Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1399/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1955-ci il tarixində Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə və Cavabdeh2 MMC-yə (VÖEN **********, hüquqi ünvan-AZ1155, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, ünvan 2nuni təmsilçi-X1) qarşı “sığorta pulunun hesablanaraq iddiaçının sığorta hesabına köçürülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-3079/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) baxaraq, müəyyən etdi: İddiaçı 07.12.2020-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə və Cavabdeh2nə qarşı 01.01.2018-ci ildən 14.04.2020-ci ilədək Cavabdeh2 MMC-də işlədiyi dövrlərdə hesablanaraq iddiaçının hesabından tutulmuş və onun fərdi sığorta hesabına ödənilməmiş sığorta pulunun hesablanaraq onun sığorta hesabına köçürülməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o əmək fəaliyyətinə 1996-cı ildən başlamış və bu müddət ərzində işlədiyi şirkətlər tərəfindən sığorta ödənişi onun fərdi sığorta hesabına köçürülmüşdür, amma buna baxmayaraq sonuncu iş yeri olan Cavabdeh2 MMCdə işə başladığı 02.12.2016-cı ildən, işdən azad olunduğu 14.04.2020-ci il tarixinədək hesablanmış sığorta pulu onun fərdi sığorta hesabına köçürülməmişdir. Qeyd edir ki, tərəfindən ilk öncə 07.09.2020-ci il tarixində Cavabdeh2 MMC şirkətinə rəsmi müraciət edərək əmək haqqından tutulan sığorta pulunun fərdi sığorta hesabına köçürülməsini xahiş etmiş, lakin cavabdeh qurum tərəfindən müraciətinə heç bir cavab verilməmişdir. Sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə ərizə ilə müraciət edərək 02.12.2016-cı ildən, işdən azad olunduğu gün 14.04.2020-ci il tarixinədək hesablanmış sığorta pulunun fərdi sığorta hesabına köçürülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu, Mərkəzi Sosial və Fərdi Uçot İdarəsi onun müraciətinə 14.07.2020-ci il tarixli, **********8 nömrəli məktubu ilə cavab verərək "X3 A” MMC-01.12.2016-cı ildən 01.01.2018-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqını onun fərdi sığorta hesabına köçürsə də lakin 01.01.2018 və 14.04.2020-ci illər ərzində işlədiyi sığorta haqları "X3 A” MMC tərəfindən onun üçün köçürülməmiş və hazırkı qüvvədə olan qanunlara əsasən məsələnin araşdırılması üçün səlahiyyətli orqan olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciət etməsini tövsiyə etdilər. Onun əmək haqqından tutularaq hesablanmış və fərdi sığorta hesabına köçürülməmiş sığorta pulu 01.12.2016-cı ildən 14.04.2020-ci ilədək olmuşdur, lakin onun ərizəsi əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu, Mərkəzi Sosial və Fərdi Uçot İdarəsi onun müraciətinə 14.07.2020-ci il tarixli, **********8 nömrəli məktubu ilə cavab verərək Cavabdeh2 MMC-01.12.2016-cı ildən 01.01.2018-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqını onun fərdi sığorta hesabına köçürmüş və qalıq 01.12.2018-ci il tarixdən 14.04.2020-ci il tarixədək ödəniləcək sığorta pulunun ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciət etməsini tövsiyyə etmiş lakin cavabdeh qurum hər dəfə müxtəlif bəhanələr gətirirək onun pensiya təminatı hüquqlarını pozaraq sığorta pulunu fərdi sığorta hesabına köçürülməsindən imtina edir. 25.02.2021-ci il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-3079/2021 nömrəli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı ərizəsi təmin edilmiş, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə və Cavabdeh2nə qarşı sığorta pulunun hesablanaraq iddiaçının sığorta hesabına köçürülməsi tələbi barədə iş üzrə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. 29.03.2021-ci il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-3079/2021 nömrəli qərardadının ləğv edilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında cavabdehlərdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi məhkəmədə onun iştirakı olmadan izahat verərək göstərmişdir ki, iş üzrə digər cavabdehlə bağlı başqa məhkəmənin icraatında işləri olduğundan hazırkı mübahisə ilə bağlı işin baxılmasının mümkünsüz olduğu qeyd etdi və işə baxan məhkəmə ona ərizəni geri götürərək tərəflər arasında məhkəmə mübahisəsi bitdikdən sonra məhkəməyə yenidən müraciət etməyini izah etdi, lakin iş üzrə icraata xitam verilməsini izah etmədi və bu səbəbdən yazdığı ərizə əsasında məhkəmənin qəbul edəcəyi qərardad onun hüquqlarına hansı formada təsir edəcəyini anlamamışdır. Qeyd edir ki, iddia ərizəsini geri götürdüyü halda icraata xitam verilməsi gələcəkdə hazırkı işlə bağlı bir daha iddiaçı ola bilməyəcəyini anlamamış və bu səbəbdən məhkəmənin qərardadı ləğv edilməli və iş üzrə icraat təzələnərək baxışa təyin olunmalıdır. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrnin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından, həmçinin 25.02.2021-ci il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş və birinci instansiya məhkəməsi əsaslı olaraq iş üzrə icraata xitam vermişdir. İddiaçı apellyasiya şikayətində həqiqətən tərəfindən verilmiş ərizə ilə iddia ərizəsini geri götürdüyünü etiraf etmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsini öz iradə ifadəsi ilə geri götürmüşdür. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, məsələ üzrə məhkəmə təcrübəsini nəzərə alaraq və hüquqi müəyyənlik prinsipinin vacibliyini qeyd edərək, şəxslərin məhkəmə müdafiə vasitələrindən məlumatlı olmalarının müdafiəsi məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr İPM-in 55.3 və 55.5-ci maddələri əsasında qəbul edilən qərardadlarda iddiaçıya onları mübahisələndirməyin mümkünlüyü barədə aydın və birmənalı izah verməyə borcludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iddianın geri götürülməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə İPM-də nəzərdə tutulmuş prosessual tələblərə (iddianın mümkünlük şərtlərinə) riayət etməklə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslar olmadığından, qərardad qanuni və əsaslı olduğundan iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87-ci, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(112)-3079/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1399/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1399/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver