Məhkəmə qərarları › İş №2-1(103)-1396/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1396/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1396/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı "İcbari Sığorta Bürosu" X4 vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı “İcbari Sığorta Bürosu” X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə) xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli qərarların ləğv edilməsi və bu qərarlar vergi orqanı tərəfindən icra edilərək Büronun bank hesablarından silinmiş ümumilikdə 9.078.608,1 manat məbləğində vəsait geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-158/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İcbari Sığorta Bürosu” X6 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı, xx.xx.2018-ci il tarixli **********100000 saylı, xx.xx.2019-cu il tarixli **********750000 saylı, xx.xx.2020-ci il tarixli **********532300 saylı qərarların ləğv olunması və bu qərarların Vergi orqanı tərəfindən icra edilərək Büronun bank hesablarından silinmiş ümumilikdə 9.078.608,1 manat məbləğində vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İcbari Sığorta Bürosu" X4 “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə adı çəkilən qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə həmin Qanunun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X6 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. İddiaçı qeyri-kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatından keçərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən xx.xx.2011 tarixli, 1111-Q38-3003 nömrəli qeyri kommersiya hüquqi səxsınin dövlət qeydiyyatı haqqında şəhadətnamə və xx.xx.2011-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən qeyri-kommersiya şöbəsinin vergi uçotu haqqında şəhadətnamə almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya münasibətdə müxtəlif vaxtlarda mənfəət vergisi hesablanmışdır. Belə ki, İqtisadiyyat Nazirliyi, yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçıya mənfəət vergisi və vergilərin gec ödənilməsinə görə faiz hesablanması barədə xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı, xx.xx.2018-ci il tarixli **********100000 saylı, xx.xx.2019-cu il tarixli **********750000 saylı, xx.xx.2020-ci il tarixli **********532300 saylı qərarlar vermiş və qərarlarını onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Qanuna əsasən Büronun iştirakçıları olan sığorta şirkətlərinin 2014- 2019-cu illər, ərzində Büroya ödədikləri təqvim haqları mənfəət vergisinə cəlb edilməli idi və bununila bağlı mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi, vergilərin vaxtında hesablanıb ödənilmədiyi üçün həmin məbləğdən mənfəət vergisi hesablanmaqla yanaşı, gecikdirilmiş dövr üzrə faiz hesablanmalıdır. İddiaçı tərəfindən 27 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq şikayətlər verilməklə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı qərarlarının ləğv edilməsi və həmin qərarlara əsasən Büronun bank hesablarından silinmiş ümumilikdə 5,485,283.92 manat məbləğində vəsaitin geri qaytarılmaqla, bank hesablarına bərpa edilməsi xahiş olunmuşdur. Lakin məsələ hələ də öz həllini tapmamış, müraciətdə qeyd olunan tələb icra edilməmişdir.Vergi orqanı tərəfindən inzibati araşdırma üçün tələb edilən sənədlər mənfəət vergisi, məbləğinin dəqiqləşdirilməsi məqsədini daşımışdır. Halbuki, iddiaçının şikayətində kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması deyil, vergilərin hesablanması haqqında qərarların ləğv edilməsi xahiş olunmuşdur. “İcbari Sığorta Bürosu” X6 qeyrikommersiya təşkilatı olmaqla X6 təşkilati-hüquqi formasında yaradıldığına və fəaliyyəti sahibkarlıq fəaliyyəti olmadığına görə Büroya mənfəət vergisinin hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığına görə, Bürodan mənfəət vergisinin hesablanması və tutulması tamamilə qanunsuz olmuşdur. Belə ki, “İcbari Sığorta Bürosu” X6 qeyri-kommersiya təşkilatı olmaqla, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli, 165-İVQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli Fərmanının 3.1.12-ci bəndinə müvafiq olaraq yaradılmışdır. İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə “icbari sığortalar haqqında” Qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə həmin qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X6 kimi təsis edilib və fəaliyyət göstərir. Büro yalnız “İcbari sığortalar haqqında” Qanunun tələbləri və özünün Nizamnaməsi əsasında müəyyənləşdirilmiş hüquq və səlahiyyətlər daxilində, qanunda nəzərdə tutulan funksiyaların icrası məqsədilə fəaliyyət göstərir. Büronun hər hansı təsərrüfat cəmiyyəti mövcud deyildir (yaradılmamışdır), hər hansı digər təsərrüfat cəmiyyətində iştirak etmir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, 2019-cu il ərzində təqvim haqları üzrə 9.239.769,00 manat, faizlər üzrə 934.558,16 manat gəlir əldə edilməsi və xərclər nəzərə alınmaqla vergiyə cəlb edilən mənfəətin 6.835.165,16 manat təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda faizlər üzrə əldə edilən gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə tutulan vergi nəzərə alınmaqla 2019-cu il üzrə mənfəət vergisi üzrə 1.273.576,81 manat vergi məbləği hesablanmalı olduğu halda 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi təqdim edilməmişdir. Qeyd edilənlər ilə əlaqədar, vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2020-ci il tarixli, **********768300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilmə haqqında məktub” göndərilmişdir. Lakin müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37-ci, 67-ci 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin mənfəət vergisi bəyannaməsinə 1.273.576,81 manat, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********532300 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddia ərizəsində iddiaçı tərəfindən audit şirkətlərinin rəylərinə istinad edilərək təqvim haqlarının Büro üçün vergiyə cəlb edilən gəlir yaratmadığı bildirilmişdir. Həmin rəylərdə isə təqvim haqlarının vergidən azad olması ilə bağlı Vergi Məcəlləsinin hər hansı maddəsinə istinad edilməmişdir. Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır. Maddənin tələbindən göründüyü kimi yalnız əvəzsiz köçürmələr, üzvlük haqqı və ianələr vergidən azaddır. Belə olan halda təqvim haqlarının qeyd olunan heç bir kateqoriya daxil olmadığı nəzərə alınarsa, qeyd olunan məbləğlərin vergidən azad olunması iddiası əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-158/2023 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı “İcbari Sığorta Bürosu” X6 barədə xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı, xx.xx.2018-ci il tarixli **********100000 saylı, xx.xx.2019- cu il tarixli **********750000 saylı, xx.xx.2020-ci il tarixli **********532300 saylı qərarlarının ləğv edilməsi və bu qərarların Vergi orqanı tərəfindən icra edilərək Büronun bank hesablarından silinmiş ümumilikdə 9.078.608,1 manat məbləğində vəsaitin geri qaytarılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-158/2023 saylı qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarına əsasən, mənfəət vergisinin ödəyicisi olmaq üçün qeyri-kommersiya təşkilatı sahibkarlıq fəaliyyətindən gəlir əldə etməlidir. Lakin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması, hər hansı gəlir əldə etməsi məhkəmə araşdırılması ilə sübuta yetirilməmişdir. Bildiririrlər ki, iddiaçıya ödənilən təqvim haqlarının vergidən azad olması ilə bağlı Vergi Məcəlləsinin hər hansı maddəsinə istinad edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır. Maddənin tələbindən göründüyü kimi, yalnız əvəzsiz köçürmələr, üzvlük haqqı və ianələr vergidən azaddır. Belə olan halda təqvim haqlarının qeyd olunan heç bir kateqoriyaya daxil olmadığını nəzərə alsaq, qeyd olunan məbləğlərin vergidən azad olunması əsassızdır. Təqvim haqları kompensasiya ödənişləri ehtiyatının mənbələrindən biri kimi Büroya iştirakçı sığortaçılar tərəfindən ödənilən məbləğdir. Belə ki, göründüyü kimi, təqvim haqları kompensasiya ödənişini formalaşdıran elementlərdən biridir. İndi isə kompensasiya ödənişinin nə olduğunu müəyyən etmək lazımdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən iştirakçı sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə, üçüncü şəxsin sağlamlığına naməlum və yaxud oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda, mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda, mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda Büro tərəfindən kompensasiya ödənişləri verilir. Göründüyü kimi, iştirakçı sığortaçılar tərəfindən ödənilən təqvim haqlarının təyinatı kompensasiya ödənişlərinin verilməsi ilə əlaqədar ehtiyatın yaradılmasıdır. Yəni ödənilən təqvim haqları əvəzsiz xarakter daşımır, eyni zamanda nə ianə, nə də üzvlük haqqı ilə əhatə olunmur.Qeyd olunanlardan aydın olur ki, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsində təsbit edilmiş azadolmaların dairəsində təqvim haqları müəyyən edilməmişdir. Həmçinin, qərarda qeyd edilir ki, iddiaçı qeyd edilən qərarlardan şikayət təqdim edərək, qərarların qanunsuz olduğu üçün ləğv edilməsini xahiş etmişdir. X7 Xidməti tərəfindən hər hansı inzibati akt qəbul edilməmişdir. iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı, **********560600 saylı qərarlardan inzibati şikayət edilmişdir. Şikayətin araşdırılması məqsədilə iddiaçının müraciəti vergi orqanı tərəfindən cavablandırmışdır. Bildirilmişdir ki, inzibati araşdırmanın aparılması üçün zəruri sənədlər təqdim edilmədiyindən müddətin axımı dayandırılmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının hazırda mübahisələndirdiyi qərarları ilə ümumilikdə, 9078608,1 manat məbləğində iddiaçıya mənfəət vergisi hesablamışdır. Halbuki, müvafiq qərarlarla vergi ödəyicisinə 2014-cü il üzrə 966300 manat, 2015-ci il üzrə ******* manat, 2016-cı il üzrə 116800 manat, 2017-ci il üzrə 872900 manat, 2018-ci il üzrə 717900,91 manat, 2019-cu il üzrə 1 273 576,81 manat, ümumilikdə, 6472217,72 manat mənfəət vergisi hesablanmışdır. Şikayətə əlavə edilmiş şəxsi hesab vərəqəsindən də görünür ki, qalan məbləğlər vergi ödəyicisinin ödəniş tapşırıqları əsasında mənfəət vergisi, eləcə də, özünün bəyan etdiyi ödəmə mənbəyində tutulan vergi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə onun tərəfindən ödənilmişdir. Göründüyü kimi, məhkəmə vergi orqanının qərarları üzrə hesablanmış məbləğləri araşdırmadan və yuxarıda qeyd edilən hallara münasibət bildirmədən 9078608,1 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. Bu hal bir daha məhkəmə qərarının əsassızlığını göstərir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-233/2024 saylı qərarı ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), C.A.Yusifov, P.A.Hüseynov) Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 158/2023 saylı qərarı ləğv edilmiş və iddia ərizəsi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “ ... Hazırkı iş üzrə iddianı təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyinə əsasən, mənfəət vergisinin ödəyicisi olmaq üçün qeyri-kommersiya təşkilatı sahibkarlıq fəaliyyətindən gəlir əldə etməlidir. Lakin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması, hər hansı gəlir əldə etməsi məhkəmə araşdırılması ilə sübuta yetirilməmişdir. ... iddiaçıya ödənilən təqvim haqlarının vergidən azad olması ilə bağlı Vergi Məcəlləsinin hər hansı maddəsinə istinad edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır. Maddənin tələbindən göründüyü kimi, yalnız əvəzsiz köçürmələr, üzvlük haqqı və ianələr vergidən azaddır. Belə olan halda təqvim haqlarının qeyd olunan heç bir kateqoriyaya daxil olmadığını nəzərə alsaq, qeyd olunan məbləğlərin vergidən azad olunması əsassızdır. Təqvim haqları kompensasiya ödənişləri ehtiyatının mənbələrindən biri kimi Büroya iştirakçı sığortaçılar tərəfindən ödənilən məbləğdir. Belə ki, göründüyü kimi, təqvim haqları kompensasiya ödənişini formalaşdıran elementlərdən biridir. ... iştirakçı sığortaçılar tərəfindən ödənilən təqvim haqlarının təyinatı kompensasiya ödənişlərinin verilməsi ilə əlaqədar ehtiyatın yaradılmasıdır. Yəni ödənilən təqvim haqları əvəzsiz xarakter daşımır, eyni zamanda nə ianə, nə də üzvlük haqqı ilə əhatə olunmur. ... müvafiq qərarlarla vergi ödəyicisinə 2014-cü il üzrə 966300 manat, 2015-ci il üzrə ******* manat, 2016-cı il üzrə 116800 manat, 2017-ci il üzrə 872900 manat, 2018- ci il üzrə 717900,91 manat, 2019-cu il üzrə 1 273 576,81 manat, ümumilikdə, 6472217,72 manat mənfəət vergisi hesablanmışdır. Şikayətə əlavə edilmiş şəxsi hesab vərəqəsindən də görünür ki, qalan məbləğlər vergi ödəyicisinin ödəniş tapşırıqları əsasında mənfəət vergisi, eləcə də, özünün bəyan etdiyi ödəmə mənbəyində tutulan vergi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə onun tərəfindən ödənilmişdir. ... birinci instansiya məhkəməsi vergi orqanının qərarları üzrə hesablanmış məbləğləri araşdırmadan və yuxarıda qeyd edilən hallara münasibət bildirmədən 9078608,1 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir”. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2029/2024 saylı qərarı ilə (hakimlər R.S.Nəbizadə (sədrlik edən və məruzəçi), S.Ə.Kərimov, A.Ə.Hüseyn) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 2- 1(103)-233/2024 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2029/2024 saylı qərarı aşağıdakılarla əsaslandırılmışdır: “ ... 51. Cavabdehin mövqeyinə görə iddiaçının hesabına daxil olan təqvim haqları iddiaçının gəliridir, iddiaçı gəlir əldə etmişdir və həmin gəlirə görə mənfəət vergisi ödəmələdir.

52. “İcbari sığortalar haqqında” Qanunun yuxarıda bəhs olunan normalarına görə təqvim haqları kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri kimi iştirakçı sığortaçıların bu Qanunda müəyyən edilmiş qaydada Büroya ödədikləri mütəmadi haqlardır. Təqvim haqları hər ay üzrə həmin ayın son tarixindən 15 təqvim günü ərzində Büronun müvafiq hesabına köçürülür.

53. Apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 103.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının hesabına daxil olan təqvim haqlarının onun sahibkarlıq fəaliyyətinin nəticəsi olaraq gəlir əldə etməsini araşdırmamışdır.

54. “İcbari sığortalar haqqında” Qanunun 27.4-cü maddəsinə görə Büro bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağa yönələn hər hansı sahibkarlıq fəaliyyəti ilə yalnız təsərrüfat cəmiyyəti yaratmaq və ya belə cəmiyyətdə iştirak etmək yolu ilə məşğul ola bilər. Cavabdeh və onunla razılaşan apellyasiya məhkəməsi iddiaçını mənfəət vergisinin ödəyicisi hesab edərkən təsərrüfat cəmiyyəti yaratması və ya belə cəmiyyətdə iştirak etmək yolu ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması qənaətinə gəlsə də, məhkəmə iddiaçının təsərrüfat cəmiyyəti yaratması və ya belə cəmiyyətdə iştirak etməsi ilə bağlı araşdırma aparmamışdır.

55. Apellyasiya instansiyası məhkəməsi həmçinin “İcbari sığortalar haqqında” Qanunun tələbinə uyğun iddiaçının hesabına daxil olan vəsaitdən ayrıca olaraq başqa sahəyə sərf etməsi, ən əsası həmin vəsaitdən sahibkarlıq fəaliyyəti ilə əlaqədar gəlir əldə etməsi barədə də araşdırma aparmamışdır.

56. Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə görə qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr vergidən azaddır.

57. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə görə iştirakçı sığortaçılar tərəfindən ödənilən təqvim haqlarının təyinatı kompensasiya ödənişlərinin verilməsi ilə əlaqədar ehtiyatın yaradılmasıdır. Yəni ödənilən təqvim haqları əvəzsiz xarakter daşımır, eyni zamanda nə ianə, nə də üzvlük haqqı ilə əhatə olunmur. Azadolmaların dairəsində təqvim haqları müəyyən edilməmişdir.

58. Apellyasiya məhkəməsi cavabdehin dəlili ilə razılaşsa da, qeyri-kommersiya təşkilatı olan iddiaçının aldığı təqvim haqlarının vergidən azad olunan əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr olmadığına dair gəldiyi nəticəni əsaslandırmamışdır.

59. Cavabdeh Vergi Məcəlləsinin 67 və 83-cü maddələrinə əsasən iddiaçıya mənfəət vergisi hesabladığını bildirmiş, apelyasiya instansiyası məhkəməsi cavabdehin Vergi Məcəlləsinin vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarını tənzimləyən 67-ci maddəsinin tələblərinə əməl etməsini yoxlamamışdır.

60. Apellyasiya instansiyası məhkəməsinin bu cür araşdırma aparmadan nəticəyə gəlinməsi isə, İnzibati Prosessual Məcəllənin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir”. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2029/2024 saylı qərarında göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən, təqvim haqları kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri kimi iştirakçı sığortaçıların bu Qanunda müəyyən edilmiş qaydada Büroya ödədikləri mütəmadi haqlardır. Təqvim haqları sığortaçının Büronun iştirakçı sığortaçıların reyestrinə daxil edildiyi gündən başlayaraq, icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının 5 faizi həcmində ödənilir. “İcbari Sığorta Bürosu” X6 “İcbari sığortalar haqqında” Qanunun 27-ci maddəsi əsasında yaradılmış, mənfəət götürmək məqsədi daşımayan, ictimai məqsədli funksiyaları yerinə yetirən bir qurumdur. Onun fəaliyyət istiqamətləri yalnız qanunvericiliklə müəyyən olunmuş funksiyalarla məhdudlaşır və tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin Vergi Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Qeyd olunmalıdır ki, vergi orqanının mövqeyi sırf Vergi Məcəlləsinin 106.1.2-ci maddəsindəki azadolmalara söykənmiş, halbuki konkret qeyri-kommersiya subyektinin hüquqi statusu və fəaliyyəti bütövlükdə nəzərə alınmadan bu cür yanaşma qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda göstərilən kimi, təqvim haqları Büroya iştirakçı sığortaçılar tərəfindən ödənilən mütəmadi, məcburi ödənişlərdir. Bu vəsaitlər yalnız kompensasiya ödənişləri ehtiyatlarının və İSB-nin normativ funksiyalarının təmininə yönəldilir, xərclərin maliyyələşdirilməsi üçün ayrılır və büdcə xərcləri kimi planlaşdırılır. Verginin tətbiqi üçün isə real iqtisadi mənfəət və azad sərəncam hüququ olmalıdır, halbuki təqvim haqları xərclənmə istiqaməti qanunla müəyyənləşdirilmiş vəsaitlərdir X3 Standartları - BHMS (X2 Standards) - maliyyə hesabatlarının tərtib edilmə qaydalarını müəyyən edən sənədlər (standartlar, şərhlər) toplusudur. 1973-cü ildən 2001ci ilə kimi standartlar X3 standartları Komitəsi (Board of the X1 Committee) (İASC) tərəfindən hazırlanırdı və X1 (İAS) adı ilə buraxılırdı. 2001-ci ildə İASC yenidən təşkil edilərək X3 standartları Şurasına çevrildi (İASB). 2001-ci ilin aprel ayında İASB mövcud İAS-ləri tanıdı və yeni standartları İFRS adı altında hazırlamağa başladı. İFRS 17 və İFRS 15 standartlarına görə, dövlət nəzarətindəki fondlara və ya tənzimləyici orqanlara edilən məcburi ödənişlər "gəlir" və ya "mənfəət" deyil, onlar məqsədli öhdəlik və xərclər kimi tanınır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) vergi prinsiplərinə görə, qeyrikommersiya qurumlarının fəaliyyətindən əldə edilən vəsaitlər yalnız kommersiya dəyəri daşıdığı halda vergiyə cəlb oluna bilər. Normativ haqlar və vəsaitlər, qanunla müəyyən edilmiş məqsədlərə xidmət etdiyindən, vergiyə cəlb edilmir. Beynəlxalq sığorta sistemlərində də bu cür birliklərə (məsələn, Fransada "Bureau Central de Tarification", Almaniyada "Verkehrsopferhilfe e.V.") ödənilən ödənişlər vergitutma obyekti sayılmır, çünki onlar kommersiya fəaliyyətinə deyil, sistemin təhlükəsizliyinə və sabitliyinə yönəlib; bu vəsaitlər yalnız nizamnamə və qanunvericilik çərçivəsində xərclənir. Göründüyü kimi, təqvim haqları azad iqtisadi sərəncam obyekti olmadığı üçün iqtisadi baxımdan gəlir və ya mənfəət hesab edilə bilməz. Belə olan halda Vergi Məcəlləsinə əsasən vergi obyekti də mövcud deyil və təqvim haqqlarının Vergi Məcəlləsinin 106-cı maddəsində sadalanmaması bu ödənişlərin konseptual mahiyyətini dəyişmir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən, “İcbari Sığorta Bürosu" X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2029/2024 saylı qərarında ifadə olunmuş göstərişlər nəzərə alınaraq məhkəmə tərəfindən iddiaçının təsərrüfat cəmiyyətində iştirak etmək yolu ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə aşağıdakı məzmunda sorğu verilmiş: “ ... Yaranmış zərurətlə əlaqədar göstərilən işin obyektiv araşdırılması məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********557800 nömrəli, xx.xx.2017-ci il tarixli **********558500 nömrəli, xx.xx.2017-ci il tarixli **********560600 nömrəli, xx.xx.2018-ci il tarixli **********100000 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********750000 nömrəli, xx.xx.2020-ci il tarixli **********532300 nömrəli qərarları əsasında “İcbari Sığorta Bürosu” X5 münasibətdə maliyyə sanksiyasının tətbiq olunubolunmadığı/faizlərin hesablanıb-hesablanmadığı və tətbiq olunduğu/hesablandığı təqdirdə məbləğlər barədə; həmçinin “İcbari Sığorta Bürosu” X4 digər təsərrüfat cəmiyyəti vasitəsilə sahibkarlıq fəaliyyətindən gəlir əldə edib-etmədiyi barədə müvafiq məlumatların/sənədlərin sorğu alınan gündən 5 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunur”. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 aprel 2025-ci il tarixli, 3-21-2-3/2-Ə-53xx-xx/2025 saylı cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... "İcbari Sığorta Bürosu" X6 tərəfindən (VÖEN: **********) xx.xx.2020-xx.xx.2025-ci il tarixləri üzrə müvafiq bəyannamələr və hər hansı elektron qaimə fakturalar təqdim edilmədiyindən gəlirlərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin bildiririk ki, hesablanmış faizlər maliyyə sanksiyaları barədə müvafiq vergi ödəyicisinin şəxsi hesab vərəqəsi Sizə qoşma şəklində təqdim olunur”. Göründüyü kimi, iddiaçının hər hansı təsərrüfat cəmiyyətində iştirak etmək yolu ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması iş materialları ilə öz təsdiqini tapmır, cavabdeh bunun əksini məhkəməyə sübut edə bilməmiş, ünvanlanan sorğulara belə mücərrəd formada cavab vermişdir. Məhkəmə kollegiyası xüsusi olaraq apellyasiya şikayətinin aşağıdakı dəlilinə münasibət bildirməyi zəruri hesab edir: “ ... Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının hazırda mübahisələndirdiyi qərarları ilə ümumilikdə, 9078608,1 manat məbləğində iddiaçıya mənfəət vergisi hesablamışdır. Halbuki, müvafiq qərarlarla vergi ödəyicisinə 2014-cü il üzrə 966300 manat, 2015-ci il üzrə ******* manat, 2016-cı il üzrə 116800 manat, 2017-ci il üzrə 872900 manat, 2018-ci il üzrə 717900,91 manat, 2019-cu il üzrə 1 273 576,81 manat, ümumilikdə, 6472217,72 manat mənfəət vergisi hesablanmışdır. Şikayətə əlavə edilmiş şəxsi hesab vərəqəsindən də görünür ki, qalan məbləğlər vergi ödəyicisinin ödəniş tapşırıqları əsasında mənfəət vergisi, eləcə də, özünün bəyan etdiyi ödəmə mənbəyində tutulan vergi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə onun tərəfindən ödənilmişdir. Göründüyü kimi, məhkəmə vergi orqanının qərarları üzrə hesablanmış məbləğləri araşdırmadan və yuxarıda qeyd edilən hallara münasibət bildirmədən 9078608,1 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir”. Dəfələrlə keçirilmiş məhkəmə iclaslarında müəyyən edilmişdir ki, iddiaçının hesabından məhz bərpa olunması tələb edilən məbləğdə pulun silinməsi işin mübahisələndirilməyən halıdır. Lakin bununla yanaşı cavabdeh tərəfindən hesablanmış mənfəət vergisindən əlavə olaraq silinmiş məbləğlərlərə münasibətdə məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri məhkəməyə fərqli məlumatlar vermişlər. Belə ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəməyə bildirmişdir ki, mübahisələndirilən qərarlar kameral vergi yoxlamasının nəticəsində qəbul edilmiş qərarlardır. Kameral vergi yoxlaması nəticəsində sanksiya tətbiq edilmir, hesablanmış vergiyə 1 il ərzində 0,1 faiz borcu tətbiq edilir. Qərarlar ləğv edildiyi halda hesablanmış faizlər də ləğv edilir. Sanksiya səyyar vergi yoxlaması nəticəsində tətbiq edilir. Kameral vergi yoxlaması nəticəsində isə faiz borcu tətbiq edilir. Əgər məhkəmə tərəfindən vergi orqanı tərəfindən qəbul olunmuş qərarların əsasız olduğu hesab edilirsə, belə olan halda hesablanmış faiz borcu də silinəcəkdir. Sözügedən qərarlar ləğv edildiyi halda vergi ödəyicisinin şəxsi hesabından tutulmuş vəsaitlər artıq ödəmə kimi əks etdiriləcəkdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə1 isə məhkəməyə bildirdi ki, iddiaçıya məxsus şəxsi-hesab vərəqəsi məhkəməyə təqdim olunmuşdur. Hesablanmış vergi 6.472.000 manat məbləğindədir. İddiaçı tərəfindən 9.078.608,1 manat məbləğində vəsaitin geri qaytarılması kimi iddia qaldırması doğru deyil. Qərar ləğv olunduqda hesablanan faizlər də bərpa olunur. Məhkəmə tərəfindən sözügedən məbləğin tərkibinin aydınlaşdırılması ilə bağlı hissəyə toxunulmamışdır. Lakin məbləğin tərkibi araşdırılmalı olan hallardan biridir. İddia tələbi qərarların ləğvi ilə bağlı olmalıdır. İddiaçının bank hesablarından silinmiş 9.078.608,1 manat məbləğin tərkibi bəlli olmadığına görə məhkəmənin ona münasibətdə qərar qəbul etməsi əsassızdır. Göründüyü kimi, bir iclasda cavabdeh tərəfindən əlavə hesablanmış məbləğlərin faiz olması bildirilir, obiri iclasda isə həmin məbləğlərin mənbəyinin qeyri-müəyyənliyinə istinad edilir və araşdırılması tələb edilir. Halbuki, həmin məlumatların araşdırılması və məhkəməyə təqdim edilməsi sırf cavabdeh inzibati orqana bağlı olan məsələdir. Qeyd olunanlara cavab olaraq məhkəmə iclasında iştirak edən iddiaçı "İcbari Sığorta Bürosu" X4 vəkili Vəkil məhkəməyə bildirdi ki, hesablanan və silinən rəqəmlər bəllidir və mübahisələndirilmir. Vergi orqanının kameral və ya səyyar vergi yoxlaması ilə bağlı qərarı ləğv olunduqda şəxsi-hesab vərəqəsində dəyişiklik baş verir və şəxsi hesabda mənfəət vergisi artıq ödəmə kimi qalır. İddiaçı isə ümumiyyətlə mənfəət vergisi ödəyicisi deyil və bununla əlaqədar da heç vaxt vergi orqanına bəyannamə təqdim etməyib. Belə olan halda iddiaçı tərəfindən tələbin məhz qoyulan formada irəli sürülməsi real hüquqi nəticələr verə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla yanaşı qeyd etməyi zəruri hesab edir ki, təqvim haqlarının vergiyə cəlb edilməsi həm hüquqi, həm də praktik baxımdan ciddi mənfi nəticələrə səbəb ola bilər. Bu nəticələr sığorta sisteminin dayanıqlılığı, vətəndaşların müdafiəsi və maliyyə sabitliyi üçün risk daşıyır. Belə ki, təqvim haqları İcbari Sığorta Bürosunun zərər ödənişləri üçün ehtiyat fondlarının formalaşmasına xidmət edir. Onların vergiyə cəlb edilməsi: ehtiyat fondlarının azalmasına, zərərlərin ödənilməsində gecikmələrə, sığortalıların hüquqlarının pozulmasına gətirib çıxara bilər. Göründüyü kimi, əgər təqvim haqları vergiyə cəlb olunarsa, bu əlavə yük sonda sığorta şirkətləri tərəfindən müştəriyə ötürüləcək, bu da sığorta haqlarının süni şəkildə bahalaşmasına, vətəndaşların icbari sığortadan yayınmasına, nəticədə isə sığorta əhatəsinin daralmasına səbəb olacaq. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Yaşıl Kart Sisteminin iştirakçısıdır və bu sistemdə fəaliyyət göstərmək üçün müəyyən maliyyə sabitliyi tələb olunur. Təqvim haqlarının vergiyə cəlb edilməsi isə büroya mövcud ehtiyatlarını saxlamaqda çətinlik yaradacaq, sistemdən çıxarılmaq və ya fəaliyyətinin məhdudlaşdırılması riski doğura, bu da dövlətin sığorta bazarının beynəlxalq reputasiyasına mənfi təsir edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-158/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-158/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar