Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-140/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Baxışova Vüsalə Ələkbər qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai RPİ, E.Əliyev küç., ev 4 qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinə (üçüncü şəxs – Bakı şəhəri İcra Hakimiyyəti) qarşı iddiaçıya torpaq sahəsinin ayrılması üçün üçüncü şəxs qarşısında vəsatətin qaldırılması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-3560/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə cavabdeh Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinə (üçüncü şəxs: Bakı şəhəri İcra Hakimiyyəti) qarşı “iddiaçıya torpaq sahəsinin ayrılması üçün üçüncü şəxs Bakı şəhəri İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılması üçün cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahəsinin ayrılmasına dair ərizə ilə Bakı şəhəri, Xətai rayonu, Xətai Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Müraciət etməyinə səbəb hazırda yaşamağa evinin olmamasıdır. İki övladı var. Ailə üzvləri ilə birlikdə kirayədə yaşayır və hazırda Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatdadır. Qarabağ uğrunda gedən döyüşlərdə xəsarət alaraq ikinci qrup əlil olmuşdur. Bu səbəbdən də Bakı şəhəri, Xətai rayonu, Xətai Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Müraciətinə baxılmış, ona təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli, 01/173 saylı cavab məktubu ilə bildirilmişdir ki, ona torpaq sahəsinin ayrılması ilə əlaqədar ünvanladığı ərizəyə bələdiyyənin Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyasında baxılmışdır. Bakı şəhər İH-İ tərəfindən Xətai Rayon Xətai Bələdiyyəsinə ehtiyat fondu ayrılmamış, bələdiyyə torpaqlarına dair xəritə verilməmişdir. Hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Xətai Bələdiyyəsinin imtinası əsassızdır, Xətai rayon Xətai Bələdiyyəsinin ehtiyat torpaq fondunun olmaması və Bakı şəhəri İH tərəfindən bələdiyyəyə ehtiyat fondu torpağının ayrılmaması ona torpaq ayrılmaması üçün əsaslı hesab edilə bilməz. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlil olmuş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Məhz o da ərazi bütövlüyü uğrunda Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, ikinci qrup əlil olmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 4.0.8-ci, 5.1-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilməsi, ona torpaq sahəsinin ayrılması üçün üçüncü şəxs Bakı şəhəri İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılması üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3560/2019 saylı qərarı ilə (hakim E.Mustafayev) iddia təmin edilməmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-3560/2019 saylı qərarının ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası obyektiv və çəkişmə prinsipinə əməl etmədən keçirilmişdir. Cavabdehin nümayəndəsi onun suallarına qeyri-ciddi cavab vermişdir. Müraciət etməyinə səbəb yaşamağa evinin olmamasıdır və hazırda kirayədə yaşayır. İşin apellyasiya icraatı zamanı iddiaçı şifahi vəsatət verərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etsə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsasən hazırkı iddia tələbi üzrə məhkəmə qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qanunla qorunan maraqlarına toxunmadığından iddiaçının vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər, apellyasiya şikayətinə dair rəy göndərməmişlər. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-3560/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əlavə edilmiş AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Əlibaba Sadığova ünvanlanmış xx.xx.2019-cu il tarixli, № S-236- 113 nömrəli məktubda qeyd edilmişdir ki, Fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığınız ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına əsasən vətəndaşlara fərdi ev, kooperativ mənzil, bağ evləri və qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahəsinin ayrılması yerli bələdiyyə orqanları tərəfindən həyata keçirilir. Eyni zamanda qeyd etmək istəyirik ki, Torpaq İslahatı haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahələri bir dəfə əvəzi ödənilmədən verilir. Qeyd olunanları nəzərə alaraq, aidiyyəti üzrə müraciət etməyiniz məqsədəuyğundur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, 01/173 nömrəli məktubda qeyd edilmişdir ki, Sizin Xətai rayon Xətai bələdiyyəsinə torpaq sahəsinin ayrılması ilə əlaqədar ünvanladığınız xx xxxxxx 2019-cu il tarixli 03/208 saylı ərizənizə bələdiyyənin Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyasında baxılmışdır. Azərbaycan Respublikası «Torpaq Məcəlləsi»nin 59-cu maddəsinə əsasən fərdi yaşayış evləri, ticarət obyektləri, qarajlar və s. tikililər üçün torpaq sahəsi bələdiyyələrə verilmiş ehtiyat torpaq fondundan ayrılır. Bakı şəhər İH-i tərəfindən Xətai rayon Xətai bələdiyyəsinə ehtiyat torpaq fondu ayrılmamış, bələdiyyə torpaqlarına dair xəritə verilməmişdir. Həmçinin bildiririk ki, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» xx.xx.2002-ci il tarixli 274- İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Əsasnaməyə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu və bələdiyyələrə dair bəzi qanunveriçilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 466-İİİQD xx xxxxxxx 2007- ci il tarixli Qanununa əsasən torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilə bilər. Göstərilən səbəblərdən xahişinizin müsbət həlli imkanımız xaricindədir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan iddiaçıya imtina cavabı verilməsində haqlı olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 4-cü bəndinə əsasən, bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikinti layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Əsasnamənin 10-cu bəndinə əsasən, “bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.5-ci maddəsinə görə, torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyənin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi sözügedən fərmana əsasən müvəqqəti olaraq dayandırlmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bələdiyyə mülkiyyətinə ayrılmış torpaqlarla bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən rəyin verilməsi ilə bağlı məhdudiyyət olduğundan hazırkı halda iddiaçıya torpaq sahəsinin ayrılması üçün cavabdehin üzərinə üçüncü şəxs Bakı şəhəri İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılması üçün öhdəlik qoyulması əsassızdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.8-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə daxildir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması üçün üçüncü şəxs qarşısında vəsatətin qaldırılması cavabdehin vəzifəsi deyil, hüququdur. Göründüyü kimi hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-3560/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara ald ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-3560/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-140/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-140/2020
14.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver