Məhkəmə qərarları › İş №2-1(103)-1398/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1398/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1398/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1959-cu il tarixində Tərtər rayonunun Borsunlu kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatadadır, iddia ərizəsinə əsasən hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır) cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2- 1(112)-12434/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2021-ci il tarixində cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı və Sumqayıt şəhərlərində mərhum X2 və İddiaçı məxsus tikintisi dayandırılmış tikinti obyektlərində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin fəaliyyətinə qadağa qoyulması, tikinti sahələrinin üzərinə həbs qoyulması, tikinti-quraşdırma işlərinin dayandırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, mərhum Ş.H.Hüseynovun yaxın qohumları tərəfindən törədilən qanunsuz əməllərə hüquqi qiymət verilməsi, onun adından və möhür nümunəsindən istifadə etməklə saxta yolla bəzi səlahiyyətləri olmayan şəxslərin adına tərtib edilmiş əqdlərin ləğv edilməsi, mərhum Ş.H.Hüseynovla 2002-2007-ci illərdə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə öhdəliklərin icrasının “X4” MMC-nin üzərinə vəzifə kimi qoyulması, bütün binalarda yaşayış və qeyriyaşayış sahələri qanuni istifadəçilərinə və Dövlət İstismar Komissiyasına təhvil verilməsi vəzifəsinin direktoru olduğu “X4” MMC-nin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2- 1(112)-12434/2021 nömrəli qərardadı ilə (hakim H.Ağalarov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “fəaliyyətin qadağan edilməsi, işlərin dayandırılması, müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək (apellyasiya şikayəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, 17/38-956 №li məktubu ilə göndərilmişdir), Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2- 1(112)-12434/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iş üzrə iddia tələbinin məzmunundan görünür ki, iddia tələbləri cavabdeh kimi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə yönəlmişdir. Eyni zamanda iddia tələblərinin predmetini təşkil edən “fəaliyyətin qadağan edilməsi, işlərin dayandırılması, müqavilənin etibarsız hesab edilməsi və s.” tələbləri inzibati orqanlara qarşı iddia irəli sürülsə də, cavabdehlər ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı və cavabdehlər qismində göstərilmiş inzibati orqanlar arasında inzibati mübahisə mövcud olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “tikinti obyektlərində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin fəaliyyətinə qadağa qoyulması, tikinti sahələrinin üzərinə həbs qoyulması, tikinti-quraşdırma işlərinin dayandırılması, əqdlərin ləğv edilməsi, müqavilələrin etibarsız hesab edilməsi, müqavilə üzrə öhdəliklərin icrasının hüquqi şəxsin üzərinə vəzifə kimi qoyulması” iş üzrə cavabdehlərin hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd edilən tələbləri publik hüquq münasibətlərinə aid olmadığından, başqa sözlə mülki hüquqi xarakterə malik olduğundan iddiaçının hazırkı tələbləri inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2- 1(112)-12434/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar