Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1401/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12390/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin «vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə» 06 iyul 2023-cü il tarixli **********46500 qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12390/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəllənin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: «…İddiaçı MMC-nin direktoru X2 xx.xx.2023-cü il tarixdən ölkə xaricindədir. Bu fakt onun pasportundakı Döxlət Sərhəd Xidmətinin ştampı ilə təsdiq olunur. Həmin tarixdən bu günə kimi X2 ölkəyə qayıtmamışdır. E-mehkeme.gov.az portalına Azərbaycandan kənardan daxil olmaq mümkün deyil. Bu səbəbdən e-mehkeme.gov.az portalına daxil olmaq imkanı da olmamışdır. Eyni zamanda, Fərəh Qurbanova vəkil olmadığından onun e-mehkeme.gov.az portalından istifadə etmək təcrübəsi və bacarıqları da yoxdur. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məhkəmə iclaslarının keçirilməsi barədə məhkəmə tərəfindən İddiaçı MMC-nin hüquqi ünvanına bildiriş çatdırılmamışdır. Eyni zamanda, məhkəmə iclasları barədə iddiaçının ASAN imza ********** telefon nömrəsinə sms bildiriş daxil olmamışdır. Halbuki, İddiaçı MMC-nin ASAN imzasının nömrəsi e-mehkeme.gov.az portalında həmin hüquqi şəxsin elektron kabinetində qeyd olunmuşdur. Bundan başqa, məhkəmə iddiaçının etaxes.gov.az portalındakı elektron kargüzarlıq kabinetinə də bildiriş göndərməmişdir. Bu kabinetdən ölkə xaricindən də istifadə etmək mümkündür və vergi ödəyicisi bu əlaqə vasitəsilə daha rahat şəkildə məhkəmə iclasları barədə məlumat əldə edə bilərdi. Bundan başqa, cavabdeh əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə vəsatət vermişdir. Məhkəmə həmin vəsatətə baxmamışdır, yeni cavabdehə sərəncam göndərməmişdir. Bu səbəblərdən İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddia ərizəsinin geri götürülmüş hesab edilməsi qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin qərardadını İddiaçı MMC xx.xx.2023-cü il tarixdə “eməhkəmə” sistemi vasitəsi ilə əldə etmişdir. Beləliklə, qərardaddan şikayət verilməsi üçün prosessual qanunvericiklə müəyyən edilmiş 10 gün müddət iddiaçı tərəfindən ötürülməmişdir. E-məhkəmə.gov.az portalında iddiaçının şəxsi kabinetinə qərardadın portala yüklənməsi barədə məlumatlandırma (bildiriş) göndərilməmişdir. İddiaçı telefonla məhkəməyə zəng edərək müəyyən etmişdir ki, mübahisələndirilən qərardad xx.xx.2023 tarixində portala yüklənib. Şikayətə əlavə edilən emehkeme.gov.az portalındakı iddiaçının şəxsi kabinetinin ekran görüntüsündən görünürük ki, məlumatlandırma qutusu boşdur, yəni iddiaçıya məlumat daxil olmayıb. Halbuki, hər bir əlavə edilən sənəd haqqında iddiaçının şəxsi kabinetindəki məlumatlandırma qutusuna da məlumat daxil olmalıdır. Bu yol ilə iddiaçı müvafiq sənədin hansı tarixdə yükləndiyini müəyyən edə bilər. Məhkəmə iddiaçını bu imkandan da məhrum etmişdir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə xx.xx.2023-cü il tarixinə saat 17:00-a işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin olumuş və bu barədə məhkəmə bildirişi eyni tarixli məktubla poçt vasitəsilə iddiaçının iddia ərizəsində qeyd olunan ünvan 1 ünvanına göndərilmiş, lakin həmin məhkəmə sənədləri iddiaçıya çatdırılmadan, Poçtun «köçüb» qeydi ilə geri qaytarılmışdır. Məhkəmənin hazırlıq icaatı üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə keçirilərək bu barədə iddiaçının həmin ünvanına poçt vasitsəli 18 oktyabr 2023-cü il tarixli məhkəmə bildirişi göndərilmiş, lakin bu dəfə bildiriş «bu ünvanda yaşamır» qeydi ilə geri qaytarılmışdır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən və onun vətəndaşlıq pasportunun qeyd göstəriclilərinə əsasən də müəyyən olunur ki, o, Respublika ərazisində olmamışdır. İPM-in 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 9-1.9-cu maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda inzibati məhkəmə icraatı iştirakçılarının adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. İş materialları üzrə müəyyən edilən hallardan isə göründüyü kimi, hər iki məhkəmə iclası barədə məhkəmə bildirişləri iddiaçıya çatdırılmamış, işə baxan birinci instansiya məhkəməsi tərəfindən onun elektron poçtu və ya mobil telefonu vasitəsilə məhkəmə iclasları barədə məlumat vermək imkanları da aranmamışdır. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın geri götürülmüş hesab edilməsini prosessual qanunvericiliyin qeyd olunan tələbləri baxımından əsaslı hesab oluna bilməz. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin iddianın geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilməsinin prosessual hüquq normaları baxımından əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12390/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12390/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1401/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1401/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver