Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1400/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının nümayəndəsi X2 və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (keçmiş adı: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs; X4) “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq daşınmaz dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında araşdırıb m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia qaldıraraq ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus binanın həyət tərəfdən 2-ci girişinin altındakı zirzəmidə yerləşən qeyriyaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında, iddiaçı ilə aralarında imzalanmış və Bakı Apellyasiya Məhkməsinin Mülki Kollegiyasınn 29(103)-1696/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə təsdiq olunmuş “qeyri-yaşayış sahəsinin birgə istifadəsi barədə” Saziş nəzərə alınmaqla, qəbul olunacaq qərarla maraqlarına toxunan X4, ərizəsinə əsasən üçüncü şəxs qismində işə cəlb olunmuşdur (İş v.46-47; 58-59) İddianın əsaslarına görə "xxxx" MTK-nın ünvan 2 ünvanda yerləşən binanın zirzəmisində (həyət tərəfdən 2-ci girişinin altında) yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MTK üzvlərinin xx.xx.2004-cü il tarixdə keçirilmiş ümumi iclasının nəticələri əsasında 5 saylı protokol qərarı ilə iddiaçının müddətsiz istifadəsinə verilmiş, həmin protokoldan çıxarış əsasında məsələ Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyanın müzakirəsinə çıxarılmış və bu barədə İctimai Komissiyanın 7B saylı, xx.xx.2004-ci il tarixli protokolu qəbul edilmiş və Bakı şəhər İcra Hakimiyyəti başçısının 137 saylı, xx.xx.2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş və həmin ərizəsi ilə birlikdə qeyd olunan sənədləri, habelə qeyri-yaşayış sahəsinin ölçülərini əks etdirən eskizi cavabdehə təqdim edilsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli imtina məktubunda imtinanın əsası kimi göstərmişdir ki, ərizəçi tərəfindən qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənədlər tam təqdim edilməmiş və əlavə olunmuş sənədlərlə faktiki sahə arasında uyğunsuzluq mövcuddur. Bundan başqa sxemdə memarın imzası və qeyri-yaşayış sahəsinin yerləşdiyi sahə dəqiq göstərilməyib. Cavabdeh iddia ərizəsinə yazılı etirazında eyni əsaslara istinadən, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi,97 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus binanın həyət tərəfdən 2-ci girişinin altındakı zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, qeyri-yaşayış sahəsinin pay haqqının tam ödənilməsi barədə maliyyə arayışı və yerləşdiyi mərtəbənin razılaşdırılmış planı idarəyə müraciəti zamanı təqdim edilməmişdir. Sənədlərdə qeyd olunan sahə ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur və təqdim edilmiş sxemdə memarın imzası və qeyri-yaşayış sahəsinin yerləşdiyi sahə dəqiq göstərilməyib. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, iddiaçıya imtina cavabı ünvanlanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Nizamlı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Əhmədov və üçüncü şəxs S.Səfərli, zirzəmidə yerləşən 7 qeyri-yaşayış sahəsindən 3-nə çıxarış verildiyini, birinə isə məhkəmə qərarı əsasında verildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişlər.(Onlar tərəfindən qeyri-yaşayış sahəsinin yerləşdiyi MTK binasının istismara qəbul olunmadığını təsdiq olunmuşdur). İİ. Məhkəmə kollegiyası, tərəfləri dinləyib iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 34-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus binanın həyət tərəfdən 2-ci girişinin altındakı zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmiş və birinci instansiya məhkəməsi tərəfindən onun həmin tələbi təmin olunmuşdur. Cavabdehin qeyd olunan xx.xx.2020-ci il tarixli imtinasından göründüyü kimi, imtinanın əsaslarından biri kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənədlər tam təqdim edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasının qeyd olunan əsası ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinə əsasən 2013-cü il yanvarın 1-dək inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas sayılır. Lakin hazırkı mərhələdə müəyyən olunmuşdur ki, birincisi, mübahisəli qeyriyaşayış sahəsinin yerləşdiyi - ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus binanın tikintsinə icazə sənədi yoxdur. Belə ki, apellyasiya mərhələsində məhkəmənin xx.xx.2022-ci il tarixli müvafiq sorğusuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektiura Komitəsi yanında Memarlıq və Şəhərsalma Baş İdarəsi 15 iyul 2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Komitənin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində belə bir sənəd aşkar olunmamışdır. Bundan əlavə, cavabdehin işdə iştirak edən nümayəndələrinin və iddiaçının və üçüncü şəxsin izahatlarına əsasən binanın istismara akı mövcud olmadığı da öz təsdiq olunur və bu hal mübahisələndirilmir. Digər bir tərəfdən, hazırkı mərhələdə məhkəmənin Əmlak Məsələləri Dövlət Xidmətinə həmin binanın zirzəmisində yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin registrdə dövlət qeydiyatının olub-olmaması barədə sorğusuna cavab olaraq bildirilmişdir ki, registrdə bununla bağlı qeyd olmasa da, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci və Mülki Məcəllənin 227-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərədə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Qeyd olunan hüquq normalarına əsasən məhkəmələr tərəfindən qəbul olunan qərarlarla yaşayış binalarının zirzəmilərinin özgəninkiləşdirilməsi barədə əqdlər qeyri-qanuni sayılmaqla ləğv edilir (Nümunə üçün AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2017-ci il tarixli 2(102)-753/17 saylı və 2(102)-161/2020 saylı xx.xx.2020-ci il tarixli qərarları əlavə edilmişdir). Qeyd olunmalıdır ki, üçüncü şəxs S.Səfərli tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli ünvanda yerləşən MTK-ya məxsus binanın zirzəmisində başqa bir şəxsin adına qeyri-yaşayış sahəsinin qeydə alınması ilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının 31 yanvar 2014-cü il tarixli 2(102)-186/2014 saylı qərarına istinad olunan dəlillərinə gəldikdə isə, Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi Ali Məhkəmənin 28 fevral 2017-ci il və xx.xx.2020-ci il tarixli qərarları daha sonrakı məhkəmə təcrübəsinin nümunələridir. İddiaçının və üçüncü şəxs tərəfindən binanın zirzəmisində başqa üç şəxsin adına qeyri-yaşayış sahəsinə dair cavabdeh tərəfindən çıxarışın verilməsini əsas tutması ilə əlaqədar məhkəmə kollegiyası onu qeyd edir ki, qanunvericiliyin tələblərinin pozulması ilə aparılan qeydiyyat, heç də konkret halda, məhkəmə tərəfindən həmin səhvlər təkrarlanmaqla, ümumi istifadəyə aid bina hissəsinə iddiaçının mülkiyyət hüququnun reyestrdə qeydə alınmasının cavabdehə həvalə edilməsi üçün əsas ola bilməz. Beləliklə də, qeyd olunanlar baxımından, iddiaçının istifadəsində olan qeyriyaşayış sahəsinin yerləşdiyi binanın tikintisinə və istismarına icazə sənədi mövcud olmadığı, ikincisi, həmin qeyri-yaşayış sahəsi binanın zirzəmisi (texniki mərtəbə) olaraq müxtəlif kommunikasiyaların yerləşdiyi və bütün sakinlərin istifadəsinə (paylı mülkiyyətinə) aid olan bir sahə olduğu halda, həmin sahənin iddiaçının adına daşınmaz dövlət reyestrində qeyd alınması istisna edilir. Qeyd olunan Qanunun 15.1.1-ci maddəsi isə nəzərdə tutur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, qeydiyyatdan imtina edilə bilər. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin qeydiyyatdan imtina etməsi qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarının pozması kimi yozula bilməz. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən iş hərtərəfli araşdırılmamış, işin hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmiş, nəticədə iddianın təmin olunması barədə maddi və prosessual hüquq normalarının pozulması ilə səhv qərar qəbul olunmuşdur. Ona görə də məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-1400/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1400/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver