Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1401/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «müraciətə yazılı cavab verilməsi tələbinə dair» iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2362/2022 saylı, 09.02.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Agentliyə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı ehtiyatda olan zabitdir. Prezident təqaüdü alır. 2014cü ildən 2-ci qrup müharibə əlilidir. Onun müraciətinə əsasən 25.06.2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə əani müayinəyə göndərilərək müayinə olunmuş və əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Sonradan 30.06.2021-ci il tarixdə Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən 028003AAFMA №-li göndəriş əsaasında 09.07.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi də əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir" kimi qeydlər aparılmışdır. Eyni zamanda bu barədə onun şəxsi kabinetində qeydiyyat vardır və sms vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, 24.04.2021-ci ildən 30.07.2021-ci ilədək onun elektron şəxsi kabinetinə Agentlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin tələblərinə əsasən göndəriş əsasında 09.07.2021-ci il tarixdə qiymətləndirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir kimi yazılmış 30 ədəd məktub yerləşdirilmişdir ki, bu məktubların heç biri poçt vasitəsi ilə (məktubların bir hissəsinin elektron şəxsi kabinetindən çıxarış edib iddia ərizəsinə əlavə edib) ona göndərilməmişdir, bu barədə o, məhkəməyə müraciət etmişdir. 05.08.2021-ci il tarixdə o şəxsi kabinetinə baxış keçirən zaman görüb ki, ümumi səhifədə əlillik qiymətləndirilməsi 5 rəqəmindən 4 rəqəminə düşüb, əlilliyin axrıncı qiymətləndirilməsi sistemdən silinib, əlillik müddəti və diaqnoz dəyişdirilmişdir, bu səbəbdən də o cavabdehə dəfələrlə müraciət edib. Hal-hazırda yenə də onun elektron şəxsi kabinetində olan məlumatlara əsasən 09.08.2021-ci il tarixdə, 10.08.2021-ci il tarixdə 2 dəfə olmaqla, müraciətlərinə Agentlik tərəfindən cavab verilməmiş, «Vətəndaşların müraciətləri haqqında» Qanunun tələblərini (m.m.7;10) növbəti dəfə pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2362/2022 saylı, 09.02.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, onun müraciətinə əsasən 25.06.2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə əani müayinəyə göndərilərək müayinə olunmuş və əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Eyni zamanda,bu barədə onun şəxsi kabinetində qeydiyyat vardır və «SMS» vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. Hal-hazırda onun elektron şəxsi kabinetində qeydiyyat vardır və «SMS» vasitəsilə telefonuna bildiriş göndərilib. Onun elektron kabinetində olan məlumatlara əsasən 09.08.2021-ci il tarixdə müraciətinə Agentlik tərəfindən cavab verilməmiş. «Vətəndaşların müraciətləri haqqında» qanunun 7-ci və 10-cu maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmənin qərardadı əsassız və qanunsuzdur. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsinə əsasən şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. İddiaçının iddia ərizəsinin və apellyasiya şikayətinin üst-üstə dəlillərindən göründüyü kimi, onun müraciəti əsasında 25.06.2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə əyani müayinəyə göndərilmiş və müayinə olunaraq əlilliyinin səbəb əlaqəsi dəyişdirilmiş və bu barədə onun şəxsi kabinetində qeydiyyat vardır və «SMS» vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. Belə ki, iş mateiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vətəndaşların Qəbulu şöbəsindən daxil olmuş elektron müraciətinə cavabdeh tərəfindən ona ünvanlanmış elektron məktubunda iddiaçıya bildirilir ki, onun müraciətinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmış, X1 X2 və səbəb əlaqəsi barədə 25.06.2021-ci ildə keçirilən əyani komissiyanın müvafiq qərarına əsasən, hal-hazırda o “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə 12.10.2016cı il tarixindən beş il müddətinə ikinci dərəcə əlillik statusuna malikdir. Növbəti müayinə tarixi- 12.10.2021-ci il. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bununla əlaqədar o göndərişin (forma-088) tərtibi məqsədilə qeydiyyatda olduğu dövlət tibb müəssisəsinə müraciət etməlidir...” (i.v.46) Cavabdeh Agentliyin həmin məktubu (№**********5) 23.09.2021-ci il tarixdə imzalanmış və iddiaçının yaşadığı ünvan 1 ünvanına göndərilmiş və müraciətin icra statusu “tam icra olunub” şəklində qeyd edilmişdir (i.v.47).. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 6.2-ci maddəsinə görə yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. Həmin Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.6-cı maddəsinə əsasən elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Eyni zamanda, “İnzibati icraat haqqqında” Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İşin sübutlarla müəyyən olunan hallarrından göründüyü kimi, iddiaçının 09.08.2021-ci il tarixdə daxil olmuş elektron müraciətinə cavabdeh tərəfindən baxılmış onun həmin müraciətinə 23.09.2021-ci il tarixli cavab məktubu ünvanlamışdır. Beləliklə də cavabdehin təqdim etdiyi sənədlərə əsasən iddiaçının iddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı müraciətinə yazılı cavab verildiyi və sonuncunun ünvanına poçt vasitəsilə göndərildiyi müəyyən olunur. Digər tərəfdən, işdən görünür ki, iddiaçının cavabdehə müraciəti bilavasitə ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olmuş və həmin məsələyə də, məhz, sonuncu tərəfindən baxılaraq onun əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Deməli, iddiaçı bu müraciəti təmin edilmədiyi halda, məcburetmə haqqında iddia vasitəsilə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldıra bilərdi. Əgər o, elektron müraciətinə poçt vasitəsilə yazılı cavab məktubunun təqdim edilməsini tələb etmək istəyirdisə (cavabdehin onun elektron müraciətinə elektron qaydada cavab verildiyi müəyyən olunsa belə), məhz, bununla bağlı ilk növbədə cavabdeh orqana yazılı müracət etdiyini və həmin yazılı müraciətə cavab məktubunun poçt vasitəsilə cavabdehin ünvanına göndərilməsini cavabdehdən xahiş etməsini sübuta yetirməlidir. Belə ki, İPM-in 28.1.1-ci maddəsinin tələbinə görə elektron müraciətinə poçt vasitəsilə yazılı cavab məktubunun təqdim edilməsi ilə bağlı inzibati icraatın başlanması üçün iddiaçının ərizə ilə cavabdeh inzibati orqana müracaiət etməlidir. Lakin hazırkı işdə iddiaçının onun elektron müraciətə yazılı cavab verilməsi ilə bağlı cavabdeh Agentliyə müraciət etməsi öz təsdiqini tapmır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının hazırkı, müraciətinə cavab verilməsi tələbinə dair öhdəliyin icrası haqqında (İPM m. 2.2.3) iddiasının, İPM-in 35.1-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna edildiyinə görə iddia mümkün iddia kimi qiymətləndirilə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Odur ki, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2362/2022 saylı, 09.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2362/2022 saylı, 09.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1401/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1401/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver