Məhkəmə qərarları › İş №2-1(103)-140/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-140/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-140/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdeh Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinə qarşı (3-cü şəxs Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi) “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(112)-1100/2021 saylı qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və X6 cavabdeh Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların faktiki yaşadığı ünvan 1 ünvana daimi qeydiyyata götürülmələri barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 28.10.2020-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1981-ci ildə o dövrdə Ticarət Nazirliyinin nəzdində olan Ticarət avadanlığı istehsalı kombinatı İddiaçı1 gənc mütəxəssis kimi Nərimanov Rayon İcrayyə Komitəsində mənzil növbəsinə qeydiyyata alınmağına vasitəçi olmuşdur. Mənzil növbəsi çatanadək 1987-ci ildə Ticarət avadanlığı istehsalı kombinatının balansında olan ünvan 1 ünvanda yerləşən ailəlilər yataqxanasında ümumi sahəsi 72 kvm. olan iki otaqlı mənzil ilə təmin olunmuşdur. SSRİ-nin dağılması ilə əlaqədar olaraq öz müstəqilliylərinin qazandıqdan sonra digər sahələrdə olduğu kimi bəzi obyektiv səbəblərdən onların mənzil növbəsi ləğv olunmuş və o vaxtdan hal-hazıradək yuxarıda göstərilən mənzildə yaşamağa məcbur olmuşlar. Lakin bütün bunlara baxmayaraq faktiki istifadələrində olan mənzili sənədləşdirmək üçün və yaxın qohumu X3 mülkiyyətində olan ünvan 2 ünvandan daimi qeydiyyatdan çıxaraq faktiki yaşayış ünvanlarına daimi qeydiyyata alınmaqları üçün dəfələrlə müvafiq dövlət təşkilatlarına müraciət etmələrinə baxmayaraq onlara müsbət cavab verillməmişdir. Faktiki yaşayış yeri üzrə daimi qeydiyyata alınmaları üçün yenidən 29.04.2020-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişlər. Müraciətlərinə cavab olaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 02.06.2020-ci il tarixli, 048-135861 saylı rəsmi məktubla onların yaşayış yeri üzrə daimi qeydiyyata alınmağları mümkünsüz hesab edərək imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(112)-1100/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(112)-1100/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə 07.11.2013-cü il tarixdən X4 məxsusdur. Azərbaycan SSR Vətəndaşlıq vəziyyəti aktalrının qeydiyyat şöbəsi tərəfindən verilmiş İV-JQ 371873 №-li, 22.08.1987-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında 22.08.1987-ci il tarixdə nikah bağlanmışdır. Bakı şəhəri, Nəsimi rayon VVAQ Şöbəsi tərəfindən verilmiş, XX-JQ 251561 №-li, 07.08.1996-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı1 və anası İddiaçı2 qeyd olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 37 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 37/419 №-li, 01.12.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Təbriz küçəsi, ev 31, 15/17 №-li mənzildə qeydiyyatsız yaşayırlar. İddiaçı1 aid əmək kitabçasının surətindən görünür ki, İddiaçı1 20.05.1981-ci ildən 16.08.1982-ci ilə kimi Azərbaycan SSR Ticarət Nazirliyi Ticarət Avadanlıqları istehsalı kombinatında köçürmə yolu ilə mühəndiskonstruktur, 16.08.1982-ci ildən 01.03.1993-cü ilə kimi rəis müavini, 01.03.1993-cü ildən 12.01.1998-ci ilə kimi Azərbaycan Respublikası Ticarət Nazirliyinin 11.02.93-cü ilə tarixli, 22 №-li əmri ilə UTQ “Azticarəttexnika” Kombinatının ləğv olunması ilə əlaqədar olaraq onun bazasında yenidən təşkil olunmuş Ticarət Avadanlığının İstehsalı Kombinatına köçürmə yolu ilə texniki-təchizat şöbəsinin rəisi, 12.01.1998-ci ildən 15.10.1998-ci ilə kimi Azərbaycan Respublikası DƏK-nın 01.12.1997-ci il tarixli, 1104 №-li sərəncamı ilə kombinatın əsasında yaradılmış “Universalev” ATSC-də mühəndis, 15.10.1998-ci ildən 01.02.2012-ci ilə kimi “Universal-ev” ATSC-nin mülkiyyət formasının dəyişdirilməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 14.10.98-ci il tarixli, 30 №-li qeydiyyat şəhadətnaməsinə əsaslanaraq "xxxx" ATSC-də mühəndis vəzifələrində işləmişdir. "xxxx" ATSC-nin 4 №-li, 08.04.2005-ci il tarixli arayışından görünür ki, İsmayılov X5 31-də yerləşən ailə yataqxanasında müvəqqəti olaraq ailəsi ilə yaşayır və ailə tərkibi İddiaçı2 və İddiaçı3 ibarətdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********465300 №li, 04.08.2020-ci il tarixli məktuba əlavə edilmiş "xxxx" ASC-nin nizamnaməsindən görünür ki, "xxxx" ASC 14.10.1998-ci il tarixdə 30 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. "xxxx" ASC Ədliyyə Nazirliyi tərəfindən 30.12.1997-ci il tarixdə D- 2376 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Universal ev” ATSC-nin hüquqi varisi olan 14.10.1998-ci il tarixdə 30 №-li şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" ATSC-nin hüquqi varisidir. "xxxx" ASC-nin 75 №-li, 21.09.2020-ci il tarixli məhkəməyə ünvanlanmış məktubdan görünür ki, X9 20 may 1981-ci il tarixdən 01 fevral 2011-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. (1981-1998-ci illərdə "xxxx" ASC Azərbaycan SSRİ Ticarət Nazirliyinin Ticarət avadanlığının İstehsalı Kombinatı adlandırılırdı). "xxxx" ASC-nin ünvan 4 ünvanında yerləşən ailə yataqxanası barədə məlumatı yoxdur. X1 mənzil növbəsinə götürülüb-götürülməməsi və onun mənzil ilə təmin olunubolunmaması barəsində məlumatları yoxdur. 11256302 №-li, 14.09.2020-ci il tarixli su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, bir tərəfdən "xxxx" ASC Nərimanov rayon Sukanal İdarəsi digər tərəfdən İddiaçı1 arasında ünvan 5 ünvana dair müqavilə bağlanmışdır. 07.07.2020-ci il tarixli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, bir tərəfdən Nərimanov QİS-si digər tərəfdən İddiaçı1 arasında ünvan 6 ünvana dair müqavilə bağlanmışdır. 12.10.2020-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilədən görünür ki, bir tərəfdən "xxxx" ASCnin Satış Departamenti digər tərəfdən İddiaçı1 arasında Bakı şəhəri, Təbriz küçəsi, ev 31 ünvana dair müqavilə bağlanmışdır. Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin İddiaçı1 ünvanladığı 02.06.2020-ci il tarixli, 078-135861 saylı məktubundan görünür ki, onların ünvan 8 ünvanına ailələri ilə birgə pasport qeydiyyatına alınmaları üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadıqları evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etməlidirlər. Əks təqdirdə qeydiyyata alınma tərəflərindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmələri məqsədəmüvafiqdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaa üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb oluna bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 8-ci maddəsinə əsasən bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunun qeyd edilən tələblərindən görünür ki, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. İşin halları ilə isə iddiaçıların daimi yaşamaq məqsədilə qanuni əsaslarla həmin mənzilə köçüb yaşamalarına hüquq verən sənədin mövcudluğu müəyyən edilmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar ünvan 1 ünvanındakı mənzilə dair order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etmədiklərindən, eləcə də belə sənədlərin mövcudluğu məhkəmə araşdırılması zamanı da müəyyən edilmədiyindən cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin onların həmin mənzilə qeydiyyata alınmalarından imtinası qanuna zidd deyil və iddiaçıların hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçılar ünvan 1 ünvana daimi qeydiyyata götürülmələrini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçıların hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçıların apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(112)-1100/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar