Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1402/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(112)-908/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 12-15 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.02.2021-ci il tarixli, **********1717 sayli “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar” əsasında aparılmış yoxlama nəticəsində tərtib edilmiş 25.02.2021-ci il tarixli aktda qeyd edilən məlumatlar rəsmi faktlara və qaydalara zidd olduğu səbəbindən əsassız hesab edilməklə, həmin akta əsasən verilmiş 16.04.2021-ci il tarixli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə **********6996 saylı qərarın və **********6997 saylı “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamənin ləğvi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(112)-908/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. (hakim: Ş.Həsənova) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün iş üzrə icraatın təzələnməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, qanunvericiliyin 30 gün ardıcıl məhkəmə icraatından iddiaçının yayınması halı iş materiallarındakı o fakta ziddir ki, iddia ərizəsi məhkəməyə 23.04.2021-ci ildə daxil olub və məhkəmə qərardad çıxardığı 18.01.2022-ci il tarixə kimi, yəni 30 gün yox, 265 gün keçmişdir və bu 265 gündə qərardadın əsaslandırdırıcı hissəsindən də göründüyü kimi 4 məhkəmə iclası çağırılmışdır. Yəni hər 66 günə cəmi bir çağırış. İddia icraatına aid hər məhkəmə iclasının aralıq müddəti 30 gün yox, orta hesabla 66 gün çəkibsə, İPM-nin 55.3-cü maddəsinə istinad doğru deyil. Digər fakt isə ondan ibarətdir ki, iddiaçının nümayəndəsi M.Şahbazovun mobil telefon nömrəsinə (***-***-**-**) məhkəmə tərəfindən göndərilmiş bildirişlərdən (kserosurət əlavə olunur) aydın olur ki, keçən 265 gün icraat müddətində cəmi bir dəfə 02.11.2021-ci il tarixdə məhkəmə iclası haqda sms bildiriş göndərilmişdir. Eyni zamanda prosessual qanunvericiliyin məhkəmə sənədlərini, o cümlədən bildirişlərini iştirakçılara rəsmi qaydada təqdim etmək haqda tələbləri tam gözlənilməmişdir. Bu halın mövcudluğunu bilavasitə qərardaddakı o məlumat da təsdiq edir ki, ’’...iddiaçının ünvanına..., poçt vasitəsi ilə məhkəmə bildirişləri göndərilsə də iddiaçı... üzrlü səbəb təqdim etmədən...iştirak etməmişdir. Qanunvericilik bu məsələdə müəyyən etmişdir ki, məhkəmə sənədinin göndərilməsi onun rəsmi qaydada təqdim edilməsi ilə başa çatmış ola bilər. Qərardaddan isə göründüyü kimi, məhkəmə həmin məsələni yalnız sənədi göndərməklə (təqdim etməklə yox) başa çatmış hesab edərək, hüquqi nəticəyə gəlmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X1 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 16.04.2021-ci il tarixli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə **********6996 saylı qərarın və **********6997 saylı “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə iddianı geri götürülmüş sayaraq inzibati iş üzrə icraata xitam vermiş və mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçıya xəbərdarlıq barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin iddiacı İddiaçı səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından iddia geri götürülmüş sayılmalı və bununla əlaqədar olaraq iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, hazırki iddia tələbinə dair 22.06.2021, 21.09.2021 və 02.11.2021-ci il tarixlərə təyin edilmiş hazırlıq icraatı iclası iddiaçının nümayəndəsinin iştirakının təmin edilməsi ilə əlaqədar təxirə salınmış və 18.01.2022-ci il tarixdə isə iddiaçının nümayəndəsi iştirak etmədiyindən iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. Halbuki, iş materiallarından görünür ki, hər dörd iclas üzrə iddiaçıya ünvanlanmış məhkəmə bildirişləri iddiaçıya təqdim edilmədən geri qaytarılmışdır. İş materiallarından göründüyü kimi yuxarıda göstərilən tarixlərdə keçiriləcək məhkəmə iclasları barədə məhkəmə bildirişləri iddiaçıya poçt vasitəsi ilə göndərilməsinə baxmayaraq, həmin bildirişlər iddiaçıya rəsmi təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə baxışının vaxtı barədə lazımi qaydada məlumatlandırılmamış tərəfin məhkəmə baxışına gəlməməsi onun məhkəmə icraatından yayınması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi iş üzrə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunması üçün əsaslar mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikası İPMnin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Apelyasiya şikayətinə əlavə edilmiş sms bildirşdən görünür ki, yalnız 02.11.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə iddiaçının nümayəndəsinə məlumat verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin yalnız 02.11.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə məlumatının olması onun 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınması kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalı və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.7.2, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(112)-908/2022 saylı qərardadı ləğv edilsin və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1402/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1402/2022
15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver