Məhkəmə qərarları › İş №2-1(103)-140/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-140/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-140/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “01.03.2018-ci il tarixdən pensiya artımından sonrakı təminat xərcliyinin xidmət müddətinə görə 66,66 faiz hesabı (xidmət illərinə görə 20 ildən sonrakı illərə görə hər ilə 3 faiz hesabı) ilə hesablanıb ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2-1(112)-2701/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia qaldıraraq “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən həmin Qanunun 9.5- ci maddəsinə uyğun olaraq 01 mart 2017-ci il tarixdən, həmçinin, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2018-ci il tarixli 3766 saylı Sərəncamına əsasən 01 mart 2018-ci il tarixdən iddiaçının pensiyasına artımdan sonrakı təminat xərcliyinin xidmət müddətinə görə 66,66 faiz hesabı (xidmət illərinə görə 20 ildən sonrakı illərə görə hər ilə 3 faiz hesabı) ilə hesablanıb ödənilməsi haqqında inzibati aktın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 08.07.1983-cü il tarixdən 16.05.1985-ci il tarixədək Sovet Ordusu sıralarında, 12.04.1993- cü il tarixdən 24.07.2010cu il tarixədək Azərbaycan ordusunda, Dövlət Sərhəd Xidmətinin tabeçiliyində olan hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmişdir. Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin 1044 ş/h saylı 24.07.2010-cu il tarixli əmri ilə “Hərbi Xidmət Haqqında” Qanunun 48-ci maddəsinin “J” bəndinə əsasən polkovnik leytenant rütbəsində ehtiyata buraxılmışdır. Bununla əlaqədar 17.09.2010-cu il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. 01 mart 2018-ci il tarixədək sonuncu vəzifəsinə uyğun olaraq təminat xərcliyinin (1837.50 manat) 25 il 10 ay 10 gün xidmət müddətinə görə 65%, yəni 1194.38 manat məbləğində pensiya qanunvericiliyinə uyğun hesablanaraq ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 mart 2018-ci il tarixli 3766 saylı Sərəncamına əsasən 01 mart 2018-ci il tarixdən sonuncu vəzifəsinə uyğun olaraq əmək pensiyası 1286.78 manata artırılmaqla iddiaçıya ödənilmişdir. 01.09.2019-cu il tarixdən aylıq vəzifə və rütbə maaşlarının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 995,00 manat, rütbə maaşı 154,00 manat, xidmət etdiyi illərə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə 222,25 manat, Məharət dərəcəsinə görə vəzifə maaşının 25 faiz miqdarında əlavə 287,25 manat, Sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 99,50 manat, məxfiçiliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 199,00 manat, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 348.25 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla, cəmi 2445,50 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinə əsasən həmin qanunun 9.5-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan hərbi qulluqçuların əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, 20 ildən artıq hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyində xidmət edən şəxslər üzrə isə 3 faiz) miqdarında əlavə olunmaqla hesablanır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi qeyd olunanları nəzərə alaraq, 01 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (1,837.50 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (2,445.50 manat) arasındakı fərq məbləğinin (608 manat) 61,66 faizi 374.89 manat, 01 mart 2018-ci il tarixinədək olan pensiyasının (1,194.38) manat üzərinə əlavə olunmaqla 1,569.28 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq onun pensiyasına artımdan sonrakı təminat xərcliyi düzgün hesablanmamışdır. Belə ki, təminat xərcliyinin fərq məbləğinin 608,00 manatın, 61,66 faizi (374.89 manat) yox, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə edilmiş əlavə, yəni hərbi xidmətin ili tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmalı idi. Yəni, iddiaçının 25 ildən sonrakı xidmət müddətinin 10 ay 10 günü mütənasib olaraq təminat xərcliyinin 65+1,66=66,66 faiz hesabı ilə hesablanmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 543-VQD saylı 10.03.2017-ci il tarixli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununun 20.14.1-ci maddəsinə edilmiş əlavə (dəyişiklik) vətəndaşın ziyanına olduğuna görə, həmin müddəa həmin vaxtdan sonra yaranmış hüquq münasibətlərinə tətbiq edilməlidir. Yəni, 10.03.2017ci il tarixdən ehtiyata buraxılan hərbi qulluqçulara tətbiq edilməlidir. Qeyd edilən qanunun həmin hissəsi vətəndaşların ziyanına geriyə tətbiq edilə bilməz. Ancaq “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə edilmiş əlavə, yəni hərbi xidmətin ili tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmalıdır. Yəni, iddiaçının 20 ildən sonrakı xidmət müddətinin 5 il, 10 ay, 10 günü mütənasib olaraq təminat xərcliyinin 50+15+1,66=66,66 faiz hesabı ilə hesablanmalıdır. İddiaçı pensiyanın sonrakı artımlarının yenidən hesablanması ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Ancaq həmin idarə **********4 saylı 18.12.2019-cu il tarixli məktubla ona imtina cavabı vermişdir. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən tərtib edilmiş məlumat vərəqəsinə əsasən 01.09.2010-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci ilin iyulun 01-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2014-ci il iyulun 01-i tarixinə azaldılmamaqla ödənilmişdir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2-1(112)-2701/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il 27 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqe birinci instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2-1(112)-2701/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 01.09.2010-cu il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır. Cavabdehin 17.09.2010-cu il qərarı ilə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin qərardan da göründüyü kimi, iddiaçıya həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən 20 ildən yuxarı xidmət ilinin hər ili üçün 3 % miqdarında əlavə müəyyən edilmişdir. Sonradan iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı iddiaçıya həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən 20 ildən yuxarı xidmətinin hər ili üçün əlavənin məbləği 2 % ilə hesablanmışdır. İddiaçı cavabdehin qeyd edilən hərəkətini qanunsuz hesab edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən normanın icrası olaraq Azərbaycan Respublikası Prezidentinin (06.03.2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir) 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən, bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əmək haqqı) artırıldıqda yenidən hesablanır. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya pensiya hesablanarkən heç bir qanun pozuntusuna yol verilməmiş, iddiaçının sosial təminat kimi publik hüquqları pozulmamışdır, Azərbaycan Respublikasının Prezidentinin 25.06.2018-ci il tarixli, 142 nömrəli fərmanı ilə təsdiq olunmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının 2.5-ci bəndində qeyd olunmuş “20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütanasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 % miqdarında əlavə olunmaqla hesablanır” müddəası iddiaçıya düzgün şamil edilmişdir. İddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il 27 mart tarixli Qərarına istinadına gəldikdə, həmin Qərarda aşağıdakılar təsbit olunmuşdur: “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır. Göründüyü kimi, həmin Qərarda xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsinin həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməli olduğu və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən hərbi xidmətin güzəştli sayılan hissəsinin nəzərə alınmalı olduğu qərara alınmışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2-1(112)-2701/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar