Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1398/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Hüququn məxsus olmasına dair arayışın verilməsi” ) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12732/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının “fərdi qaraj tikintisi üçün torpaq sahələrinin ayrılması barəsində” xx.xx.1994-cü il tarixli, 445 saylı Sərəncamına əsasən Lökbatan qəsəbəsi 28 may küçəsi 45 №-li ev 4 №-li mənzil sakini X4 Lökbatan qəsəbəsində 6x4 m ölçüdə qaraj tikintisinə icazə verilmişdir.
2. Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının “fərdi qaraj tikintisi üçün torpaq sahələrinin ayrılması barəsində” xx.xx.1994-cü il tarixli, 445 saylı Sərəncamına əlavə edilmiş qaraja dair cizgi iş materiallarına əlavə edilmişdir.
3. AZ-İİ 168473 qeydiyyat nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
4. Bakı şəhəri 8 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər ərazi idarəsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, xx.xx.1948-ci il tarixdə anadan olmuş xx.xx.2021-ci il tarixdə ölmüş X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 128/2021 nömrəli vərəsəlik işi açılmışdır. X3 vəfat etməsi ilə əlaqədar 2021-ci ildə onun vərəsələrindən X8, İddiaçı, X5 notariat ofisinə müraciət etmişdirlər. Azərbaycan Respublikası Qaradağ rayon İHB-nın xx.xx.1994-cü il tarixli 445 nömrəli sərəncamına əsasən mərhum X4 Lökbatan qəsəbəsində ayrılmış 6x4 m ölçüdə qaraja və qarajın yerləşdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənəd (çıxarış, texniki pasport) verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir.
5. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) Aktında qeyd olunmuşdur ki, obyekt qaraj cərgəsində yerləşir. Qaradağ rayon icra hakimiyyəti tərəfindən verilmiş yerləşmə sxemində göstərilən elektrik yarımstansiyası və 45 nömrəli yaşayış binası faktiki vəziyyətə uyğundur. Yerləşmə sxemində qarajlar cərgəsi tam göstərilməmişdir və uşaq bağçası faktiki yerində mövcuddur. Cizgidə qaraj uşaq bağçasına bitişik göstərilsə də, faktiki qarajla uşaq bağçası arasında 1.8 x 5.9 m ayrı tikili mövcuddur. Kadastr: q/y binasına (qaraja) dair təqdim edilmiş yerləşmə cizgisi qeyri-müəyyən olduğundan sözügedən qarajın dəqiq yerləşməsini təyin etmək mümkün olmamışdır. Verilmiş koordinatlara əsasən qaraj qərbdə yerləşən uşaq bağçasından (təxmini) 2 m aralıdadır
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 12 aprel 1994-cü il tarixli, 445 nömrəli sərəncamı ilə X9 tərəfindən tikilmiş 6x4 kv.m ölçüdə olan fərdi qaraja dair texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək edərək Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 12 aprel 1994-cü il tarixli, 445 nömrəli sərəncamı tikilmiş, sahəsi 19,7 kv.m olan qarajın (qeyri-yaşayış sahəsinin) mərhum X4 məxsusluğuna dair arayışın verilməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 12 aprel 1994-cü il tarixli, 445 nömrəli sərəncamı ilə iddiaçının mərhum atası X4 Lökbatan qəsəbəsində 6x4 ölçüdə qaraj tikintisi üçün torpaq sahəsi ayrılmış və qarajın tikintisinə icazə verilmişdir. İddiaçının mərhum atası tərəfindən sözügedən qaraj tikilmiş və istifadəsində olmuşdur. X7 03 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra, ondan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün iddiaçı Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmişdir. Həmin notariat ofisində vərəsəlik işi açılmış və hüquqmüəyyənedici sənədin verilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə yazılı məktub göndərilmişdir. Yuxarıda qeyd edilən qaraja texniki pasportun alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətə cavab olaraq 25 iyul 2023-cü il tarixli məktubla bildirilmişdir ki, qeyri yaşayış binasına (qaraja) dair təqdim edilmiş yerləşmə cizgisi qeyri-müəyyən olduğundan sözügedən qarajın dəqiq yerləşməsini təyin etmək mümkün olmamışdır. İddiaçı bildirir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qanuni əsaslarla inşa edilmiş qaraja texniki pasportun verilməsi üçün müraciət etmişdir. Həmçinin vaxtilə iddiaçıya verilmiş yerləşmə cizgisini də, cavabdehə təqdim edilmişdir. Cavabdeh isə məlum olmayan səbəblərə görə əsassız olaraq imtina etmişdir.
9. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri yaşayış binasına (qaraj) dair təqdim edilmiş yerləşmə cizgisi qeyri-müəyyən olduğundan sözügedən qarajın dəqiq yerləşməsini təyin etmək mümkün olmaması barədə iddiaçıya **********03 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, qarajın tikintialtı sahəsi 22.7 kv.m, qarajın sahəsi 19.7 kv.m təşkil edir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12732/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 445 saylı Sərəncamına əlavə edilmiş cizgi və qeyri-yaşayış sahəsinin (qarajın) faktiki vəziyyətini əks etdirən cizgi arasında əhəmiyyətli uyğunsuzluq olduğundan icra hakimiyyəti tərəfindən iddiaçının mərhum atasına tikinti üçün icazə verilmiş qarajla hazırda tələb edilən qaraj arasında eyniliyi müəyyən etmək mümkün deyildir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12732/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
15. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
16. Məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı iclasda iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
18. «Daşınmaz«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; -139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
25. Belə ki, işin hallarına görə Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının “fərdi qaraj tikintisi üçün torpaq sahələrinin ayrılması barəsində” xx.xx.1994-cü il tarixli, 445 saylı Sərəncamına əsasən Lökbatan qəsəbəsi 28 may küçəsi 45 №-li ev 4 №-li mənzil sakini X4 Lökbatan qəsəbəsində 6x4 m ölçüdə qaraj tikintisinə icazə verilmişdir.
26. Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının “fərdi qaraj tikintisi üçün torpaq sahələrinin ayrılması barəsində” xx.xx.1994-cü il tarixli, 445 saylı Sərəncamına əlavə edilmiş qaraja dair cizgi iş materiallarına əlavə edilmişdir.
27. AZ-İİ 168473 qeydiyyat nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
28. Hazırda iddiaçı mərhum X3 vərəsəsi kimi Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 12 aprel 1994-cü il tarixli, 445 nömrəli sərəncamı əsasında tikilmiş, sahəsi 19,7 kv.m olan qarajın (qeyri-yaşayış sahəsinin) mərhum X4 məxsusluğuna dair arayışın verilməsini xahiş edir.
29. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən cavabdehin imtinasını əsaslı sayaraq mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 445 saylı Sərəncamına əlavə edilmiş cizgi və qeyri-yaşayış sahəsinin (qarajın) faktiki vəziyyətini əks etdirən cizgi arasında əhəmiyyətli uyğunsuzluq olduğundan icra hakimiyyəti tərəfindən iddiaçının mərhum atasına tikinti üçün icazə verilmiş qarajla hazırda tələb edilən qaraj arasında eyniliyi müəyyən etmək mümkün deyildir.
30. Apellyasiya şikayətinə əlavə olunmuş Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyətinin iddiaçının vəkili Vəkil ünvanladığı 5-13/2-1324/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur:” Sizin Qaradağ rayonu İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 875 nömrəli müraciətinizlə əlaqədar araşdırma aparılmışdır.Bildiririk ki, Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 445 saylı Sərəncamı ilə X4 qaraj tikintisinə icazə verilmişdir. İzah edirik ki, qarajın tikintisi üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.Bu isə verilmiş sərəncamın qüvvəyə minməsi üçün əsas hesab olunur.Sözügedən qarajın tikintisi üçün sahə ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən ona yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir.Eyni zamanda nəzərinizə çatdırırıq ki, araşdırma zamanı müəyyən edilmişdir ki, X4 məxsus qaraj Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində ona verilmiş cizgidə qeyd edilən obyektlərə nisbətdə düzgün yerdə, 40.3234924, 49, ******* saylı koordinatlarda yerləşir və mişar daşından tikilmişdir.”
31. Məhkəmə Kollegiyası qeyd edir ki, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.(“İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci, 24.1-ci, 24.2-ci maddələri.)
32. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12732/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12732/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin İddia tələbi təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 12 aprel 1994-cü il tarixli, 445 nömrəli sərəncamı əsasında tikilmiş, sahəsi 19,7 kv.m olan qarajın (qeyri-yaşayış sahəsinin) mərhum X4 məxsusluğuna dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.