Məhkəmə qərarları › İş №2-1(103)-1399/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1399/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1399/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X11 Asəf qızının katibliyi, İddiaçı X4 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməsi və sair” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3804/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı X9 (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə ona ödənilən əmək pensiyasının dayandırılmasının qanusuz hesab edilməsi və dayandırıldığı tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, əvvəllər neftçi işləmiş, güzəştli şərtlərlə yaşa görə 2009cu il tarixdən əmək pensiyasına çıxmışdır. Pensiyası arta-arta 2022-ci il tarixə 1250 manat olmuşdur. 2022-ci ilin iyun ayından güzəştli şərtlərlə ona təyin edilmiş pensiyanın ödənişi qanunsuz olaraq dayandırılmışdır. Bununla bağlı dəfələrlə cavabdeh təşkilata müraciət etmişdir, hər dəfə də müxtəlif bəhanələr gətirməklə qanunsuz olaraq dandırılmış pensiyasını ödəmirlər. Ona ünvanlanan sonuncu 25 oktyabr 2023-cü il tarixli 3- 17-1/2-Ə-251531/2023 saylı məktubda qeyd edilir ki, güya ki, ona güzəştli şərtlərlə təyin edilmiş pensiya qanunsuz təyin olunub, ona görə də dayandırılıbdır. Halbuki, o, qanuni olaraq güzəştli şərtlərlə pensiyaya çıxmışdır. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2006-cı il tarixdən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyanının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3804/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3804/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı 00485970 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı yaşayış yeri üzrə Abşeron rayonu, Xırdalan şəhərində qeydiyyatdadır, boyu 198 sm-dır. Şəxsiyyət vəsiqəsi 10.0.2023-cü il tarixdə Abşeron RPİ tərəfindən verilmişdir. - 6/133 saylı xx.xx.2009-cu il tarixli “Bayıl Limanı” X14 İdarəsinin güzəştli arayışından görünür ki, iddiaçı “Xəzərqazmaneftqazsənaye” İB-nin "Sahil” X12 Qazma idarəsində xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 3-cü dərəcəli qazma köməkçisi, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 4-cü dərəcəli qazma köməkçisi, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək gil məhlulları üzrə mühəndis, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilədək qurğuda böyük mühəndistexnoloq, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək gil məhlulları üzrə mühəndis keçirilmiş, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək 2- ci kateqoriyalı gil məhlulları üzrə mühəndis, xx.xx.1989cu ildən xx.xx.1991-ci ilədək neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 5-ci dərəcəli qazma köməkçisi vəzifəsində işləmiş, xx.xx.1991-ci ildə köçürülmə yolu ilə “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin Xüsusiləşdirilmiş X6 Kəşfiyyat Qazma İdarəsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmiş, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək “Şelf-2 YÜQQ-na Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 4-cü dərəcəli qazma köməkçisi peşəsinə işə götürülmüş, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək “Şelf-2 YÜQQ-na Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 5-ci dərəcəli qazma köməkçisi keçirilmiş, xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək “Bayıl Limanı” DKQİ-nə Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 5- ci dərəcəli qazma köməkçisi peşəsinə işə götürülmüş, xx.xx.1996-cı ildən xx.xx.2009-cu ilədək neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının 6-cı dərəcəli qazma köməkçisi keçirilmişdir. Arayışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin, göstəricilərinin təsdiq edilməsi haqqında olan 1 nömrəli siyahının 10-cu Qazma bölmənin “a” bəndinə əsasən dəniz neftçisi kimi güzəştli şərtlərlə pensiya təyin edilməsinə icazə verilir: Şifr: ******* “a” 11297 - Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları; Şifr: ******* “b” 22247 - bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə). Güzəştli iş stajı: 29 il 11 ay 22 gün. Dənizdə Neft və X2 30 iyun 1995-ci il tarixli 139 saylı əmrinə əsasən idarə ləğv olunması ilə əlaqədar olaraq “Sahil” X14 idarəsi “Bulla” X14 İdarəsinin tərkibinə verilmişdir. “Azneft” İstehsalat Birliyinin 09 noyabr 2006-cı il tarixli 408 saylı əmrinə əsasən struktur təkmilləşdirilməsi ilə əlaqədar olaraq “Bulla” X14 İdarəsi qazma sexi kimi “Bayıl Limanı” X14 İdarəsinin tərkibinə verilmişdir. “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin 10 mart 1993-cü il 78 nömrəli əmrinə əsasən 01 aprel 1993-cü il tarixdən idarənin adı dəyişdirilərək X10 Qazma İdarəsi adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən ARDNŞ-nin 28 saylı və “Azneft” İB-nin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 №-li əmri ilə X10 Qazma İdarəsi Qazma sexi kimi "Bayıl Limanı” DKQİ-nin tərkibinə verilmişdir. - xx.xx.2009-cu il tarili 7/126 nömrəli “Bayıl Limanı” X14 İdarəsinin arayışından görünür ki, iddiaçıya 2004-2006-cı illərdə aldığı əmək haqqı barədə arayış verilmişdir. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 2471 nömrəli, xx.xx.2009cu il tarixli qərarından görünür ki, təqdim edilmiş həmin sənədlərə əsasən X5 xx.xx.2006-cı il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmişdir. - Abşeron rayon şöbəsinin 63 nömrəli atestatından görünür ki, pensiyaçı X3 pensiya işi Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2011-ci il tarixli tələbnaməsinə əsasən xx.xx.2011-ci il tarixdə dayandırılaraq ona göndərilmişdir. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 341/104 nömrəli, xx.xx.2011-ci il tarixli qərarından görünür ki, Abşeron DSMF gəlmə iş- X5 01 fevral 2011-ci il tarixdən 1 nömrəli siyahı üzrə yaşa görə ömürlük pensiya təyin edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixində iddiaçıya ünvanladığı güzəştli şərtlərlə pensiyanın yenidən hesablanmasının təxirə salınması haqqında məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən 12 dekabr 1973-cü il tarixli əmək kitabçasında və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X16” tresti “Bayıl Limanı” X14 idarəsinin sizə dair 10 iyun 2009-cu il tarixli 6/133 nömrəli arayışında qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Qeyd olunanlar nəzərə alınaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması məsələsinə ümumi və güzəştli iş stajına dair məlumatların dəqiqləşdirilməsindən sonra baxılacaqdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********1 saylı qərarından görünür ki, vətəndaş X5 əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyası ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi qərara alınmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “İddiaçı təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə əlverişli inzibati akt qəbul edilməsinə nail olmuşdur. Buna görə də, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 2471 nömrəli, xx.xx.2009-cu il tarixli qərarı ilə iddiaçı X5 xx.xx.2006-cı il tarixdən yaşa görə ömürlük pensiya təyin edilməsi barədə qərar qanunsuz inzibati akt olmuş, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan hallar olduğundan cavabdeh Qanunun 67.7-cı maddəsinə əsasən həmin inzbati aktı ləğv etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd olunan işin hallarını və maddi hüquq normalarını nəzərə alan məhkəmə hesab edir ki, mübahisəli inzibati akt qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Bu səbəbdən iddia tələbi əsassızdır və təmin olunmamalıdır.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1- ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Hazırkı işin hallarından görünür ki, iddiaçı X9 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş və təqdim etdiyi sənədlər əsasında xx.xx.2006-cı il tarixdən pensiya təyin olunmuşdur. Daha sonra 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı pensiya təyinatı üçün saxta sənədlər təqdim etmişdir. Belə ki, Araşdırmalar zamanı müəyyən edilmişdir ki:

1. İddiaçı tərəfindən təqdim edilmiş şəxsiyyət vəsiqəsinin məlumatları (yaşayış yeri, boyu, verən orqan və tarix) İAMAS sistemindəki məlumatlarla üst-üstə düşmür və həmin vəsiqə saxta hesab edilir.

2. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində 1994-cü ildən sonrakı dövrlərdə “Bayıl Limanı” X14 İdarəsində işlədiyi göstərilsə də, bu dövrlərə dair müəssisənin arxivində onun adına heç bir sənəd olmayıb. Bunun əksinə olaraq, Dövlət Neft Şirkətindən alınmış arxiv arayışları onun yalnız 1979–1994-cü illər arasında həmin sahədə çalışdığını sübut edir.

3. Pensiya hüququ üçün tələb olunan ən azı 10 il güzəştli iş stajı olmadığı, yalnız 9 il 6 ay 10 gün güzəştli stajının olduğu müəyyən olunmuşdur. Bu isə iddiaçının 50 yaşında pensiyaya çıxması üçün yetərli deyil.

4. 2004–2006-cı illərdə yüksək əməkhaqqı göstərilsə də, fərdi sosial hesabda həmin dövrlərə uyğun olaraq heç bir məcburi dövlət sosial sığorta haqqı ödənişi görünmür. Əlavə olaraq, cavabdeh müəyyən etmişdir ki, 2006–2022-ci illər ərzində əsassız olaraq 142.157,34 manat pensiya vəsaiti ödənilmişdir. Bu hallarla əlaqədar materiallar Baş Prokurorluğa göndərilmiş və müvafiq cinayət işi üzrə araşdırmaya daxil edilmişdir. Nəticə olaraq, cavabdeh orqan "İnzibati icraat haqqında" Qanunun 67.6 və 67.7-ci maddələrinə əsasən pensiya təyinatı barədə 2009-cu il tarixli qərarı ləğv etmişdir. İddiaçı isə bu qərarın qanunsuz olduğunu iddia edərək məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, inzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi ən əsas prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə anoloji qaydada həll ediləcəyini bilməlidir. Lakin qeyd edilməlidir ki, qanunvericiliyə əsasən maraqlı şəxsin inzibati orqanın inzibati praktikasına etimadı o halda qorunmur ki, şəxs: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə cavabdeh bu hallara istinad edərək, iddiaçının təqdim etdiyi təhrif edilmiş məlumatlar əsasında ona qanunsuz olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edildiyinə istinad edərək, həmin qərarı ləğv etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Socar “X16” trestinin 14-2-15/2- 621/2024 saylı, xx.xx.2024-cü il tarixli iş stajı haqqında arxiv arayışından görünür ki, X9 xx.xx.1979cu ildən xx.xx.1994-cü ilə kimi “Xəzərqazmaneftqazsənaye” İsthsalat Birliyinin “Primorsk” X14 İdarəsində, “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X14 İdarəsində işləmişdir. xx.xx.1994-cü ildə xx.xx.1994- cü il tarixli 1-k nömrəli əmrlə işdən azad edilmişdir. Ümumi iş stajı 14 il, 05 ay, 24 gün, güzəştli iş stajı 09 il, 06 ay, 10 gün müəyyən edilmişdir. Həmçinin iddiaçının inzibati icraat zamanı cavabdehə təqdim etdiyi əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1994-cü ildə öz arzusu ilə işdən azad edilmişdir. Əlavə olaraq, “X17” X1 ümumi və güzəştli stajın haqqında xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, sığortaolunan X5 X16 Tresti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli SOCAR **********0020123X00096 nömrəli arayışda qeyd olunduğu kimi adıçəkilən şəxsin həmin müəssisədə ümumi iş stajı xx.xx.1979-cu il tarixində xx.xx.1994-cü il tarixinədək olan dövrü təşkil edir. xx.xx.1994-cü ildən sonra müəssisədə saxlanılan heç bir arxiv sənədində X4 adına rast gəlinməmişdir. Göründüyü kimi, iddiaçı 1994-cü ildə “Xəzərdənizneftqaz” İstehsalat Birliyində tutduğu vəzifədən azad edilsə də, 2009-cu ildə Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə ona pensiya təyin edilməsi üçün müraciət edərkən 2009-cu il tarixədək həmin İdarədə işlədiyini göstərən “Bayıl Limanı” X14 İdarəsinin 6/133 saylı xx.xx.2009-cu il tarixli güzəştli arayışını və 2004- 2006-cı illərdə əmək haqqı alması barədə xx.xx.2009-cu il tarixli 7/126 nömrəli arayışını təqdim etmiş, bu zaman həmin məlumatların doğru olmadığını bilmişdir. Eyni zamanda iddiaçının həmin vaxt DSMF-yə təqdim etdiyi AZE seriyalı 00485970 nömrəli şəxsiyyət vəsiqəsinin məlumatları da həqiqətə uyğun olmamış, həmin şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmasına, boyunun 1.66 metr, şəxsiyyət vəsiqəsini verən orqanın Qaradağ RPİ olmasına baxmayaraq, iddiaçı xx.xx.2003-cü il tarixdə Abşeron RPİ tərəfindən verilmiş, Abşeron rayonu, Xırdalan şəhərində qeydiyyatda olduğunu, boyunun 198 sm təşkil etdiyini göstərən saxta şəxsiyyət vəsiqəsi təqdim etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən müəyyən edir ki, iddiaçı təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə əlverişli inzibati akt qəbul edilməsinə nail olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və ona əlavə edilmiş arayışlarda faktlar arasında uyğunsuzluq var, bu sənədlərin doğruluğu şübhə doğurur və istintaq orqanlarına göndərilmişdir. Bu səbəbdən həmin sənədlərə əsaslanaraq hüquq əldə etmək mümkün deyil. Göründüyü kimi cavabdeh tərəfindən 2009-cu ildə qəbul edilmiş pensiya təyinatı qərarı “İnzibati icraat haqqında” Qanunun 67.6 və 67.7-ci maddələrinə əsasən ləğv edilmişdir. Bu maddələr inzibati aktın saxta və ya təhrif olunmuş sənədlər əsasında əldə olunduğu halda onun ləğvini məcburi hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3804/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3804/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar