Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1397/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı (xx.xx.1989-cu il tarixində Göyçay rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən faktiki yaşadığı ünvan ünvan 2publikası Müdafiə Nazirliyinə qarşı “işə bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1296/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 28.07.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa edilməsi və işə bərpa olunanadək məcburi iş buraxma müddətinə görə qərar icra olunan tarixə kimi əmək haqqının cavabdeh tərəfindən ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin nəzdində N saylı hərbi hissədə 1-ci tabor minaatan batareyasında X1 vəzifəsində xidmət etmişdir. 2020-ci ilin aprel ayında qanunsuz və əsassız olaraq işdən kənarlaşdırılmışdır. İşdən kənarlaşdırılmağına baxmayaraq hazırkı vaxtadək nə işdən çıxma barədə əmr, nə də ki əmək kitabçası təqdim edilməmişdir. Bu səbəbdən də, əmək kitabçası və işdən çıxma barədə əmrin ona rəsmi formada təqdim edilməsi üçün yazılı formada ərizə ilə Müdafiə Nazirliyinə müraciət etmişdir. Artıq 2 aya yaxın bir müddətin keçməsinə baxmayaraq məktubuna hər hansı bir cavab gəlməmişdir. Bu səbəbdən də, “işə bərpa” tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan 11.02.2021-ci il tarixdə İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0250 №-li 08.04.2020-ci il tarixli əmrinin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1296/2021 nömrəli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. 29.03.2021-ci il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1296/2021 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. 17.06.2021-ci il tarixində iddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəci və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etməsi bildirilmişdir. Lakin ərizəni əsaslandıracaq heç bir sənəd əlavə edilmədiyindən iclas təxirə salınmamış, işə baxılmışdır. İddiaçı və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Göndərilən xidməti sənədlərin uçotu jurnalı”nın (Forma 7) surətindən görünür ki,1558 sıra nömrəli qeyddə 18.04.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə təqdim olunması üçün baş leytenant İddiaçı imza edilməklə təyinat vərəqəsi təqdim olunmuşdur. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi əmr barəsində 18.04.2020-ci il tarixdə rəsmi qaydada məlumat almış, həmin əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti heç bir üzürlü səbəb olmadan ötürmüş, yalnız əmri aldığı gündən 3 (üç) ay, 10 (on) gün sonra məhkəməyə müraciət etmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti heç bir üzürlü səbəb olmadan ötürdüyünü qeyd etsə də, iddiaçıya buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təqdim edilməsini təklif etməmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 11.02.2021-ci il tarixdə iddiaçı iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0250 №-li 08.04.2020-ci il tarixli əmrinin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etsə də, Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinin tələblərinə uyğun olaraq onun dəqiqləşdirilmiş iddia tələbinin icraata qəbul edilməsi barədə məhkəmə qərardadı və həmin qərardadın cavabdehə göndərilməsini təsdiq edən sənəd-sübut iş materiallarında mövcud deyildir . Eyni zamanda 11.02.2021-ci il tarixli məhkəmə iclas protokolunda iddiaçı tərəfindən iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edildiyi göstərilsə də, həmin ərizənin icraata qəbul edilməsi protokolda öz əksini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə münasibət bildirməli, həmçinin iddiaçıya məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təqdim edilməsi təklif edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2- 1(112)-1296/2021 nömrəli qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1296/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “işə bərpa edilməsi və işə bərpa olunanadək məcburi iş buraxma müddətinə görə qərar icra olunan tarixə kimi əmək haqqının cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-1397/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1397/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver