədər olan bir prosedur olmaqla, inzibati orqan tərəfindən həmin müraciətlə bağlı aparılmış inzibati icraatın nəticələrin özündə əks etdirir.Müraciətin təmin olunmasından imtina edildikdə isə ərizəçinin İPM-in 39.1-ci maddəsinin tələbləri qaydasında məhkəməyə müraciət etmək hüququna malik olur. Belə ki, İPM-in qeyd edilən 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Qanunun tələbindən göründüyü kimi, inzibati orqanın imtinasından narazı qalan maraqlı şəxsin müraciətin edildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəmədə iddia iddianın qaldırmaq imkanı yaranır. İddia qaldırılarkən isə onun tərəfindən məhkəməyə qədər inzibati orqanına müraciətini təsdiq sənəd əlavə olunmalı və İPM-in 46.2.5-ci maddətinin tələbinə müvafiq olaraq bu, iddia ərizəsində, ona əlavə olunmuş sənədlərin siyahısında göstərilməlidir. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyünün əsas şərtlərindən olan ilkin müraciət əsasında aparılan inzibati icraat məhkəməyə qədər inzibati orqan tərəfindən aparılmalı olan bir icraatı ehtiva edir və bu şərtə riayət olunmadığı halda, iddia ərizəsinin təqdim edildiyi inzibati məhkəmə İPM-in 13-cü maddəsində nəzərdə tutulan ərizəçiyə yardımetmə vəzifəsini daşımır. Beləliklə də, iddiaçının hazırkı öhdəliyin icrası haqqında iddiası, prosessual qanunvericiliyin qeyd olunan tələblərinə uyğun verilmədiyindən, İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun olan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və məhkəmə icraatı mümkün sayılması istisna olunur. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərədə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyisı birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan da, məhkəmə kollegiyası tərəfindən yardım etmə vəzifəsinin yerinə yetirilmədiyini, qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8907/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8907/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1396/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1396/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver