Məhkəmə qərarları › İş №2-1(103)-14/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-14/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-14/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X1 və X4, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-674/2022 saylı 15 dekabr 2022-ci il tarixli qərarı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarı ilə kollektiv bağçılığın inkişaf etdirilməsi məqsədilə istifadə olunmayan ərazilərdə Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin 51 nəfər üzvünə Türkan bağ massivində torpaq sahələrinin ayrılması qərara alınmışdır. “Kommunal” bağçılıq-yoldaşlıq təsərrüfatının 3 nömrəli bağçının üzvlük kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1991-ci il tarixli 12 saylı qərarından «Komunal» Bağçılıq yoldaşlıq təsərrüfatının verdiyi çıxarışa əsasən İddiaçı bağçılıq yoldaşlığa üzv qəbul edilmiş və ona Əzizbəyov rayonu, Türkan qəsəbəsində sahəsi 1.000 kv.m. olan 4-cü sırada 3 nömrəli bağ sahəsi daimi istifadə etmək üçün verilmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və sonuncu tərəfindən iddiaçıya ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2019-cu il tarixli bildirişdə qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Həmçinin təqdim olunmuş sənədlərə əsasən sözügedən bağ sahəsinin ölçüsü sənədlə 1000.0 kv.m təşkil etsə də, faktiki olaraq 906.0 kv.m bağ sahəsi istifadə edilməkdədir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunmuş nöqsanlara görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin «Komunal» Bağçılıq yoldaşlıq təsərrüfatının yaradılması haqqında 12 saylı qərarı ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan üzümçülük sovxozunda 4-cü sırada ona məxsus olan 3 saylı bağ sahəsinə reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən ümumi sahəsi 1000 kv.m olan 3 nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin «Komunal» Bağçılıq yoldaşlıq təsərrüfatının yaradılması haqqında 12 saylı qərarı ilə xx.xx.1991-ci il tarixdə Xəzər rayonu, Türkan üzümçülük sovxozunda 4-cü sırada 3 saylı yer iddiaçıya verilmişdir. Həmin təsərrüfatın üzvlük kitabçası iddiaçının adına yazılmış, möhür və imzalarla təsdiq edilmişdir, bağ sahəsi yerində təhvil verilmiş, hasarlanmış və giriş qapısı mövcuddur, abadlaşdırılmışdır. Həmin bağın sərhədləri yerdə və xəritədə müəyyən edilmiş və sahə ölçülərək iddiaçıya təhvil verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, müraciətindən imtina olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etirazin məzmunu iddiaçıya ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina məktubu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-674/2022 saylı 15 dekabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən ümumi sahəsi 1.000 kv.m olan 4-cü sıra 3 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Katastn və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsini 12 aprel 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə vermişdir. O vaxtdan 15 dekabr 2022-ci il tarixə kimi Pandemiya dövründə 4 ilə yaxın qalmış məhkəmələrin arasında məhkəmə 3-4 ayda bir dəfə olurdu. Hər dəfə cavabdehin əməkdaşı Məmmədova Könül kağız üzərində hazırladığı iddia variantları ilə, heç bir sübutu olmadan hakimlərə imkan vermirdi ki, onun lehinə qərar qəbul olunsun. Gah deyirdi sahəyə ekspert göndərsinlər, gah deyirdi sahə düz ölçülməyib, gah deyirdi sahə 10 sotdan azdır, gah deyirdi bağ başqa ərazidədi, gah deyirdi sahənin koordinatları ölçülməyib və s. İndi də cavabdeh götürüb sənədləri verib Apellyasiya Məhkəməsinə. Bu sahə 16 sentyabr 1991-ci il tarixdə ona verilib. Sahə hasara alınıb, darvaza qoyulub və abadlaşdırılıb. Bu günə kimi heç bir qonşu ilə problemi olmayıb. Yaşamaq üçün pəncərənin üstünə kimi ev tikilib. Damını bağlatdıra bilmir, deyirlər çıxarış lazımdır. İndi istəyir gedib bağda quyu qazdırsın, ağac əksin, amma orada qalmağa şəraiti yoxdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndələri X5 və X10 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2019-cu il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı sonradan xx.xx.2020-ci il tarixdə də eyni tələblə cavabdeh quruma müraciət etsə də, sonuncu hərəkətsizlik göstərməklə onun tələbinin təmin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən ümumi sahəsi 1.000 kv.m olan 4-cü sıra 3 saylı bağ sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar olunmaması, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi və sözügedən bağ sahəsinin ölçüsü sənədlə 1000.0 kv.m təşkil etsə də, faktiki olaraq 906.0 kv.m bağ sahəsinin istifadə edilməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .... Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. İşdən görünür ki, Bakı şəhəri X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarı ilə kollektiv bağçılığın inkişaf etdirilməsi məqsədilə istifadə olunmayan ərazilərdə Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin 51 nəfər üzvünə Türkan bağ massivində torpaq sahələrinin ayrılması qərara alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1991-ci il tarixli 12 saylı qərarından «Komunal» Bağçılıq yoldaşlıq təsərrüfatının verdiyi çıxarışa əsasən İddiaçı bağçılıq yoldaşlığa üzv qəbul edilmiş və ona Əzizbəyov rayonu, Türkan qəsəbəsində sahəsi 1.000 kv.m. olan 4-cü sırada 3 nömrəli bağ sahəsi daimi istifadə etmək üçün verilmişdir. Bu barədə İddiaçı “Kommunal” bağçılıq-yoldaşlıq təsərrüfatının 3 nömrəli bağçının üzvlük kitabçası da təqdim olunmuşdur. Həmin vaxtdan indiyənə kimi, iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. Hazırda iddiaçının hüquqi marağı həmin bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq buna dair müvafiq reyestrdən çıxarışın verilməsindən ibarətdir. Cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərək “bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi və sözügedən bağ sahəsinin ölçüsü sənədlə 1000.0 kv.m təşkil etsə də, faktiki olaraq 906.0 kv.m bağ sahəsinin istifadə edilməsi”nə əsaslanmışdır. İş üzrə birinci instansiya məhkəməsinin verdiyi sorğulara cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sözügedən bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda mövcud olan ayrıc aktı və xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarının surətindən görünür ki, kollektiv bağçılığın inkişaf etdirilməsi məqsədilə istifadə olunmayan ərazilərdə Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin 51 nəfər üzvünə Türkan bağ massivində torpaq sahələrinin ayrılması qərara alınmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə torpaqşünaslıq ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 10/4841 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyi “Kommunal” bağçılıq yoldaşlıq təsərrüfatı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən (Türkan üzümçülük sovxozu) 4-cü sıra, 3 saylı bağ sahəsinin koordinatları aşağıdakı kimidir: X - 429011.1710;429045.9190; 429040.8280; 429004.8930; Y - 4469803.8290; 4469796.2740; 4469772.0970; 4469778.7400. Ekspertizaya təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən Türkan üzümçülük sovxozu bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktında istinad nöqtəsindən məsafə və künc nöqtələrinin koordinatları göstərilmədiyindən Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyi “Kommunal” bağçılıq-yoldaşlıq təsərrüfatı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən (Türkan üzümçülük sovxozu) 4-cü sıra, 3 saylı bağ sahəsinin bağçılıqyoldaşlıq təsərrüfatının aktından kənarda və ya ayrıc aktının daxilində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün “Komunal” Bağçılıq yoldaşlıq təsərrüfatına aid sənədlər toplusu Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən məhkəmə sorğusu ilə tələb olunmuşdur. Həmin sorğuya cavab olaraq “Komunal” Bağçılıq yoldaşlıq təsərrüfatına aid sənədlər toplusunun (qovluğun) təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə baxış zamanı müəyyən edildi ki, bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı 1988-ci ildə tərtib olunmuşdur, buna görə də bağ torpaq sahəsi xx.xx.1991-ci il tarixdə ayrılmış iddiaçının adının həmin siyahıda olması mümkün deyil. Odur ki, cavabdehin “iddiaçının adının üzvlər siyahısında olmaması” ilə bağlı gətirdiyi dəlil əsassızdır. Bununla yanaşı, iddiaçı tərəfindən təqdim edilmiş 3 saylı üzvlük biletinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə “Komunal” Bağçılıq yoldaşlığı tərəfindən 1000 kv.m. olan 3 saylı bağ sahəsi onun Bakı şəhəri, Əzizbəyov rayonu Səhiyyə şöbəsində işləməsi ilə əlaqədar verilmişdir. Onun sözügedən iş yerində işləməsi faktı iddiaçıya məxsus xx.xx.1971-ci ildə tərtib edilmiş əmək kitabçasındakı müvafiq qeydlərlə də öz təsdiqini tapır. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin 12 saylı xx.xx.1991-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən ümumi sahəsi 1000 kv.m olan 3 nömrəli bağ sahəsinin Türkan üzümçülük sovxozu bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktında qeyd edilmiş torpaq sahəsinin daxilində və ya ondan kənarda yerləşib-yerləşməməsinin, yerləşdiyi təqdirdə isə hansı hissədə yerləşməsinin müəyyən edilməsinin zəruriliyi nəzərə alınaraq 2-1(103)-1930/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qərardadla təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/8531 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi sənəd üzrə 0.10 ha olsa da, faktiki olaraq hasardaxili 0.0906 ha təşkil edir, torpaq sahəsi üzərində natamam vəziyyətdə olan birmərtəbəli yaşayış evi mövcuddur, faktiki sahənin koordinatları əlavə olunmuş, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazinin bir hissəsi “Komunal” bağçılıq yoldaşlıq ayrıc aktı daxilində, bir hissəsi isə ayrıc aktından kənarda yerləşir. Bundan əlavə arxiv qovluğunda bağçılıq-yoldaşlığın bölgü sxemi mövcud olmadığından sahənin yerləşməsini təyin etmək mümkün olmadı. Torpaq sahəsinin döngə nöqtələrinin faktiki koordinatları təqdim olunmuşdur. Apellyasiya baxışı zamanı dəvət olunmuş və iş üzrə mütəxəssis rəyini vermiş X6 bildirmişdir ki, tərəfindən mütəxəssis rəyi verilməmişdən əvvəl kadast bazasından aldığı məlumata görə iddiaçının iddia etdiyi torpaq sahəsinin ölçüsü faktiki olaraq 906 kv.m. olmaqla, hasar daxilindədir, digər 660 kv.m. torpaq sahəsi isə ayrıc aktının hüdudlarından kənarda yerləşir. Göründüyü kimi, iş üzrə mütəxəssis tərəfindən rəsmi olaraq verilmiş rəydən və ona əsasən verilmiş ekspert rəyindən iddiaçının iddia etdiyi torpaq sahəsinin məhz hansı (konkret olaraq ölçülər göstərilməklə) hissəsinin ayrıc aktının daxilində, hansı hissəsinin isə ayrıc aktının hüdudlarından kənarda yerləşməsi dəqiq müəyyən olunmadığından 2- 1(103)-81/2024 saylı 25 sentyabr 2024-cü il tarixli qərardadla iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1530 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, “göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.10 ha olsa da, faktiki olaraq hasardaxili 0.0906 ha təşkil edir, torpaq sahəsi üzərində natamam vəziyyətdə olan bir mərtəbəli yaşayış evi mövcuddur, faktiki olaraq göstərilən 0.0906 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur, bundan əlavə arxiv qovluğunda bağçılıq yoldaşlığının bölgü sxemi mövcud olmadığından, həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən bağ sahəsinin koordinatlarını dəqiq təyin etmək və bağ sahəsinin yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmadı, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazinin bir hissəsi “Komunal” bağçılıq yoldaşlıq ayrıc aktı daxilində, bir hissəsi (təqribi 660.0 kv.m) isə ayrıc aktından kənar Türkan Üzümçülük sovxozu ərazilərinə düşür. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarı ilə kollektiv bağçılığın inkişaf etdirilməsi məqsədilə 51 nəfərə istifadə olunmayan ərazilərdə Türkan bağ massivində torpaq sahələrinin ayrılması qərara alınmışdır. Həmin Qərarın davamı olaraq Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin 12 saylı xx.xx.1991-ci il tarixli Qərarından «Komunal» Bağçılıq yoldaşlıq təsərrüfatının verdiyi çıxarışa əsasən 1000 kv.m. torpaq sahəsi iddiaçıya ayrılarkən həmin torpaq sahəsinin məhz Türkan bağ massivində yerləşən 5 No-li Üzümçülük Sovxozu ərazisindən verildiyi qeyd olunmuşdu. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından cavabdeh qurumun “bağ sahəsinin bir hissəsinin (təqribi 660.0 kv.m) “Komunal” bağçılıq yoldaşlığın ayrıc aktından kənar Türkan Üzümçülük sovxozu ərazilərinə düşməsi” əsası ilə imtina etməsi düzgün olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçıya 1000 kv.m. bağ torpaq sahəsi məhz “Komunal” bağçılıq yoldaşlığına ayrılmış torpaq sahəsinin daxilindən verilmişdir. O ki qaldı həmin bağ sahəsinin bir hissəsinin tərtib edilmiş ayrıc aktından kənara düşməsinə, bu barədə bildirilir ki, ayrıc aktının vaxtilə düzgün işlənməməsi və ya ona 51 nəfərə sonradan verilmiş torpaq sahələri ilə bağlı müvafiq dəyişikliklərin edilməsi (iddiaçıya bağ torpaq sahəsi 1991-ci ildə verildiyi halda, işdəki ayrıc aktı 1992-ci ilə aiddir), yaxud da sonradan torpaqların sürüşdürülməsi faktına görə koordinatlarda yerdəyişmələrin baş verməsinə görə məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Əksinə, belə dəyişikliklərin kadastrda mütəmadi aparılması qanunla cavabdeh qurumun səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bundan əlavə, iş üzrə apellyasiya instansiya məhkəməsinin sorğusuna əsasən təqdim edilmiş ayrı-ayrı şəxslərə aid daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan müəyyən olundu ki, həmin çıxarışlar cavabdeh qurum tərəfindən verilərkən mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd qismində məhz Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin 12 saylı xx.xx.1991-ci il tarixli Qərarından «Komunal» Bağçılıq yoldaşlıq təsərrüfatının verdiyi çıxarış, üzvlük kitabçası və vətəndaşların əmək kitabçası qəbul edilmişdir. Beləliklə, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Kommunal” b/y tərəfindən iddiaçıya verilmiş bağ torpaq sahəsinin qonşuluğunda yerləşən (cavabdeh qurumun təqdim etdiyi ortofoto görüntüdən də görünür ki, həmin şəxslərin torpaq sahələri iddiaçının torpaq sahəsinin qonşuluğunda yerləşir) torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə mülkiyyət hüququnun qeydə alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Odur ki, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçı ilə eyni faktiki vəziyyətdə olan və tələbi eyni hüquqi əsaslara söykənən vətəndaşlara münasibətdə cavabdeh qurumun formalaşan inzibati praktikası olduğu halda iddiaçıya münasibətdə frqli inzibati praktikadan çıxış etməsi vətəndaşın bərabərlik hüququ ilə yanaşı, həm də onun inzibati orqanın praktikasına etimad hüququnun da pozuntusu kimi qiymətləndirilir. O ki qaldı cavabdeh qurumun “bağ sahəsinin ölçüsü təqdim olunmuş sənədlərə əsasən 1000 kv.m təşkil etsə də, faktiki olaraq 906.0 kv.m.-dən istifadə edilməsi” ilə bağlı gətirdiyi dəlilə, bu barədə qeyd olunur ki, həm işin birinci, həm də apellyasiya instansiya məhkəməsində icraatı zamanı keçirilmiş ekspert tədqiqatları nəticəsində mübahisəli torpaq sahəsinin faktiki olaraq hasardaxili 0.0906 ha təşkil etməsi müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının yalnız həmin ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmək hüququ vardır. İddiaçının 0.0906 ha torpaq sahəsi ilə bağlı tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən 0.0906 ha bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan 0.0906 ha bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı “bağ torpaq sahəsinin ölçüsünün 1000 kv.m.” göstərildiyi hissədə dəyişdirilməli, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən ümumi sahəsi 906 kv.m. olan 4-cü sıra 3 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh qurumun üzərinə qoyulmalı və bununla da apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-674/2022 saylı 15 dekabr 2022-ci il tarixli qərarı “bağ torpaq sahəsinin ölçüsünün 1000 kv.m.” göstərildiyi hissədə dəyişdirilərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən ümumi sahəsi 906 kv.m. olan 4-cü sıra 3 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X13 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar