Məhkəmə qərarları › İş №2-1(103)-1401/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1401/2020

07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1401/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Nümayəndə Sığorta Şirkəti ASC-nin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4056/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nümayəndə Sığorta Şirkəti ASC cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2019-cu il 30 avqust tarixli “İcraata başlamaq haqqında” Qərarının ləğv olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 18 yanvar tarixli 2(103)-1283/2019 nömrəli icra vərəqəsi əsasında cavabdeh 2019-cu il 30 avqust tarixli “İcraata başlamaq haqqında” Qərar qəbul etmiş və tələbin könüllü icrası barədə iddiaçıya bildiriş göndərmişdir. Lakin nə qərarda, nə də ki, bildirişdə icra üsulu haqqında məlumat yoxdur. Cavabdeh tələb olunan məbləğin ödənilməsini təmin etmək üçün qərarda ya tələbkarın, ya da İcra və Probasiya Şöbəsinin hesab nömrəsini qeyd etməli idi. Göründüyü kimi, cavabdehin belə yarımçıq qərar qəbul etməsi qətnamənin icrasını gecikdirməklə yanaşı, iddiaçının könüllü icra müddəti ərzində icranı təmin etməsini mümkünsüz edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2- 1(81)- 4056/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı qərardaddan apelyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)-4056/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Cavabdeh yarımçıq, natamam qərar qəbul etməsi qətnamənin icrasını gecikdirməklə yanaşı, həmçinin iddiaçının könüllü icra müddətində icranı təmin etməsini mümkünsüz etmişdir. Nəticədə iddiaçının hesabına sərəncam qoyulmuş və xx.xx.2019-cu il tarixdə hesabdan qət edilmiş176800 manatla yanaşı 7% icra xərci olan 12376 manat əlavə silinmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2877/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan iddiaçı kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 2-1(102)- 835/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2019-cu il 10 dekabr tarixli 2-1(103)-2877/2019 nömrəli qərardadı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək qərarın ləğv edilməsi və iddianın mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh tərəf məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. İşdən müəyyən olunur ki,Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019cu il 18 yanvar tarixli 2(103)-1283/2019 nömrəli icra vərəqəsi əsasında cavabdeh tərəfindən 2019-cu il 30 avqust tarixli “İcraata başlamaq haqqında” Qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkünsüzlüyü nəticəsinə gələrkən ona istinad etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və aparılan hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların, ayrıca iddia verməklə, inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün hesab oluna bilməz. Kassasiya məhkəməsi yuxdarıda adı çəkilən qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qərardadını İPM-nin 11.2, 62 və 64.1-cü maddələri ilə nəzərdə tutulan prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyini əsas gətirərək ləğv etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə təkrar apelyasiya baxışı zamanı kassasiya məhkəməsinin mövqeyinə və prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının məhkəmə iclasında dinlənilmək hüququnu təmin etmişdir. Məhkəmə kollegiyası hazıki iddia üzrə mübahisənin inzibati məhkəmə icraatında baxılmalı olmaması əsası ilə iddianı mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “İcra haqqında” Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. (mad. 8.2). Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər(mad. 8.5). Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” x xxxxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də X2 Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Hazırki işin hallarından görünür ki, mübahisə predmeti olan cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarı Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-1283/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı verilmişdir. Kollegiya hesab edir ki, icra məmurunun icra sənədinin icrası ilə bağlı hərəkət və ya hərəkətsizliyi, eləcə də həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərarın düzgün tərtib edilib-edilməməsi, onun ləğv edilməsi ilə bağlı mübahisə müstəqil iddia qaydasında deyil, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2-(103)-1283/2019 saylı mülki işin davamı kimi şikayət formasında icra sənədini vermiş məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iddianın mümkünlük şərti ödənilmədiyindən işə baxan məhkəmə iddianı mümkün saymamaqda haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Nümayəndə Sığorta Şirkəti ASC-nin apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4056/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar