Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1399/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2005-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş pensiyanın hesablanaraq ona ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2005-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş pensiyanın hesablanaraq ona ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6406/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X3 xx.xx.1962-cı il təvəllüdlüdür. İş materiallarında olan 037600 saylı pensiya işindən görünür ki, İddiaçı **********9 saylı xx.xx.2020-ci il tarixli qərarla Daxili İşlər Nazirliyinin məlumat vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təminatı üçün hərbi qulluqçu haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna 13 saylı xx.xx.2020-ci il tarixli məlumat vərəqi göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 077-2696- 1771 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı, Bakı şəhəri Səbail RPİnin PPXB-nün polis nəfəri vəzifəsindən, polis baş serjantı rütbəsi ilə xx.xx.2005-ci il tarixindən “öz arzusuna görə” daxili işlər orqanlarından xaric edilmişdir. DİO-dan tərxis olunduğu tarixə xidmət müddəti təqvimi hesablama ilə 15 il, 11 ay, 20 gün, imtiyazlı hesablama ilə 21 il, 5 ay, 5 gün təşkil etmişdir. İddiaçı pensiya təyinatı üçün tərtib edilmiş Məlumat Vərəqi xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********0 saylı 08 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 23 iyul 2020- ci il tarixli 13 nömrəli məlumat vərəqəsinə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən mərkəzi filial tərəfindən 01 avqust 2020-ci il tarixindən iddiaçıya 1480,70 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Qanunvericilikdə keçmiş dövr üzrə pensiya məbləğinin ən çoxu üç il üçün ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 15041,16 manat fərq məbləği 2020-ci ilin avqust ayından etibarən “Əmək pensiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada hissə-hissə (hər ay 417,81 manat) əmək pensiyası (480,70 manat) üzərinə əlavə olunmaqla (480,70+417,81=898,51 manat) müvafiq kart hesabına köçürülür. Hazırda iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “2005-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş pensiyanın hesablanaraq ona ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, “baş serjant” rütbəsində pensiyada olan keçmiş polis əməkdaşıdır. 1991-2005-ci illər ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət keçmiş, o cümlədən 1992-1994-cü illər ərzində vətən torpaqlarının azadlığı və ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etmişdir. Polis orqanlarında xidməti güzəştli əsaslarla 21 (iyirmi bir il) 6 (altı) ay olmuşdur. 2005-ci ilin mart ayında polis orqanlarından tərxis olunarkən xidmət etdiyi Səbail rayon Polis İdarəsinin Kadrlar Şöbəsi tərəfindən iddiaçıya bildirilmişdir ki, “iddiaçının xidməti azdır və pensiya düşmür”. İddiaçı 2020-ci ilin may ayında təkrarən Səbail rayon Polis İdarəsinin Kadrlar Şöbəsinə müraciət etmiş və ona bildirilmişdir ki, “iddiaçıya pensiya düşür”. Onun xidmət illəri hesablanaraq pensiya vərəqəsi Dövlət Sosial Müdafiə Fonduna (DSMF) göndərilmiş, həmin ilin avqust ayından o, pensiya alır. Ona pensiya təyin olunan zaman Dövlət Sosial Müdafiə Fondunda ona sonuncu 3 (üç) ilin pensiyasının ödəniləcəyi bildirilmiş və “əvvəlki illərə görə pensiyanın təyin olunmaması onların günahı deyil və xidmət edilən quruma müraciət edilsin” deyə bildirilmişdir. 11 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinə və ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) rəsmi şəkildə müraciət edərək keçmiş dövr üçün almadığı pensiyanın hesablanaraq ödənilməsini xahiş etmişdir. Qanunla müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq, cavabdeh qurumlardan bu günədək heç bir cavab almamışdır. İddiaçı pensiyaya 2005-ci ilin mart ayında çıxmışdır. Xidmət etdiyi Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin Kadrlar şöbəsindən ona bildirilmişdir ki, “iddiaçının stajı az olduğu üçün ona pensiya düşmür”. 2020-ci ilin may ayında xidmət yoldaşlarından öyrənmişdir ki, iddiaçı ilə xidmət etmiş və iş stajı onunla eyni olan şəxslərə xidmətdən buraxıldıqları vaxtdan, yəni 2005-ci ildən pensiya təyin olunmuşdur. 2005-ci ilin mart ayında xidmətdən buraxılan gündən onun pensiya hüququ yaranmışdır. Lakin cavabdeh orqanların səhlənkarlığı ucbatından ona həmin zaman pensiya təyin olunmamış və o, 15 (on beş) il 5 (beş) ay ərzində pensiya almamışdır. Bu da onun və ailəsinin maddi çətinliklərlə üzləşməsinə səbəb olaraq ailəsinə külli miqdarda ziyan vurmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1.1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6406/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı X3 tərəfindən apellyasiya şikayəti verilərək, qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, 1991-cı ildən 2005-ci il tarixinə kimi Daxili işlər orqanlarında xidmət etmiş,1992-1994-çü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında döyüş əməlyyatlarında iştirak etmiş, 2005-ci il tarixində Polis orqanlarından təxris edilmiş və xidməti ili ilə əlaqədar xidmət etdiyi orqana əmək pensiyasının təyin olunması ilə əlaqədar dəfələrlə müraciət etsə də heç bir müsbət qərar qəbul edilməmişdi. Xidmət etdiyi Səbail rayon polis idarəsinin kadrlar şöbəsi tərəfindən xidməti ili az olduğu üçün onun əmək pensiyası almaq hüququnun olmadığını bildirilmişdir. 2020-ci ilin may ayında onunla eyni zamanda xidmətə daxil olmuş xidməti yoldaşları və eyni iş stajı olan sabiq əməkdaşların əmək pensiyasına çıxmaları barədə məlumat əldə etdikdən sonra yenidən xidmət etdiyi Səbail rayon polis idarəsinin kadırlar şöbəsinə yaxınlaşaraq onun xidməti vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filala göndərilməsini xahiş etmiş, 25.07. 2020-ci il tarixində göndərilmiş və hesablama ilə onun Daxili İşlər orqanlarında xidməti ilinin 15 il,11 ay 20 gün imtiyazlı hesablama ilə 21 il, 6 ay, təşkil etmişdir ki, bu da onun artıq 2005-ci il tarixində Daxili işlər orqanlarından təxrid edildiyi zaman pensiya hüququnun yaranması olmuşdur. Lakin məlum qrum tərəfindən onun əmək və konstitusiya hüququ pozularaq 15 il müddətində ona ödəniləcək əmək pensiyasının ödənilməməsinə səbəb olmuşdur ki, bu da həmin illərdə onun heç bir yerdə işləməməsi və ailəsinin maddi çətinliklərlə üzləşməsinə səbəb olmuşdur. Lakin buna baxmayaraq yenidən etdiyi müraciətinə baxlıaraq ona xidməti ilinə görə 2020-ci ildə əmək pensiyası təyin edilmiş və qanunvericilikdə keçmiş dövr üzrə üç il üçün hesablanaraq hər ay üçün müvafiq kart hesabına köçürülür. Məhkəmə iddianın rədd edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, pensiya təyin edilməsi üçün 2005-ci ilin mart ayından 2020-ci ilin iyul ayına kimi dövr ərzində cavabdehlərə rəsmi müraciətlər olmamışdır. Xidmətdən təxris edilmiş əməkdaşın şəxsi işləri və onun hesabat vərəqəsi Daxili işlər nazirliyinin maliyyə idarəsində saxlanılır. Əməkdaşın xidmətdən təxris edilməsi zamanı dövlətə aid bütün verilmiş təminatlar təhvil verilir və əməkdaşın xidmət ili hesablanaraq aidiyyatı üzrə onun əmək pensiyası hüququnun olub-olmaması xidmət etdiyi orqanın üzərinə düşür. Tərəflərin izahatları: İddiaçı X3 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə DSMF orqanı tərəfindən hərəkətsizlik göstərilmiş, məhkəmə icraatı dövründə isə tələbinin təmin olunmasından imtina edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, iddiaçının DSMFnun XŞTMF-na qarşı iddiası mümkündür. İddiaçı hazırki işdə iki cavabdeh göstərsə də, birinci instansiya məhkəməsi tərəfindən onun ikinci cavabdeh olan Daxili İşlər Nazirliyinə qarşı iddiasının qeyri-mümkün sayılması qərara alınmışdır. Həmin qərardad iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “2005-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş pensiyanın hesablanaraq ona ödənilməsi” barədədir. Bununla bağlı o, məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin olaraq 28 iyul 2020-ci il tarixdə müraciət etməsinə, onun pensiyanın təyin edilməsi üçün 2005-ci ilin mart ayından 2020-ci ilin iyul ayına kimi dövr ərzində cavabdehə rəsmi müraciətlərinin olmamasına, 2020-ci ildən isə təyin edilmiş pensiya məbləğinin əvvəlki üç il üzrə verilməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 9.5-ci maddəsinə görə, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər. Həmin Qanunun 20.14-cü maddəsinə görə, bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. İş materiallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün ona pensiya hesablanıb ödənilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən ötən dövrlər üçün xx.xx.2017-ci il tarixdən 31 iyul 2020-ci tarixədək əmək pensiyası yenidən hesablanmışdır (15041,28:36=417,81 manat, xx.xx.2020-ci il tarixdən 480,70 manat ). “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7.-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarından iddiaçı tərəfindən ona 2005-2020-ci illər üzrə ödənilməmiş pensiyanın ödənilməsi ilə bağlı cavabdeh orqana hər hansı müraciətinin olması müəyyən olunmur. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının özü tərəfindən də ötən dövr ərzində ona pensiya təyinatı ilə bağlı cavabdeh orqana rəsmi müraciətinin olmadığı faktı etiraf edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il qərarında göstərilmişdir ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İşin apellyasiya baxışı zamanı sözügedən Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il qərarında sərgilənən hüquqi mövqeyə uyğun olaraq, iddiaçının pensiya almaq hüququnun 2005-ci il tarixdən yaransa da, onun ötən dövr ərzində, yəni 2020-ci il tarixədək ona pensiya təyin olunması barədə cavabdeh inzibati orqana yazılı müraciət etməsinin üzrlü səbəblərdən mümkün olmadığını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan düzgün olaraq məhkəmə tərəfindən təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6406/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6406/2021 saylı 28 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Həmid Həmidov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1399/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1399/2022
15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver