Məhkəmə qərarları › İş №2-1(103)-1401/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1401/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1401/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8919/2024 nömrəli, 27 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-7-9486/2023, 3-17-1/3-3- 15239/2023 və 3-17-1/3-3-62095/2023 saylı qərarlarının ləğv edilməsi, pensiya məbləğinin bərpa edilməsi, cavabdeh tərəfindən hesablanan geri qaytarılmalı məbləğin ləğv edilməsi, iddiaçının dövlət qulluğunda iş stajının 27 il 5 ay olması nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və kəsilmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində və X12 Komitəsində fasiləsiz olaraq müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əməyin təşkili, normallaşdırılması və əmək haqqı idarəsində aparıcı iqtisadçı, baş iqtisadçı vəzifəsində, xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixə kimi həmin idarədə rəis vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixə kimi Azərbaycan Respublikası X12 Komitəsində Əməyin təşkili, əmək haqqı və sosializm yarışı şöbəsində rəis müavini vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixə kimi həmin idarədə baş iqtisadçı, dövlət qulluğunun kiçik müşaviri vəzifəsində işləmişdir. 2005-ci ildə pensiya yaşının tamam olması ilə əlaqədar pensiyaya çıxmışdır. Dövlət qulluğunda iş stajı Azərbaycan Respublikası X6 xx.xx.2024-cü il tarixli məktubu ilə verdiyi rəyə əsasən 27 il 5 aydır. 2023-cü ilin aprel ayına kimi pensiyanı normal almışdır, həmin müddətdə onun pensiyası dövlət qulluqçusu kimi 2554,13 manat olmuşdur. 2023-cü ilin may ayında ona heç bir məlumat verilmədən pensiyası 600 manat azaldılaraq 1959,67 manat olmuşdur. Bu vəziyyət bu gündə eyni qaydada davam edir. Pensiyasının bu dərəcədə azaldılmasının səbəbini müəyyən etmək üçün cavabdehə müraciət etmişdir. Cavabdeh ona bildirmişdir ki, guya 2005-ci ildə iddiaçı pensiyaya çıxarkən əmək haqqını və dövlət qulluğunda iş stajını çox hesablamışlar. Bu səbəbdən də pensiyası azaldılmışdır. Cavabdeh tərəfindən onun pensiyası yenidən hesablanarkən şöbə müdirinin müavini kimi nəzərə alınmış və vəzifə maaşını 1270 manat müəyyən ediblər. Bu qaydada hesablama aparmaq tamamilə səhvdir. İddiaçı 2005-ci ildə pensiyaya çıxarkən pensiya hansı qaydada hesablanıbsa, həmin sənədləri onlara təqdim etsə də, heç bir əhəmiyyət verməmişlər. Cavabdeh qeyd edir ki, onun dövlət qulluğunda iş stajı Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 10 gündür. Eyni zamanda cavabdeh qeyd edir ki, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının pensiyası 1558,25 manat olduğu halda, müvafiq bank kart hesabına hər ay 2024,36 manat məbləğində pul vəsaiti köçürülüb. Buna görə də iddiaçıya həmin dövr ərzində 14076,52 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında“ Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 1714,08 manat, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1966,04 manat artırılıb. Qeyd olunanlara əsasən xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ümumilikdə 19960,40 manat əmək pensiyası ödənilməli olduğu halda, 22130,80 manat ödənilib. Buna görə də iddiaçıya həmin dövr ərzində 2470,49 manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə qaytarılması məqsədilə iddiaçıdan əmək pensiyasından tutulması üçün yazılı surətdə razılığının qısa müddət ərzində cavabdehə təqdim etməyi xahiş olunmuşdur. Həmin vəsaitin düzgün hesablanmadığına görə geri büdcəyə qaytarılmasına tam etirazını bildirmişdir. Bu barədə iddiaçı cavabdehə rəsmi yazılı surətdə öz etirazını bildirmişdir. Eyni zamanda cavabdeh bildirir ki, iddiaçıya maddi yardım üzrə 2022-ci ildə 559,33 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyasından hissə-hissə çıxılmaqla büdcəyə bərpa edilmişdir. Cavabdehin xx.xx.2024cii il tarixli məktubunda qeyd olunur ki, 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar pensiyası cari ayda 2186,24 manata çatdırılıb. Həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 220,20 manat fərq məbləği iddiaçıya aylıq ödənilmiş 16547,01 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan 16326,81 manatın büdcəyə ödənilməsinə razılıq verməsi iddiaçıdan tələb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-8919/2024 nömrəli, 27 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-9486/2023, 3-17-1/3-3-15239/2023 və 3-17-1/3-3- 62095/2023 saylı qərarları ləğv edilmiş, İddiaçı pensiya məbləğinin bərpa edilməsi, borc kimi hesablanan geri qaytarılmalı məbləğin ləğv edilməsi, İddiaçı dövlət qulluğunda iş stajının 27 il 5 ay olması nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və kəsilmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilərək, onun barəsində qəbul edilmiş 3-17-1/3-7-9486/2023, 3-17-1/3-3-15239/2023 və 3-17-1/3-3-62095/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarların ləğv edilməsi və əmək pensiyasının əvvəlki məbləğə bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial X8 şəhər şöbəsi tərəfindən 1 iyun 2005-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə elan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi 25 iyun 2023-cü il tarixində daxil olmuş müraciətindən 3 il geri dövr üzrə məhdudlaşdırılmaqla yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 25 iyun 2020-ci il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1270,00 manat, qulluq stajına görə əlavə 302,64 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 190,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 84,67 manat olmaqla orta aylıq əmək haqqı 1947,81 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1947,81 manat) 80 faizi-1558,25 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2024,36 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr ərzində iddiaçıya 14076,52 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 1714,08 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1966,04 manata artırılıb. Qeyd olunanlara əsasən xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ümumilikdə 19660,40 manat əmək pensiyası ödənilməli olduğu halda, 22130,89 manat ödənilib. Buna görə də iddiaçıya həmin dövr üzrə 2470,49 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, iddiaçının pensiyası üzrə ona son üç il üçün ümumilikdə 16547,01 (14076,52+2470,49) manat artıq pul vəsaiti ödənmişdir. Əlavə olaraq, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 559,33 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısını dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Əlavə olaraq, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə cavabdehin əleyhinə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra cavabdeh tərəfindən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni cavabdehin əleyhinə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış 6 fevral 2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçının 1986-1989-cu illərdə Azərbaycan SSR X12 Komitəsində iş müddəti ilə bağlı bildirilir ki, yuxarıda qeyd edilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Təqdim edilən Azərbaycan SSR X12 Komitəsinin 31 yanvar 1986-cı il tarixli 130 nömrəli Əmrinə əsasən iddiaçı X1, sosial və iqtisadi inkişaf Baş idarəsinin Əməyin təşkili, əmək haqqı və sosializm yarışı şöbəsində rəis müavini vəzifəsində çalışmışdır. İddiaçının 1989-1991-ci illərdə Azərbaycan SSR X12 Komitəsinin Baş plan-iqtisadiyyat idarəsində rəis müavini vəzifəsində iş müddəti ilə bağlı, Azərbaycan SSR Nazirlər Sovetinin 6 yanvar 1989-cu il tarixli 11 nömrəli Qərarı ilə X3 strukturu təsdiq edilmişdir. Həmin strukturda Baş planiqtisadiyyat idarəsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən onun 1986-1989-cu illərdə Azərbaycan SSR X12 Komitəsinin X1, sosial və iqtisadi inkişaf Baş idarəsinin Əməyin təşkili, əmək haqqı və sosializm yarışı şöbəsində və 1989-1991-ci illərdə Baş plan-iqtisadiyyat idarəsində rəis müavini vəzifəsində iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 1995-ci il 28 fevral tarixli 137k nömrəli Əmrinə uyğun olaraq Nazirliyin mərkəzi aparatının yeni strukturu və ştat cədvəlinin təsdiq edilməsi ilə əlaqədar olaraq o, 28 fevral 1995-ci il tarixdən Baş iqtisadiyyat idarəsinin Əmək haqqı və sosial məsələlər və istehlak fondunun müəyyənləşdirilməsi idarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Yuxarıda qeyd edilən Siyahının 2.9-cu bəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilənlərə əsasən iddiaçının 1995-1999-cu illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Baş iqtisadiyyat idarəsi Əmək haqqı və sosial məsələlər və istehlak fondunun müəyyənləşdirilməsi idarəsinin rəis müavini vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesabalanarkən nəzərə alınır. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasında əmək fəaliyyətinə dair aparılmış qeydlərə əsasən iddiaçının dövlət qulluğunda qulluq stajı 27 il 5 ay təşkil edir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Pensiya işinizə aid sənədlərdə Sizə Dövlət Sosial X8 şəhər şöbəsi tərəfindən 1 iyun 2005-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Yuxarıda qeyd edilən Qanunun 39.1ci maddəsinin tələbləri nəzərə alınmaqla pensiya işiniz araşdırılaraq aylıq ödənişiniz 25 iyun 2023-cü il tarixində daxil olmuş müraciətinizdən 3 il geri dövr üzrə məhdudlaşdırılmaqla yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 25 iyun 2020-ci il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 1270,00 manat, quliuq stajına görə əlavəniz 302,64 manat, ixtisas dərəcəsinə görə əlavəniz 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəniz 190,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 84,67 manat olmaqla orta aylıq əmək haqqınız 1947,81 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 25 il 10 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (1947,81 manat) 80 faizi-1558,25 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza hər ay 2024,36 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr ərzində Sizə 14076,52 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən 1714,08 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1966,04 manata artırılıb. Qeyd olunanlara əsasən xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində Sizə ümumilikdə 19660,40 manat əmək pensiyası ödənilməli olduğu halda, 22130,89 manat ödənilib. Buna görə də Sizə həmin dövr üzrə 2470,49 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, pensiyanız üzrə Sizə son üç il üçün ümumilikdə 16547,01 (14076,52+2470,49) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əlavə olaraq, maddi yardım üzrə 2022-ci il üçün Sizə 559,33 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 559,33 manat pul vəsaitinin 515,83 manatı cari ilin avqust, sentyabr və oktyabr aylarında hissə-hissə əmək pensiyanızdan çıxılaraq büdcəyə bərpa edilib. Maddi yardım üzrə artıq ödənilmiş qalıq vəsait 43,50 manat təşkil edir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Aparılan araşdırma nəticəsində pensiya məbləğiniz cari ilin noyabr ayından qanunvericiliyə uyğunlaşdırılaraq 1966,04 manat məbləğində müəyyən edilib, həmçinin Sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla son üç il üzrə ümumilikdə 16547,01 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında Sizə 14 noyabr 2023-cü il tarixli 3-17-1/2-K-264086/2023 nömrəli məktubla ətraflı məlumat verilib. Bununla əlaqədar artıq ödənilmiş 16547,01 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Eyni zamanda, Sizə maddi yardım üzrə 2022-ci il üçün 559,33 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyanızdan hissə-hissə çıxılmaqla büdcəyə bərpa edilib. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Aparılan araşdırma nəticəsində pensiya məbləğiniz 2023-cü ilin noyabr ayından qanunvericiliyə uyğunlaşdırılaraq 1966,04 manat məbləğində müəyyən edilib, həmçinin iddiaçıya “Əmək pensiyaiarı haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla son üç il üzrə ümumilikdə 16547,01 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir ncvdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü. 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Eyni zamanda, 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyası cari ayda 2186,24 manata artırılıb, həmçinin cari ilin yanvar ayı üzrə sizə ödənilməli olan 220,20 manat fərq məbləği hesablanıb. Həmin 220,20 manat fərq məbləği iddiaçıya məhdudlaşdırılaraq artıq ödənilmiş 16547,01 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalan 16326,81 manat artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. İddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 559,33 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti xx.xx.2023-xx.xx.2023-cü ii tarixləri arasındakı dövr ərzində əmək pensiyasından hissə-hissə çıxılmaqla büdcəyə bərpa edilib. Əlavə olaraq, əmək pensiyasının yenidən hesablanması və artıq ödənilmiş pul vəsaiti haqqında iddiaçıya 14 noyabr 2023-cü il tarixli 3-17-1/2-K-264086/2023 nömrəli və 26 dekabr 2023cü il tarixli 3-17-1/2-K-306410/2023 nömrəli məktublarla məlumat verilib. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023cü il tarixli, 3-17-1/3-7-9486/2023 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2006-cı ildə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir, hazırki pensiya məbləği 2554,13 manat, yenidən hesablanmış pensiya məbləği isə 1959,67 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023cü il tarixli, 3-17-1/3-3-15239/2023 nömrəli qərarından görünür ki, İddiaçı hesablanmış hazırki pensiya məbləği 1959,67 manat, yenidən hesablanmış pensiya məbləği isə 2011,78 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023cü il tarixli, 3-17-1/3-3-62095/2023 nömrəli qərarından görünür ki, İddiaçı hesablanmış hazırki pensiya məbləği 2011,78 manat, yenidən hesablanmış pensiya məbləği isə 1966,04 manat təşkil edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 37.8. bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İşin hallarından və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı X5 xx.xx.2006-cı il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdeh qurumun xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-9486/2023 saylı, xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 15239/2023 saylı və xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-3-62095/2023 saylı qərarları ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış və nəticədə hazırda iddiaçının yenidən hesablanmış əmək pensiyasının məbləği 1.966,04 manat təşkil etmişdir. İddiaçının pensiya məbləği cavabdeh tərəfindən yenidən hesablanmış, əmək pensiyasının məbləği azaldılaraq, ona 16547,01 manat məbləğində artıq ödənilmiş pensiya məbləğinə görə yaranmış borcu barədə məlumat verilmiş, bir hissəsi isə tutulmuşdur. İddiaçıya ödənilməli olan məbləğin ona ödənilməyərək artıq hesablandığı hesab edilən məbləğlə əvəzləşdirilməklə büdcəyə bərpa edilməsi dolayısı ilə artıq hesablanan məbləğin tutulmasına yönəlmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulmasını əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə cavabdeh tərəfindən iddiaçının əmək pensiyası məbləğinin geri qaytarılması üçün iddiaçının razılığı alınmamış, eyni zamanda bununla əlaqədar cavabdeh tərəfindən məhkəməyə də müraciət edilməmiş və məhkəmə qərarı da mövcud deyildir. Artıq ödənildiyi iddia edilən pensiya məbləğinin cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada, yəni iddiaçının razılığı ilə və ya məhkəmə qaydasında tutulduğu iş materiallar ilə öz təsdiqini tapmır. İddiaçıdan asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv təyin edilməsi (hesablanması) belə, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəməyə təqdim edilmiş sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində (hesablanması) iddiaçının təqsirli olması barədə, əmək pensiyasının səhv hesablanmasında iddiaçının hər hansı müdaxiləsinin mövcud olması barədə heç bir qeyd edilməmişdir, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının dövlət qulluqu stajı, yəni Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası X12 Komitəsində vəzifələrdə işlədiyi müddət 27 il 5 ay təşkil edir. Bu, X6 06 fevral 2024-cü il tarixli məktubu ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı iddiaçıya münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Mövcud qanunvericliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da «İnzibati icraat haqqında» Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Təyin olunmuş pensiyanın ləğvini şərtləndirən normada nəzərdə tutulmuş hər hansı əsas aşkar edildikdə, cavabdeh inzibati orqan əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməli, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Məhkəmə araşdırması zamanı qanunvericiliyin qeyd olunan tələblərinə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir, habelə cavabdeh tərəfindən də bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən iddiaçı üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8919/2024 nömrəli, 27 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar