Məhkəmə qərarları › İş №2-1(103)-1400/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1400/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1400/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçı X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X1 (25.03.1963-cü il tarixində Naxçıvan MR-in Cəhri kəndində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, X10) “torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2-1(112)-1975/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-29/2019 saylı, 26.11.2019-cu il tarixli qərardadına əsasən iddiaçılar X4 və digərləri 19.07.2011-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək alqı-satqı müqaviləsi əsasında əldə etdikləri daşınmaz əmlakla bağlı çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşə mahiyyəti üzrə 1 may 2012-ci il tarixdə baxılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin tarixli qərarı ilə iddiaçıların iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi sözügedən 01 may 2012-ci il tarixli qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 may 2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 8 iyun 2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 may 2012-ci il tarixli qərarı ləğv edilmiş və iş üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materialları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmənin 26 fevral 2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2-1(82) – 29/2019 saylı qərardadına (hakim R.Kərimli) əsasən iddiaçılar X3 və digərlərinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə (qurum DƏDRX Bakı şəhər Ərazi İdarəsinin bazasında yaradılmışdır) qarşı «torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (plan-ölçünün) verilməsi» barədə iddia tələbləri üzrə işdən İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi» barədə iddia tələbi üzrə icraatların ayrılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2-1(112)-1975/2020 nömrəli qərardadı ilə (hakim F.Mədətli) iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və X8 qarşı torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı 15.03.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2-1(112)-1975/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-1975/2020 saylı, 05 mart 2020-ci il tarixli qərardadı ilə onun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə və üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və X8 qarşı torpaq sahəsinə hüququn qeydə alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi tələbinə dair iddia tələbi geri götürülmüş sayılması qərara alınmışdır. Qərardad 01 mart 2021-ci il tarixdə rəsmi qaydada verilib. Həmin qərardad əsassız və qanunsuzdur. Məhkəmə qərardad qəbul edərkən prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Buna görədə həmin qərardad ləğv edilməli və iş üzrə iddia tələbinin mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməlidir. Belə ki, məhkəmə 18 dekabr 2019 və 05 mart 2020-ci il tarixlərə təyin edilmiş məhkəmə iclasları barədə onu qanunla nəzərdə tutulmuş lazımı qaydada məlumatlandırmamış, onun həmin məhkəmə iclasları barədə xəbəri olmayıb və bu barədə məhkəmə bildirişləri almamışdır. Hətta məhkəmənin sözügedən qərardadı da ona göndərilməmiş, o məhkəmədən iddia ərizəsinin taleyi ilə maraqlananda ona bildirildi ki, iddia ərizəsi geri qaytarılıb. İddia ərizəsinin geri qaytarılması barədə sənəd tələb edəndə 01 mart 2021-ci il tarixdə ona ərizə yazdırıb həmin qərardadı vermişlər. İşin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən məhkəmənin 05 mart 2020-ci il tarixli məhkəmə qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti 09 mart 2021-ci il tarixində verildiyindən prosessual müddətin ötürülməsi ilə bağlı münasibət bildirməsi məqsədilə apellyasiya şikayətinin mümkünlük məsələsinə (prosessual müddətin ötürülməsi ilə bağlı) baxılır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin Məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən iddiaçıya buraxılmış prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə təqdim etməsi təklif olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin mümkün sayılaraq, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin işə hüquqi qiymət verərək baxılmasını xahiş etdi. Üçüncü şəxslər isə məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəməyə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkün sayılması ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı iddiaçının – Naxçıvan MR, ünvan 2 ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. (ştrix kod – SS651568145AZ). Göründüyü kimi mübahisələndirilən qərardad iddiaçı tərəfindən rəsmi qaydada alınmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun verildiyindən və apellyasiya şikayətinin verilməsinə dair tələblərə riayət edildiyindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilməli və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 83 və 87-ci maddələrinə əsasən inzibati işə apellyasiya qaydasında baxılması mümkün hesab edilməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında göstərilmişdir ki, “İddiaçı X1 iddiası müstəqil iş kimi ayrıca icraata ayrıldıqdan sonra 2-1(82)-4262/2019 saylı nömrə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.11.2019-cu il tarixdə qeydiyyata alınmış, hazırlıq icraatı mərhələsində məhkəmə iclasları 18.12.2019 və 05.03.2020-ci il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində inzibati məhkəmə icraatından yayınmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın geri götürülmüş sayılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, iddia geri götürülmüş sayılmalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyasi qeyd edir ki, işin birinci instansiya icraatı zamanı 05.03.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi iddiaçının – Naxçıvan MR, ünvan 2 ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. (ştrix kod – SS647869215AZ). Göründüyü kimi , məhkəmə bildirişi iddiaçı tərəfindən alınmamasına baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq, iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etmədiyini hesab edərək, iddia tələbini geri götürmüş hesab etmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeydiyyat ünvanı AZE seriyalı, 13663170 nömrəli, Bakı şəhəri Xətai RPİ tərəfindən 19.07.2013-cü il tarixində verilmiş şəxsiyyət vəsiqəsinə əsasən ünvan 1 olmasına baxmayaraq, məhkəmə bildirişləri və məhkəmə qərardadı Naxçıvan MR, Babək rayonu, Cəhri kəndi ünvanına göndərilmişdir. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməmiş hesab edilməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2-1(112)-1975/2020 nömrəli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2-1(112)-1975/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (plan-ölçünün) verilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar