Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1397/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı X2 və cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı X2 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)-2406/2018 saylı qərarından iddiaçı X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icra baş idarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icra baş idarəsinin ona verdiyi maddi və mənəvi ziyanı 100000 (yüz min) manat məbləğində tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icra baş idarəsi əsl cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-1444/2018 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)- 2406/2018 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-2628/2018 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-1746/2019 saylı qərarı ilə qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-2628/2018 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-2282/2019 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2406/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı maddi ziyan tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-2282/2019 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2406/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı mənəvi ziyan tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iddiaçı X2 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə qarşı mənəvi ziyanın ödənilməsi barədə iddiası mümkün sayılmamışdır. Həmin qərardan və qərardaddan iddiaçı tərəfindən yenidən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)- 1168/2020 saylı qərarları ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)- 2282/2019 saylı qərarı və qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Qarabağ müharibəsi əlili olduğu üçün xx.xx.2004-cü il tarixdə Suraxanı Rayon İcra Hakimiyyəti ona Yeni Ramana qəsəbəsi Aeroport yolu mərkəzi küçəsi keçid 9 ünvanda ticarət obyekti üçün 290 kv.m torpaq sahəsi vermişdir. O, həmin yerdə özünə məxsus ticarət obyekti tikmişdir. Bir müddətdən sonra onun ticarət obyektinin 5-6 metrlik kənarında qanunsuz bir ticarət obyekti tikilmişdir. Həmin obyekt qanunsuz olduğu üçün sökülməsi ilə bağlı iddia qaldırmış, xx.xx.2013-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsi işə baxıb onun iddiasını təmin etmişdir. İşin icrasını Suraxanı rayon İcra və probasiya şöbəsi 2013-cü ilin avqust ayından bu günə kimi icra etmir. İcra məmuru 2014-cü ildə işin icrasına qanunsuz olaraq xitam vermişdir. Apelyasiya Məhkəməsi həmin xitam qərarını ləğv etmişdir. 2016-cı ildən icra məmuru yenidən işin mümkünsüzlüyü barədə qərar qəbul etmişdir. Apelyasiya məhkəməsi həmin qərarı da ləğv etmişdir. Bu müddət ərzində qərar icra edilməyib. O, maddi zərərə məruz qalmışdır. Həmçinin borclu tərəfindən döyülmüşdür. Bu barədə hüquq-mühafizə orqanlarına müraciətlər etmişdir. Bu səbəbdən də mənəvi zərərə məruz qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı X6 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən edilir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(103)-39/2013 saylı qətnaməsinə əsasən, iddiaçı X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Bakı şəhəri Yeni Ramana qəsəbəsi, Aeroport yolu Mərkəzi küçəsi, 9-cu ünvanda yerləşən qanunsuz fəaliyyət göstərən ticarət obyektinin cavabdeh X9 hesabına sökülməsi qət edilmişdir. Həmin qətnamənin icrası məqsədilə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən xx xxxxxx 2013-cü ildə icra vərəqəsi verilmiş və Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, işin təkzibolunmaz faktı ondan ibarətdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013cü il tarixli qərarının icrası təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə, sözügedən məsələdə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi yoxdur, sadəcə olaraq, məhkəmə qətnaməsinin icrasının təmin edilməməsinin səbəbi məhkəmə qətnaməsində sökülməli olan ticarət obyektinin texniki göstəricilərinin və yerləşmə mövqeyinin dəqiq qeyd edilməməsi olmuşdur və məhz bu səbəbdən, icra məmuru qətnamə əsasında sökülməli olan obyektin iddiaçının faktiki olaraq sökülməsini tələb etdiyi və T.İbrahimov adlı şəxsin mülkiyyətində olan obyektlə eyni olub-olmadığını müəyyənləşdirə bilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmçinin Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(103)-39/2013 saylı qətnaməsinin artıq 7 (yeddi) ildir ki, icra edilməməsi faktını etiraf edərək qeyd etsə də, apelyasiya instansiyası məhkəməsi bunun məsuliyyətini apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə xx xxxx 2013-cü il tarixli qətnaməni qəbul edərkən sökülməli olan ticarət obyektinin texniki göstəricilərinin və yerləşmə mövqeyinin dəqiq qeyd etməmiş apelyasiya instansiyası məhkəməsinin üzərinə qoyur. Halbuki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının özündə apelyasiya instansiyası məhkəməsi “İcra haqqında” Qanunun 2, 7, 9-cu maddələrinə istinad etmişdir ki, həmin maddələrdən göründüyü kimi məhkəmə qərarlarının icrası icra məmurlarının bilavasitə vəzifəsi olmaqla, məhz icra məmurları məhkəmə qərarlarının icrası ilə məşğul olmalıdır. Eyni zamanda, xüsusi olaraq qeyd edilməlidir ki, həmin Qanunun 14.1-ci maddəsinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Beləliklə, icra məmuruna sözügedən qətnamənin icrası ilə bağlı nə isə aydın olmadığı halda, icra məmuru qətnamənin izah edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən çox mühüm əhəmiyyət kəsb edən həmin məsələ araşdırma predmeti olmamış, nəticə etibarı ilə də buna hüquqi qiymət verilməmişdir. İcra işinin materiallarından aşağıdakılar müəyyən edilir: - Suraxanı rayon İcra Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya ünvanlanmışdır. - Cavabdeh tərəfindən icra sənədinin icrasının təmini məqsədi ilə xx xxxx 2015-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərar əsasında, ünvan 2 9 ünvanında yerləşən ərazidə tələbkar X3 məxsus ticarət obyekti yaxınlığında iki otaqdan ibarət birmərtəbəli tikilinin X7 adına qeydiyyata alınmış “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarış”a əsasən ünvan 3 ünvanda 50 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 39,6 kv.m olan bir mərtəbədən ibarət tikili ilə eyni tikili olub-olmamasının müəyyən edilməsi məqsədi ilə mütəxəssisin dəvət edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx xxxxxxxx 2015-ci il tarixli müşayət məktubu ilə göndərilmiş mütəxəssis rəyində göstərilmişdir ki, yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, başqa ünvanlar göstərildiyinə baxmayaraq, eyni tikilidir, texniki pasporta əsasən əlavə qapı açılmışdır. - X10 tərəfindən cavabdeh quruma ünvanlanmış xx xxxxxxx 2015-ci il tarixli izahatda icra işi üzrə borclu X15 ilə onun heç bir qohumluq və ya tanışlıq əlaqəsinin olmadığı, ona məxsus obyekt yaxınlığında həmin adamın tikinti materiallarının satışı ilə məşğul olduğu, lakin Suraxanı rayon İcra Hakimiyyətinin tələbi ilə qanunsuz küçə satışı ilə məşğul olduğu üçün ona məxsus qanunsuz tikilinin sökülərək, tikinti materialları ilə birlikdə həmin ərazidən yığışdırıldığını göstərilmişdir. - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə ünvanlanmış 1/1707 saylı, xx xxxxxx 2014-cü il tarixli məktubda da analoji məlumat qeyd edilərək göstərilmişdir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aeroport yolu, Mərkəzi küçədə ticarət obyektinin fəaliyyət göstərməsinə dair RİH tərəfindən vətəndaş X11 heç bir sənəd verilməmişdir. Qanunsuz fəaliyyət göstərən ticarət obyekti RİH yanında “Qanunsuz tikililərə qarşı mübarizə və torpaq mübahisələrinin həlli üzrə komissiya”nın üzvləri tərəfindən sökülmüş və tikinti materialları vətəndaş X15 tərəfindən ərazidən yığışdırılmışdır. - Bundan sonra cavabdehin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-39/14 saylı, xx xxxx 2013-cü il tarixli icra sənədi icrası mümkün olmadığından Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdır. - İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərarından görünür ki, X1 iddiası təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Elxan Məmmədovun xx xxxxxx 2016-cı il tarixli “icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarı ləğv edilmişdir. Bundan sonra məhkəmənin icra sənədinin icrasının təmini məqsədi ilə, xx xxxxxx 2017-ci il tarixli akt, sökülməli olan obyektin yerinin müəyyən edilməsi üçün mütəxəssisin dəvət edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında qeyd edilən mövqeyi əsas tutaraq və iş materiallarındakı sənədləri araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyanın 125 və 127-ci maddələrinin mahiyyətinə görə, həmin təminatlar tək hər bir şəxsin məhkəməyə müraciət etmək və işinə baxılması hüquqlarının təmin olunması ilə məhdudlaşmır, həm də işinə qərəzsiz, ədalətli, tərəflərin hüquq bərabərliyi, faktlar və qanun əsasında baxılmasını, o cümlədən qəbul olunmuş qərarın qanunla müəyyən olunmuş hədlər çərçivəsində icrasını tələb edir. Effektiv və real ədalət mühakiməsinin əsas şərtlərindən biri məhkəmə qərarlarının icra olunması ilə bağlıdır. Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə icraatı qaydasında qəbul olunmuş qərarın icrası nəinki hər bir məhkəmə araşdırmasının ayrılmaz, mühüm hissəsidir, həm də fiziki və hüquqi şəxslərin hüquqlarının dövlət tərəfindən müdafiə olunmasının təminatıdır “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddələsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). İş materiallarından da göründüyü kimi mübahisə predmeti olan icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2013-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya ünvanlanmışdır. “İcra haqqında” qanunun 12.1-ci maddəsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olan mətninə əsasən “icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “İcra haqqında” qanunun 12.1-ci maddəsinin xx.xx.2018-ci il tarixdən sonra qüvvədə olan mətnində isə icra məmurunun icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməli olduğu nəzərdə tutulmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 07 saylı qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında Plenum şərh edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Hazırkı tarixə qədər 7 ildən çox müddət keçməsinə baxmayaraq icra sənədinin icrası təmin edilməmişdir. İcra məmuru tərəfindən bu yeddi il ərzində müəyyən hərəkətlərə edilmiş olsa belə icra sənədinin bu vaxta qədər icrasız qalmasının əsasları iş materialları ilə müəyyən edilməmişdir. Məhz bu qədər uzun müddətə icra sənədinin icrasız qalması tələbkarın qanuni tələblərinin yerinə yetirilməməsi ilə nəticələnmişdir ki, bu da onun mənəvi zərərə məruz qaldığını ortaya qoyur. Belə ki, tələbkarın bu illər ərzində icra sənədinin icrası ilə əlaqədar olaraq müxtəlif məhkəmə proseslərində iştirak etməsi, icra məmurunun bir dəfə icra sənədi üzrə icraata xitam verməsi barədə təqdimatla məhkəməyə müraciət etməsi, birinci instansiya məhkəməsi tərəfindən təqdimatın təmin edilməsi, daha sonra Bakı Apelyasiya Məhkəməsi tərəfindən həmin qərardadın ləğv edilməsi, icra məmurunun daha sonra icra sənədini icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə geri qaytarması, tələbkar tərəfindən icra sənədinin icrasının təmin edilməsi üçün müxtəlif orqanlara müraciətlər və şikayətlər edilməsi iddiaçının hüquqlarının pozulduğunu və icra məmurunun qanunvericiliyə uyğun olmayaraq icra sənədinin icrasını gecikdirdiyini göstərir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına Mülki Məcəlləni, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx xxxxxx 2008-ci il tarixli qərarında və Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeləri tətbiq edərək belə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 manat tutulmalıdır. İddia tələbinin iddiaçıya dəymiş maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı tərəfindən ona maddi ziyan dəyməsinə dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən də iddia tələbi maddi zərərin tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin öz qərarında icra məmurunun qətnamənin izah edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək hüququna malik olması barədə göstərdiklərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-39/2013 saylı qərardadının surətindən görünür ki, icra məmuru tərəfindən qətnaməyə izah verilməsi ilə bağlı 2013-cü il tarixdə məhkəməyə müraciət edilmiş və izahla bağlı ərizə təmin edilməmiş, hazırkı qərardadla isə eyni məzmunlu ərizə baxılmadan geri qaytarılmışdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)-2406/2018 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)- 2406/2018 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Suraxanı rayon İcra və probasiya şöbəsindən 1000 (bir min) manat mənəvi zərərin əvəzi tutularaq iddiaçı X4 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-1397/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1397/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver